Bölgəmizin dəyərli, olduqca zəhmətkeş tədqiqatçı-tarxiçisi İldırım Şükürzadəni yəqin ki, çoxunuz tanıyır.
Tanımayanlara isə bir daha tanıtdırmaq istəyirik. İldırım Şükürzadə Lənkəran rayonunun Havzava kəndində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, elə həmin vaxtdan ümumtəhsil məktəbində müəllim işləyir. Pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda doğulub boya-başa çatdığı vəyaşadığı rayonun, eləcə də bölgənin tarixi, abidələri, toponimləri və etnoqrafiyasının tədqiqi ilə də məşğul olur. 11 kitab və 400-dən çox məqalənin müəllifidir.
Hazırda “Lənkəranın tarix və mədəniyyət abidələri” adlanan 12-ci kitabı çap olunmaq üçün nəşriyyata təqdim olunub. Bundan əlavə hal-hazırda dörd kitab üzərində çalışır.
İldırım Şükürzadə bütün bunlara görə özünü bir neçə nəfərə borclu sayır. İ. Şükürzadə: “Özümü borclu saydığım şəxslər Mirhaşım Talışlı (Lənkəran şəhəri), MusarzaMirzəyev (Masallı rayonu Mahmudavar kəndi), Gülməmməd Məmmədzadə (Lerik rayonu Şivlə kəndi/Bakı, Keşlə qəsəbəsi) və Həşim Kəlbiyevdir (Lənkəran rayonu
Şiləvar kəndi).
Məhz yuxarıda adlarını qeyd etdiyim şəxslərin bölgəmizlə bağlı müxtəlif vaxtlarda yazdıqları kitab və məqalələr tarix müəllimi olaraq məni tədqiqata sövq etmişdir. Mirhaşım Talışlı (Allah rəhmət eləsin!), MusarzaMirzəyev (Allah şəfa versin!) və Həşim Kəlbiyevlə qiyabi tanışlığımız sonradan şəxsi tanışlığa, dostluğa gətirib çıxarmışdır.”
Daha sonra İ. Şükürzadə bildirir : “Çox əfsus ki, Gülməmməd Məmmədzadənin vaxtsız vəfatı onunla bizim şəxsi tanışlığımızı qismət etmədi.
Amma, buna baxmayaraq tələbə olarkən Respublika Talış Mədəniyyət Mərkəzinin 1992-ci ildə Bakıda Həmkarlar İttifaqlarının iclas zalında keçirilən hesabat-seçki konfransında Gülməmməd müəllimi ilk və həm də son dəfə görmüşəm!”
İldırım müəllim bölgənin tarixi, abidələri, toponimləri və etnoqrafiyası ilə yanaşı, həmçinin bu yurdunsalnaməçiləri haqqında da maraqlı yazılar yazır. Səidəli Kazımbəyoğlu, Mirzə İsmayıl Qasir, Teymur bəy Bayraməlibəyov, Mirhaşım Talışlı və Musarza Mirzəyev haqqında müxtəlif vaxtlarda qələmə aldığı yazılar ayrı-ayrı mətbu orqanlarda dərc olunmuş, saytlarda yerləşdirilmiş və sosial şəbəkədə paylaşılmışdır. Bu seriyadan onun növbəti yazısını - Gülməmməd Məmmədzadə haqqında məqaləsini sizə təqdim edirik.
Bölgəmizin həyatdan nakam köçən salnaməçisi
Gülməmməd Əliməmməd oğlu Məmmədzadə jurnalist, publisist, şair, araşdırmaçı, tədqiqatçı, Talış bölgəsinin salnaməsini yazanlardan biri olmuşdur. O, 17 mart 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində dünyaya gəlmiş, sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək, Keşlə qəsəbəsində yaşamışdır. Bakı şəhər 201 saylı tam orta məktəbini (1971), Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu (1983) və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini (qiyabi, 1984) bitirmişdir. “Azərbaycan” qəzetinin xüsusi müxbiri, “Amin” və “Cümhuriyyət” qəzetlərinin redaktoru olmuş, 1985-ci ildə SSRİ Jurnalistlər İttifaqına (Azərbaycan Jurnalistlər Birliyi) üzv seçilmişdir.
Yazıları “Azərbaycan”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Ədəbiyyat və incəsənət”, “Amin”, “Vətən səsi”, “Leninçi” (“Lənkəran”), “Lerik”, “Tolışi sədo” (talış dilində “Talışın səsi”), “Cümhuriyyət”, “Elm və həyat”, “Söz” və digər məətbu orqanlarda, həmçinin Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, İran, İraq və digər ölkələrdə çap olunmuşdur.
Azərbaycan, talış, rus və ərəb dillərini bilən Gülməmməd Məmmədzadə Respublika Əlyazmalar İnstitutunda, Mərkəzi Dövlət Arxivində, Azərbaycan Milli Kitabxanasında, Sankt-Peterburq şəhərində Saltıkov Şedrin adına kitabxanada, Ermitaj Muzeyində, Gürcüstan Dövlət Arxivində olub, ölkəmiz, o cümlədən doğma diyarının tarixi və abidələri ilə bağlı qiymətli faktlar və maraqlı məlumatlar əldə etmişdir.
Gülməmməd Məmmədzadənin araşdırma yazılarına misal olaraq Azərbaycanın ilk milli kitabxanası, Bakı kitabxanaları, Lerikdə qoç heykəllər, Xanagah, Babagil (Lerik r.), Şeyx Zahid, Sexəlifə (Lənkəran r.), Əbu Dardə (Yardımlı r.), “Əshabi-Kəhf” (Naxçıvan MR Culfa r.), İmamzadə (Gəncə şəhəri), Bibiheybət (Bakı şəhəri) türbələri, Gəncəsər məbədi (Kəlbəcər rayonu Vəngi kəndi), Keşlə məscidi, Səngəçal karvansarası, Cəlilabad abidələri, Xocalı abidələri, Azərbaycanda Qız qalaları, Bəlləbur, Lənkəran, Gamışavan (Lənkəran r.), Ərkivan (Masallı r.), Şindan (Astara r.), Həməşəra, Bərzənd (Cəlilabad r.) qalaları, Lənkəran mayakı və Xan evi və digər məqalələrini göstərmək olar.
Gülməmməd Məmmədzadə həmçinin 1820-ci ildən indiyədək Azərbaycanda yaşamış 12 nəfər Şeyxülislam və 12 Qafqaz müftisi, eyni zamanda görkəmli şəxsiyyətlər Mir Cavad bəy Talışxanov, Böyükxanım Talışinskaya, Teymur bəy Bayraməlibəyov, Mirzə Səlim Axundzadə, Zülfüqar Əhmədzadə, Şəfi bəy Rüstəmbəyli, generallar İsmayıl bəy Qutqaşınlı, Mehdiqulu bəy Usmiyev haqqında geniş məqalələr yazmışdır.
Gülməmməd Məmmədzadə Şeyxülislam Əbdüssəlam Axundzadənin “Müqəddəs peyğəmbərlər tarixi” kitabına (1993) yazılan Ön sözün və “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabının V fəslinin (Abidələr, ziyarətgahlar) müəllifidir.
Görkəmli tədqiqatçının “Lənkəran mahalının sərkərdələri” adlı kitabı 1996-cı ildə işıq üzü görmüşdür. Kitabda mahalın yetişdirdiyi sərkərdələr, yüksək rütbəli zabitlər, generallar haqqında geniş və maraqlı məlumatlar verilmişdir.
Gülməmməd Məmmədzadənin “Tarixi abidələr, tarixi şəxsiyyətlər”, “Lerik. Tarixi etnoqrafik oçerk” kitabları və şeirlər toplusu öz çapını gözləyir.
Həyat və fəaliyyətinə nəzər saldıqda açıq-aydın görünür ki, Gülməmməd müəllim məhsuldar yaradıcılığa malik olmuşdur. Əgər ömür vəfa etsəydi o, tariximizlə bağlı çoxlu sayda kitab və elmi məqalələr yazacaqdı. Çox əfsuslar olsun ki, dünyadan nakam köçməklə arzuları yarımçıq qalmışdır.
Gülməmməd Məmmədzadə 19 sentyabr 1996-cı ildə 42 yaşında vəfat edərək, Bakıda, Binə qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Əməkdar jurnalist İdris Şükürlü Gülməmməd Məmmədzadə haqqında “Nakam ömrün nəğməsi” adlı kitab yazmışdır.
Görkəmli və unudulmaz tədqiqatçı-jurnalist barəsində neçə-neçə məqalə yazılmış, haqqında bir çox kitablarda, o cümlədən “Lənkəran: ensiklopedik məlumat” ( Mirhaşım Talışlı, Etibar Əhədov. B., 2014; 2017) və tədqiqatçı alim Mirhaşım Talışlıdan bəhs edən “Tarixləşən-əbədiləşən ustad” (Yədulla Ağazadə. B., 2015) kitablarında məlumat verilmişdir.
Şəxsi kitabxanamda Gülməmməd Məmmədzadənin “Lənkəran mahalının sərkərdələri” kitabı və mətbuatda dərc olunmuş bir neçə məqaləsi vardır. Tədqiqatçı-tarixçi olaraq Gülməmməd müəllimin yazdıqlarından yeri gəldikdə ədəbiyyat kimi istifadə edirəm.
Bölgəmizin salnaməsini yazanlardan biri olub, bizə qiymətli əsərlər miras qoyub gedən bu böyük şəxsiyyət, alimin məzarını ziyarət etməyi həmişə düşünmüş və bunu özümə borc bilmişəm. 2023-cü il mayın 14-də Binə qəsəbəsində olarkən imkan tapıb Gülməmməd Məmmədzadənin məzarını ziyarət edib, ruhuna dualar oxudum. Allah sizə qəni-qəni rəhmət eləsin, böyük alim! Ruhunuz şad, məkanınız cənnət olsun!
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi