Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qanlı 8 mart: qəfəsdən uça bilməyən “Yeddi simeon”un faciəvi aqibəti


Yadigar Sadıqlı

Anasını və qardaşlarını güllələdi, təyyarə külə döndü, ailə məhv oldu...

8 mart 1988-ci il, İrkutsk-Kurqan-Leninqrad marşrutu ilə uçan Tu-154 təyyarəsinin göyərtəsində bayram əhval-ruhiyyəsi hökm sürür. Bu da təsadüfi deyil: 8 mart Beynəlxalq qadınlar günü SSRİ-də ən sevilən bayramlardan biridir. Bu münasibətlə stüardessalar sərnişinlər tərəfindən xüsusi iltifat görürlər.

Heyət səkkiz nəfərdən ibarətdir: üç stüardessa və bir stüarddan başqa birinci və ikinci pilotlar, şturman və bort mühəndisi. 180 nəfər tutumu olan təyyarədə sərnişinlər çox deyillər. İrkutskdan uçanda 60 nəfər idi, Kurqanda daha 16 nəfər mindi. İrkutskda minənlərin 11 nəfəri bir ailənin üzvüdür: ana, 3 qızı və 7 oğlu. Oğlanlar musiqiçidirlər, eyni ansamblda çıxış edirlər. Səhnə şəkillərini stüardessalara da göstərirlər.

Təyyarə Voloqda vilayətinin üzərində uçarkən, saat təxminən 15:00-da həmin oğlanlardan biri, Vasili Oveçkin stüardessa İrina Vasilyevaya bir kağız uzatdı. Kağızda yazılırdı: “İngiltərəyə (London) uçun. Aşağı enməyin. Yoxsa təyyarəni partladacağıq. Hər şeyə nəzarət edirik”.

***
Oveçkinlər ailəsi İrkutsk şəhərinin ucqarında yaşayırdı. Ailənin böyüyü ana Ninel idi. 1937-ci il təvəllüdlü bu qadın 18 yaşında Dmitri Oveçkinlə ailə qurmuş və dünyaya 12 uşaq gətirmişdi (biri körpə ikən ölüb). Buna görə onlara Detskaya küçəsində həyətyanı sahəsi olan ev verilib.

Əri içki düşkünü idi və ailənin əsas ağırlığı Ninelin üzərinə düşürdü. O, həm şərab dükanında satıcı işləyir, həm də həyətyanı sahədə əkib-becərir, mal-qara saxlayırdı. Uşaqlarını da zəhmətkeş böyüdürdü. Onlar üçün evdə əsas nüfuz sahibi anaları idi. Həm də bir-birlərinə çox bağlı idilər.

Ən böyüyü iki qız idi – Lyudmila və Olqa. Sonra beş oğlan olmuşdu – Vasili, Dmitri (atasının adaşı), Oleq, Aleksandr və İqor. Sonuncu dörd uşağın ikisi qız, ikisi oğlan idi – Tatyana, Mixail, Ulyana və Sergey.

Bir gün Vasilini pioner dərnəyində təbilçi, Dmitrini isə şeypurçu seçdilər. Onlar şəhər Pionerlər evindəki dərnəkdə musiqi ilə məşğul olmağa başladılar. Sonra Oleq saksofonda ifa etməyə başladı. Tədricən ailə ansamblı yaratmaq ideyası ortaya çıxdı və digər oğlanlar da özlərinə alət seçdilər.

1982-ci ildə oğul Oveçkinlər “Yeddi Simeon” adlı (eyniadlı rus xalq nağılından götürülüb) caz ansamblı yaradıldı. Sadalananlardan əlavə Aleksandr kontrabasda, İqor pianinoda, Mixail trombonda çalırdı. Həmin il cəmi 3 yaşı olan Sergey isə banjoda qurdalanırdı.

Ansambl ilk çıxışlarından müəyyən uğurlar qazanmağa başladı. Musiqi mütəxəssislərinin fikrincə, bu, onların ifaçılıq qabiliyyətindən daha çox ətraflarındakı halə ilə izah olunurdu: zəhmətkeş və çoxuşaqlı sovet ailəsindən çıxmış qardaşlar, komsomolçu və pionerlər, ikisi lap balaca…

Bu dövrdə ailədə ilk kriminal hadisə baş verdi. Ata Dmitri növbəti dəfə içib, adəti üzrə evdəkilərə hədə-qorxu gələndə və əlini ov tüfənginə atanda Vasili və oğul Dmitri onu vuraraq zərərsizləşdirdilər. Ata aldığı xəsarətlərdən öldü. İstintaq hadisəni “zəruri özünümüdafiə” kimi səciyyələndirdi.

1985-ci ildə Moskvada XII Ümumdünya gənclər və tələbələr festivalı keçirilirdi. “Yeddi Simeon” da bu tədbirdə İrkustsku təmsil etdi. Onlar diqqət çəkə bildilər. Əvvəllər cazı burjua musiqisi kimi damğalayan sovet mətbuatı onlardan yazdı, barələrində hətta sənədli film çəkildi.

Ninel Oveçkina bu populyarlıqdan bacarıqla istifadə etdi və növbəti ildə İrkutsk şəhər hakimiyyətindən yanbayan yerləşən iki üçotaqlı mənzil aldı. Üstəlik, köhnə ev də onlarda qaldı.

Həmin il Vasili, Dmitri, Aleksandr və Oleq Moskvada Qnesinlər adına musiqi məktəbinə qəbul edildilər. Onlar təqaüdlə, yataqxanada yerlə təmin olundular. Amma qardaşlar bir semestr oxuduqdan sonra məktəbdən uzaqlaşdılar. Yəqin hesab edirdilər ki, populyarlıqdan istifadə edib pul qazanmaq lazımdır, nəinki təhsil almaq.

1987-ci ilin noyabrında ansambl Yaponiyada qastrol səfərində oldu və oradan qayıdanda artıq SSRİ-dən qaçmaq fikri onlara, yəni ən azı böyük qardaşlara hakim idi. Bu fikrin yaranması haqqında müxtəlif fərziyyələr var. Xaricdəki həyat səviyyəsi xoşlarına gəlmişdi, pul qazanmaq üçün daha çox imkanlar olduğunu görmüşdülər? Bir versiyaya görə, yaponlar onlara müqavilə təklif etmişdi, onlar isə anaları və bacıları olmadan qalmaq istəməmişdilər.

Yaponiyadan qayıdandan sonra ailədə xaricə getmək barədə söhbətlər başlayır. SSRİ-də isə çıxış vizası deyilən əngəl vardı. Onu almadan ölkədən çıxa bilməzdin. Oveçkinlərin hamısına, o cümlədən ansambl üzvü olmayanlara belə bir vizanın verilməsi mümkünsüz idi.

Nəhayət, bir gün Vasili gəldiyi qənaəti bölüşür: bütün ailənin ölkədən çıxması üçün yalnız bir yol var – təyyarə ələ keçirmək və xaricə uçmağa məcbur etmək. Ninel əvvəl buna müqavimət göstərir, sonda isə razılaşır. İstintaqın gəldiyi nəticəyə görə, ailə 1988-ci il fevralın əvvəllərində qəti qərar verir. Çünki həmin vaxtdan etibarən satılması mümkün əşyalarını satmağa başlayırlar.

Əldə olunan pula tüfənglər və güllələr alınır. Təyyarəyə keçirmək mümkün olsun deyə, silahların lüləsi və qundağı kəsilir. Guya səhnədə nə üçünsə lazımdır bəhanəsi ilə tornaçıya stəkan formalı metal əşyalar düzəldilir və barıt tökülərək kustar partlayıcılar hazırlanır. Sınaq zamanı partlayıcının effektindən çox da razı qalmasalar da, təyyarə qaçırmaq üçün yarayacağı qənaətinə gəlirlər.

Tüfəng, güllə və partlayıcıları kontrabas qutusunda keçirmək planlaşdırılırdı. Amma onları baqajı yoxlayan introskopdan keçən zaman görmək olardı. Təcrübədən bilirdilər ki, kontrabas qutusu çətinliklə də olsa, introskopdan keçir. Buna yol verməmək üçün qutuya səsgötürən (alətin səsini gücləndiriciyə ötürən cihaz) əlavə etdilər.

Artıq müəyyən qədər uçuş təcrübəsi olan qardaşlar Moskvaya yox, Leninqrada uçan təyyarəyə oturmağı qərara aldılar. Çünki ikincisi heç zaman dolu olmurdu və daha sərbəst davranmaq mümkün idi.

Bəzi mənbələrdə aksiyanın əvvəlcə martın 5-ə planlaşdırıldığı yazılır. Amma evdəki ən böyük övlad – 28 yaşlı Olqa (32 yaşlı Lyudmila çoxdan ailə qurub ayrı yaşayırdı və onu planlarından agah etməmişdilər) müqavimət göstərdiyinə görə martın 8-ə keçirildiyi deyilir.

İrkutsk hava limanında problem yaşanmadı. “Yeddi Simeon” artıq tanınırdı və hətta şəhərin fəxri sayılırdı. Musiqiçilərin musiqi alətləri ilə uçmasından təbii nə ola bilərdi? Buna görə də yoxlama formal xarakter daşıdı. Təyyarənin də 2/3 hissəsi boş idi. Oveçkinlər salonun lap arxasında əyləşdilər.

Onların yaşı belə idi: Ninel 51, Olqa 28, Vasili 26, Dmitri 24, Oleq 21, Aleksandir 19, İqor 17, Tatyana 14, Mixail 13, Ulyana 10 və Sergey 9.

***

Vasili Oveçkinin göndərdiyi kağızı alan kapitan əvvəlcə “bu, axmaq zarafat deyil ki?” düşündü. Amma salondan gələn növbəti xəbərdə musiqiçilərin artıq tüfənglərini çıxararaq stüardessalara və sərnişinlərə tuşladıqları deyilirdi. Aydın oldu ki, tələb ciddidir.

Amma həm də qeyri-ciddi idi. Çünki son təyinat nöqtəsi Leninqrad olan və buna uyğun miqdarda yanacaq doldurulan təyyarənin Londona uçması mümkün deyildi. Oveçkinlər bunu nəzərə almamışdılar. Ümumiyyətlə, qaçış üçün Leninqrada uçan təyyarəni seçmək uğursuz addım idi. Həmin ərazidə həmsərhəd ölkələr ya SSRİ-nin satelliti olan sosialist dövlətlər, ya da Finlandiya idi ki, o da Moskva ilə çox isti münasibətlərə malik idi.

Təyyarənin kapitanı yerlə əlaqə saxlayaraq, vəziyyəti danışır. İşə dərhal Dövlət Təhlükəsizlik Xidməti (KQB) qoşulur. Artıq terrorçuya çevrilən musiqiçilərə yanacaq olmadığını və doldurmaq üçün Finlandiyaya enmək lazım gəldiyini izah etmək tapşırıldı. Əslində isə təyyarə fin sərhədi yaxınlığındakı Veşşevo hərbi aerodromunda enəcəkdi.

Kağızı alandan yarım saat sonra bort mühəndisi Oveçkinlərin yanına gələrək, problemi izah edir. Çıxış yolu olmadığını anlayan terrorçular Finlandiyada yerə enməyə razılaşırlar. Amma iki stüardessanın, Tamara Jarkaya və Valentina Nikolayevanın yanlarında oturmalarını istəyirlər.

Yerdəkilər isə Veşşevo hərbi aerodromunun komandirinə zəng edərək, terrorçular tərəfindən ələ keçirilən təyyarənin onun rəhbərlik etdiyi obyektdə enəcəyini bildirirlər, amma onları Finlandiya adı ilə aldatdıqları deyilmir. Komandir də öz təşəbbüsü ilə əsgərlərə uçuş zolağının ətrafında hazır durmağı əmr edir.

Tu-154 saat 16:05-də yerə endi və Oveçkinlər sovet əsgərlərini görən kimi məsələni anladılar və dərhal havaya qalxmağı tələb etdilər. Onlar pilot kabinəsinə də hücum edirlər, amma qapını aça bilmirlər. Bort mühəndisi onları birtəhər sakitləşdirir və inandırır ki, çənlər boşdur, yanacaq dolduran kimi uçacaqlar.

Danışıqlar üçün vaxt udmaq lazım idi. Buna görə də təyyarəyə yanacaq maşını yaxınlaşır, bort mühəndisi aşağı düşərək yanacaq doldururmuş kimi davranır. Amma terrorçularla danışıqların heç bir faydası olmur. Onlar heç olmasa sərnişinlərin bir hissəsini, qadın və uşaqları azad etməkdən boyun qaçırırlar.

Belə olduqda təyyarəyə hücum etmək qərara alındı. Hücumu Leninqrad milisinin post-patrul xidmətinin xüsusi bölməsinin əməkdaşları yerinə yetirəcəkdilər. Əslində onlar belə əməliyyata hazırlıqlı deyildilər. Təyyarənin enməsi ilə hücum arasında keçən 3 saat ərzində niyə Moskvadan daha hazırlıqlı qüvvələrin, məsələn, KQB-nin “Alfa” qrupunun gətirilməməsi aydın olmur.

İki milis pəncərədən pilot kabinəsinə daxil oldu. Plana görə, təyyarə guya uçuşa start vəziyyəti almaq üçün hərəkətə başlayanda terrorçular arxayınlaşıb sayıqlığı itirməli idilər. Məhz bu zaman milislər salona keçərək onları zərərsizləşdirəcəkdilər.

Amma əməliyyat fərasətsiz həyata keçir. Milislər pilot kabinəsinə elə səs-küylə daxil olurlar ki, Oveçkinlər hər şeyi anlayırlar. Onlardan biri, bəzi mənbələrə görə Dmitri atəş açaraq stüardessa Tamara Jarkayanı öldürür. Valentina Nikolayeva isə sonralar deyir ki, Vasili də onu öldürmək istəyirmiş, Oleq qoymayıb.

Milislər qapını açıb salona keçəndə Oveçkinlər onları atəşlə qarşıladılar. Hücumçuların açdığı atəş terrorçulara bir zərər vermədi, əvəzində dörd sərnişin yaralandı. Milislər özləri də yaralandıqlarından pilot kabinəsinə çəkilməli oldular. Başqa bir qrup isə təyyarənin baqaj yerindən salona daxil olmağa çalışır. Amma Oveçkinlər onları da görərək atəş açırlar. Beləcə, hər iki hücum dəf edilir.
Buna baxmayaraq, terrorçular vəziyyətlərinin ümidsiz olduğunu anlayırlar. Onlara havaya qalxmaq imkanı verilməyəcəkdi, sursatları isə tükənirdi. Olqaya balaca uşaqlarla (Tatyana, Mixail, Ulyana və Sergey) təslim olmağı tapşırırlar. Böyüklər isə bir yerə yığışıb, partlayıcını işə salaraq intihar etməyi qərara aldılar. Amma İqor ölmək istəməyərək gizləndi.

Partlayıcı maddənin dalğası yuxarıya getdi və heç kəsi öldürmədi. Əvəzində təyyarənin füzelyajında dəlik əmələ gəldi. Üstəlik, oturacaqlardan biri yanmağa başladı. Bunu görən Ninel Vasiliyə onları güllələməyi əmr etdi. Vasili anasını, Dmitrini, Oleqi və Aleksandrı, axırda da özünü güllələdi.

Bu zaman qapını açan sərnişinlər yanan təyyarədən qurtulmaq üçün hündürlükdən yerə tullanırdılar. Onların bir çoxu ciddi xəsarət aldı. Üstəlik, aralarında terrorçu ola biləcəyini ehtimal edən milislər dərhal yerə uzanmalarını tələb edir, anlamayanlar, özünün adi sərnişin olduğunu isbat etməyə çalışanlar kötəklənirdi.

Təyyarə tamamilə yanıb kül oldu. Güllələnən Tamara Jarkayadan başqa üç sərnişin də tüstüdə boğuldu.

***
Oveçkinlərdən 6 nəfər təyyarədən xilas oldu. Amma onlardan yalnız Olqa və İqoru yaşlarına görə məsuliyyətə cəlb etmək olardı. Məhkəmə həddi-buluğa çatmayan İqoru 8 il, Olqanı isə hadisədə məcburi iştirakını, həm də hamilə olmasını nəzərə alaraq 6 il azadlıqdan məhrum etdi. Dörd balacanı, üstəlik, Olqanın yeni doğulan qızını Lyudmila götürüb saxladı.

Olqa həbsdən çıxandan sonra içkiyə qurşandı. Yaşadığı kişi tərəfindən tez-tez döyülürdü. Bir dəfə də belə zorakılıq letal yekunlaşdı.

İqor azadlığa çıxandan bir müddət sonra narkotikə görə yenidən həbs edildi. Naməlum səbəbdən istintaq təcridxanasında kamera yoldaşı tərəfindən öldürüldü.

Oveçkinlərdən yalnız Mixailə xaricə getmək nəsib oldu. O, İspaniyada yaşayırdı. 2012-ci ildə insult keçirərək Barselonadakı hospislərin birinə yerləşdirildi. Hazırda həyatda olub-olmamasını aydınlaşdıra bilmədim.

Ulyana da qeyri-sağlam həyat tərzi keçirirdi. İntihar məqsədilə özünü maşın altına atmaq istədi, amma ölməyib, əlil qaldı. 2010-cu illərin ikinci yarısında öldü.

Sonbeşik Sergey haqqında isə bəzi mənbələrdə itkin düşdüyü, bəzilərində də öldüyü yazılır.

Təyyarədə olanlardan yalnız Tatyana normal həyat sürdü və ailəsi haqqında çəkilən bir neçə sənədli filmə müsahibə verməyə razı oldu.

***
Oveçkinlər hadisəsindən cəmi üç il sonra, 1991-ci ilin mayında SSRİ-də çıxış vizası ləğv edildi. Yeddi ay sonra isə SSRİ özü ləğv olundu. Dəmir pərdə ortadan qalxdı./pressklub

Yadigar Sadıqlı 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10