Nə üçün başdakılar hər biri bir yanə çəkir?
Düşünən yoxdu, kasıb-yurdu dağılmış, nə çəkir.
Nə zaman məmurumuz çevrilib insan olacaq?
Nazirin də balası cəbhədə qurban olacaq?
Məmməd Əvəzoğlu
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini, Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Xanəli Toloş
Ruqiyyə Abbaszadə
Xanlar Həmid
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Eldar İlqaroğlu
Qədiməli Əhməd
Bu silsilədən növbəti qonağımız şair Məmməd Əvəzoğludur (Masallı).
Məmməd Əvəzoğlu (Məmmədov Məmməd Əvəz oğlu) 1960-cı ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirmiş, 1979-1984-cü illərdə Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində oxumuş və institutun "Bilik" qəzetində, Respublikanın "Kirpi" jurnalında , "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi" qəzetlərində, Az.Tv-də və radioda rəngarəng yazıları ilə çıxış etmişdir. Məmməd Əvəzoğlu ilk şeirlər kitabını ("Hanı o əvvəlki kənd uşaqları") 2020-ci ildə 60 yaşında çap etdirmişdir. Onun ardınca müəllifin "Qəzəllər", "Kəndimiz Boradigah" (poema), "Necə yaşamışıq biz" şeirlər, "Dəli sevdaya düşən qul ürəyim şahlıq edir" qəzəllər və "Daşın da qardaşı var" şeirlər kitabları işıq üzü görmüşdür. Müəllif hal-hazırda tarixi, etnoqrafik məqalələrdən, xatirələrdən ibarət "Boradigah" kitabını çapa hazırlayır. Məmməd Əvəzoğlu bundan başqa öz əlləri ilə həyətində çay daşlarından möhtəşəm bir muzey yaratmışdır.
Məmməd Əvəzoğlu yaradıcılığı çoxcəhətlidir. O, çağdaş ədəbiyyatımızda çox az istifadə olunan klassik janr qəzəl, şifahi xalq ədəbiyyatınının janrları bayatı, qoşma, gəraylı, epik-lirik janrda yazdığı poema kimi ədəbi nümunələrdən məharətlə istifadə edir. Xüsusilə, qəzəlləri onun bir ustad şair kimi yetişdiyini göstərir. Qəzəllərinin ən yaxşı xüsusiyyətlərindən biri odur ki, istifadə elədiyi sözlərin hamısı gündəlik dilimizdə istifadə elədiyimiz müasir sözlərdir. Anlaşılmayan, çətin tələffüz edilən ərəb və fars tərkiblərindən ya istifadə eləmir, ya da hamının anlaya biləcəyi şəkildə, sadə dildə olur.
Adı insan olanın hər sözü ibrətli olar,
Dəhanından süzülən söhbəti ləzzətli olar.
Sözü gözdən salana boşboğaz insan deyilir,
Belə məxluq el içində necə hörmətli olar? – qəzəlində sözə necə dəyər verdiyini də göstərir. Şair üçün söz vacib detaldır, yəni söz insanın özüdür, insane dediyi sözə cavabdeh olmalıdır.
Vahidin cismi gedib, ruhu qəzəllərdə yaşar,
Rəbb ölümsüzlüyümü eyləsə qismət, ölərəm.
Bir qəzəlindən gətirdiyimiz nümunədə şair həm də özündən əvvəlki klassiklərimizin layiqli davamçısı olduğunu göstərir.
Şair həm də yazdığı bütün əsərlərinin xalqın süzgəcindən keçəcəyini anlayır və elə yazmağı tövsiyə edir ki, xalq bəyənsin, yaddaşlarda qalsın. Məsələn, bir şeirində bunu belə ifadə edir:
Hələ ki, əl çalır ürəksiz əllər,
Dəyməyir xətrinə bəzi gözəllər,
Yazdığın şeirlər, qoşma-qəzəllər,
Xalqın ələyindən keçərlər, şair.
Şair müasir zamanla səsləşən, xalqımızın dərdlərini ifadə eləyən şeirlərində içindən gələn ağrı-acılarını şeirlərində göstərir:
Analar keçdilər şah əsərindən,
Xınalı gəlinlər cavan ərindən,
Bezdik bu dünyanın tənələrindən!
Sənin qeyrətinlə ucaldı başım!
Bayramın mübarək, şəhid qardaşım!
Və yaxud, digər şeirində xalqın arasında olan bəzi antipodlara, məsuliyyətsiz və acgöz məmurları da tənqid etməkdən çəkinmir, öz haqq səsini ucaldır:
Qızışıb vəhşi tamahlar, dağıdır dünyanı,
Dəli başlar yenə də salmış atın meydanə.
Qoca qurdlar çəkir ardınca bu məsum xalqı,
Hiyə haqqın harayı yetməyir heç ünvanə?!
Allahın verdiyi nemətlə dolu dünyanı,
Niyə insan deyilənlər çevirib zindanə?
Məmməd Əvəzoğlu yaradıcılığı oxucular tərəfindən sevilir və dəyər verilir. Məmməd müəllim Boradigah 2 saylı orta məktəbdə müəllim işləyir və pedaqoji sahədə də uğurları var. Onun şagirdləri bir çox ali məktəblərin tələbələridir.
Yaradıcılığı Qızıl Qələm media mükafatı ilə qiymətləndirilmişdir. O, həmçinin, AYB-nin üzvüdür.
Cümhuriyyət bayrağın ucaldanlar hardadır
Bu Vətənin dostunu, yadını bilmədik biz,
Cümhuriyyət quruldu, dadını bilmədik biz,
Bu yolda ölənlərin adını bilmədik biz!
Hələ Rəsulzadənin ruhu intizardadır,
Cümhuriyyət bayrağın ucaldanlar hardadır?
Azərbaycan diyarı bir karvansaray oldu,
Sapı bizdən olanlar quldurlara tay oldu!
Zəngəzur da, Göyçə də itə-qurda pay oldu,
Şəhriyarın Vətəni hələ də xunkardadır,
Cümhuriyyət bayrağın ucaldanlar hardadır?
Düşmənlər susamışdı tükənməz sərvətimə,
Qara zəncir vurdular Koroğlu qeyrətimə,
Xəcalətlə baxıram dünənki şöhrətimə,
Bir əsrdən çox keçib, Vətən hələ dardadır!
Cümhuriyyət bayrağın ucaldanlar hardadır?
Malımızı yeyənlər hələ də daş atırlar,
Gah farsa, gah urusa, erməniyə satırlar,
Yüz beş ildir aldadıb başımızı qatırlar,
Qaniçən düşmənlərin əməli aşkardadır,
Cümhuriyyət bayrağın ucaldanlar hardadır?
Torpaqlar boşaldıqca qara zindanlar doldu,
Azadlığa can atan yolumuz həmin yoldu,
Adı bizim olanın dadı özgənin oldu,
Zəhmət çəkən oğullar hələ zəhrimar dadır!
Cümhuriyyət bayrağın ucaldanlar hardadır?
28.05.2023.
Heydərbaba
Heydərbaba, məhərrəmdi ayımız,
Ağlamaqda yoxdur bizim tayımız,
İtə-qurda qismət olur payımız,
Bəxtimizə qara boya çəkiblər,
Məmləkətə qəm toxumu əkiblər.
Bizimkilər xəbər verir uzaqdan,
Əmrikədən, Fəransədən, Dubaydan,
Çi fayda ki, xəbərim yox o taydan,
Olmadı bir söz sovqatı gətirən,
Xoş xəbərlə özün bizə yetirən.
Heydərbaba, saqqallılar neynədi?
Dalımızca çox çənələr deynədi,
Quduranlar yenə xəlqi çeynədi,
Allah versin o itlərin cəzasın!
Görək qanlı təxti-tacın qəzasın!
Neçə ildir gələmmirəm Təbrizə,
Gəlim bir az şərik olum dərdizə,
Allah səbir, dözüm versin mərdizə,
Bir gün olar zülmün başın üzərsiz,
Araz boyu al bayraqlar düzərsiz!
Heydərbaba, yollar hələ dumandı,
Bu sənə də görüşümüz gümandı,
Bu tayda da xəlqin halı yamandı,
Qorxumuzdan danışmırıq, dinmirik,
Çoxdandır ki, cin atına minmirik.
Sarıbaşlar Ukraində batırlar,
Əllərinə hər nə gəldi atırlar,
Hərdən burda ortalığı qatırlar,
Rus ayısı hələ də at oynadır,
Hay sürüsü bilmirəm nə qaynadır.
Heydərbaba, ahu-vayım becədir,
O tay, bu tay yurdumuzda gecədir,
Şair oğlun Şəhriyarın necədir?
Söz sovqatım gedib ona çatırmı?
Əzabkeşin ruhu rahət yatırmı?
Sənin dərdin, mənim dərdim bir dərddi,
Sənin mərdin, mənim mərdim bir mərddi,
Canımıza dağ çəkən bu sərhəddi!
Bir gün yenə çəpərləri sökərik,
Zülmü əzib sinəsinə çökərik!
27.08.2023.
Cavabsız suallar
Bu qədər dərdi olan az yaşayar, çox yaşayar?
Bu qədər sərvət ilə ac yaşayar, tox yaşayar?
Bu qədər başımıza kül ələnərmi görəsən!?
Bu qədər varlı olan da dilənərmi görəsən?
Vətənin tən yarısı ac-yalavacdır, nə üçün?
Təpəmizdə urusun yumruğu tacdır, nə üçün?
Nə üçün başdakılar hər biri bir yanə çəkir?
Düşünən yoxdu kasıb-yurdu dağılmış, nə çəkir.
Nə zaman məmurumuz çevrilib insan olacaq?
Nazirin də balası cəbhədə qurban olacaq?
Yerin altındakılardan bizə nə pay düşəcək?
Haqq deyib hayqırana bircə kərə hay düşəcək.
Nə üçün Qaraca çobanlar yerə qoymur çomağı?
Niyə qanun yazanın qanuna yoxdur marağı?
Niyə haqqın qapısı qazilərəə bağlı qalıb?
Niyə əsgər böyüdən pul-parasız, dağlı qalıb?
Eşidən yoxdu niyə körpələrin haq səsini?
O uşaqlardı əzən əjdahanın kəlləsini!
Niyə xalqın vəkili üstümüzə hürməlidir?
Niyə məmur balası keflə ömür sürməlidir?
Bəlkə Allah sizə bəxş eylədi yer səltənətin?
Niyə biqeyrət edirsiz Həzilər məmləkətin?
Niyə artır günü-gündən hələ də qul bazarı?
Niyə yoxdur soruşan ki, nədi xalqın azarı?
Hələ də yol süpürür burda ağbirçək nənələr,
Bir ovuc əcnəbilərçün qurulur təntənələr.
Nədən işsiz dolaşır cüssəli oğlanlarımız?
Xaricə ezam olur sürməli ceyranlarımız!
Nə qədər ali savadlar qalacaqdır avara?
Diplomun aldı qaçır xaricə piştaxtalara.
Niyə soysuz gələnin soymaq olub dərd-səri?
Niyə qarğış-söyüşün bunlara yoxdur əsəri?
Qara ekranlarımız süfrə açıb aş bişirir,
Ət-yağa həstət olan millətə bozbaş bişirir.
Qırılandan, əziləndən söz açan yoxdu daha!
Bu Vətən şıllaq atanlarla yol almış sabaha?
Xalqa düşmən kəsilənlər çəkilir baş tərəfə,
Niyə qeyrətli oğullar dönür hər gün hədəfə?
Yağılardan törəyənlər hərə bir allah olub!
Niyə zindan qapısı xalqa ziyarətgah olub?
Kar olaydı qulağım, vərdiş edib fəryadə!
Doğru bir kəlmə yazanlar boğulur dəryadə?
Əzdirənlər nə qədər sorğu-hesabsız qalacaq?
Hələ çox sirli sual burda cavabsız qalacaq...
EYLƏMƏDİ
Mirzə Ələkbər Sabirə
Yazdığın misraların millətə kar eyləmədi,
Nanəciblər utanıb bir kərə ar eyləmədi.
Abır- ismət sarıdan biz hələ korluq çəkirik,
Niyə Allah nəsibin rəhi-məzar eyləmədi?
Yerin alt-üstünü də boynu yoğunlar taladı,
Rəbbimiz ruzilərin neyçün azar eyləmədi?
Gəzirik, hardasan, ay Mirzə Ələkbər Sabir?
Xalq sənin yazdığını əldə şüar eyləmədi.
Batmışıq palçığa heç əl uzadan yoxdu bizə,
Kimsələr halımıza könlü qübar eyləmədi.
Sən görən fəhlələrik, insan ola bilməmişik,
Fəhlə insanlığı bir qətrə nübar eyləmədi.
Məst olub körpələrin haqqını işğal eləyən,
Bizi də bircə kərə məsti-xumar eyləmədi.
Ey Məhəmməd, deyəsən, Allah özü üz çevirib,
Xəlqini xar edəni bəs niyə xar eyləmədi?
Nəyini sevdi bəşər...
Nəyini sevdi bəşər övladı bu dünyanın?
O ki heç vermədi ali dəyərin insanın?
Gərək adəm balasından yaranan adəm ola!
Nanəcib işlərə zay eyləməsin vicdanın.
Aqil insan nə üçün bütlərə iman gətirə?
Niyə insan tanımır yerlə göyün sultanın?
Canavar bir yeyəcək, yüz dənəsin parçalayır,
Niyə öz nəfsinə insan qul edir imanın?
Adil insan Vətənin cənnətə döndərməlidir,
Niyə bayquş sayağı aşiqidir viranın?
Allahın elçisini zülm ilə edam eləyir,
Öldürür, səcdə edir çarmıxına İsanın.
Oğru da, əyri gəzənlər də çörək dərdi çəkir ,
Niyə beşdən birisi sakinidir zindanın?
Başımız üstə qoyub baş vururuq bəd əmələ,
İçinə pul yığırıq haqqı deyən Quranın.
Bir dəfə Həccə gedib ayna kimi pak oluruq,
Atırıq çirkimizi ağuşuna dəryanın.
Meşəni, dağ-dərəni yağmalarıq vəhşi kimi,
Görəsən, fərqi nədir adəm ilə heyvanın?
Niyə loğman sayılan düz yolunu əyri gedir?
Niyə tərkibi əhəng olmalıdır dərmanın?
Gəlməyir yer üzünə əqli təmiz normal uşaq,
Niyə insan zəhərin dadmalıdır kimyanın?
Məmmədin yazdığı söz, bəlkə də, mindən biridir,
Deyəcəklər, yenə doldurdu bura hədyanın.
Cənub.az saytı üçün hazırladı Əlizaman Baxış