TALIŞ XALQ MAHNILARI VƏ RƏQSLƏRİNİN AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ YERİ
Mahnı və rəqslər musiqinin komponentlərindən sayılır. Mədəniyyətin tərkib hissələrindən və eyni zamanda geniş yayılmış növlərindən biri olan musiqi xalq və bəstəkar mahnılarını özündə cəmləşdirir. Mədəniyyətin bir növü kimi musiqinin tarixi qədimdir. Mezolit dövrü (Orta Daş dövrü – e.ə. XII-VIII minilliklər) abidəsi sayılan Qobustan qayalarında hələ 10-14 min il bundan əvvəl “Yallı” rəqsini özündə ehtimal edən rəqs əks edilmişdir. Həmçinin Qobustandakı “Qaval daşı” ən qədim musiqi alətlərindən hesab olunur.
Qədim və zəngin tarixə malik olan Azərbaycan çoxmillətli ölkədir. Burada bir çox xalqlar, o cümlədən aborigen (yerli) xalqlar yaşayır. Həmin aborigen xalqlardan biri respublikanın cənub-şərqində yaşayan talışlardır. Digər xalqlar kimi talışların da özlərinin folkloru, xalq mahnıları və rəqsləri vardır.
Talış xalq mahnıları və rəqsləri dedikdə şübhəsiz ki, ilk olaraq Azərbaycanın məşhur mahnı və rəqslərindən sayılan “Halay” və “Lolo” (“Hay, lo, lo”) yada düşür. “Qədim Azərbaycan xalq rəqsləri” kitabında “Halay”dan bəhs olunarkən yazılır: “Halay. Oxuma və əlçalma ilə müşayiət olunan eyni tipli rəqslərə verilən ümumi addır. Sovet Azərbaycanının (Azərbaycan Respublikası – İ.Ş.) cənubunda yaşayan əhali qədimdən düyü əkməklə məşğuldur.
Əkinə qulluq edilməsi, düyü yetişdirilməsi ağır işdir, çox zəhmət tələb edir. Çıxıntılar görünəndən 10-16 gün keçdikdən sonra düyü kollarının dibi alaq otundan təmizlənir. Bu işlə də ən çox qadınlar məşğul olur. Belə təmizləmə prosesi “alaqvurma” adlanır. Əmək prosesində həmin sözlə həmahənglik, səsuyğunluğu tərzində “Halay” mahnısı meydana gəlir. “Halay” sözü məhsuldan danışır, çox zaman ağır zəhmətli, uzun müddətli işi ifadə edir. “Halay” rəqs düzümünün daha maraqlı forması Masallıda ifa edilir. Bu onu göstərir ki, həmin rəqs ilk dəfə Masallıda meydana gəlib (Kamal Həsənov. B., 1983, səh. 46-47).
Məzmununda xalqın əməyi, zəhməti, təsərrüfat vərdişləri duran və əsasən qadınlar tərəfindən ifa olunan mahnıların ən qədim forması talışlar arasında “Lo-lo” və ya “hay, lo,lo” kimi məlumdur. Bu mahnılar ifa olunarkən qadınlar əl çalmırlar. Sadəcə olaraq mahnıda iştirak edən hər kəs ancaq öz səsi ilə onun oxunuşunda iştirak edir. Nəticədə 10-15 nəfərin ifasında xorla oxunan mahnı alınır. Burada etnoqrafik baxımdan maraq doğuran cəhət ondan ibarətdir ki, mahnı ancaq səslə, avazla ifa olunur. Ritm qadınların səsi ilə müəyyən edilir. Musiqiyə, musiqi alətinə burada hələ ehtiyac yoxdur. Buna görə də, “Lolo”, “halay” qəbilli bu mahnıların talışların mənəvi mədəniyyətinin ən qədim nümunələrindən olduğu tam aydındır (Qəmərşah Cavadov. Talışlar. I cild. B., 2004, səh. 309).
“Ərən” qəzetinin 19 dekabr 2000-ci il tarixli sayına istinad edən tarix elmləri doktoru Qəmərşah Cavadov daha sonra yazır: “ Talışların qədim xalq yaradıcılığına malik olmasını təsdiq edən digər fakt bir neçə il bundan əvvəl (2000-ci il – İ.Ş.) Lənkəran rayonunun Səpnəkəran kəndində Camal Yəhya oğlu Həmzəyev tərəfindən həyətyanı sahədən kiçik ölçülü və gildən düzəldilmiş tütəyin tapılması sayıla bilər.
Uzunluğu 4 sm, eni 2-3 sm olub, üst tərəfindən iki, alt üzündə bir deşiyi olan həqiqətən musiqi aləti olması müəyyən edilmişdir. Belə ki, bütünlükdə Lənkəran-Astara bölgəsində xalq musiqi alətlərinin ifaçısı kimi tanınan Lənkəran rayonunun səpnəkəran kənd sakini Surxay Böyükağa oğlu Əliyev tütəyə bənzər həmin gil alətdə onlarla havacatı ifa edərək, onun qədim musiqi aləti olduğunu əyani olaraq sübut etmişdir (Adı qeyd olunan kitab. Səh. 310).
Aram tempdə ifası olan “Velaçola” xalq rəqsi 1920-ci ildə Lerik rayonunun eyniadlı kəndində yerli musiqiçi tərəfindən yaradılmışdır (Kamal Həsənov. Adı qeyd olunan kitab. Səh. 32).
Talış xalq mahnılarının toplanıb, nota alınması yolunda ilk addım dahi bəstəkarımız Müslüm Maqomayev (1885-1937) tərəfindən atılmışdır. Müslüm Maqomayev 1906-1911-ci illərdə Lənkəran şəhərində yaşamış və burada Vorontsov-Daşkov adına dördsinifli şəhər məktəbində dərs demişdir.
Müslüm Maqomayev eyni zamanda Lənkəranda xor, dram dərnəyi, nəfəsli orkestr təşkil etmiş, talış xalq nəğmələrini toplayaraq nota almışdır. Bəstəkarın lənkəranlı dostu Mirzə Əbülfəz Əsədullayev bir dəfə ondan soruşur:
Müslüm müəllim, neçə illərdir çəltik sahələrində oxuyanlardan nəğmə toplayırsan, bəs bu nəğmələr yığılıb qurtarmadımı?
Müslüm Maqomayev cavab verir:
Nə dəryada balıq qurtarar, nə də Talışda nəğmə!
(Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. II cild. B., 2017, səh. 358).
Talış xalq mahnıları və rəqsləri sonrakı illərdə Ə.İsazadə, N.Məmmədov, B.Şahsoylu, L.Ağayev, Z.Bağırov və digərləri tərəfindən toplanaraq kitabça şəklində çap olunmuşdur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra burada yaşayan digər xalqların dili ilə yanaşı talış dilinə də qayğı və diqqət artmış, talış dilində qəzet və jurnalların çapına başlanmış, bu dildə kitablar yazılmış, mahnılar bəstələnmiş, müxtəlif vaxtlarda mərkəzi telekanallarda dahi sənətkar SSRİ xalq artisti Rəşid Behbudov (“Zəngi yar”), Azərbaycanın xalq artisti Faiq Ağayev, Əməkdar artist Baloğlan Əşrəfov, tanınmış müğənnilər Nazənin (Nazənin Salayeva), Cavad Rəcəbov, İmanverdi Ağayev, İsrail Məmmədov, Rəhim Hüseynov və digərlərinin ifasında talış dilində mahnılar səsləndirilmişdir.
Hal-hazırda respublikamızda “Nənələr” (əvvəlki adı “Bacılar”; Lənkəran r., Separadi kəndi), “Halay” (Masallı r., Mahmudavar kəndi), “Əvəsor” (Astara r., Kakalos kəndi), “Hovəlim” (Astara rayon mədəniyyət mərkəzi) və “Lokto” (Lokto – talış qədim musiqi aləti; Lerik r., Mondigah kəndi) kimi talış folklor qrupları (ansamblları) fəaliyyət göstərir. Bu folklor qrupları ölkədə keçirilən dövlət tədbirlərinə, mahnı festivallarına dəvət alıb, talış dilində mahnı ifa edirlər.
Bir neçə gün öncə, daha dəqiq 11 noyabr 2023-cü il tarixində şair dostum Nurməmməd Ağa (Masallı r., Boradigah qəsəbəsi) zəng edərək Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, müğənni Zümrüd Məmmədovanın (Quba r., İkinci Nügədi kəndi) talış xalq mahnılarını toplayıb, notlaşdırmaq haqqında kitab yazdığını və bu işdə Zümrüd xanıma dəstək olmağımı istədi. Çox keçməmiş Xalq artisti Zümrüd Məmmədova özü də mənə zəng edib, bölgənin tarixi, abidələri, toponimləri və etnoqrafiyasının tədqiqi ilə məşğul olan bir şəxs kimi talış xalq mahnılarının toplanmasında, məlumatların əldə edilməsində yardımçı olmağımı xahiş etdi.
Zümrüd xanıma mənsub olduğum xalqın musiqisinə önəm verib, bu barədə kitab üzərində işlədiyi üçün ilk öncə çox sağ olun deyib, dərin təşəkkürümü bildirdikdən sonra bu təqdirəlayiq işdə böyük məmnuniyyətlə ona əlimdən gələn köməyi göstərəcəyimi və vasitəçi olacağımı bildirdim.
Əminəm ki, Xalq artisti, professor Zümrüd Məmmədova çətin də olsa, talış xalq mahnılarını toplayıb, notlaşdıraraq Azərbaycan mədəniyyətinə, musiqi tarixinə böyük töhfə verməklə, repertuarına talış mahnısı da daxil edəcəkdir!
Uğurlar, Zümrüd xanım!
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
https://www.youtube.com/watch?v=nKBiMDhifRw