Ümiddimi gözlərindən boylanan,
Ya dənizmi təlatümlü baxışın?
Bəlkə, elə pəncərənə yağandı
İçindəki o xatirə yağışı?
Qədiməli Əhməd
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini, Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Xanəli Toloş
Ruqiyyə Abbaszadə
Xanlar Həmid
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Eldar İlqaroğlu
Bu silsilədən növbəti qonağımız şair Qədiməli Əhməddir (Lerik)
Qədiməli ƏHMƏD (Qədiməli Mahmudəli oğlu Ağayev) 27 avqust 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub.1974-cü ildə Lerik rayonu, Biləvər kənd orta məktəbi, 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Gənc yaşlarından bədii yaradıcılıqla məşğuldur. Şeirləri “Ulduz”, ”Azərbaycan”, ”Şəfəq”, ”Məşəl”, ”Yurd”, ”Yazı”, ”Pərvanə”, “Açıq dünya” və digər jurnallarda, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Kredo”, “Ədalət”, ”Cənub xəbərləri”, “Təfəkkür” qəzetlərində, bir sıra poeziya almanaxlarında dərc edilmişdir. Əllidən cox ədəbi-tənqidi, elmi-publisistik məqalələrin müəllifi, onlarla kitabın redaktorudur.
Qədiməli Əhməd “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası”, ”Cəza saatları”, ”Xatirəyə dönən illər”, ”Öz məsafəndə”, ”Uzaqlaşan yaxınlar” və digər kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, ”Beynəlxalq Rəsul Rza mükafatı” laureatı, Prezident təqaüdçüsüdür.
SƏNƏ GÖRƏ DEYİL AXI...
Satılan oyuncaq kimi
kimsə almaq istər ürəyini.
Sənsə qaçarsan özündən,
qaça bilməzsən
zamanın əzablarından.
Gözlərini sehrləyən,
ayaqlarını buxovlayan
yalançı vədlərdən,
aldadıcı oyunlardan
keçər həyatın.
Bilməzsən,
bir anda
baş verir hər şey-
məhkumluğun da,
azadlığın da...
...sonra
özünə yüyürməyin
uduzmağındı...
Bir qayıt bax,
oyun sənə görə deyil axı...
PAYIZ ŞEİRİ
Bir ovqatlı payız şeiri gəlmir eynimə bu ara,
İlk yağışla ayrılıqlar yağdı gözlənən yollara.
Yollar şəhid soraqlıdı,
Baxışlarda yuva qurub qəm-kədər,
Bu ağrını rəsm edirəm ağrısıyla qəlbimin.
Payız gəlib, yarpaq düşür,
təbiətdə xəzəldi.
Bax o şəhid məzarına,
bax, nə gözəl,
gözəldi...
Bax, o ana gör nə gözəl ağlayır,
Saçlarına qırov düşür bir gecənin içində.
Bu gecədə bir ocağın sönür oğul çırağı,
Nələr olur, aman allah, sir gecənin içində...
Bir ovqatlı payız şeiri gəlmir eynimə bu ara.
İlk yağışla ayrılıqlar yağdı gözlənən yollara...
QARANLIQLA ÜZ-ÜZƏ...
Qaranlıqla üz-üzəyəm
bu yuxusuz gecədə,
Yaddaşımda şeir,
gözlərimdə sükut...
Bir bayquş da kiriyib
pəncərəmdə yalnızca...
O da məni dinləyir,
çəkmir ayaqlarımı,
Dinləyir sirdaş kimi.
Gecənin sükutunu
poza bilmir heç nə,
İkimiz keşikçiyik,
otaqda mən,
çöldə o.
XATİRƏ ADAMLAR UNUDULANDA
Xatirə adamlar çıxır aradan,
Silinir dünyanın mehri, ülfəti.
Boş küçələr qalır,
kimsəsiz dayanacaqlar...
Bir də
çörək növbəsində duran adamlar...
Bir də ürəklərdə ağrı yerləri...
Hələ də bilmirik kimik, nəçiyik,
Susuruq,
səssizliyimiz yeyir içimizi.
Bu da bir ruzidi əsəbimizə.
Hər şey arxiv olur yaxşı nə varsa...
Günün hesabını vərəqlədikcə
Kimsənin
cibləri isitmir barmaqlarını.
Xatirə adamlar unudulanda
Rəngini- ruyunu dəyişir hər şey...
Xatirə adamlar çıxır aradan,
Yox olur dünyanın tamı, ləzzəti...
PƏRİŞANDI GÖZLƏRİN
Yağış yağan pəncərənin önündə
Nədən elə pərişandı gözlərin?
İndi sənin saçlarında qarışan
Bir həsrətin telləridi ayrılıq.
Bax,hələ də unutmadın ağrını,
Unutmadın xatirələr içində.
Taleyində tək yol deyil o həsrət,
Daha nələr, daha nələr içində...
Ürəyini "sükut evi" ovutmaz,
Baxışını alnındakı bir yazı...
Gitaranın həzin səsi bir anlıq
Xatırladır ehtizazlı qəm sazın.
Ümiddimi gözlərindən boylanan,
Ya dənizmi təlatümlü baxışın?
Bəlkə, elə pəncərənə yağandı
İçindəki o xatirə yağışı?
Yağış yağan pəncərənin önündə
Nədən elə pərişandı gözlərin..?
Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış