Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Atom bombası, sualtı qayıq, təyyarə - Yazıçıların bəşəriyyətə verdiyi töhfələr


Heyrətamiz ixtiralar, ye­ni təbiət qanunları, fərqli düşüncə sistemləri bu müəlliflərin istifadə etdiyi əsas elementlərdir. Müəlli­findən asılı olmayaraq, bütün yazı­lanları eyni məqsəd bir­ləşdirir – uzaq gələcəyi təsəvvür etmək və o zamandakı insanların yaşam tərzini öyrənmək.

Klifford Saymakın "Vaxtdan sa­də nə ola bilər" romanında insan şüuru ilə qeyri-insani təfəkkürün vəhdətindən, cihazlardan istifadə et­mədən telepatlar və telepatiya vasitəsilə ulduzlara səyahətin müm­künlüyündən danışılır. Lakin bu­rada fantastik ehtimal yalnız bir elementdir. O element vasitəsilə insan öz "mən"ini qoruyur, uzaq qalaktikalara, ulduzlararası boşluqlara səyahət etsə də, özü ilə Ali Enerji Kütləsinin zərrəsini – ruhu aparır. Həyatın olmadığı qalakti­kalara, paralel aləmlərə qonaq olan ruh oranı da öz nuruna boyayır. Rey Bredberi, Saymak, Hamilton kimi roman­tik fantastlarda elmi ehtimallar yardımçı elementlərdir, Jül Vem, Herbert Uells, Aleksey Tolstoy, Robert Haynlayn,

Ayzek Azimov ki­mi elm tarixinə və onun müxtəlif sahələrinə bələd olan yazıçılar üçün isə elmi ehtimallar bə­şəriyyətin gə­ləcəyi naminə səsləndirilmiş proqnozlardır.

Kulis.az bədii əsərlərin elmə verdiyi töhfələr haqqında Elmin Nurinin "Bəşəri kəşflərin bədii açarı" adlı məqaləsini təqdim edir. 

Fantastlar idrak səhrasında azıb qalan nabələd yolçula­ra bənzəyir. Zaman və məkan sərhədlərini aşmaq, paralel aləmlərdə addımlamaq, alternativ dünyalardan bəzi ismarıcları çatdırmaq onların əsas missiyası olub. Antik dünyanın kor şairi Homerin "İliada" və "Odisseya"sından tutmuş, Dantenin "İlahi komediyası"na, Rablenin "Qarqantüa və Pantaqrüel"inə qədər bir çox bədii mətnlərdə fantastikanın elementləri olub, əksər dün­ya xalqlarına məxsus nağılların əsasını fantastik element­lər təşkil edib. Lakin "idrak səhrasının yolçuları" adlandırılan yazarlar elmi fantastika janrını inkişaf etdirməklə yanaşı, bəşəriyyətin əsas dayaq nöqtəsi olan elm üçün də işlər görməyə çalışıblar. Tomas Edisson, Maykl Faradey, Albert Eynşteyn başda olmaqla, dünyanın bir çox alimləri, ixtiraçıları onları bu işə sövq edən əsas təkanın məhz elmi-fantastik ədəbiyyat olduğunu qeyd ediblər.

Təbii ki, onların əksəriyyəti Jül Vern, Hensberq və Herbert Uellsdən təsirlənmişdi. Lakin sonradan Ayzek Azimov, Robert Haynlayn, Rey Bredberi, Artur Klark, Aleksey Tolstoy, Aleksandr Belyayev və digər müəlliflər elmi fan­tastikanı XX əsr elmi üçün əsas motivasiya mənbəyinə çevirə bildilər. 1926-cı ildə Hensberq tərəfindən ədəbiyyata gətirilən "elmi fantastika" termini bədii təxəyyüllə praqmatik düşüncə arasındakı sərhəddə özünə məskən saldı.

Bəli, dünya elmində ən çox ixtira müəllifi olan Tomas Edisson məhsuldarlığına görə məhz Jül Vernə borclu idi. Onun qeyd­lərində də bununla bağlı fikirlərə rast gəlmək olar. Jül Verni oxuyarkən insan zəkasının intəhasızlığına valeh olan Edisson yazıçının kağız üzərindəki ideyalarından bəzi­lərini laboratoriyaya gətirdi.

Jül Vernin "Hava şarı ilə beş həftə", "XX əsrin Parisi", "Yerin mərkəzinə səyahət", "Dünyadan aya", "20 min lyö su altında", "80 gün Yer ətrafında səyahət" kimi əsərləri özündə onlarla ixtiranın toxumu­nu daşıyırdı. Yazıçı o qədər məhsuldar işləyir, yazırdı ki, Fransada bir çoxları Jül Vernin tək bir şəxs, və­kil Pyer Vernin oğlu deyil, böyük bir təşkilat olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, helikopter, təyyarə, qazma texnikası, ra­ket və kosmosa uçuş kimi yenilik­lər yazıçının ideyalarının bəhrəsi idi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan admiral Riçard Börd "Mənə yolu Jül Vern göstərdi", sualtı dünyanın atası hesab olu­nan Simon Leyk isə "İşığım Jül Vern oldu", – deyərək müəllifin əsərlərinin önəmini vurğulayırdılar.

Jül Vernin bəzi ixtiraları coğra­fiya və digər təbiət elmlərinə aid idi. Çünki peşəkar coğ­rafiyaşünas olan yazıçı gənclik çağlarından əlil olana qədər (ruhi xəstə olan qardaşı oğlu silahla onun diz qapağını yaralayandan sonra yazıçı bir daha səyahətə çıxmır) dünyanın əksər quru bölgələrini və su hövzələrini qət edərək qabarma və çəkilmələr, sualtı dünyadakı tektonik proseslər, temperatur və təzyiqin dəyişmə metodları kimi elmi məsələləri ilk dəfə öz əsərlə­rində nəzəri əsaslarla təqdim edib.

Jül Vern əsərlərində hələ o zaman mövcud ol­mayan, bəşəriyyəti heyran qoya biləcək bir çox texniki nailiyyətlə­rin təsvirini verib. Romanlarının birində təsvir etdiyi sualtı qayıq – "Nautilus" o vaxt bir çoxları tə­rəfindən istehza ilə qarşılanmışdı. Lakin sonradan bu, heç də utopiya sayılmadı. Yazıçının istər sualtı qa­yığı, istərsə də gəmini gur işıq­landıran elektrik, eləcə də rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradılan işlərdir.

Dahi yazıçının bu uzaqgö­rənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və gə­mi də onun şərəfinə məhz "Nautilus" adlandırıldı.

Ümumiyyətlə, ədəbiyyatşünasların qənaətinə görə, Jül Vernin 108 fantastik ideyasından yal­nız 10-u yanlış olub və ya prinsip etibarilə həyata keçirilməsi müm­kün olmayıb, 98 halda isə ya­zıçının gələcəkdən böyük uzaq­görənliklə xəbər verdiklərinin hamısı reallaşıb.

İndi isə Jül Verndən ilhamla­naraq əsərləri elmi fantastikanın məhək daşlarına çevrilən ingilis yazı­çısı Herbert Uells və Amerika fantastı Robert Haynlaynın uzaqgörənli­yi barədə qısa da olsa danışaq. "Görünməz adam" və "Dünya­ların müharibəsi" kitablarının müəllifi Herbert Uellsin gə­ləcəkdən xəbər verən 86 ideyasından 75-i indiyə kimi ya artıq reallaşıb, ya da müa­sir elmin qənaətlərinə əsasən mütləq həyata keçəcək.

Herbert Uellsin XIX əsrin sonu XX əsrin əvvəllərində yazdığı bir əsərdə atom bombası haqqında üstüörtülü məlumatlar yer alır. Hətta radioaktiv zəhərlənmə, bakterioloji silahlar barədə ilkin təsəvvürləri də onun əsər­lərindən ala bilərik. Yazıçının bir əsərində modern mikrobiolo­giyaya aid məsələlərə də rast gəlmək mümkündür.

Uellsin "Dünyaların mühari­bəsi" əsərində isə bu gün NASA-nın Marsda kəşf etdiyi bəzi elmi faktlara səthi də olsa toxunulub. UNO gəmisi, onun ətrafa saçdığı yaşıl işıq haqqında ilk məlumatı da yazıçı bu əsərində qeyd edib.

Robert Haynlayn isə öz əsər­lərində elmi fərziyyələrlə bəra­bər, onların gələcəkdə bəşəriy­yətə gətirə biləcəyi fəlakətlərin də proqnozunu verib. Ameri­kalı fantast Xirosima faciəsin­dən dörd il əvvəl – 1941-ci ildə "Uğursuz nəticə" adlı povestin­də amerikalıların "Uran-235"dən mərmi hazırlayacağını və mü­haribənin sonlarında həmin mər­mini düşmənin böyük bir şəhərinə atacağını təsvir etmişdi. Təs­virlər o qədər aydın və dəqiq idi ki, yazıçını hərbi sirləri yaydığına görə məsuliyyətə cəlb etmişdilər. Belə ki, həmin ərəfədə ABŞ və İngiltərədə atom sila­hı ilə bağlı tədqiqatlar artıq başlanılsa da, bu proses son dərəcə məxfi aparılırdı...

"Aydın yol"






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10