“Asılılıq xroniki beyin xəstəliyidir. Burada xroniki sözünün altından xətt çəkməliyik, əgər xroniki sözü varsa, burada sağalma yox, saxlamadan söhbət gedə bilər. Bu təkcə asılılıq üçün deyil, istənilən xroniki xəstəliklər üçün keçərlidir. Bizim öhdəmizə düşən düzgün saxlama müddətinin təşkil olunmasıdır”.
Bu sözləri Ачasılılıq üzrə mütəxəssis, psixoterapevt. Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Aıllahverdiyev deyib. Onun sözlərinə görə, bəzi həmkarlarının “asılılıqdan tam qurtulmaq mümkün deyil” kimi fikri doğru deyil.
Psixoloq qeyd edir ki, əgər düzgün müalicə prosesi aparılarsa, şəxs asılılıqdan qurtula bilər:
“Əgər remissiya müddətini düzgün təşkil ediriksə, şəxslə psixi metodlardan istifadə etməklə terapiya aparırıqsa, həmin şəxsin yenidən maddəyə qayıtması üçün səbəbi yoxdur. Çünki biz terapiyalarda maksimum şəkildə xarici və daxili tətikləyiciləri nəzarətdə saxlayırıq. Maddə istifadəsində beyin yüksək şəkildə dopaminlə tanış olduğuna görə, beyin sonuncu dopamin ifrazını proqramlaşdırır və mütəmadi olaraq o həzzi axtarır. Bu tək narkomaniyadan əziyyət çəkənlər üçün keçərli deyil, hər birimizin həyatında asılılığın müxtəlif növündən əziyyət çəkdiyimiz anlar olur. Bu həm internet, həm alış-veriş, həm telefon asılılığı ola bilər. Asılı şəxsiyyət tipi ola bilər, bu şəxslər başqalarının düşüncələrindən asılı olurlar, onların tənqidi, təsdiqi olmadan yaşaya bilmirlər”.
Ekspert bildirib ki, cəmiyyətin asılı şəxslərə qarşı münasibəti də onların sağalma prosesinə ciddi təsir edir.
“Biz cəmiyyət olaraq psixoaktiv maddə istifadəçilərini günahlandırdığımız, mühakimə etdiyimiz təqdirdə əlbəttə ki, heç bir nəticə əldə edə bilmərik. Biz bu cür şəxslərdə dəyişim mərhələsini həyata keçirməliyik. Bu da komanda işi tələb edir. Əlbəttə, düzgün şəkildə psixiatrik, nevrotik pozuntuları, psixoloji problemləri aradan qaldırdığımız müddətcə yetərincə nəticə də alırıq. Remisiya müddəti 15, 30 il olan maddə istifadəçiləri var ki, hal-hazırda normal həyatlarını yaşayırlar, əmək fəaliyyəti ilə məşğuldurlar, ailəvi münasibətləri yenidən bərpa olunub və bir şəxsiyyət kimi cəmiyyət üçün də yetərincə faydalıdırlar. Sadəcə olaraq cəmiyyətimizdə maddə asılılığına qarşı obyektiv tutum var. Bu da o insanları müəyyən formada narahat edir, cəmiyyətdən uzaqlaşdırır və insanlarla onların arasına bir sərhəd çəkir. Maddə asılılığında əziyyət çəkən şəxs görür ki, cəmiyyət də, ailəsi də, hətta psixoloq belə ona bu cür yanaşır və komfort zonasına çəkilir, maddəyə üz tutur. Ona görə də maddə asılılığı ilə mütəxəssislər düzgün şəkildə işləməlidir. Asılılıq tamamilə fərqli şaxəli problemdir”.
R.Allahverdiyevin sözlərinə görə, bəzi özəl reabilitasiya mərkəzləri işi düzgün təşkil etmir:
“Hazırda asılı vətəndaşlarımızla bağlı maarifləndirmə və müalicə məsələsində ciddi problemlər var. Burada özəl reabilitasiya müəssisələrinin fəaliyyəti birinci yerdə dayanır. Doğrudur, öz işini dürüst, qayda-qanunla həyata keçiriən reabilitasiya mərkəzləri var, amma çox təəəssüf ki. əksəriyyəti sadalananlardan çox uzaqdır. Onlar sadəcə marketinq psixologiyası üzərindən öz işlərini qururlar. Bu da həm asılı şəxslər, həm də onların valideynləri, ailə üzvləri üçün ciddi təhlükədir. Bəzi televiziya verilişlərində bloqerlərin, yutuberlərin efirdə maddə asılılığından danışması, rəyləri bizi çox narahat edir. Bununla bağlı həyatını elmə, araşdırmaya vermiş mütəxəssislərimiz var. Bu məsələlər diqqət mərkəzində olmalıdır”.
Əsmətxanım RZAZADƏ