Nadir Yalçının Türkiyədən reportajını təqdim edirik.
Bakı vaxtı ilə...
- Dəniz, sanki, donub... - kiçik çərçivədən Yer üzünü seyr eləməyin həzzini yaşayırdım.
- Elədi, bizdən aşağıda hər şey hərəkətini ertələyib.
- Dağlar alaçıqlara bənzəyir, kiçik çadırları xatırladır... Yerdən heyrətlə tamaşa elədiyimiz lay-lay buludlar indi bir əlçimdi.
- O tək buludu görürsən? Bəhmən Vətənoğlunun "Kəpəzdən bir əlçim bulud boylandı" misrasındakı buluddur o - Ulucay gülümsəyib təyyarənin pəncərəsindən uzaqlara zilləndi.
Ulucay üçün bu mənzərələr və bənzətmələr adi idi, çünki dəfələrlə xarici ölkələrə səyahət edib. Amma mən ilk dəfə ölkə sərhədini aşırdım. Gəncəyə - hərbi xidmətə yollananda, Bakıdan aralaşdıqca paytaxtın hər küncünü-bucağını əzbərləməyə çalışırdım. İndi başqa idi, doğulub boya-başa çatdığım yerdən ayağım üzülürdü. Göyün yeddinci qatından məmləkətimi izləyirdim və bu münasibətlə Rəşad Məcid məni təbrik edirdi:
- Nadir, təbrik edirəm, Türkiyəyə gedirsən!
Ömrümdə məni belə bir xüsusda təbrik edən olmamışdı və necə sevincli olduğumu hava limanındakı, təyyarədəki bütün insanlara hiss etdirmək istəyirdim... Yaxınlaşıb hansısa sərnişinə "Bilirsiz, mən ilk dəfə uçuram, əladı!" deyərək aralanmaq, digərləri ilə eyni ab-havada ünsiyyətdə olmağa çalışırdım.
...Təyyarədən baxanda Ankaranın işıqları aşıb-daşan vulkana bənzəyirdi. Bakıdan üzülən ayaqlarımı Türkiyənin paytaxtına basanda bildim ki, Bakının Ankaraya olan sevgisini özümlə birgə gətirmişəm qırmızı bayraqlara bürünən, cümhuriyyət bayramı ərəfəsində olan doğma yerlərə... Xalq yazıçısı Anar, Rəşad Məcid, Xəyal Rza, Kamran Nəzirli, Səyyad Aran, Əyyub Qiyas, Zemfira Məhərrəmli, Nəzakət Məmmədli, Ulucay Akiflə bərabər bizi qarşıda gözləyən Türk Yazarlar Qurultayını səbirsizliklə gözləyirdim və bu səbirsizlik məni gələcəyimiz günün gecəsi yatmağa imkan vermirdi. Buna baxmayaraq, gözümdə zərrə qədər yuxu yox idi, elə bil, dünyaya təzə gəlmişdim. Düzü, bilmirəm insan dünyaya təzə gələndə necə olur. Amma yəqin edə bilirəm ki, çox güman belə olursan - ilk dəfə xaricə uçan insan kimi...
Xoşbəxtlikdən, hava limanından qonaqları aparmağa gələn avtobusda bir nəfərə yer çatmadı. Düzü, avtobusda Qazaxıstandan gələn dörd qonaq, Təbrizdən gələn Rüqəyya Kəbiri də var idi. Yaşda hamıdan kiçik olduğumdan özümü qabağa verdim və avtobusdan endim. Üzdə narahat təəssüratı bağışlasam da, ürəyimdə sevinirdim...
"İLESAM"ın əməkdaşı Ahmet Can Yıldızın bələdçiliyi ilə gedəcəyimiz ünvana yollandım. Avtobusda ən qarşıda əyləşmişdim, düz sürücünün yanında. Sürücü azərbaycanlı olduğumu biləndən sonra bir az da ürəklə ətrafdakı tikililərlə, məşhur küçələrlə məni tanış edirdi: "Bax, Atamız Cümhuriyyəti bu binada elan edib", "Bura Ankaranın mərkəzidir", "Bura mədəniyyət binasıdır..."
Avtobusdan düşəndən sonra Ankaranın havasını ciyərlərimə çəkib necə xoşbəxt olduğumun fərqinə vardım və həmişə küçədə iti-iti yerisəm də, qısa məsafəni taksi ilə getməkdən imtina etdim, yavaşıyan addımlarımla gördüyüm bütün fərqliliklərin gözümlə, iti nəzərimlə şəklini çəkməyə başladım.
Elə gəldiyimiz günün axşamı şəhərdə xeyli gəzişdik. Gecə otelə qayıdanda telefonda saata baxdım. Sonra anidən gözüm qolumdakı saata ilişdi. Telefonda saat avtomatik Türkiyə saatına uyğunlaşmışdı. Qolumdakı saatı açıb vaxtı düzəltmək istədim və ani əl saxladım. İstədim, zamanın gedişatına həm də Bakı vaxtı ilə agah olum.
Ortaq dildən iletişim dilinə...
Türk Dünyası Yazarlar Qurultayı maraqlı tanışlıqlarla və ciddi müzakirələrlə yadımızda qaldı. Əslən bosniyalı filoloq Mirsat abi ilə dostlaşdıq. Sonuncu gün Ulucay və Mirsat abi ilə birgə selfi çəkdim, üzümüzə gün düşdüyündən şəkil çox işıqlı alındı. Hiss elədim ki, şəkil Mirsat abinin xoşuna gəlmədi. Səbəbini soruşanda dedi: "İnsan yaşlandıqca ağarmış saçlarını gizlətmək üçün qaranlığa qaçır...". İkimiz də cavan və gümrah olduğunu dedik və onunla olan şəkli ankaralı xatirələrimizin ən işıqlı yerinə həkk elədik... Mahmut Hasgüllə dostlaşdıq, mahnı oxuduq, sevgimizi bölüşdük...
Dünyanın müxtəlif yerlərindən, daha dəqiq desək, 19 ölkədən 100 şair, yazıçı, ədəbiyyatşünas və alimin iştirak etdiyi qurultayda çox vacib məsələlərə toxunuldu. Universitetə daxil olan gündən, bəlkə də, yüz dəfə haqqında düşündüyüm nəsnələrin türk xalqlarının nümayəndələri ilə birgə müzakirəsi filoloji düşüncələrimi aydınlatdı.
Təsəvvür edin, iki müxtəlif türk dövlətinin vətəndaşı bir-birlərini başa düşsünlər deyə rusca danışırlar. Yaxud, bədii mətnləri rus dilinə tərcümə edib təqdim edirlər. Elmi araşdırmalar zamanı həmin çətinliklə üzbəüz qalırıq. Daha gənc nəsil filoloqların bir qismi rus dilini bilmir. Ortaq dil, ədəbiyyat mövzularından bəhs edən həm klassik, həm də müasir elmi mətnlərin çoxu rus dilindədir.
Xalq yazıçısı Anar qurultayda çıxış edəndə yeni bir fikir irəli sürdü və bu fikir maraqla qarşılandı. O qeyd etdi ki, "Ortaq dil deyəndə elə başa düşülür ki, bütün türk xalqları eyni dili mənimsəsin, eyni dildə yazsın. Mən də bunun əleyhinəyəm, müstəqil dövlətin müstəqil dili olmalıdır. Buna ortaq dil yox, iletişim dili desək, daha düzgün olar. Türk xalqları arasında ünsiyyət dili, rabitə dili kimi nəzərdə tutduğumuz bu anlayışa Türkiyə türkcəsində işlədilən "iletişim" adlandırması yerinə düşər".
Qurultayın təşkilatçısı "İLESAM" rəhbəri, yazıçı-şair Mehmet Nuri Parmaksıza böyük təşəkkür düşür. Adam təmkinlə bütün qonaqların suallarına cavab verir, xırda problemləri həll etməyə çalışır, hər şeyi dəqiq planlayır, hamı ilə maraqlanır. Dostlar da mənlə razılaşar ki, qurultay çox yüksək səviyyədə təşkil olunmuşdu.
Kimlə həmsöhbət olursan, əvvəlcə Qarabağdan bəhs edir, ardınca da Qənirə Paşayevadan söhbət açır. Qənirə xanım bu illər ərzində bütün türk dünyasının sevimlisinə çevrilibmiş... Kimi dindirirsən, deyir, heyif o qadından... Hətta kövrəlirlər, qəhərdən danışa bilmirlər... İstanbulda olanda Marmarayda bir yaşlı kişi ilə həmsöhbət olduq. Deyir, sizin bir Qənirə xanım var idi, çox qeyrətli qadın idi o... Bunları eşidəndən sonra onun işıqlı ruhunu minnətdarlıqla andım və bu sevginin qarşısında içimdən bir cümlə boy verdi: "Hər şeyə görə təşəkkürlər, Qənirə xanım..."
Bütün şeirli-sözlü tədbirlərin sonunda eşitdiyim ən gözəl misranı "günün misrası" kimi özüm üçün qeyd edirəm. Qurultayın misrasını İlter Yeşilayın şeirindən eşitdim: "Zeytunun duzu kimi dodağımda qal bir az..."
Mehmetlər haqqında hekayə...
İşıqlı bir payız səhəri Ankarada - Milli Kitabxananın qarşısında qəlyanı tüstülədə-tüstülədə havanın fəsilə uyğun olmayan istisindən bezikib içəri keçdim. Əyyub əmiyə - Əyyub Qiyasa üz tutdum:
- Əyyub əmi, gedək, gəzək...
Bir himə bənd imiş:
- Gedək!
Atlandıq, yollandıq... Atımız yox idi, taksiləndik... Gəlib Əsri qəbiristanlığına çatdıq. Qəbiristanlığın ucu-bucağı yox idi. Nabələd adam aza bilərdi. İsti nəfəsimizi kəsmişdi. Üst geyimimizi çiynimizə atıb addımlayırdıq. Yaşı 70-i keçmiş bir kişini görüb ayaq saxladıq. Bir əlində süpürgə, bir əlində vedrə var idi, qəbiristanlığa o baxırdı:
- Merheba, amca!
- Merheba, evladım.
- Mehmet Eminin mezarı nerede?
- Resulzadenimi soruyorsunuz?
- Evet... Tanıyormusunuz?
Kişi iti addımlarla bizə yaxınlaşdı. "Kardeşlerim" deyib bağrına basdı. Zəfər Günümüzü təbrik etdi.
- Tanımaz olurmuyum? O bana, bize amanat, amanat kabir...
Əmanət qəbir... Bu sözə hönkürmək olar... Qərib məzarına dizin-dizin getmək istəyirdim böyük türk oğlunun... Əmanət qəbrinə alnımı qoyub ağlamaq istəyirdim, ağladım da...
Zəfər Günü ərəfəsində Azərbaycan cümhuriyyətinin banisini ziyarət etmək qürurlu idi. Onun da gözü yoldaydı, əminəm.
Günəşin şəfəqlərinə bürünmüş qəbirdən nur yağırdı sanki. Əyyub müəllim su töküb əli ilə qəbri yaxşı-yaxşı yudu, qəbiristanlığa baxan kişi ilə yanın-yörəsin tər-təmiz süpürdülər, mən eləcə tamaşa edirdim.
Nəyə ağladığımı bilmirdim... Bütün günahlarım yadıma düşmüşdü. Deməli olduğum, demədiyim, yaxud əksinə olan nəsnələri xatırlayırdım. Bəlkə də, antiterror vaxtı 10 gün meşədə qalmağın yorğunluğu indi canımdan çıxırdı, şəhid olan 12 yoldaşımıza ağlayırdım, bilmirəm...
Əyyub Qiyasla dua əvəzinə himn oxuduq böyük kişinin məzarı üstündə... Ürəklə oxuyurduq, ucadan oxuyurduq, qalib Vətənimizin övladları kimi oxuyurduq...
Gözümü silə-silə məzarın üstündəki ada zilləndim: "Mehmet..." Nədənsə Məmməd İsmayıl yadıma düşdü, türkcə onun da adı "Mehmet" yazılır, deyilir.
- Əyyub əmi, məni Məmməd İsmayılın yanına apar.
- İcazə vermir, sonra məni danlayacaq, olmaz.
- Sən apar.
Qaşlarını çatıb fikrə getdi, axırı razılaşdıq.
Qazi xəstəxanasına necə gedəcəyimizi bilmirdik. Soruşa-soruşa bir avtobusa mindik. Qarslı bir xanım dedi ki, mən də ora gedirəm, sizə kömək edəcəm. Əlqərəz, bir-iki avtobus dəyişib çatdıq mənzil başına...
Üçüncü mərtəbəyə qalxanda dəhlizin başındakı lövhə məni ildırım kimi vurdu: "Mehmet İsmail - 104". Adının qabağına otağının nömrəsi yazılmışdı sevimli şairimin... Əsgərlikdə olanda eşitmişdim xəstələnib, ona bir şeir də yazmışdım, deyirdim, İlahi, başına bir iş gəlməsin, onu görə bilim. Amma o lövhəni gərək birinci görməyəydim. Adını qəlbimizə yazdığımız Məmməd İsmayılın ismini o lövhədən oxumaq həyatın faniliyini tərs şillə kimi üzümə vurdu.
Qapını döyüb asta-asta otağa daxil oldum. Heç əlindən də öpməyə icazə vermədi. Nəcib ürəyi razı deyil ki, xəstəxanada əlindən öpüm, fikirləşirdi ki, pisimə gələr, nəsə narahat olaram...
Xəstəlik onu üzüb... Sınıxıb, şəkillərdə gördüyüm şuxluq qalmayıb, canı ağrıyır. Fəqət səsi həməndi, elə bil bu dəqiqə şeir deyəcək. Elə danışır, elə bil şeir deyir. Nitqi iti, zehni iti... Həmin Məmməd əmidi, bir az sınıxıb, bir az sıxıb onu xəstəxana havası, vətənə qayıtsa, bəlkə, hava ona dərman olar. Məmməd əmi, sizi tanıyır təzə cavanlar. Nə adınız yaddan çıxıb, nə özünüz...
Deyir ki, "84 yaşım var, ölüm umrumda belə deyil, dünyanın ən uzun çayı da bir yerdə başlayır, bir yerdə bitir".
Nə qədər ki poeziya yaşayır, bizim Məmməd adlı axar çayımız bitməyəcək.
Əyyub müəllimə deyir ki, Nadirdən muğayat olun, düzəlib qayıtsam, götürüb gələrsən kəndə...
Sağollaşanda yenə ağladım. Əl yelləyib sağollaşdı. Əli havada elə kədərliydi. Az qalırdım, ürəyimi çıxarıb verəm, ürəyinə dayaq olsun...
Sonra deyəcəksiz, yazıda elə ağlaşma qurdu... Yekunlaşır... Əyyub müəllimə də dedim, a kişi, gözümdə yaş qalmadı, ürəyim yuxalıb...
Otaqdan çıxanda Məmməd İsmayılın adını lövhədən silib qaçmaq istəyirdim, bacarmadım...
Əyyub Qiyasla düşdük küçələrin canına, alış-veriş, demək-gülmək, çay-qəhvə... Mən yoruldum, o yorulmadı.
Həmin günün sonunda otağının qapısını döyüb onu çağırdım:
- Nolub, Nadir, xeyirdi?
- Heç nə olmayıb. Sən əsl yol yoldaşı və əsl "abi"sən. Elə bunu deyəcəkdim.
Nəsillərin vəhdəti
Xalq yazıçısı Anarla yol yoldaşı olmaq gözəl imiş, əsərləri kimi... Ərköyünlüyümüzə dözdü, axıra qədər yoldaşlıq etdi, uzun-uzun söhbətlərdən yorulmadı. Bütün məsələlərə adekvat idi və onun iti zehni, tükənməz enerjisi mənə çox maraqlı gəldi. Stolunun üstündə qurultay üçün hazırlanmış dəftərçəni gördüm. Etik olmasa da, nəzərimi çəkdi və yazıya zilləndim. Gördüm başlığa belə yazılıb: "Hekayə". Dedim, Anar müəllim bu qaçaqaçda harda vaxt tapıb hekayə yazdız?
- Yazıçı hər gün nəsə yazmalıdı. Heç nə yaza bilmirsənsə, bunu da qeyd eləməlisən: "Mən bu gün heç nə yazmadım".
"Balaca Fuadın son xahişi" hekayəsi bu günlərdə "525-ci qəzet"də çap olundu. Rəşad müəllim o gün səs yollayıb ki, Anar müəllim Türkiyədə yazdığı hekayəsini çapa yollayıb, sən hələ reportajı yazıb bitirməmisən. Haqlı idi...
Qurultayın 1-ci günü 2 saatlığa Anar müəllimlə Ankara Sosial Elmləri Universitetinə yollandıq. Universitetdə Xalq yazıçımızla görüş təşkil olunmuşdu. Anar müəllimin çıxışındakı bir məqam özünü də, tədbir iştirakçılarını da kövrəltdi. Nə dediyini sonda yazacam.
Anar müəllim, Rəşad Məcid, Xəyal Rza, Ulucay və mən bir şəkil çəkdirdik. Rəşad müəllim dərhal şəkilə ad verdi: "Nəsillərin vəhdəti". Həqiqətən elə idi. Söhbətlərimiz, zarafatlarımız, şəkillərimiz, xatirələrimiz, zövqlərimiz vəhdətləşmişdi, bir-birimizə bəlli olmuşdu.
Kollektiv gözəl olanda hər səfər, hər yer adama maraqlı gəlir. Rəşad Məcid istəyirdi hamının könlü xoş olsun, heç kim küsməsin, inciməsin, narazı qalmasın. Anar müəllimə göstərdiyi həssaslığın eynisini Ulucaya da göstərməyi bacarırdı. Rəşad Məcidi buna görə sevirik. Bu səyahət isə sevgimizi bir az da artırdı...
"Türkiyeni neden böyle seviyorsunuz?"
Ankaradan İstanbula gələndə əzizim Rəvan Cavidin nur siması bizi qarşıladı. Deyir, "Azərbaycan dilində danışmaqdan ötrü darıxmışam, nə yaxşı gəldiniz!".
Elə həmin gün digər dostlardan ayrılıb üç yoldaş Pendik küçələrində dolaşdıq, Üsküdar sahilinə getdik. Bir-birimizdən ötrü acmışdıq, sanki... Rəvandan ötrü darıxmışdıq. İstəyirdik, o çox danışsın, onu eşidək. Tez-tez deyirdim: "Rəvan, şeir de!"
Amma təbii, Ulucay imkan verməz ki, o olan yerdə kimsə çox danışsın, çünki özü çox danışır... Adamı yolda tanıyarlar. Ulucay bütün ərköyünlüyü və şıltaq xasiyyəti ilə mənim dostumdur. Ona acıqlandığım qədər heç kimə acıqlanmıram. Amma bilirəm ki, ürəyi var, təmiz ürəyi... Səhər yeməyində idik, Pendikdə... Anar müəllim yeməkdən sonra əlində kağız parçası aptekləri gəzməyə başladı. Ömür-gün yoldaşı Zemfira xanım üçün dərman almalı idi. Gördüm, Ulucay kövrəlib.
- A balam, noldu axı, içki də içməmisən...
- Mən ancaq içəndə kövrəlirəm?
- Hə.
- Kaş bir kameram olaydı, Anar müəllimin hər anını çəkə biləydim. Sonra axtaracağıq...
Hamımız kövrəldik. Heç birimiz də içməmişdik... Xəyal Ulucayı qucaqladı...
Xəyal... Unikal insandır, unikal dostdur. Min dəfə olub İstanbulda. Amma mən hər yeri görüm deyə bezmədən gəzirdi, yorulmağını büruzə vermirdi. İstanbulda təşkil etdiyi "Şuşa gecəsi" ilə bizi daha xoşbəxt etdi. Şeir dedik, İstanbulda dedik, Zəfər Günü dedik... Vaqif Poeziya Günündə, Şuşada dediyim şeiri dedim, qalib ölkənin qələm adamı kimi dedim, sevinə-sevinə dedim, atası şəhid olandan sonra dünyaya gələn və Şuşa ismini daşıyan qızcığaza yazdığım şeiri dedim... O qız nə vaxtsa böyüyəcək, onların məktəbində təşkil olunan bir görüşə dəvət alacam, bu şeiri orda da deyəcəm... Xəyala bax!
İstanbuldakı ikinci günümüzdə Avropa tərəfə keçdik. Deyirəm, Ulucay, Bakıya qayıdanda hamıya deyəcəm ki, mən Avropaya çıxmış yazıçıyam! Gülür...
Rəvanla, Ulucayla birlikdə komandadan ayrılıb özümüz xeyli gəzdik. Sultan Əhməd məscidində iki rükət namaz qıldım, içimə işıq doğdu, içim məscid boyda oldu. Ayasofya ilə Sultan Əhmədin arasında dayananda özümü Şərqlə Qərbin ortasında hiss etdim. İki fərqli mədəniyyət üz-üzə idi!
Topqapının yanından keçib Gülhane parkına gəldik. Nazim Hikmət də orda idi, Ceviz ağacı da, polis də...
Rəvan deyir ki, bəlkə də, heç Nazim Hikmət o şeiri bu parkda yazmayıb. Ulucay gülür:
- Səbuhi Məmmədli kimi o da getmədiyi yerdən reportaj yazıb?
- Hə... Fikirləşib ki, Gülhane parkı, bir polis də olsun, bir qoz ağacı da, əla, heç kim də fərqinə varmasın, vəssalam, şeir düzəldi!
Romantikamı pozurdular. Əsəbiləşdim: "Bəsdirin!". Deyəsən, onlara inanmağa başlamışdım...
Gəmiyə minib Maltəpəyə gedəsiydik. Rəvan bizi yanlış gəmiyə mindirdi. Az qaldım, yaxasından yapışıb dənizə atım. Ulucay sakitləşdirirdi: "A kişi, noldu, bəs Rəvanı sevirdin, ondan ötrü darıxmışdın?!" Sakitləşdim...
Türkiyədə itlər, pişiklər, qağayılar böyük idi... Pişiklər bala qağayıları yeyib kökəlir, bəs qağayılar niyə qartal boydadı? Dedilər, qağayı deyil bunlar, albatrosdu...
Niyə o albatrosdan bizdə yoxdu?
Xorla cavab verdilər: "Sənə albatros lazımdı?"
Günümüz vida şamı ilə yekunlaşdı. Azərbaycanlı dostumuz, hüquqşünas Səidə Ekman və Türkiyə musiqisinin sevilən siması Mehmet Özkaya da yanımızda idilər.
Hava limanında şəxsiyyət vəsiqəmi yoxlayan xanım soruşdu: "Türkiyeni neden böyle seviyorsunuz?"
Anar müəllimin Ankara Sosial Elmləri Universitetindəki hamını kövrəldən çıxışını xatırladım:
"Bir vaxtlar başımızı qaldırırdıq göyə, İran təyyarələrini görürdük, kədərlənirdik, özümüzü tənha, arxasız hiss edirdik. Sonra vaxt oldu ki, başımızı qaldırdıq göyə, səmada Türkiyə təyyarələrini gördük və tək olmadığımızı hiss etdik".
Xanıma beləcə də nəql etdim və yanağına süzülən göz yaşını gördüm.
İstanbul, 2023
525.az