Bu gün görkəmli şair Corc Bayronun doğum günüdür.
Hanı əsrimizin böyük Bayronu,
Qüdrətin varsa da, sən yarat onu.
Səməd Vurğun
Mübağiləsiz demək olar ki, ingilis ədəbiyyatı dünyanın söz xəzinəsinə zəngin töhfələr verib. Bu ədəbiyyat onlarca şair, nasir və dramaturqu dünya oxucusuna bəxş edib.
Dünya oxucusu Böyük Britaniya adalarında yaşayanların tarixi, adət və ənənəsi, xarakterik xüsusiyyətləri, ailə və cəmiyyətləri haqqında geniş tanışlığa məhz bədii ədəbiyyat vasitəsilə nail olublar.
Dünya poeziyasında romantik vüsətin ən parlaq simalarından biri də Corc Qordon Noel Bayrondur.
Onun ölməz poeziyası əsrlərdir ki, oxucu qəlbini təlatümə gətirir. Bayronun bir çox şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu kütləsi üçün çox əzizdir. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şair, talesiz Corc Bayron keşməkeşli həyat yolu keçib.
Kulis.az Aynurə Əliyevanın tərtib etdiyi "Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron" kitabından bir hissəni təqdim edir.
Corc Qordon Noel Bayron 1788-ci il yanvar ayının 22-də Londonda yoxsullaşmış lord ailəsində anadan olub.
Onun uşaqlığı Şotlandiyanın Eberdin adlanan kiçik şəhərində keçib.
Şairin zadəgan ailəsindən olan atası Corc Bayron 1791-ci ildə müflisləşir, sonra da borclularının əlindən Fransaya qaçır və elə oradaca vəfat edir.
Bayronun tərbiyəsi ilə anası məşğul olur. 1798-ci ildə babasının qardaşından 10 yaşlı Bayrona miras kimi lord titulu və Nottingemşir qraflığındakı Nyusted malikanəsi verilir. Məhz buna görə də, Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou məktəbində ala bilir. Dərslərinə məsuliyyətlə yanaşmasa da, mütaliəyə kifayət qədər vaxt ayırır, ilk şeirlərini də burada qələmə alır. Harrou məktəbini bitirdikdən sonra 1805-ci ildə Kembric Universitetinə daxil olur və 1808-ci ildə universiteti bitirir.
1807-ci ildə “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 1809-cu ildə isə mürtəce romantiklər və burjua tənqidi əleyhinə “İngilis bardları və şotland icmalçıları” satirik poemasını nəşr etdirir.
Elə həmin il Lordlar palatasının üzvü seçilir. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada, Malta adasında, Yunanıstanda və Türkiyədə olur. Bu Bayronun Yaxın Şərqə ilk səyahəti idi. Səyahətdən qayıtdıqdan sonra “Cayld Harold” poemasının birinci iki mahnısını çap etdirir.
İkinci səyahəti zamanı isə Bayron İsveçrədə, Venesiyada, bir daha Yunanıstanda və Türkiyədə olub. Bayron ömrünün son günlərini vətənə və yunan xalqının səadəti uğrunda mübarizəyə həsr edir. Böyük şair 1824-cü il aprelin 24-də Yunanıstanda vəfat edib.
Bayron bütün millətlərə bir gözlə baxırdı.
O deyirdi ki, əgər türklər məhkum, yunanlar hakim olsa, yəqin ki, türklərə qoşulub, yunanların əleyhinə, türklərin azadlığı uğrunda vuruşaram.
Bayron bütün məhkum xalqların müdafiəçisi idi.
Onun Yaxın Şərq xalqlarının adət və ənənəsi ilə tanışlığı iki vasitə ilə olub.
Birincisi, Şərq haqqında yazılmış tarixi kitablar və Şərq klassiklərinin ingilis dilinə tərcümə edilmiş əsərləridir ki, Bayron bu kitabların əksəriyyətini hələ uşaq ikən oxumuşdu. İkincisi, Şərqə səyahəti.
Şübhəsiz ki, sonralar Bayronun Şərq ölkələrini səyahət etmək arzusuna düşməsinə səbəb də onun bu ölkələrin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanışlığı idi.
Bayron qeyd edirdi: “Mənə hələ uşaq ikən ləzzət verən ilk kitablardan biri “Türkiyə tarixi” olmuşdur. Əminəm ki, sonradan mənim Levantı səyahət etmək arzuma bu kitabın müəyyən təsiri olmuş, ola bilsin ki, şeirlərimdə hiss olunan şərq ruhuna da səbəb budur”.
Bayronun səyahətə getməsinin əsas səbəbi o zaman hamını maraqlandıran Şərq ölkələrini görmək arzusu deyildi.
İngiltərə cəmiyyətindən üz döndərən İngilis burjuaziyasının çirkin simasından cana gələn şair, oranı əbədi olaraq tərk etmək məqsədilə səyahətə çıxır. Şərq ölkələrinə səyahət zamanı Bayron həmin xalqların dillərini öyrənməyə böyük həvəs göstərir. Malta adasına gələn kimi Bayron bir rahibdən ərəb dilini öyrənməyə başlayır. Şərq xalqlarının adət və ənənələrini öyrənmək məqsədilə Bayron bu xalqların içərisində yaşamış, onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu.
Bayron İrana da səyahət etmək istəyirdi... Bu məqsədlə o, Kembric Universitetinin ərəb dili professorundan lazımi məlumatlar toplayır, anasından isə o zaman “Qoca hindli” kimi tanınan mayor Vastondan bəzi sualları öyrənməsini xahiş edir. Bayron “Çayld Haroldun səyahətləri”, “Şərq poemaları”, “Qabil”, “Don Juan”, “Manfred” və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər 6 ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində “Şərq poemaları” adı ilə məşhur olur. “Şərq poemaları”na aşağıdakı altı poema daxildir: “Gavur” (may, 1813), “Abidos gəlini” (dekabr, 1813), “Korsar” (1814-cü ilin əvvəlləri), “Lara” (avqust, 1814), “Korinfin mühasirəsi”, “Parizina” (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir.
Bayronun qəhrəmanları cəmiyyətə qarşı üsyan edən mübariz, lakin təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron şəxsiyyəti hər şeydən üstün tutur, o, poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlara verir və bu şəxsləri mədh edir. Buna misal olaraq “Gavur” poemasından Gavuru, “Abidos gəlini”ndə Səlimi göstərmək olar. “Şərq poemaları”ndan danışarkən Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri Bayronun Şərq ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irtica qüvvələrinə qarşı kəskin etiraz və üsyan motivlərinin zəngin olmasıdır.
Məlum olduğu kimi, Şərq mövzusu başqa ingilis ədiblərini əsərlərində də öz bədii əksini tapıb.
Yazıçılardan fərqli olaraq, Bayron şərqi özünəməxsus bir şəkildə Avropaya təqdim edib.
Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını yaradıb.
Bayron Soutinin əksinə olaraq, türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-koranə şəkildə deyil, insan şəxsiyyətini yüksəklərə qaldırmaq məqsədilə istifadə edib.
Bayron üsyankar təbiətli qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünyagörüşlərini bütün dolğunluğu və dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlədib.
Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin, mənəviyyatının təsvirinə xidmət edib.
“Şərq poemaları”nda “Leyli və Məcnun” dastanındakı Leyli obrazını xatırladan əlamətlərə də təsadüf edilir.
Professor Əli Sultanlı Nizaminin “Leyli və Məcnun” poemasının Avropada ən çox təsirini “Abidos gəlini”ndə görür. “Abidos gəlini”ndə üsyan, protest motivləri kəskin bir şəkildə verilib.
Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat daha üsyankar, daha barışmaz bir obrazdır. “Korsar”, “Dara”, və “Parisin əsərləri”ndə Bayron Şərq adət və ənənələrinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl, romantik ifadəsini verə bilmişdi.
Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olub.
Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik.
“Şərq poemaları”nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlədib.
Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: “Hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir”.
Bayronun “Korinfin mühazirəsi” poeması “Şərq poemaları” içərisində ən xarakterik əsərlərdən biridir...