Azərbaycan Silahlı Qüvvələrinin 19 sentyabrda Qarabağda keçirdiyi antiterror əməliyyatına Ermənistanın, eləcə də Qərbin reaksiyası tezliklə iki ölkə arasında sülh danışıqlarının başlayacağına ümidlər yaratmışdı. Çünki İrəvan Qarabağ probleminin bu şəkildə həllini qəbul etdi, beynəlxalq ictimaiyyət də Azərbaycanın suveren hüququnu reallaşdırmasını anlayışla qarşıladı. Erməni lobbisinin, Fransanın Bakıya qarşı təzyiq, sanksiya cəhdləri səmərəsiz qaldı və hamı reallıqla barışdı. Bununla belə, sülh danışıqları, gözlənildiyinin əksinə, baş tutmadı. Azərbaycan oktyabrın 5-də Qranadada keçirilən beştərəfli görüşə, habelə ayın sonunda Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə planlaşdırılan danışıqlara qatılmaqdan imtina etdi.
Ermənistan rəhbərliyi Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Tiflisdə danışıqlar aparmaq təklifinə isti yanaşmadı, Bakı isə ən yüksək səviyyədə bu formata hazır olduğunu bəyan etdi. Daha sonra Rusiyadan tərəflərə sülh danışıqlarını təşkil etmək təklifi gəldi, İrəvan dərhal onu rədd etsə də Azərbaycandan reaksiya verilmədi.
Beləliklə, pat vəziyyəti yaranıb, Azərbaycan Qarabağ əməliyyatlarına mənfi reaksiyalardan dolayı incik düşdüyü Qərb platformasına qayıtmağa tələsmir, Paşinyan isə artıq körpüləri yandırdığı Rusiya tərəfə boylanmaq istəmir, habelə Qərb tərəfdaşları olmadan Azərbaycanla tet-a-tet müzakirələrə qatılmaq niyyətində deyil. Çünki masaya məğlub tərəf kimi deyil, bərabərhüquqlu şərtlər əsasında oturmaq istəyir ki, Brüssel belə bir ortam yaratmağa hazır olduğunu bəyan edib.
Bəs, hazırki vəziyyət nə qədər davam edəcək, sülh danışıqları bərpa olunacaqmı? Vasitəçilərin və tərəflərin son bəyanatları göstərir ki, siyasi iradə var.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borelli ki gün əvvəl Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasına çağırış edib.
“Sülh müqaviləsinin bağlanmasına ehtiyacımız var və vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik”, – deyə Borrell bildirib.
Tərəflərin mövqelərinə gəldikdə, Azərbaycan Prezidenti noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanla görüşdə bildirib ki, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Prezident qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
“Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər-hansı bir baxış ortaya qoymayıb”, – İlham Əliyev vurğulayıb.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da yerli mətbuata müsahibəsində bəyan edib ki, İrəvan Azərbaycanla ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdır. Qriqoryan Ermənistan rəsmilərinin Moskvada Azərbaycanla danışıqlar aparmaqdan imtina etməsini belə əsaslandırıb:
“Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik. Ermənistan artıq razılaşmaların əldə olunduğu danışıqlara getmək istəyir. Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”.
Beləliklə, Avropa İttifaqı sülh danışıqlarının bərpa olunmasında israrçı mövqedədir, tərəflər isə antaqonist mövqedə deyillər. Deməli, müzakirələrin Qərb platformasında davam etdirilməsi üçün imkanlar tükənməyib.
Diplomatik mənbələrdən Pressklub.az-a daxil olan məlumata görə, hazırda danışıqların bərpa olunması ilə bağlı Brüssel, Vaşinqton, Bakı və İrəvan arasında pərdəarxası müzakirələr aparılır. Gündəlikdə Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatın davam etdirilməsi və liderlərdən daha əvvəl xarici işlər nazirlərinin ABŞ-da görüşünün təşkil olunması var. Mənbə bildirib ki, dekabrın əvvəlində Brüsseldə Əliyev-Paşinyan arasında görüşün baş tutması daha realdır. Bu görüş 19 sentyabr antiterror əməliyyatından sonra tərəflərin mövqelərinin aydınlaşdırılması baxımdan əhəmiyyətlidir. Yəni, Qarabağ mövzusu qapanıb, Ermənistanın və Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni şərtləri, təklifləri nədən ibarətdir.
Məlumdur ki, rəsmi Bakı müxtəlif kanallarla yeni şərtlərin olduğunu ictimailəşdirib. Bu, anklavların taleyi, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə ittihamlarından əl çəkməsi, vaxtı ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları ilə bağlıdır. Prezident İlham Əliyev ATƏT PA-nın prezidenti ilə görüşdə də bunu ifadə edərək bildirib ki, Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir.
Rəsmi İrəvan bəyan edib ki, üç prinsipial məsələdə razılığa gəlmək üçün problem yoxdur: qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, sərhədlərin Sovet xəritələri əsasında demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması. Ermənistan rəhbərliyi anklavlar məsələsinə yalnız sərhədlərin tanınması çərçivəsində baxıla biləcəyini bildirir, Bakı isə 8 anklavın qaytarılmasını tələb edir. Qeyd edək ki, bunlar tərəflər arasındakı ziddiyyətlərin hamısı deyil. Dekabrın əvvəlində liderlər səviyyəsində görüş baş tutsa, mənzərə daha aydın görünəcək. Ən azı Şarl Mişel ənənəvi bəyanatında ortaq və ziddiyyətli məqamları ictimaiyyətə təqdim edəcək…
Turqut
<1>