Eyyub Kərimli: “Vergi güzəştləri və güzəştli kreditlər vasitəsilə yeni iş yerlərinin açılmasına dəstək olmaq olar”
Bölgələrdə iş yerlərinin açılması ilə bağlı bir sıra mühüm addımlar atılsa da, ciddi problemlər hələ də qalmaqdadır. Xüsusilə gənclərin regionlardan paytaxta axın etməsi, həmçinin xeyli sayda vətəndaşın xaricə üz tutması həyəcan təbili çalmağa əsas verir.
Yaxınlarda parlamentin iclasında da bu mövzu yenidən gündəmə gəldi. Deputat Vahid Əhmədov bununla bağlı çağırış etdi. O, bölgələrdə iş yerlərinin açılmasını zəruri hesab edib. O, nümunə kimi qeyd edib ki, Quba-Xaçmaz bölgəsində 500 minə yaxın əhali yaşayır, cəmi 2 emal müəssisəsi var. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu istiqamətdə addım atılmayıb.
Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bölgələrdə iş yerlərinin açılması hökumət üçün prioritet olmalıdır. Deputat həmçinin işğaldan azad edilmiş ərazilərdə də iş yerlərinin açılması, hərbi sənaye müəssisələrinin yaradılmasını təklif edib: “Müharibə veteranlarına verilən 80 manat müavinətin məbləğinə baxılmasını da xahiş edirəm” - deyən V.Əhmədov dövlət şirkətlərinin tədricən özəlləşdirilməsi ilə bağlı da təklif verib.
Bu sahədə nə kimi işlər görmək olar? Bölgələrdə konkret olaraq hansı müəssislərin yaradılması imkanları var? Hansı istiqamətdə zavod, fabriklər qurmaq olar ki, onun məhsullarını xaricə də satmaq və davamlılığı təmin etmək mümkün olsun?
Yeri gəlmişkən, bir neçə ay əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev demişdi ki, işsizliyin tam həlli uzun prosesdir. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi önəmli çağırışlardan biridir.
Nazir iş yerləri ilə bağlı problemlərin olduğunu bildirib: “Yeni iş yerləri də yaradılmalıdır. İş yerlərinin açılması ilə paralel isə ixtisaslı işçi qüvvəsinin də yaradılması lazımdır. Regionlarda bu problem daha böyükdür. İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.
Eyyub Kərimli
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu gün bölgələrdə işsizliklə bağlı məsələnin həlli yalnız dövlətin öhdəliyi deyil, bura özəl sektorun bir fəaliyyəti olmalıdır: “Özəl sektor üçün münbit şərait yaradılmalıdır ki, bunu da dövlət müəyyən vergi güzəştləri ilə, ya da stimullaşdırıcı tədbirlərlə həyata keçirməlidir. Məsələn, kommunal xidmətlərin qiymətinin azaldılması, müəyyən vergi güzəştləri, ya da güzəştli kreditlər vasitəsilə daha çox bölgələrdə istehsal sahələrinin açılmasına, yeni iş yerlərinin açılmasına dəstək olmalıdır. Bu baxımdan, əlbəttə, bugünlərdə yeni iş yerlərinin açılması bölgələrin inkişafına daha müsbət təsir göstərərdi. Sözsüz, düşünürəm ki, bununla bağlı müəyyən proqramlar həyata keçirilir. Xüsusilə də kənd təsərrüfatı sahəsində uzunmüddətli güzəştli kreditlərin və stimullaşdırıcı tədbirlərlə bağlı maliyyələr ayrılır. Həm də istehsal şahəsı ilə məşğul olan sahibkarlara da bu güzəştlər tətbiq edilməlidir. İrihəcmli istehsal sahələrinin açılması regionlarda daha da stimullaşdırılmalıdır. Digər tərəfdən, artıq regionların büdcədən dotasiyası ləğv olunub. Cəmi yeddi rayon dotasiya alır. Region rəhbərləri də xarici investisiyanın cəlb olunmasında daha maraqlı olmalıdırlar. Bu baxımdan, ciddi işlər həyata keçirilməlidir. Yeni iş yerlərinin açılmasında dövlət tənzimləyici və stimullaşdırıcı rolda çıxış etməlidir. Daha çox özəl sektorun həvəsləndirilməsi və şərait yaradılması ilə həyata keçirilməlidir”.
İqtisadçı əlavə edib ki, bu məsələdə region rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür: “Yeni investorların cəlb edilməsinə, paytaxtdan investorların cəlb olunmasına şərait yaratmalıdırlar. Digər tərəfdən, hər rayonun spesifik xüsusiyyətlərinə uyğun mini istehsal və emal sahəsi durmalıdır. Əlbəttə ki, bəzi rayonlar var ki, burada emal sahəsinə üstünlük verilməlidir. Bu meyvəçilik, tərəvəz daha zəngin olan bölgələrə aiddir. Heyvandarlıq çox olan bölgələrdə biz ət məhsullarının istehsalı sahələrini qura bilərik. Müxtəlif sahədə çalışan sahibkarların regionlara cəlb olunmasına da elmi yanaşma olmalıdır. Tutaq ki, hansı regiona hansı sahənin inkişafı daha uyğundursa, o sahədə çalışan sahibkar oraya cəlb olunsun”.
HAZIRLADI: Afaq MİRAYIQ