Alazəpin kəndi Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 43 km cənub-qərbdə, Lənkəran-Astara yolundan Xanbulançay su dəryaçası istiqamətində, Astara rayonu ilə sərhəddə, dağlar qoynunda yerləşir. Şimaldan Seliqavol, cənubdan Lerik rayonunun Qəvoy (keçmiş Kaqoy), qərbdən Vov, şərqdən Astara rayonunun Motalayataq kəndləri ilə həmsərhəddir.
Ərazisi 40 hektar, əhalisi 200 nəfərə qədərdir. Kənddə 1911-ci ildə 2 evdə 18 nəfər, 1933-cü ildə 71 kişi, 55-i qadın olmaqla 126 nəfər, 1989-cu ildə 426 nəfər, 1999-cu ildə 428 nəfər, 2009-cu ildə 169 nəfər, 2019-cu ildə 184 nəfər qeydə alınmışdır.
Alazəpin ərazi və əhalisinin sayına görə Lənkəran rayonunun kiçik yaşayış məntəqələrindən biridir. Alazəpin Lənkəranın 93 yaşayış məntəqəsi sırasında Aşağı Apu, Mollakənd və Haftaruon kəndləri ilə birlikdə əraziyə görə 85 – 88-ci yerləri bölüşür, əhalisinin sayına görə isə 85-ci yerdə durur.
Alazəpin kəndinin adı Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Ələzəpin kimi qeyd olunmuşdur. Kənd rəsmən Ələzəpin adlansa da, faktik olaraq o, ələzəpin deyil, Alazəpin adlanır. Çox güman ki, Ələzəpin rus dilində tərtib olunmuş sənədlərdə Alazəpin kimi qeyd edildiyindən, kəndin adı sonradan Alazəpin şəklinə düşmüşdür. Kənd rəsmən Ələzəpin adlansa da, faktik olaraq o, Ələzəpin yox, Alazəpin adlanır və yerli sakinlər kəndlərini Alazəpin, özlərini isə alazəpinli adlandırırlar.
Buna görə də, toponim həm Alazəpin, həm də Ələzəpin variantında izah edilir. Toponimin izahı ilə bağlı “Lənkəran” kitabında yazılır: “Alazəpinin mənası “Ala” – çəltiyin ağ-qara növünə deyilir, “pin” isə çəltik dingdə döyüldükdən sonra çıxan unvari tullantıya deyilərdi” (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Bakı 1990, səh. 299).
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında oykonimin adı Ələzəpin kimi qeyd edilmiş və izahı aşağıdakı şəkildə verilmişdir: “Oykonim talış dilindəki “ələzə” (göy, ot, göyərti, yaşıllıq) və “pin/bin” (ətək, dib) komponentlərindən düzəlib, “yaşıl dağ ətəyi” mənasındadır” (I cild. Bakı 2007, səh. 179).
Alazəpin/Ələzəpin toponiminin izahı ilə bağlı müxtəlif mülahizələr olsa da, fikrimizcə, Alazəpin/Ələzəpin qeyri-şəffaf toponim olub, mənası tam açılmamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Alazəpin kəndi ərazisində XIII – XV əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi Alazəpin yaşayış yeri (inv: 1512) qeydə alınmışdır.
Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Sovet dönəmində kənddə kollektiv təsərrüfat yaradılmış, təsərrüfat əvvəl Çapayev adına kolxoz, daha sonra isə Frunze adına sovxoz adlanmışdır. Çapayev və Frunze təsərrüfatları Alazəpin ilə yanaşı Biləsər, Daştatük, Apu və Seliqavol kəndlərini də əhatə etmişdir. Frunze adına sovxoz tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmışdır. Frunze sovxozunun 1987-ci ildə illik tərəvəz planı 1700 ton, çay planı isə 61 ton olmuşdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra kolxoz-sovxozlar istehsalat kooperativləri ilə əvəz olunmuşdur. 1997-ci ildə respublikamızda həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar, istehsalat kooperativləri ləğv edilərək, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Kənddə sosial obyektlərdən ümumi orta məktəb, feldşer-mama məntəqəsi, klub, kitabxana vardır.
Alazəpin kəndi Biləsər kənd inzibati ərazi dairəsinin və Biləsər kənd bələdiyyəsinin tərkibindədir. Biləsər kənd inzibati ərazi dairəsi və bələdiyyəsi Biləsər kəndi mərkəz olmaqla Biləsər, Alazəpin, Vıy və Seliqavol kəndlərini əhatə edir.
Lənkəran Rayon Xalq Nəzarət Komitəsinin sədri işləmiş Yədulla Əliyev, şair Hidayət Ölməz Alazəpin kəndindəndirlər.
Hidayət Ölməz
ALAZƏPİN – YURDUM MƏNİM
Yaşı çoxdur, özü qədim,
Toponimdə sözü qədim.
Çox aparır bizi qədim
Səyahətə Alazəpin.
Çoxlu sərin bulağı var,
Kubin kimi bir dağı var,
Gəlib-gedən heyran olur
Bu heyrətə, Alazəpin.
Yayda cənnət olur Məzə,
Təbiət gülür üzümüzə,
Hər şey olur sanki təzə
Bu millətə, Alazəpin.
Gəlsə çox tarixi dövran,
Dolansa da, çərxi dövran,
Sən layiqsən hər zaman
Saf qiymətə, Alazəpin.
Tarixdə bir dastansan,
Xəritədə bir cahansan,
Bədənində sağlam cansan
Hidayətə, Alazəpin.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi