Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli xanın gözlərini çıxartdıran, qardaşının sümüklərini yataq otağının astanasında basdıran Qacar


Röya Mürşüdovanın “Azərbaycan dramaturgiyasında Ağa Məhəmməd şah Qacar obrazı" adlı yazısını təqdim edirik.

Görkəmli alman yazıçısı Tomas Brussiqin təbirincə desək, “...insan yaddaşı böyük yox, çox böyük iqtidara malikdir: o möcüzələr yaratmağa və insanı keçmişi ilə barışdırmağa qadirdir. Yaddaş insanın ürəyində baş vermiş bütün dəhşətləri aradan qaldırır, kökünü kəsir və nostalji örtünü incəliklə qoruyur. Xoşbəxt insanların pis yaddaşı və yaxşı xatirələri olur”(3, 92). Bu fikirlərdən yola çıxaraq tarix səhnəsində öz mürəkkəb, çoxrəngli portreti ilə yaddaşlarda qalan Ağa Məhəmməd şah Qacarın xoşbəxt insanlardan fərqli olaraq “yaxşı yaddaşı”, amma “pis” xatirələri olmuşdur. Uşaqlıqdan aldığı fiziki və mənəvi travma onun qüdrətli, cahangir bir sərkərdə, müdrik hökmdar kimi yetişməsinə mane olmasa da, daxili dünyasını alt-üst etmiş, əbədi əzabkeşə çevirmişdir. Qacarın həyatı, yaşadıqları onu tarix səhnəsində özəl bir şəxsiyyətə çevirmiş, zaman-zaman söz adamlarının diqqətini çəkmiş, ziddiyyətli fikirlərə aydınlıq gətirmək məqsədilə bir-birindən maraqlı Qacar obrazları yaradılmışdır.

Lakin bu vaxta qədər, “bütün deyilənlərə rəğmən” tarixi şəxsiyyət haqqında yazılanlar, sadəcə, “aysberqin” görünən tərəfidir. Ədəbiyyatşünas Dimitri Zatonskinin təbiri-caizsə, “Sözün birbaşa və xüsusi mənasında yaradıcılığı insanşünaslıq olan sənətkar üçün insan hər şeyin ölçüsü olmaqdan əlavə, bir də “sirrdir”, müəmmadır. Onu yenidən açmaq lazım gəlir. Yəni onun təbiəti və varlığı haqqında keçmişdə də deyilmişlər azdır və ya bəs deyil” (16, 92). Belə tarixi şəxsiyyətlərdən biri də Ağa Məhəmməd şah Qacardır. Şəxsiyyəti haqqında müxtəlif fikirlər söylənən, qəddarlığı ilə bağlı rəvayətlər dolaşan, yaddaşlarda “Mənim ürəyim də, qəlbim də qandır / Dünya qan üstündə bir xanimandır” (15, 68) sözləri ilə heykəlləşən Ağa Məhəmməd şah Qacar!

Məlum olduğu kimi Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə milli düşüncə tariximizin müxtəlif mərhələlərində müraciət edilmişdir. Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Yusif Səmədoğlunun “Qətl günü”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Səməd Vurğunun “Vaqif”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” əsərlərində Qacarın bədii obrazı yaradılmışdır. Hər bir söz adamı Qacarı müxtəlif baxış bucağından təqdim etmiş, oxşar və fərqli “Xacə şah”ı oxuculara tanıtmışdır.

Azərbaycan dramturgiya tarixində ilk dəfə Ağa Məhəmməd şah Qacar mövzusuna, şəxsiyyətinə görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyev müraciət etmişdir. Yazıçı “Ağa Məhəmməd şah Qacar” faciəsində tarixi şəxsiyyət Qacarı əvvəldən hadisələrin inkişafına doğru ağıllı, tədbirli, əmrlərdə belə ölçüsünü aşmayan hökmdar kimi təqdim edir: “...Əbdürrəhim bəy Haqverdiyevdən başqa, demək olar ki, heç bir Azərbaycan alim yazıçı, düşüncə və söz adamı ölümündən keçən 200 ildə Ağaməhəmməd şahın üzərinə ən müxtəlif düşmənlərimizin yaxdığı ləkələri təmizləməyə azca da olsa çalışmayıb. Məhz Əbdürrəhman bəy ilk dəfə olaraq “Ağa Məhəmməd şah Qacar” adlı faciəsində böyük imperatorumuzu xalqının sevgisini qazanmağa can atan, düşməni silahdan çox tədbirlə məğlub etməyə üstünlük verən, özünü heç bir çətin durumda itirməyən ağıllı, təmkinli və tədbirli hökmdar, ölkəsini işğalçılardan təmizləyən bacarıqlı sərkərdə, beynəlxalq siyasi şəraiti yaxşı bilən, müharibə qanunlarına bələd olan mahir diplomat kimi səciyyələndirib, onun şəxsi faciələrinin və bəzən onu amansız olmağa sövq edən amillərin mahiyyətini açmağa çalışıb” (12, 10). Lakin ədəbiyyatşünaslar arasında bu fikri təkzib edən qənaətlər də az olmamışdır. Görkəmli ədəbiyyatşünas Yaşar Qarayev “Süjetin, hadisələrin mərkəzində öz qorxunc ehtirası ilə Qacar dayanır. O, fiziki cəhətdən xəstə, daxilən eybəcər, əzazil və bədsifətdir. Lakin iradə və hissiyyatında təcəssüm edən qətiyyət və qüvvət qeyri-adi və qorxuncdur. Təbiətən təhqir olunduğu üçün heç bir müqəddəslik, xeyirxahlıq və vicdan idealı tanımır, məhəbbət, mərhəmət hissindən mərhum, eqoist və ikiüzlüdür”(9, 89).

Və yaxud bir yazıda tədqiqatçı Haqverdiyevin yaratdığı Qacar obrazı haqqında qeyd edir ki: “Hakimiyyət ehtirası onu hər cür alçaqlığa əl atmağa sövq edir, onu əsirlikdən xilas edərək hakimiyyət başına gətirən doğma qardaşı Cəfərqulu xanı öldürür, Əli xanın gözlərini çıxartdırır. O, o qədər qəddardır ki, öldürtdüyü Kərim xanın sümüklərini yataq otağının astanasında dəfn edir ki, hər gün onun sümükləri üzərinə ayaq basanda “bütün yaraları yaddan çıxsın” (9, 89). Lakin bu fikirlər Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı Qacar obrazı üçün səciyyəvi səslənmir, tədqiqatçı obrazı aldığı travmalardan, keçirdiyi hisslərdən, yaşadıqlarından çıxış edərək təhlil etmir. Halbuki dramaturq Qacarın Tiflis şəhərini yandırılması əmrini verəndə də, qardaşlarını, hətta Cəfərqulu xanı öldürəndə də, Qarabağı mühasirədə saxlayanda belə müəllif mövqeyində qan içən, qəddar hökmdar kimi təqdim olunmur. Əksinə, yazıçı Qacara tarixi şəxsiyyət kimi dəyər verir, hər bir addımında haqq qazandırır, onu qələminin ucuyla dairəyə alaraq ünvanına söylənəcək, zaman-zaman üzləşəcəyi qınaqlardan qorumağa cəhd etmişdir. Dramaturq tarixi hadisələri bütün detalları ilə əks etdirərək Qacarın yuxarıda sadalanan “qan içən”, “qəddar” qərarlara hansı səbəbdən gəldiyini də təsvir etmişdir. Şahlıq uğrunda mübarizə ərəfəsində Cəfərqulu xan qardaşının yolunda başından keçməyə hazır olduğu halda, Qacar İran taxtına sahib olduqdan sonra İsfəhan şəhərinin idarəçiliyini ona vermədiyi üçün inciyir, şahın göndərdiyi məktubları cavablandırmır. Qacarın qardaşının ölümünə qərar verməsi onun “qan içən”, “alçaq” mənəviyyatının deyil, gec-tez Cəfərqulu xandan gələcək təhlükədən sadəcə qorunmaq üçün bir hökmdar fəhmi idi. Özünün də qeyd etdiyi kimi “Qacara qədər hələ heç kəs Xacə olaraq İran taxtında əyləşməmişdi. Üzləşdiyi bütün insanlarda “doğmaz”, “törəməz” bir insan təəssüratı yaradan şaha yadlar deyil, hətta ən yaxın adamları da həqarətlə baxır, rişxənd edir, qəlbini yaralamaqdan çəkinmir, onu İran taxtına sahib hökmdar kimi qəbul etmirdilər. Tarixdən məlum olduğu kimi “Ağaməhəmməd şah Qacarın bir hökmdar kimi hakimiyyətini sürdürməsi, istər əyanlarına, istərsə də sıravi təbəələrinə öz nüfuzunu qəbul etdirməsi başqa şahlara nisbətən müqayisəolunmaz dərəcədə çətindir, çünki tarixdə Ağaməhəmməd şaha qədər hələ heç bir xədim nəinki şah, heç ən kiçik bir bölgənin ağası, yaxud qoşun başçısı ola bilməmişdi, çünki adamlar belə şəxsin ağalığını özlərinə həqarət sayardılar” (12, 40). Həqiqətən də hadisələrin inkişafında Qacara qarşı ünvanlanmış təhqirlərin qarşılığında şiddət göstərməmək, cəzalandırmamaq ağılasığmaz bir reaksiya kimi görünərdi. Fərqli münasibət isə “peyğəmbəranə” bir humanistlik olardı ki, o zaman reallığa sığmazdı. Nadir şahın oğlu Şahruxun “Mən iyirmi yaşından indiyədək öz korluğuma ağlayırdım. Ağlamaqdan da gözümün yaşı qurtarıb əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şah padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir dünyada insaf var? Kim deyir ki, dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı Nadir şahın Rzaqulu Mirzə tək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir dünyada insaf var? Kim deyir dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ və zəğan oturmazdı” (7, 189-190). İnsan ləyaqətini, ən bakir duyğularını alçaldan sözlərdən sonra Qacarın Şahruxun beyninə qurğuşun tökdürməsi insanlıq nöqteyi-nəzərindən ağlasığmaz olsa da, Şahruxun da İran şahının şəninə söylədiyi təhqir də (fiziki çatışmazlıq ilə bağlı) insanlığa sığmır. Nəticə məntiqli şəkildə səbəbdən doğur, Qacarın “qəddarlığı” yazıçı tərəfindən müxtəlif vəziyyətlərdə psixoloji cəhətdən əsaslandırılır. Hökm sahibi olmayan əsirin davranışı şahın qəzəblənməsini şərtləndirir. Mövcud şəraitdə zalımlıqdan daha çox ona qarşı adekvat reaksiyası kimi görünür. Bu məqam görkəmli dramaturqumuz Hüseyn Cavidin “Topal Teymur” əsərinini finalını xatırladır: əsir Yıldırıma özünə xitabən yazılmış təhqiramiz məktubu uzadan Teymurun: “Lütfən şu məktubu oqurmusunuz? sualına Yıldırımın “zatən yazıldığı zaman oqunmuş” (4, 301) söyləməsi eyni münasibəti sərgiliyir və hiddət doğurur. Faciədə Qacar istənilən bir vəziyyətdə atacağı addımların özünə hesabatını verir, başqa yol olmadığı üçün siyasətin tələbi olduğunu əsas gətirir. Qardaşının özü üçün deyil, gələcəkdə varisi üçün təhlükə olacağını duyan şah İranın gələcək rifahı naminə onu öldürməyə məcbur olur.

Və yaxud İran şahı Kərim xan Zənd Qacarın atası Məhəmmədhəsən xanın başını öz oğluna göstərmək kimi “ağlasığmaz” həzzdən belə çəkinmir. Dirisindən intiqam almağa imkan tapmadığı üçün heç olmasa, qəlbində yığılmış ağrı-acını, atasının qatilinə qarşı kinini onun sümüklərindən də olsa almağı zalımlıqdan daha çox Qacarın yaddaşında daşıdığı acı xatirələrin, travmaların özünüifadəsi, nəticəsi kimi dəyərləndirilə bilər. “İstər hakimiyyətdə, istərsə də adi həyatda qazandığı möhtəşəm qələbələrini o, xədimliyi üzündən bütün yaşamı boyunca bir an da unuda bilmədiyi şəxsi psixoloji sarsıntılarından yuxarıda dayanmaq bacarığı sayəsində əldə edib. Ancaq özünə də qalib gəlmək bacarığına o, hədsiz ruhi göynərtilər bahasına yiyələnib – bir çox tarixçilərin bildirdiyinə görə, Kirmanın fəthindən sonrakı bütün şahlığı boyunca onu bir dəfə də gülən görməyiblər” (12, 40).

“Bakı-1501” romanında Şah İsmayılın babası Şeyx Cüneydin, atası Şeyx Heydərin qisasını almaq üçün Şirvana hücum etməsi və Fərrux Yasarı məğlub edərək öldürməsi, şahın nəşini axtarmağa əmr verməsi ilə bağlı, təsvirlər bu baxımdan oxşarlığı ilə diqqət çəkir. Və qəribədir ki, ədəbiyyatşünasların sözügedən romanla bağlı təhlillərində bu məqamlar “diqqət çəkmədiyi” halda, Qacarla bağlı yazılmış bir çox tədqiqatlarda onun bu “zalımlığı” qabardılır. Görünür, sovet dövründə görkəmli şair Səməd Vurğunun yaddaşlarda daşlaşdırdığı “Qacar” obrazı haqqında fikirlər digər əsərlərin təhlillərinə də yansımış, hamı ümumi mövqeydən çıxış etməyə çalışmışdır. Yaradılan Qacar obrazı nümunəsindən çıxış edərək görkəmli ədəbiyyatşünasların birtərəfli münasibəti zaman-zaman tarixi şəxsiyyətin portretinin yaddaşlarda “şər qüvvə” kimi iz buraxmasına gətirib çıxartmışdır. Oxucunu yazıçı məqsədindən uzaqlaşdırmışdır. Tədqiqatçı Mətanət Saraclı haqlı olaraq görkəmli yazıçının əsərindən çıxış edərək qeyd edir ki: “Müəllif Qacarı qeyd etdiyimiz kimi öz fərdi keyfiyyətləri ilə də fərqləndirir: parçalanmış İranı birləşdirməyə çalışan ağıllı, qətiyyətli siyasətçidir. İranın keçmiş şöhrəti ilə öyünüb onu qaytarmağa çalışan vətənpərvərdir. Bütün cəhdlərinə baxmayaraq özünü Şah İsmayıl, Şah Abbas səviyyəsində görməyib, onların taxdığı atributları hələ özünə layiq bilməyən təvazökar sərkərdədir. Ən nəhayət, dünya nemətlərindən məhrum edildiyi üçün özünün şəxsi faciəsinin heyfini bütün cəmiyyətdən, bütün bəşərdən almağa qadir olan və bunu bacaran tragik xarakterdir” (8, 32). Haqverdiyev süjetin inkişafında həqiqətən, əvvəldən axıra kimi Qacara haqq qazandırır. Elə bu səbəbdən də biz Qacarın hər vəziyyətində müdrik bir siyasətçinin addımlarından kənar, ağlasığmayan, cəmi-bəşəri məhv etməyə yönəlmiş, “iblisə uymuş” bir vücud olması qənaəti ilə razılaşa bilmərik. Çünki ömrünün böyük bir hissəsini: yeniyetməlik və gənclik çağlarını atasının qatili Kərim xan Zəndin yanında keçirən, şahın süfrəsindən yeyən, məclislərində yuxarı başda əyləşən, xəzinəsindən təqaüd alan bir şəxsin “bəşərdən”, “cəmiyyətdən” və dünyadan qisas almaq kimi hisslərlə yaşaması illərlə səbr edib düşməni qarşısında susmağı bacaran Qacara xas xarakterik bir sifət kimi dəyərləndirilə bilməz. Bu keyfiyyətlər birmənalı şəkildə Ağa Məhəmməd şah Qacarın çox böyük bir siyasətçi olduğunun göstəricisidir. Hətta mənəvi və fiziki ağrıları da bu keyfiyyətlərinin üstünə gələrək onu tarix səhnəsində tragik qəhrəmana çevirir. Qacarın öz sözləri ilə desək: “Üzümə adil hökmdar deyib, xəlvətdə qəddar, xunxar söylədilər, səbəbini də xacəliyimdə gördülər. Bir oğlunun boynunu vurdurub, ikisinin də gözünü tökdürən Şah Abbasa, vəliəhdi Rzaqulu xanın gözlərinə mil çəkdirib kor eləyən Nadir şaha qəddar demədilər. Bu minvalla mənim xeyrə, mərhəmətə açıq qəlbimi daşa döndərdilər. Bitib-tükənməyən qovğalar, müharibələr, qisas alovu ilə şölələnən əməllərim çox şeyi unutdurdu mənə, ruhumun kamilləşməsi yolunda görəcəyim işlər çıxdı yadımdan. Gecələr dua elədim, namaza durdum, gündüzlər baş kəsdim, qan tökdüm, savab əvəzinə günahlar yığdım üstümə, amma bu, mənim günahım, mənim taqsırım deyildi, bu, hər bir hökmdarın tale yazısıdır, zira hakimiyyət və mütləq ədalət, bunlar bir-birindən nə qədər uzaqdır(5 ).

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əli Əmirli görünür bu səbəblərdən dolayı, Qacarın şəxsiyyəti ətrafında dolaşan suallara aydınlıq gətirmək, birtərəfli səslənən fikirləri tamamlamaq, bəlkə də dəyişdirmək məqsədilə sözügedən mövzuya müraciət etməyə zərurət duymuşdur. Əli Əmirlinin əsəri Ağa Məhəmməd şah Qacarın gündəliyidir desək, qəribə səslənməz. Artıq bu əsərdə oxucu Qacarla daha yaxından tanış olur. “Bir insanı tanımaq üçün onu sevmək lazımdır” (L.Feyrbax) fikrindən çıxış etsək dramaturq süjet boyu Qacarı oxucuya tanıtmaq üçün onu sevdirməyə çalışır: “Bütün İran bilir ki, Ağa Məhəmməd şah Qacar nahaq cəza vermir, nahaq da mükafatlandırmır. Xəyanətə öz çəkisində cəza, xidmətə isə xidmətin özündən qat-qat üstün mükafat. Budur mənim ədalət tərəzim” (5) deyərək hökmdarlıq konsepsiyasını bəyan edir. Və “ədalət tərəzisi” ifadəsi Qacarın dilindən verilən sadəcə gəlişi gözəl söz deyil, eyni zamanda hər addımında mizanı pozmağa, özünə belə həddi aşmağı qoymayan maddi əşya, daha dəqiq desək “ədalət Allahı”nın bütüdür. Mövlanənin “Bu qədər oxudun nəyi bildin? -Həddimi” kəlamında deyildiyi kimi təbiət ömrünün çox hissəsini elmi bilikləri öyrənməyə həsr etmiş Məhəmmədə şah olduqdan sonra belə həddini bilmək və bu həddi gözləmək fəhmini vermişdi. O “hər şeyin artıqlığı dərddir” düşüncəsi ilə hər bir addımının ölçüdə olmasına çalışır. Allahı belə dərk etmək özünüdərk etməkdən başlayırsa, Qacar bir şah olaraq içdiyi sudan, yediyi yeməkdən başlayaraq pəhrizkarlıq yolunu tutur, yanlış addım atmamaq üçün “ədalət rəmzi”ni gözünün qarşısından götürməyə belə qoymur. Qacarın bu cəhətini xüsusi vurğulayan Əli Əmirli yeməyində belə həddini aşmağı özünə icazə verməyən bir şəxsin digər əsərlərdə etdiyi müharibələrdə, “tökdüyü qanlarda” ölçü, hüdud, mizan tərəzi tanımaması, /Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin/ (15, 68) - söyləməsi inandırıcı və məntiqli səslənmir. Sağlam deyil, xəstə təfəkkürün sayıqlaması kimi qavranılır, tarixdə öz ağıl və bacarığı ilə avropalı tarixçilərin belə diqqətini çəkmiş Qacarın bədii ədəbiyyat vasitəsilə yaddaşlara köçürülmüş qorxunc portreti onun bir siyasi xadim, ədalətli şah kimi təqdiminə mane olur, şəxsiyyətinə dərin kölgə salır və bu kölgənin altında Ağa Məhəmməd şah Qacar bütöv əzəməti ilə görünmür.

Digər dramturqlardan fərqli olaraq Əli Əmirli Qacarı müxtəlif tərəflərdən təqdim etməyə çalışır: insan Qacar, oğul Qacar, qardaş Qacar, hökmdar Qacar. Lakin dramaturqu digər müəlliflərən fərqli olaraq, Qacar sərkərdə, şah, müdrik siyasətçidən çox insan kimi maraqlandırır.

“İnsan iztirabını təsvir edən tragediya” eyni zamanda “insan iztirab üçün yaranmamışdır!” ideyasını təlqin edir. Və Qacar faciə qəhrəmanı kimi dünya ədəbiyyatının ən məşhur tragik obrazları ilə eyni məkanı bölüşür. Əgər “Edipin faciəsi insani müdrikliyin məhdudluğunda, Hamletin zəifliyi ümumiyyətlə bəşəri qüdrətin zəifliyində idi”sə (9, 23), Qacarın faciəsi mənəvi ağrılarında və bir an belə yaddan çıxarmadığı, Allahın deyil, insan övladının əli ilə törədilmiş şikəstliyində idi. Prometeydə isə “...iztirab rəmzi məna ilə yanaşı, həm də xalis iztirabın özünü ifadə edir və həqiqi mənada fiziki, cismani bir əzabdır. Əksinə, ruhən və mənən o rahat və xoşbəxtdir. Burada fiziki işgəncə də elə məhz ruhani rahatlığın təminatı naminədir. Yunan titanı fəal fədakardır. O, iztiraba nifrət edərək iztiraba dözür!” (9, 24). Lakin çox təəsüf ki, Qacar Prometey qədər rahat və xoşbəxt deyil və bu iki vacib duyğunun yoxluğu onun “ruhi narahatlığının” səbəbi kimi acı doğurur.

Ömrünün böyük bir hissəsini Kərim xan Zəndin sarayında keçirən, şahın dəftərxana rəisi olan, onunla eyni süfrəni paylaşan, ən ağıllı həmsöhbəti, məsləhətinə könül qızdırdığı Ağa Məhəmməd göz dustağı olduğu müddətdə özünün söylədiyi kimi tez-tez tülkü ovuna çıxaraq, ələ keçirdiyi heyvanın boynuna zınqırov taxıb sərbəst buraxarmış: “Tülkü bu zınqırov səsindən hürküb özünü ora-bura vurur, vurnuxur, kol-kosa girir, əldən düşənəcən ulayırdı, amma hər tərpənişindən cingildiyən səsdən yaxa qurtarmaz, təbiidir ki, ov da eləyə bilməzdi, hürküdərdi cəmi heyvanatı. Tədricən bu yad səsə alışan tülkü yaxşı ov eləyə bilməsə də ac da qalmırdı, yaşamağın çəmini tapırdı, amma heç vaxt cütləşə bilmirdi, dişi tülkülər zınqırovun səsindən qorxub qaçırdılar. Yalqızlığa tab gətirə bilməyən zavallı heyvan qüssədən, tənhalıqdan hey ulayar, nəhayətdə canını tapşırardı. Mənim bütöv İran səltənətinə hökmü çatan Ağa Məhəmməd şah Qacarın içində boynunda zınqırov asılmış bədbəxt bir tülkü daim ulayır” (5)- söyləyən Qacarın faciəsi bu etirafında bütün əzəməti ilə görünür. Onun mənəvi yaşantıları, ağrıları Babəkin doğranması, Nəsiminin soyulması, Kopernikin yandırılması qədər dəhşət və kədər doğurur.
Cəfərqulu xanı gözləyən Qacarın “işıqları gur eləyin, gərək barədərim bir vaxt iyrənib üzündən öpmədiyi qardaşının cah-calalını görsün” (5) -söyləyir. Dramaturq ən incə bir nüansa, tarixi materiallarda və xüsusilə də Qacar haqqında yazılmış bədii əsərlərdə onun qardaşlarına belə aman verməyən, canlarına qıyan qəddar təbiətinə deyil, əksinə doğmaları tərəfindən belə sevilməməsi, hətta ən sevimli qardaşı Cəfərqulunun da ona qarşı olan qeyri-səmimi münasibətinə diqqət çəkir. Qacarın dəvətini qəbul edib saraya gələn Cəfərqulu xanın anası Ceyran xanıma “Qardaşım bizdən ağıllıdır. Məndən gələcək təhlükəni o mənim özümdən tez duydu. Şeytan çoxdan girmişdi ürəyimə, bunu iti fəhminlə sən də bilirdin, ana. Şükür ki, Ağa Məhəmməd tez tərpəndi. Ağıllı adam bəlanı dəf eləyəndirsə, müdrik adam bəlanın yaranmasına imkan verməyəndir. Nə qədər ki, fitnə odu alovlanmayıb, onu tədbir suyu ilə söndürmək məsləhətdir, sabaha qalsa güclənib yanğına çevrilər. Qardaşım odu vaxtında, qığılcım halında olanda mənim isti qanımla söndürdü” (5). Və bu etiraflardan da görürük ki, yazıçı Qacarı belə addımları atmağa məcbur edən səbəbləri göstərməyə çalışır. Şahın içərisində yuva salmış təzadlı, bir-birinə qarşı durmuş ruh “hali-mim” formasında şahın mənəvi və maddi dünyasında konflikt yaradır. Və əsər boyu qəhrəmanın ruh halının varlığından kənarda verilməsi orijinallığı ilə maraq doğurur. Sevən mim, Taclı mim, Qız mim xarici mühitin müxtəlif vəziyyətləri kimi Qacara təsir edib onu yönləndirməyə çalışırlar. Anası Ceyran xanım ilə görüşərkən ətrafına ana sevgisi çiləndiyi üçün ən məhrəm sirlərini, zəif və güclü tərəflərini biruzə verməkdən çəkinməyən şah “Niyə mən gülə bilmirəm, ana” (5) deyib daxilində baş verən tufanlardan, tənha olmasından danışır. Çevrəsində çoxlu sayda insanlarla əhatələnməsinə baxmayaraq anasına “Mən tək sənə inanıram” deməsi “...zahirən parıltılı həyat tərzi içində olan şahın daxili dünyasının sönüklüyündən” (10, 141), yalqızlığından xəbər verir.
Ən maraqlı məqamlardan biri də ondadır ki, əsərdə konflikt hadisələrin inkişafında deyil, Qacarın öz içərisində baş verir. Dramaturqlar Qacarı bir hökmdar, bir sərkərdə kimi verdikləri halda Əli Əmirlini Qacarın yalnız insani tərəfləri, müxtəlif vəziyyətlərdə keçirtdiyi hisslər daha çox düşündürür. “Hərb və sülh” romanının müəllifi L.N.Tolstoy qeyd edirdi ki: “yazı prosesində Nataşa Rostovanın keçirdiyi hisslər məni Austerleç və Borodino döyüşlərindən daha çox maraqlandırırdı” (13, 8). Necə ki, Əli Əmirli hökmdar Qacar, oğul Qacar, qardaş Qacar, zahid Qacarı tamaşaçıya mənəvi halı-mimləri fonunda təqdim edir. Daxili səs-Qacarın monoloqları özü ilə tamaşaçını, oxucunu tanış edir.

Faciədə müxtəlif obrazlar yer alsa da, onların hər biri Qacarın müxtəlif xüsusiyyətlərini üzə çıxartmaq, bütöv bir şəxsiyyət kimi təqdimatına xidmət edir. Əli Əmirlinin Qacarı sanki əsrlər boyu ona ünvanlanmış sualları cavablandırmaq, ziddiyyətli şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirmək, qəzəblənmiş rəssam fırçasında eybəcər hala salınmış portretini əlavə boyalardan təmizləmək üçün tarix səhnəsinə gətirilir, əvvəlki əsərlərdəki birtərəfli təsvirləri tamamlayır. Dramturqun qələmində Qacarın şəxsiyyəti, obrazı, yarımçıq qalmış portreti tamamlanır.
Digər dramturqlardan fərqli olaraq, Əli Əmirlinin əsərində Qacar dünya malında gözü olmayan, zahiri dəbdəbədən qaçan, mənən asket olan bir zahid kimi təqdim olunur. Öz ağlı və müdrik addımları ilə şahlıq taxtını ələ keçirən Ağa Məhəmməd hakimiyyətin verdiyi səlahiyyətlərdən yalnız bir sərkərdə kimi istifadə edir, cəzaya layiq olanı cəzalandırdığı kimi, bəzən də günahkarı müdrikliyinə sığınaraq əfv edir, görməzdən gəlir.

Dramaturq əsərin əvvəlində “Var- dövlət rəmzi olan az sayda əşyalar səhnənin asketik təsirini azalda bilmir. Qara və orda-burda işıldayan qızılı rəngli rənglər gülməyən, sevinməyən, taleyinə bədbəxtlik möhürü vurulmuş insanın-hökmdarın əhval-ruhiyyəsinə uyğun olan nigaranlıq və gərginlik ovqatı” (5) ilə oxucunu Ağaməhəmməd şahın gərgin ovqatından, həyatından xəbərdar edir. Bu Qacar içində kələf kimi dolaşmış qəmlə sevinci üz-üzə qoyan bir insandır. Qüdrət sahibi olmasına baxmayaraq tənhalıqdan əziyyət çəkir, daxilində yuva salmış hüznlü zınqırov səsi daim onun ruhunu narahat edir. Əli Əmirlinin təqdimatında biz tənha, ətrafındakı insanlardan özgələşmiş, “kor bəxtinə” qəlbinin dərinliyində yas tutan Ağaməhəmməd şah Qacarın-qüdrətli bir ölkənin qüdrətli hökmdarının böyük faciəsinin ifadəsini görürük. Şahın zahiri dəbdəbədən uzaq birisi olması dramaturq tərəfindən xüsusilə vurğulanır. Dünyanın bütün eyş-işrətindən uzaq olan, tərkidünya həyat tərzi sürən şahın ölüm mələyini böyük bir sevinclə qarşılaması uzun illərdir zindana məhkum ruhunun qurtuluş məqamıdır. Məhz ölüm nəticəsində onun içindəki zınqırov əbədi dillənir, əzablar içərisində çırpınan ruhu nəhayət ki, rahatlıq tapır. Sufilərin fikrincə “Ölüm bədənə məhkum olunmuş ruhun azadlığa qovuşma məqamıdır”. Qacar da “Sənsən yuxuda gördüyüm gözəl ölüm, tanıdım” (5) deyib ölüm mələyini böyük bir sevinclə qarşılayır, əzablarının bitdiyi an kimi dəyərləndirib, əbədi huzura qovuşmaq üçün ruhunu rahatlıqla təslim edir. “Tragediyada ölüm-daha ülvi, təmiz və yüksək ictimai-əxlaqi vəziyyətə keçid deməkdir” (9, 26) - qənaəti Qacarın simasında bir daha təsdiqini tapmış olur.

Yəqin bundan sonra da necə ki bu vaxta qədər yazılıb, Qacar və digər tarixi şəxsiyyətlər haqqında bir-birindən maraqlı əsərlər yazılacaq. Hər müəllif bu şəxsiyyətlərə öz dünyaduyumundan yanaşacaq, oxşar və ya fərqli obrazlar yaradacaqlar. Və əsl həqiqət yenə müəmmaya dönəcək və yazıçılarımız bacardıqları qədər bu müəmmanı çözməyə çalışacaq. Böyük yazıçı L.N.Tolstoyun təbirincə desək, “Çiçəyin üstündə oturan arı körpə uşağı sancır; Uşaq arılardan qorxub deyir ki, arıların məqsədi adamı sancmaqdır. Şair isə çiçəyi soran arıya tamaşa edir və deyir ki, arının məqsədi çiçəyin ətrini sormaqdır. Arıçı isə görür ki, arı çiçəklərin tozunu və şirəsini yığıb pətəyə gətirir, buna görə deyir ki, arının məqsədi bal yığmaqdır. Başqa bir arıçı ilə arıların həyatını daha da dərindən öyrənib deyir ki, arı çiçəyin tozunu və şirəsini cavan arıları bəsləmək və ana arı yetişdirmək üçün yığır, arıların məqsədi nəsil artırmaqdan ibarətdir. Həqiqətdə isə arının əsas məqsədi insan ağlının dərk edə bildiyi birinci, ikinci və üçüncü məqsəddən ibarət deyildir. İnasanın ağlının bu məqsədləri öyrənmək sahəsində nə qədər müəssər olması aydın bir şəkildə meydana çıxır. İnsana ancaq arının həyatının başqa həyat hadisələri ilə müqayisəsini müşahidə etmək müəyyəsərdir. Tarixi şəxsiyyətlərin və xalqların haqqında da bunu demək lazımdır” (14, 113).

Mövlana Cəlaləddin Ruminin qənaətincə: "Allah insanı hər nəfəsdə yenidən yaradır”. Faciənin sonunda müəllif sanki Qacarı ölüm anında yenidən yaradır, onun varlığına hakim kəsilmiş əzabın miqyasını, dərinliyini bütün çılpaqlığı ilə təqdim edir. Əsər boyu Qacarın şahid olunan ağrı-acısı bir kəlmədə ümmana dönür və tamaşaçını özündə “qərq edir”. Dramaturq əzabın özünü belə obrazlaşdırmağa müəssər olur. Lakin oxucunun düşüncəsində yenə bir müəmma qalır: “bütün deyilənlərə rəğmən” tarixi şəxsiyyət Ağa Məhəmməd şah Qacar sözügedən müəlliflərin yaratdığı Qacarlardan əslində hansıdır?!..



• Azərbaycan tarixi. Redaktor: prof. Süleyman Əliyarlı. Bakı: “Azərbaycan”, 1996
• Борев Ю. О трагическом. Москва: Советский писатель., 1961, 392 с.
• Бруссиг Т. Солнечная аллея. Пер.с. нем. М. Рудницкий. М: Слова/ Slovo, 2004, 192 с.
• Cavid H. Əsərləri. Beş cilddə. III cild. Bakı, “Lider nəşriyyatı”. 2005, 305 səh.
• Əmirli Ə. “Bütün deyilənlərə rəğmən və ya“Ağa Məhəmməd şah Qacar” http://booklikes.com/butun-deyil-nl-r-r-m-n-v-ya-a-a-m-h-mm-d-ah-qacar mirli/book,10986756
• Gevr J. Xacə şah. Bakı: “Gənclik”. I kitab, 1993; II kitab, 1994
• Haqverdiyev Ə. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyatı”. 2005, 504 səh.
• Həsənova (Saraclı) M. Ə.Haqverdiyevin faciəsində ümümiləşdirmə və fərdiləşdirmə// Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, 2010/3,
• Qarayev Y. Faciə və qəhrəman. Azərbaycan SSR EA nəşriyytaı. Bakı, 1965, 192 səh.
• Mirzəyeva Y. Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar tarix pyesində gerçəkliyin bədii inkiası. Bakı// Kültür evreni, səh 139- 144.
• Mustafayeva A. Qacar səhnədə dünən və bu gün// Qobustan: Sənət toplusu, 2017, №2. səh. 27-29.
• Tahirzadə Ə. Ağaməhəmməd şah Qacar (Tərcümeyi-hal oçerki). Bakı, “Kür” nəşriyyatı, 2002, 44 səh.
• Tolstoy L.N. Hərb və sülh. Dörd cilddə, I cild. Bakı, “Şərq və Qərb”, 2006, 376 səh.
• Tolstoy L.N. Hərb və sülh. Dörd cilddə, III cild. Bakı, “Şərq və Qərb”, 2006, 416 səh
• Vurğun S. Seçilmiş əsərləri. Beş cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh.
• Затонский Д. Художественные ориентиры ХХ века. М: Советский писатель. 1988

kulis az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10