Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BÖLGƏMİZİN YAZARLARI - 17-ci yazı. Ramiz Titayev (Lerik)


Sevməzlər, öyünüb lovğalıq etsən,

Arvad məclisində darğalıq etsən,

Əgər qocalıqda yorğalıq etsən,

Ağarmış saqqala həna gərəkdir.

Ramiz Titayev


BÖLGƏMİZİN YAZARLARI


Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

     Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) Meyxoş Abdullahın (Cəlilabad), Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı) şeirlərini sizə təqdim etmişik.

Linklər burada: 


Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Rəna Əlisaqızı

Şahid Astaralı

İqbal Nəhmət

Əlövsət Tahirli

Təbrizə Pünhan

Rafiq Məmməd

Meyxoş Abdullah

Fikrət Baxış

Arif Fərzəli

Eldar İlqaroğlu

Qədiməli Əhməd

Məmməd Əvəzoğlu



Bu silsilədən növbəti  qonağımız  Ramiz Leriklidir (Lerik).

Ramiz Lazım oğlu Titayev (Ramiz Lerikli) 1962-ci ildə Lerik rayonun Bobla kəndində anadan olmuşdur. 1981-ci ildə M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu, 1989-cu ildə isə V.İ.Lenin adına ADPİ-ni bitirmişdir. Hazırda E.A.Şaliyev adına Bobla kənd ümumi orta məktəbində fizika müəllimi işləyir. 

"Sonuncu qatara mindirin məni", "Qaytar məni gəncliyimə" və "101 hekayət" kitablarının müəllifidir. "Ədəbiyyat yolçuları", "Türk ədəbi əlaqələr", "Yazarların dünyası" antologiyalarının həmmüəllifidir. 

Yazıları respublikamızın müxtəlif qəzet və jurnallarında vaxtaşırı çap olunur. "Məşəl" jurnalının "Elm və mədəniyyət" şöbəsinin müdiridir. 

AJB-nin üzvüdür.



A DÜNYA

Bəxtəvərin doşabı da bal çıxır,

Bədbəxtlərin balından min hal çıxır,

Qara günü daim dalbadal çıxır,

Kasıblar deyilmi bəndən, a dünya?!


Banlaya bilməyən beçələri sən,

Sayı bilinməyən neçələri sən,

Doğdurub doldurdun küçələri sən,

Seyr edib baxırsan gendən, a dünya.


Kədərlə açılır səhərin sənin,

Sevincdən artıqdır qəhərin sənin,

Kəndləri demirəm, şəhərin sənin,

Halını soruşma məndən, a dünya.


Nə şahı məlumdur, nə də gədası,

Cibində pul varsa qalxır sədası.

Axırı nə olar, söylə qadası,

Milləti etmisən dindən, a dünya.


Söylə, bu gedişlə gedirsən hara?

Kasıbın gününü etmisən qara,

Payməşər günündə sıxıb divara,

Cavabın sorarlar səndən, a dünya.


GƏRƏKDİR   

Hədərən-pədərən yazma, ay bala,

Şairin sözündə məna gərəkdir.

Bir könül qəmxana olubsa əgər,

Onu sevindirən rəna gərəkdir.


Elə yaz qoca da, cavan da qana,

Sorağın yayılsın bütün hər yana,

Sevgidən yazanda nazlı ceyrana,

Könlü atəşindən yana, gərəkdir.


Söz gərək süzülüb axa bal kimi,

Dilli-dilavər də baxa lal kimi,

Qalmaya ürəkdə qara xal kimi,

Yağ kimi yayıla cana gərəkdir.


Sevməzlər, öyünüb lovğalıq etsən,

Arvad məclisində darğalıq etsən,

Əgər qocalıqda yorğalıq etsən,

Ağarmış saqqala həna gərəkdir.


Aləmi qataraq qıraq gəzənə,

Hər gözəl kəlama dodaq büzənə,

Oğurluq sözləri şeyrə düzənə,

İkicə arşınlıq cuna gərəkdir.


İSTƏYİR

Kimlərsə ağzına bir sümük alıb,

Sümüyü verəni qapmaq istəyir.

Üzü görən kimi astar axtarıb,

Belinə minərək çapmaq istəyir.


Çöp kimi qarışıb böyük bir selə,

Namusun, qeyrətin verərək yelə,

Burnunu hər yerə soxaraq belə,

Qeyrətin yerini tapmaq istəyir.


Hələ at da çapır hey sağa, sola,

Özünə tay tapıb verir qol-qola,

Tutub qulağından çəksən də yola,

Yenə də yolundan sapmaq istəyir.


Yaltaqlıq qoxusu verir nəfəsi,

Özündən aşağı sayır hər kəsi,

Nə fikri məlumdur, nə də qayəsi,

Bilinmir nələri yapmaq istəyir.


Murdar böcək kimi yarıqda durur,

Varı olsa belə, çarıqda durur,

Rəisin önündə marıqda durur,

Ayağı altında yatmaq istəyir.


PAY VERƏN DƏ YOX

Ürək sevgi ilə dalğalanır hey,

Onun harayına hay verən də yox.

Doğmalar yadlaşıb olubdur ögey,

Daydayım olmadı, day verən də yox.


Kimi ki canımdan sevdim ürəklə,

Min bir arzu ilə, min bir diləklə,

Bacara bilmədim zalım fələklə,

Bir azca sevgidən pay verən də yox.


Neçə kitab yazdım eşqin adına,

Düşmədim kimsənin heç də yadına,

Yanaraq kül oldum eşqin oduna,

Bu təşnə aşiqə çay verən də yox.


İçdim bu zəhəri hey udum-udum,

Çətin anlarımda dərdimi uddum,

Hamını özümdən yuxarı tutdum,

Özünü mənimlə tay verən də yox.


Ala bilməyərək sevgidən qida,

Bezib taleyimdən olmuşam cüda,

Bu fani dünyaya deyib əlvida,

Ölmüşəm, üstümdə "vay" verən də yox.


BİLƏYDİ

Kaş insan yaşayıb bir insan kimi,

Bütün arzulara çata biləydi.

Kimsə tərpətməyib sarı simini,

Sevinci sevincə qata biləydi.


Dünyanın dərdini daşıyan insan,

Olaydı zərbədən başı yan insan,

Doymayan qarnını qaşıyan insan,

Özünü gözütox tuta biləydi.


Aludə olaraq min bir barına,

Kaş ki, uymayaydı dünya varına,

Xəyanət etməyib nazlı yarına,

Onu qismətində "buta" biləydi.


Xoş olar yaşamaq əli qabarlı,

Nəinki günboyu qəlbi qübarlı,

Özünü halalla sanıb kübarlı,

Bir loxma tikəsin uda biləydi.


Ömür çürütməyib bu boş bazarda,

Canına qəsd edən qeylü-azarda,

Ömrünün sonunda, soyuq məzarda,

Rahatca uzanıb yata biləydi. 


Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10