Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qırmızı dənizin piratları: husilər kimlərdir və necə döyüşürlər?




İsrailə qarşı müharibəyə HAMAS-ın tərəfdarlarından yalnız bir təşkilat qoşuldu – Yəməndən “Ənsərullah” təşkilatı. İsraildən az qala 2 min km uzaqlıqda yerləşən yəmənlilər yəhudi dövlətini raketlərlə vurmağa cəhd etdilər. Bu taktikanın qeyri-effektliyi üzə çıxanda isə piratlığa keçdilər.


Yəmən husiləri kimlərdir?

2021-ci ilin fevralında ABŞ dövlət katibi Entoni Blinken “Ənsərullah” qruplaşmasının bir ay əvvəl salındığı terrorçu təşkilatlar siyahısından çıxarılması barədə sərəncam imzaladı. Bu, rəsmi şüarında “Amerikaya ölüm. İsrailə ölüm. Bütün yəhudilərə lənət olsun” yazılan təşkilatı yəhudi mənşəli Amerika məmuru tərəfindən leqal müstəviyə qaytarmanın yəqin ilk və yeganə nümunəsi idi.

 Blinken bu addımı tamamilə rasional mülahizələrdən atdı: “Ənsərullah” yaraqlıları həmin vaxt paytaxt Sana da daxil olmaqla, Yəmən ərazisinin üçdə birinə nəzarət edirdilər. Milyonlarla adamın ehtiyac duyduğu istənilən humanitar yardım yalnız “Ənsərullah” strukturları vasitəsilə çatdırıla bilərdi. Nə Amerika hökuməti, nə ABŞ-ın maliyyələşdirdiyi xeyriyyə təşkilatları aclıq və epidemiyadan qırılan minlərlə insanın xilası ilə məşğul ola bilməzdilər: “Ənsərullah” terrorçular siyahısında olduğu üçün təşkilatların əməkdaşları həbs təhdidi altındaydılar və ona görə də bu yardım avtomatik dondurulmuşdu. Blinken də ona görə yəmənli yaraqlıları terrorçular siyahısından çıxardı. 

“Ənsərullah” Yəmən şiələrinin, ilk növbədə husi tayfası nümayəndələrinin hərbi təşkilatıdır. Daha çox da “husilər” kimi qeyri-rəsmi adı ilə tanınır. Hələ 1990-cı illərdə daha çox dissident dərnəyi kimi yaradılan təşkilat XXI əsrin əvvəllərində Yəmənin bəlkə də əsas müxalif qüvvəsinə çevrildi. Onlar ölkənin o vaxtkı prezidenti Əli Abdullah Salehi korrupsiyada və xarici ölkələrin, ilk növbədə ABŞ-ın və Səudiyyə Ərəbistanının maraqlarına xidmət etməkdə günahlandırırdılar. Salehin ta 1978-ci ildən idarə etdiyi kasıb, amerikalıların İraqa müdaxiləsindən qəzəbli Yəməndə husilər çox tezliklə kütləvi dəstək qazandılar. Hökumət cavab olaraq tuthatuta başladı, əməliyyatların birində hərəkatın banisi Hüseyn əl-Husi öldürüldü. Onun ölümündən sonra xeyli radikallaşan husilər və Yəmən hökuməti yalnız hərdən kövrək atəşkəslə durdurulan permanent müharibə vəziyyətindədirlər.

Əvvəlcə bu müharibə əsasən şimali Yəmənin dağlıq rayonlarında – husilərin doğma yerlərində aparılırdı. Amma 2014-cü ildə “Ənsərullah” ölkənin cənubuna hücuma keçdi və paytaxt da daxil olmaqla bir neçə şəhəri, vilayəti ələ keçirdi. Husilər bildirdilər ki, sadə insanların dərdinə yandıqlarından böyük miqyaslı üsyan qaldırıblar. Belə ki, o zaman hökumət yanacağa subsidiyanı ləğv etmişdi, bunun da ardından gündəlik tələbat mallarının qiyməti kəskin artmışdı. 

Hakimiyyət isə (o dövrdə “Ərəb baharı” Salehi istefaya getməyə məcbur etmişdi və prezident kreslosunu Əbül Rəbbuh Mənsur Hadi tuturdu) iddia edirdi ki, qiyamçıların əsas məqsədi ölkənin bölünməsi və parçalardan birində teokratik şiə dövlətinin yaranmasıdır. Həmçinin deyilirdi ki, bu dövlətin öz satelliti olacağına ümid edən İran husi separatçılarına fəal yardım edir. 

Əslində Yəmən şiələrinin lap yaxın keçmişdə öz dövlətləri vardı. Beynəlxalq aləmin bir hissəsi tərəfindən tanınan Yəmən şiə krallığı 1918-1962-ci illərdə mövcud oldu və hərbi çevrilişlə devrildi. Monarx rəsmən “imam”, yəni ali şiə lideri titulunu daşıyırdı. O İran “12 imam şiəliyi”ndədir ki, imamların sayı 12 ilə məhdudlaşır, onlardan da sonuncusu artıq min ildir ki, mistik qeybə çəkilib, xeyir və şərin yekun döyüşü öncəsi qayıdacaq. Yəmən şiələri bu məzhəbin başqa qoluna – zeydizmə aiddirlər. Onların doktrinasına görə, Əli ibn Əbu Talibin nəslindən istənilən adam imam ola bilər, təki insanları öz ardınca tiraniya və ədalətsizliyə qarşı savaşa apara bilsin.  

12 imamdan fərqli olaraq, zeydi imamları qüsursuz və hər şeyi bilən deyillər, üstəlik, dini liderdən daha çox hərbi-siyasi lider qismində çıxış edirdilər. Maraqlıdır ki, Hüseyn əl-Husinin ölümündən az sonra Yəmən hakimiyyəti bildirdi ki, husilərin başçısı özünü yeni imam elan edib və Zeydi dövlətinin bərpasını planlaşdırıbmış. Bunun həqiqətən belə olub-olmadığı aydın deyil, ancaq Yəmən hakimiyyəti o vaxtdan “Ənsərullah”a İrana bağlı separatçı terrorçu qrup kimi yanaşır. 

İranla nə əlaqə?

Çox güman ki, 2000-ci illərin əvvəllərində husilərin İranla əlaqələri elə də sıx deyildi. “Ənsərullah”ın İran ayətullahları və onların Livan “Hizbullah”ındakı müttəfiqləri ilə əlaqələri vardı, Tehran yəqin ki, husilərə pul və silah göndərirdi, amma bu yardım uzun müddət məhdud həcmdə idi.  

Bununla belə, husilərin devirib Sənadan qovduqları, sonradan özünü yenidən prezident elan edən Hadi çalışırdı ki, husilərə qarşı savaşı guya Yaxın Şərqi özünə tabe etmək istəyən İranın proksilərinə qarşı müharibə kimi qələmə versin. Çünki əgər regional oyunçular husilərin təkcə laxlayan Yəmən hökumətini yox, mövcud regional status-kvonu təhdid etdiklərinə inansalar; əgər Fars körfəzinin varlı və nüfuzlu sünni dövlətləri şiə İranının onların nüfuzuna qəsd etdiyini və proksi qüvvələr vasitəsilə öz nüfuz dairəsini genişləndirdiyini güman etsələr, o zaman dağlı separatçılara qarşı savaş dərhal ümumi düşmən olan İrana qarşı müharibəyə çevriləcək.

Çevrildi də. 2015-ci ilin martında husilərə qarşı savaşa, başda Səudiyyə Ərəbistanı olmaqla, 10 dövlətin koalisiyası qoşuldu. Təkcə Səudiyyənin illik hərbi büdcəsinin 50 milyard dollar olması, koalisiyanın ABŞ tərəfindən dəstəklənməsi, Yəmənin, demək olar, total blokadaya alınması nəzərə alınsa, xarici oyunçuların “Ənsərullah” üzərində sürətli qələbə qazanacaqlarına ümid etdiklərini düşünmək olardı. Amma hər şey planlaşdırılan kimi getmədi.

Bu, əsasən ona görə baş verdi ki, hakimiyyətlə illər boyu sürən savaş nəticəsində husilər hətta yaxşı hazırlıqlı düşmənə müqavimət göstərə biləcək böyük və döyüş qabiliyyətli orduya çevrilmişdilər. Həm də ona görə ki, İran prezident Hadinin sözlərini eşitdi, Yaxın Şərqin və Afrikanın 10 ölkəsinin husilər üzərinə hücuma hazırlaşdığını gördü. Tehran da atıcı silahların və qumbaraatanların qeyri-mütəmadi və kiçik həcmli tədarükü yerinə Yəmənə dəniz blokadasını yara bilən kiçik qayıqlarla raketlər, dronlar və onların detallarını göndərməyə başladı. 

Husilər nə ilə və necə vuruşurlar?

Husilərdən sərt cavab alan beynəlxalq koalisiya tezliklə hücumdan müdafiəyə keçdi. Səudiyyəlilər və müttəfiqləri husiləri bir qədər sıxışdırdılar, amma nə məhv edə, nə də paytaxtdan qova bildilər. Koalisiyanın iştirakı, demək olar, tamamilə husilərin mövqelərinə və hərbi infrastrukturuna aviahücumlara yönəldi. 

Koalisiyanın pilotları bu günə qədər 25 mindən çox hərbi uçuş həyata keçiriblər. Beynəlxalq müşahidəçilərin məlumatlarına görə, hücumlar nəticəsində təkcə mülki əhalidən 9 minə yaxın insan həlak olub. Husilər də borclu qalmadılar və onlarla döyüşən dövlətlərin infrastrukturuna raket və pilotsuzlarla hücumlar təşkil etdilər. 

Bu hücumların əsas silahı “Qasef”, “Samad” və “Wa`id” pilotsuz kamikadzelərdir. Birincilər hələ 1980-1990-cı illərdə İranda hazırlanıb və ola bilər, husilər tərəfindən bir qədər təkmilləşdirilib. 200 km-ə qədər uça bilən bu aparatlardan husilər Yəmən ərazisində düşmən texnikasını məhv etmək, eləcə də Səudiyyə Ərəbistanının sərhədyanı ərazilərinə zərbə endirmək üçün istifadə edirlər. 

“Samad” – dronların daha təkmil növüdür. Onlar 1800 km-ə qədər uça bilirlər. Bu da husilərə Səduyyə Ərəbistanının daha iç ərzilərinə, eləcə də koalisiyanın daha bir üzvü, Yəmənlə sərhədi olmayan BƏƏ-dəki obyektlərə zərbə endirmək imkanı verir. 

Husilərdəki pilotsuzların ən mükəmməli – 2500 km-ə qədər uça bilən “Wa`id”dir. Texnoloji baxımdan İran “Shahed”lərinin eynisidir, istisna deyil ki, elə “Shahed”dir, sadəcə nəzərləri İrandan yayındırmaq üçün adı dəyişdirilib. Husilər isə iddia edirlər ki, “Samad” və “Wa`id” öz məhsullarıdır. 

Bundan əlavə, husilərin nəhəng raket arsenalı var. Bunların bir hissəsi hələ SSRİ-dən alınıb, bir hissəsi isə İrandan gətirilib. Pilotsuzlarla olduğu kimi, raketlərlə bağlı da “Ənsərullah” deyir ki, onları, o cümlədən 2000 km-ə qədər uçan qanadlıları özləri, xarici dövlətin iştirakı olmadan düzəldiblər. 

Husilər pilotsuz aparatlar və raketlər vasitəsilə Səudiyyə Ərəbistanının və BƏƏ-nin bir neçə mühüm neft infrastrukturu obyektinə zərər vurublar. Onların 2019-cu ildəki ən böyük hücumu dünya neft təchizatının 5% azalmasına səbəb oldu.

Husilərin terrorçu təşkilatlar siyahısına salınmasının səbəblərindən biri də elə mülki obyektlərə mütəmadi hücumları oldu. Bundan əlavə, həddi-büluğa çatmayanları hərbi əməliyyatlarda iştiraka məcbur etmələri, tutduqları ərazilərdə dinc əhaliyə qarşı cinayətləri həmin qərarın qəbulunun lehinə oldu. Təşkilatın indiki rəhbəri Məhəmməd Əli əl-Husinin (“Ənsərullah”ın banisi Hüseyn əl-Husinin qardaşı) Rusiya tərəfindən Ukrayna ərazisində yaradılmış qondarma DXR və LXR dəstəkləməsi də husilərə beynəlxalq aləmin rəğbətini qazandırmadı. 

Yəmən müharibəsində ölənlərin sayı 350 mindən çoxdur, özü də onların əksəriyyəti güllə və ya mərminin deyil, blokada və mülki infrastrukturun dağıdılmasından doğan aclıq və epidemiyanın qurbanıdır. Ölən dinc sakinlərin bir çoxu məhz husilərin vicdanındadır. 

Husilər nə istəyirlər

“Ənsərullah” – başdan-ayağa konspirologiya hopmuş təşkilatdır. Ötən il cəmi-cümlətani bir yəhudinin qaldığı ölkədə yaşayan husilər inanırlar ki, bütün bəlalarının səbəbkarı yəhudilərdir. Hərəkatın banisi Hüseyn əl-Husi öz moizələrində yəhudiləri sadəcə lənətləmirdi, birbaşa genosidə və İsrail dövlətini məhv etməyə çağırırdı. O, yəhudilərə münasibətdə İran və “Hizbullah”dan daha radikal mövqedə olduğunu bildirirdi, zeydizm doktrinasının əsasını iudaizmə və yəhudilərə maksimum düşmən münasibətin təşkil etdiyini israr edirdi.

Yəmən yəhudilərinin hamısını öldürən və ya ölkədən qovan husilər məqsədlərinin yəhudilərlə mübarizə olduğunu elan edən digər qruplara kömək etməyə başladılar. İran silahının qaçaqmal yolu ilə HAMAS-a çatdırılmasının əsas marşrutlarından biri məhz husilərin nəzarət etdiyi Yəmən ərazisindən keçirdi, Livan “Hizbullah”ı ilə “Ənsərullah” döyüş təcrübəsi və texnologiya mübadiləsi aparır. Husilər İsrailin məhvi ideyasından imtina etmədiklərini gizlətmir və dəfələrlə bəyan edirdilər ki, özlərinin raket arsenalından yəhudi dövlətinə qarşı müharibədə istifadəcə edəcəklər.  

HAMAS-ın 7 oktyabrda törətdiyi qanlı terror aktından sonra İsrail Qəzza sektorunda hərbi əməliyyata başlayanda husilər dediklərini etməyə həqiqətən cəhd göstərdilər. Artlq oktyabrın sonlarında “Ənsərullah” İsraili raket atəşinə tutdu, doğrudur, ciddi nailiyyət qazanmadı. Yəmən və İsraili təxminən 2000 km ayırır, bu isə husilərin düşməni Səudiyyə Ərəbistanının HHM sistemləri ilə dolu olan ərazisidir, Qırmızı dənizdə isə ABŞ hərbi-dəniz donanmasının gəmiləri növbə çəkir. Bundan əlavə, İsrail özünün müasir raketəleyhinə sistemi ilə müdafiə olunub. Beləcə, husilər İsrail ərazisində bircə hədəfi belə vurmadan öz raket ehtiyatlarının bir hissəsini hədər yerə sərf etdilər.

Onlar noyabrın ortalarında yəhudi dövlətinə qarşı savaşın yeni taktikasını – İsrailin Şərqi Asiya ilə ticarət yollarının keçdiyi Qırmızı dənizin blokadasını sınaqdan keçirməyi qərara aldılar. “Ənsərullah” bildirdi ki, İsrail bayrağı altında üzən və ya İsrail şirkətlərinə məxsus istənilən mülki gəmiləri legitim hədəf hesab edəcək. Husilər noyabrın 19-da avtomobil daşıyan “Galaxy Leader” gəmisini ələ keçirdilər ki, onun operatoru olan “Ray Shipping” şirkəti İsrail vətəndaşına məxsusdur. Qəsbçilər gəmiyə helikopterdən endilər, bacarıqla və ahəngdar davrandılar, bu da onların peşəkar ordu təlimatçılarından – yəqin ki, iranlı – təlim aldıqlarını göstərir. İran özü “Galaxy Leader”ə hücumda iştirakını inkar edir. 

Daha sonra husilər Qırmızı dənizdə daha bir neçə mülki gəmiyə hücumlar etdilər, bunun ardınca naməlum aviasiyanın – çox güman İsrailin – zərbəsi nəticəsində silah anbarlarından biri məhv edildi. 

Husilərin açıq-aşkar quldur davranışları amerikalıları onların statuslarına yenidən baxmağa vadar edir: “Ənsərullah”ın yaxın vaxtlarda yenidən terrorçu təşkilatlar siyahısına qaytarılacağı istisna deyil. Bu zaman husilər özləri gərginliyi artırırlar. Onların kamikadze dronları getdikcə daha tez-tez ABŞ hərbi gəmilərinin ətrafında görünür. Qruplaşmanın rəsmi nümayəndəsi bildirib ki, “Ənsərullah”ın İsrailə qarşı mübarizəsinə Səudiyyə Ərəbistanı və ya BƏƏ tərəfindən əngəl törədilməsi həmin dövlətlərin neft mədənlərinin və tankerlərinin məhv edilməsinə səbəb olacaq, bunun da nəticəsində dünya yanacaq defisiti ilə üzləşəcək. “Avropa və Amerika üçün qış yaxınlaşır”, – husilər xəbərdarlıq ediblər. 

Qırmızı dəniz təkcə İsrail üçün deyil, Çin və Hindistan da daxil olmaqla bir çox dövlətlər üçün həyati dərəcədə mühüm tcarət yoludur. Asiya malları Avropaya, Avropa malları da Asiyaya məhz Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə çatır. Qonşu Somalidən olan piratlar 2000-ci illərin ortalarında və 2010-cu illərin əvvəllərində həmin ərazilərdə ağalıq edirdilər. Onların fəallığı hər il dünya iqtisadiyyatına 18 milyard dollar zərər vururdu. Piratlar Somali sahilindən min milə qədər akvatoriyaya nəzarət edir, ələ keçirdikləri gəmilərin heyət üzvlərini döyür və öldürürdülər. İndi isə onlar heç kəsin yadına düşmürlər: beynəlxalq birliyin sözü bir yerə qoyub Qırmızı dənizə hərbi donanma göndərməsi kifayət etdi və dünyanın əsas problemlərindən biri ortadan qaldırıldı. 

Husi piratlığı ilə də, çox güman, belə davranacaqlar: nöqtə zərbələri ilə bir neçə qərargah məhv ediləcək, desant dolu helikopterlər vurulacaq, gəmi tutmağa gedən katerləri batırılacaq və “Ənsərullah” xadimləri ticarət gəmilərinə hücumdan imtina edəcəklər, bir zaman somalililərin etdikləri kimi. Amma bu, Qəzzada müharibə bitmədən baş verməyəcək. O vaxta qədər İsrailin və müttəfiqlərinin hərbi və diplomatik səyləri HAMAS-ın məhvinə yönələcək. Sonra isə əlləri husilərə də çatacaq. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/politika/267546 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10