Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kredit düyünü çözülmür ki, çözülmür...


İstehlak kreditləri niyə həm artır, həm də bahalaşır?

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatlarına görə, yerli banklar istehlak kreditlərinin verilməsini yenidən artırıb. Bununla yanaşı, cari ilin yanvar-avqust aylarında bankların ev təsərrüfatlarının kreditləşməsi portfeli 15,9% artıb.

Yeri gəlmişkən, ötən il daha bariz artımla yadda qaldı - kredit-maliyyə strukturlarımızın istehlak kreditləri portfeli 30% artmışdı. Baş bankın statistikasına görə, artım dinamikası təkcə ev təsərrüfatlarının kreditləşməsini əhaət etməyib - bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli də 11,4% artaraq 22 milyard 484,1 milyon manata çatıb. Eyni zamanda, problemli kreditlər seqmentində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur - yayın son ayının sonunda vaxtı keçmiş kreditlər 10% azdır.

Kredit verilməsinin təkcə həcmi böyümür, həm də bahalaşır. Bizim kommersiya banklarının faiz dərəcələri aşağı düşməyi ağlına da gətirmir, amma həvəslə qalxır, bu da kredit götürənlərin narazılığına səbəb olur. Ona görə də kreditləri ucuzlaşdırmağın mümkün olub-olmaması ilə bağlı ənənəvi sual yenidən gündəmdədir.

İqtisadçı ekspert Pərviz Heydərov AYNA-ya şərhində deyib ki, bu problem ictimaiyyəti narahat etməkdə davam edir, müzakirə və narazılıq obyekti olaraq qalır: “Yüksək faiz dərəcələri əsasən artan tələblə bağlıdır, çünki bu halda pul həm də əmtəədir. Nəticədə, bu bank məhsuluna artan tələbat onun bahalaşmasına səbəb olur. Tələb və təklif qanunları istənilən məhsula, o cümlədən pula şamil edilir. Ona görə də digər məhsul və xidmətlərdə olduğu kimi, qiymətlərin və faiz dərəcələrinin formalaşmasında tələbin artması əsas rol oynayır. Yüksək faiz dərəcələri pul kütləsinin yüksək dəyəri deməkdir”.

“Mövcud vəziyyətə diqqətlə baxsanız, istehlak kreditlərinə tələb kifayət qədər yüksəkdir, bu isə o deməkdir ki, maliyyə institutlarının faiz dərəcələri aşağı qala bilməz. Bundan əlavə, əksər hallarda yerli banklar artıq likvidliklə öyünə bilməz. Yeganə istisnalar iri maliyyə qurumlarıdır və kommersiya banklarının əksəriyyətində təbii ki, bu imkan yoxdur və ona görə də faiz dərəcələrinin aşağı salınması praktikasından uzaqdırlar”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssisin sözlərinə görə, son vaxtlar kommersiya banklarının faiz dərəcələri bir qədər artıb, lakin ümumi fonda bu, əhəmiyyətsizdir: “Kreditlərin dəyərinin aşağı salınmasının əsas şərti bank likvidliyinin artmasıdır. Əgər bu hal baş verməsə və respublikanın bütün banklarının likvidlik səviyyəsi lazımi səviyyəyə çatmasa, bank kreditlərinin maya dəyərinin azaldılmasından danışmağa dəyməz”.

Yüksək faiz dərəcələri ilə yanaşı, analitikləri istehlak kreditlərinin artımı da narahat edir. Yerli ekspert dairələrində ev təsərrüfatlarına bahalı kreditlərin verilməsi arzuolunmaz hesab olunur, çünki bu, milli valyutanın devalvasiyasından sonra olduğu kimi risklərlə doludur.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun dediyinə görə, bu tendensiya zərərlidir, çünki problemli borcların artması ilə nəticələnir: “Xüsusilə istehlak kreditləşməsi seqmentində artım iqtisadiyyatın real sektorunun qeyri-qənaətbəxş maliyyələşdirilməsi fonunda baş verərsə. Bu problem əsasən ölkənin regionları üçün xarakterikdir”.

Bu gün kommersiya bankları tərəfindən verilən kreditlərin əsas hissəsi - 76%-i Bakının payına düşür və regionlar bank kreditləşməsində autsayder olaraq qalır. Risk dərəcəsi yüksək olduğuna görə maliyyəçilər ölkənin regionlarına yox, paytaxta üstünlük verirlər, çünki respublikada ən yüksək effektiv tələbat həm də Bakı və Abşeronda cəmləşib.

Deputat əmindir ki, regionlarda zəif maliyyələşmənin digər səbəbi girovun olmamasıdır: “Artıq yayın əvvəlində ölkədə istehlak və ipoteka kreditləri portfeli 9 milyard manatı ötüb. Eyni zamanda, banklar hələ də iqtisadiyyatımızın strateji əhəmiyyətli sahələrinin maliyyələşdirilməsində maraqlı deyil”.

Emma Rzayeva






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10