“50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, - yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sözləri başa çatmaqda olan 2023-cü ilin 28 Mayında, uzun həsrətdən sonra Laçına qovuşan sakinlərlə görüşündə söyləmişdi.
28 may 2023-cü il, Laçın
Onda hələ Xankəndidə bayrağımız ucalmamışdı, Xankəndi paradına şahidlik etməmişdik, Xocalıya, Xocavəndə,Əsgəran qalasına, Ağdərəyə, ümumən 30 ildən artıq müddətdə separatçı-terrorçu qüvvələrin tapdağında inləyən yurd yerlərimiz bir addım uzaqda idi. Budəfəki doğum günü ərəfəsində də Ali Baş Komandan ənənəsini davam etdirdi, yenə də ünvan Qarabağ oldu. Birinci xanımla bərabər Şuşadakı quruculuq işləri ilə tanışlığın ardınca Xankəndidə möhtəşəm futbol oyununu minlərlə azarkeşlə bərabər izlədi, ŞƏHİD ÖVLADIARININ ƏHATƏSİNDƏ! Xocalını, Xocavəndi, az qala kəndbəkənd gəzdi, azad olunmuş müqəddəs məkanların yenidən dirçəldilməsi üçün tapşırıqlarını verdi. Doğum günlərini adətən, məcburi köçkünlərlə və son illərdə azad Qarabağda qeyd edən Prezident ötənilki doğum günündə, 60 illik yubileyində Qərbi Azərbaycan İcmasının inzibati binasında, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə bir araya gəlmişdi. Mühüm mesajları olmuşdu, “bu gün burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”. Zamanında Qarabağa qayıdacağımızı əminliklə bildirən, andını yerinə yetirən dövlət başçısı bu dəfə Qərbi Azərbaycana Böyük Qayıdışın anonsunu, müjdəsini verdi. Artıq beynəlxalq platformalarda da Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların haqları müzakirə mövzusuna çevrilir, Prezidentin iktərəfli danışıqlarında 300 min insanın təbii haqqı ön sırada xüsusilə vurğulanır. Təbii ki, çalışmaq, işləmək, mübarizə aparmaq lazımdır, Qarabağ da, Şərqi Zəngəzurun azadlığı da gərgin işlərinnəticəsində baş verdi. Qərbi Azərbaycana tanklarla deyil, avtomobillərlə qayıdacağımıza hamımız əmin olmalıyıq, inanmalıyıq. İnam qələbəbin yarısıdır, Ali Baş Komandan inanırsa, bunu açıq şəkildə dilə gətirirsə, demək, bu, heç də mümkünsüz deyil, gec-tez baş verəcək!
15 oktyabr 2023-cü il, Xankəndi
Prezident İlham Əliyev 20 illik prezidentliyinin hesabatını bu ilin 15 oktyabrında, Xankəndi şəhəri (!!!) təqdim etdi. Sitat: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Bu, bir dövlət başçısı üçün böyük xoşbəxtlikdir. Həm də rəhbərlik etdiyi xalqın xoşbəxtliyidir. Təkcə 32 illik rəsmi işğal dövründə deyil, 103 ildir faktiki ilhaq olunmuş, başkəsənlərin meydan suladığı Xankəndidə səsləndirilən bu hesabat çıxışı müstəsna tarixi əhəmiyyətə malikdir. Ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşamaqla xalqına da möhtəşəm zəfərlər qazandıran lider hər cür xoş sözlərə haqq edir. Mərhum Prezident Heydər Əliyevin 01.10.2003-cü il tarixli müraciətində necə də əminliklə qarşıda bizi gözləyən möhtəşəm hadisələrin anonsunu veribmiş: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Budur, ata Əliyevin sona çatdıra bilmədiyi taleyüklü məsələləri oğul Əliyev ardıcıl zəfərlərlə başa çatdırdı. Amma bunlar da son deyil!
Ötən illər ərzində Prezident İlham Əliyevin siyasətinin əsas devizlərindən biri bu idi: “Biz birlikdə güclüyük!”
2003-cü il
2003-cü ildə hər bir azərbaycanlının prezidenti olacağına and içən dövlət başçısı ərazi bütövlüyümüzü məhz elan etdiyi birlük düsturunun sayəsində təmin etdi. Xalq-Ordu-Hakimiyyət birliyi qələbəmizin açarı oldu. Bir sıra xarici dairələr daxildən bizi sarsıtmağa, 90-cı illərdə sınaqdan keçirdikləri ssenariləri təkrarlamağa, xalqı hakimiyyətlə üz-üzə qoymağa, Qarabağa gedən yolumuzu yarıda qoymağa çalışdılar, amma bacarmadılar, uduzdular! Prezident hər zaman xalqa arxalandı. Heç şübhəsiz iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Dövlət başçısının siyasi təşkilatlarla dialoqa üstünlük verməsi “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”, mövqeyi barış və həmrəyliyin qorunub-saxlanması baxımından çox önəmli yanaşmadır. Bu yanaşma ölkədə demokratik islahatların davamı, inkişafı, siyasi mədəniyyətin getdikcə oturuşması baxımından da yol xəritəsi rolunu oynayır və ümumxalq, ümumdövlət əhəmiyyətinə malikdir.
Prezident İlham Əliyev 21-ci əsrdə bir çox nümunələri ortaya qoymaqla adını dünyanın ən ünlü liderlərinin sırasına yazmağa nail oldu. 30 il işğalda qalan torpaqlarını məhz öz ordusunun gücünə, qətiyyəti hesabına azad edən lider dünyanın nəhəng mərkəzlərini belə mat qoymağı bacardı. Özü də Azərbaycan ordusu elə ləyaqətli savaş apardı ki, əleyhdarlarımız bu gün bircə fakt pata bilmirlər, üstümüzə gəlsinlər, bizi nədəsə ittiham etsinlər. İddiaları sadəcə sabun köpüyüdür, Azərbaycana, onun rəhbərinə yapışacaq arzumentə sahib deyillər, Azərbaycan sadəcə işğalçı ordu ilə, cinayətkar silahlılarla mübarizə apardı, mülkilərlə deyil.
Azərbaycan dövləti, onun lideri həm də qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Məhz bunun nəticəsidir ki, ölkəmizin etibarlı strateji tərəfdaş imici formalaşıb, bizim mövqeyimizə etibar edənlərin sıraları genişlənir, dünənədək üstümüzə gələnlər də artıq qətiyyətli liderin haqlı arqumentləri qarşısında ram olublar. Həm də Azərbaycan beynəlxalq aləmə töhfəsini əsirgəmir. Uzun və şərəfli yol keçildi. Zaman-zaman qarşımızı kəsənlər, ayağımızın altını qazanlar olsa da, Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Aazərbaycan dövlətinin nə qədər uğurlu seçim etdiyi Vətən Müharibəsi və ondan sonrakı dönəmlərlə bir daha təsdiqini tapdı.
Azərbaycan Prezidenti qardaş Türkiyə ilə münasibətləri hər zaman prioritet hesab edib və bu siyasətin nə qədər doğru-düzgün olduğunun hamımız şahidi olmaqdayıq. Zamanında, Avropa Şurasında keçirilən tədirdə “burada Türkiyə yoxdursa, mən varam” deyən Prezident Əliyevə qardaş cavabı hər birimizi məmnun edib zaman-zaman. Elə BMT Baş Assambleyasının yüksək tribunasından Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycandır”-deməsi çoxlarının yaddaşını təzələdi. Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Ancaq təkcə iki qardaşın əməkdaşlığı deyil əsas məsələ. Ötən 20 illik dönəmdə Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıqəlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunub. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Azərbaycan Prezidenti Türk Dövlətlər Təşkilatının daha da irəli getməsi, böyüməsi, beynəlxalq müstəvidə söz sahibinə çevrilməsi üçün diplomatik təcrübəsindən, şəxsi əlaqələrindən, nüfuzundan istifadə edərək çox möhtəşəm uğurlara nail olub.
2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un məhz Azərbaycanda keçirilməsinin olduqca böyük siyasi əhəmiyyəti var. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Hətta Ermənistan belə, öz iddiasını geri götürərək Bakının evsahibliyini dəstəklədi. Bu, uğurlu xarici siyasətin, uğurlu diplomatiyanın məntiqi nəticəsidir, artıq düşmənlər də hesablaşırlar.
Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında da biz bu, yüksək münasibəti və reallığın qəbul olunmasını aydın şəkildə görürük. Xalqımıza iki əsrdir tamarzı qaldığı möhtəşəm qələbələr bəxş edən Lideri doğum günü münasibətilə təbrik edirik! Bu təbrikin davamı 7 fevral 2024-cü il tarixində olacaq! Azərbaycan seçicisi ona Xankəndi paradını bəxş edən Liderə növbəti dəfə, daha yüksək faizlə etimad göstərərək, həm də əleyhdarlarımıza yerlərini göstərəcək, Xalq-Ordu-Lider birliyinin sarsılmaz olduğu mesajını verəcək! Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdış davam edir, qarşıdakı iki il ərzində 140 min sakin evinə dönəcək! Prezidentə növbəti dəfə, mütəşəkkil qaydada mandat verilməsi həm də sərhəd bütövlüyümüzün son qarışınadək təmin olunması, Zəngəzur dəhlizi ilə Naxçıvana, ordan da Türkiyəyə asan səfərimiz, Qərbi Azərbaycana Böyük Qayıdışımız deməkdir! Zəfər Mandatı qazandıracaq bu seçki son üç il ərzində qazandığımız zəfərlərimizə layiq olmalıdır və olacaq da, heç şübhəsiz! Seçkidən kənarda qalmaq, Qarabağa, Qərbi Azərbaycana biganəlik olardı…Qalib Lider bizi son illərdə qələbələrə, ardıcıl zəfərlərə o qədər öyrədib ki…Bundan gözəl nə ola bilər? Amma…Həm də hamımız intizarındayıq: Xankəndi Zəfərindən sonrakı Zəfər payı hansı olacaq? Nəyi, nə zaman etməyi hamıdan yaxşı bilən Liderin iş masasında nələr var? Çox keçməz hamılıqla şahidi olarqı. İndi isə diqqət 7 fevrala!
Xüsusi təyinatlı seçici kimi davranmalıyıq!