QEYD: Müsahibə 2001-ci ilin may ayında, həmin vaxtlar rəhbərlik etdiyim “Masallı xəbərləri” qəzetində dərc olunub. Ağaddin Niftiyev 2014-cü il iyul ayının 4-də 57 yaşında dünyasını dəyişib. İcra başçısı vəzifəsindən azad olunduqdan sonra elmlər doktorluğu dissertasiyasının müdafiə edib, professor elmi adına layiq görülüb. Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvü və İqtisadi sistemlərin riyazi modelləşdirilməsi şöbəsinin müdiri olub. Müqavilə əsasında Fransanın Nant Universitetində professor kimi çalışıb.
22 il öncə alınmış müsahibəni kiçik redaktə və əlavə ilə sizə təqdim edirik:
Ağəddin Niftiyev: “Qəhrəmanlıq insanın daxilindən gəlməliidir, onu fərmanla, sərəncamla almaq olmur”
Zahir Əmənovun redaktorluğu ilə nəşrə başlayan “Masallı xəbərləri” qəzeti 8 il bundan öncə, necə deyərlər, “dil açandan” ən aktual mövzulara toxunmaqla yanaşı, rayonun keçmiş rəhbərləri ilə müsahibələrə yer ayırıb. Ələddin Həsənov, Ələsgər Qocamanov, Əlövsət Baxışov və digərləri ilə müsahibələr bu qəbildəndir. Bu dəfəki müsahibimiz isə çox qısa bir müddətdə, cəmi 1 il 3 ay rayonumuzda işləmiş Ağaddin Niftiyevdir.
Ağaddin Niftiyev 1957-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub, BDU-da müəllim işləyib, 1992-1993-cü illərdə Masallı İH-nın başçısı işləyib. O Masallıya rəhbərlik edən yeganə başçıdır ki, hakimiyyətini kimdən təhvil almışdısa, (Teymur Yəhyayevdən ) ona da təhvil verib. A.Niftiyev Masallıya icra başçısı gələndə iki ay idi ki həmin vəzifə boş idi. O gedəndən sonra isə 3 ay boş qaldı.
A.Niftiyev hazırda BDU-nun dossentidir. Fizika-riyaziyyat elmləri namizədidir. Yaxın vaxtlarda doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşır. Bitərəfdir, 3 övlad atasıdır, futbolu və şahmatı çox sevir.
Xatırladım ki, A. Niftiyev icra başçısı olarkən, onunla müxalifətdə dayanan düşərgədə yer almışam. Ona qarşı radikal mövqə tutan, ”Masallı” qəzetinin redaktoru vəzifəsində çalışmışam. Bir-birimizlə həmin dövrdə ancaq “qəzət dili”ilə, ”iqtidar- müxalifət dili” ilə danışmışıq, müsahibəni isə sadə bir kafedə, “adam dilində” apardıq:
Masallı İH-nın keçmiş başçısı Ağaddin Niftiyevlə söhbətə ənənəvi sualdan başladıq.
- Bir illik hakimiyyətiniz dövründə ən yadda qalan uğurunuz və uğursuzluğunuz?
- Əvvəla onu qeyd edim ki, icra başçısı bir rayona rəhbərlik edir, dövlət başçısının rayonda səlahiyyətli nümayəndəsidir. Bu vəzifədə təmsil olunmaq üçün bir çox zəruri keyfiyyətlər lazımdır. Bunlardan ən əsası qəhrəmanlıqdır. İnsan qəhrəmanlıq etməyi bacarsa, ona qadir olsa, çox şeyə nail ola bilər. İcra başçısı vəzifəsi isə insanın mənəvi keyfiyyətlərinə geniş imkan açır. Qətiyyətli və mübarizdirsə, başçı bu meydanda daha inamla dolaşır, necə deyərlər, cövlan edir. Aciz, iradəsiz və qətiyyətsizdirsə, ətrafındakılar onun başı üzərində cövlan edir. Belə başçı tozanaqda qalıb, görünməz də ola bilər.
- Bəlkə daha təfsilatlı danışaq? Bu günün aynasından baxanda konkret hansı xidmətləriniz, hansı səhvləriniz oldu?
- Bilirsiniz ki, rəhbərlik etdiyim vaxt olduqca mürəkkəb, arzuladıqlarımı reallaşdırmaq üçün mümkünsüz olan qısa zaman kəsiyinə təsadüf edib. Onlarla insana mənzil, iş verdim, müxtəlif problemlərlə bağlı müşkülləri olan onlarla vətəndaşlara köməklik göstərdim. İndi həmin adamlarla rastlaşanda, onların minnətdar baxışların görəndə mənən rahatlıq duyuram. Uğursuzluqlara, xüsusən səhvlərimə görə mənən ağrıyıram. İndiki icra başçısı Ş.Əhədova da səhv etmirəmsə, (o vaxt o şəhər icra nümayəndəsi idi) bir dəfə etiraf etdim ki, Rafiq Rəsulovun və sənin işdən azad olunmağın sona qədər hesablanmamış addım idi. Bəzi kadr dəyişiklikləri isə istər səhv, istər düz olsun, onları etməyə məcbur idim. Çünki təkcə başçı dəyişməmişdi, sistem dəyişmişdi, hakimiyətə əvvəlkilərə rəqib, tam əks qüvvələr gəlmişdi.
- 8 il sonra əlinizə yenidən icra başçısı təyin olunsanız, həmin kadrlardan yenə də istifadə edərsiniz?
Təbii ki, hamısından yox. İstər hakimiyyətə eyforik şəkildə gələnlərlə (bilmirəm bura köhnə cəbhədaşlarımın bəzisini aid etmək olar, ya yox) və patokrat xarakterli məmurlarla işləməzdim. Üstünlüyü öz sahəsində peşəkar olan, yeniliyə can atan daha müasir ruhlu kadrlara verərdim.
- Hazırki icra başçısı da sizin kadrınızdır. (Red- Şirəli Əhədov nəzərdə tutulub) Onun şəhər meri postuna nəinki toxunmadığınız, hətta onu Təhsil şöbəsinin müdiri vəzifəsinə irəli çəkdiniz...
- Həm o vaxt, həm də indi hesab edirəm ki, o bir çox göstəricilərinə və iş sitilinə görə Təhsil şöbəsinin müdiri kimi daha yaxşı işləyirdi. Baxmayaraq ki, təhsildə olan problemlərin köklü həllində onu nəzərəçarpacaq xidmətləri olmadı.
- Bəs icra başçısı kimi onu necə qiymətləndirisiniz? Doğrudanmı Şirəli Əhədov 200 minlik bir rayona rəhbərlik edə bilər?
- Bu barədə mənim fikrim bir qiymətli deyil. Uzun müddətlik təcrübəsi və iş qabiliyyəti var. Lakin qeyd etdiyim kimi, İH başçılığı üçün həm də qəhrəmanlıq lazımdır. Qəhrəmanlıq isə insanın daxilindən gəlməliidir; onu fərmənla, sərəncamla insana vermişlər. Bir daha deyirəm ki, Təhsil şöbəsinin müdirliyi onun üçün yüksək post idi.
- Onunla münasibətlərin necədir? Bir alim, həm yaxın keçmişdə rayonun rəhbəri olmuş şəxs, üstündə haqqı-sayı olmuş biri kimi sizi niyə Masallının yubileyinə dəvət etmədi?
- Çox normal, səmimi münasibətimiz var. Onun bu hərəkəti mənim üçün də təəccüblü və gözlənilməzdir.
- Məmur təcrübəniz də var, pedaqoq təcrübəniz də. Bir ziyalı kimi, bu gün sizi ən çox nələr narahat edir?
- Narahatlıq üçün əsaslar çoxdur. İlk nöbədə yerlərdə ziyalılara, əks fikirdə olanlara qarşı münasibət. Bəzən bu müxaliflik hakimiyyətin ayrı-ayrı qruplarının primitiv mübarizə üsulları nəticəsində düşmənçiliyə çevrilir. Nəyin bahasına olursa olsun mehribançılıq siyasəti, milli birlik birinci şəxsin, başçının həyat amalı olmalıdır. Başçıdan çoxları inciyə bilər, hətda düşmən mövqedə də dayana bilərlər. Lakin başçının o postada heç kəslə düşmən olmağa haqqı yoxdur.
Haşiyə. Ümumiyyətlə, müsahibə boyu A. Niftiyev maksimum çalışırdı ki, ad çəkməsin, kiminsə xətrinə dəyən ifadə işlətməsin. Hətta müsahibə vaxtı dediyi bəzi ifadələri səhəri gün bir azda dəqiqləşdirib yazılı şəkildə mənə təqdim edirdi. Hiss olunurdu ki, ürəyi doludur. Gözlənilmədən gəldiyi və gözlənilmədən getdiyi çox qısa, lakin mürəkkəb dövrdə işlədiyi icra başçısı vəzifəsinin şirinləri, əzabları onu tamam tərpətmişdi. Çox şeyi demək istəyirdi. Demək isdədiyi, lakin demədiyi, deyə bilmədiyi mənə elə gəlir ki, daha çoxdur. Bəzi dediklərini isə birgə razılığımıza əsasən qəzet səhifəsinə çıxartmırıq. Bir daha xatırladıram ki, söhbətimiz çox mehriban və səmimi şəraitdə keçirdi. İnanmaq olmurdu ki, həmin dövrdə bir-birimizə qarşı olduqca radikal müxalifətdə olmuşuq. Görəsən, bütün icra başçıları vəzifədən gedəndən sonra belə həssas olurlar?
- Əksər rəhbərlər şablon arqumentlə ittiham olunurlar: özü pis deyi, ətrafı pisdir. Çox önəm verdiyiniz keçmiş baş həkim Hakim Fərəcova da yuxarıdakı arqumenti şamil etmək olarmı?
- Hakimlə bu gün də əlaqələrim, yaxşı münasibətlərim var. Onun mərdliyi də olub, səmimi münasibətlərimdən, inamımdan sui-istifadə etməsi də. Vəzifə adamı deyildim. Kənd adamı, elm adamı olmuşam, təcrübəm kifayət qəqdər olmayıb. Bütün bunlardan H. Fərəcov və qeyriləri öz şəxsi niyyətləri üçün istifadə ediblərsə, mən bunu başa düşməyə, öz səhvlərim kimi qəbul etməyə çalışıram.
- Bəs bu gün işsiz olan o vaxtki birinci müavininiz Həsənağa Abıyevə hazırda münasibətiniz necədir?
- O indi yox, uzun müddətdir ki, işsizdir. Mən hər bir rəhbər işçiyə bir sıra məsələlərə həm də subyektiv yanaşmağı arzulayardım. Hər bir başçı təkcə bu günün təntənəsini yox, sabah özünün də düşə biləcəyi vəzifəni dərindən dərk etsə, o zaman Həsənağa Abıyev kimi mütəxəssislər kənarda qalmaz.
- Siz hakimiyyəti Teymur Yəhyayevdən təhvil alıb, ona da təhvil vermisiniz. T.Yəhyayevlə münasibətləriniz necə olub və necədir?
- Mən onunla cəmi bir dəfə, 1992-ci ildə icra başçısı təyin olunmamışdan 1 ay əvvəl, iyun ayında görüşmüşəm. Sonralar heç bir təmasım olmayıb. Amma iş fəaliyyəti haqqında kifayət qədər məlumatım var. Əksəriyyət onu çox demokratik ruhlu rəhbər hesab edir. Məncə xaraktercə çox sərbəst olan bu adam müəyyən məhdudiyyətlərə də malik idi. Onun fəaliyyəti ümumən konkret olunmayıb. Onu da deyim ki, biz əks düşərgənin nümayəndələri olsaq da, işlədiyi 7 ildə bir dəfə olsa haqqımda əks fikir söyləməyib. Hətta qohumlarım möhürü təhvil verəndə bildirib ki, onunla bağlı hər hansı köməyə hazırdır. Xatırladım ki, mən də ona və qohumlarına qarşı eyni rəftarda olmuşam.
XATIRLATDIM ki, bu sivil münasibətlər 1992-93-cü illərdə olub.
- Ağaddin müəllim, bəs necə oldu ki, vəzifədən azad edilmək barədə fərmanınız oxunmamış işdən getdiniz?
- O dövrdə baş verən xaotik hadisələr və hökümət tərəfindən bu hadisələrə laqeyd münasibət o həddə gətirib çatdı ki, ayrı-ayrı dəstələr özlərini rayonun sahibi kimi aparmağa başladılar. Belə şəraitdə, mübarizənin tükəndiyi məqamda özünə hörmət edən şəxs kimi 1993-cü ilin yayında aparat işçilərini yığıb, səlahiyətimi birinci müavinə həvalə etdim. Qonşu rayonun rəhbərləri ilə birgə Bakıya gəlib, H.Əliyevin qəbulunda olmaq istədik. Lakin bu mümkün olmadı. Bizi Arif Rəhimzadə qəbul etdi. Beləliklə vəzifə səlahiyyətlərimə son qoydum. Həmən vəzifə 3 ay boş qalandan sonra T.Yəhyayevi yenidən Masallıya icra başçısı təyin etdilər. O dövrdə çox gərgin, xoşagəlməz hallarla, açığı, həm də xəyanətlərlə üzləşdim. Bunları isə xırdalamq istəmirəm.
- O dövrdə sizə müxalif mövqedə dayananlarla münasibətiniz necə idi və necədir?
- Baxmayaraq ki, onların bəzilərinin hərəkəti sivil normalardan kənara çıxırdı, ümumən prosesə irəliyə doğru hərəkət kimi baxırdım və baxıram. Və sevinirəm ki, sizin o vaxt yazdığınız kimi “mənim çox gözəl və güclü müxalifətim olub”. Yeri gəlmişkən onuda deyim ki, “Masallı xəbərləri” qəzetinin hər bir sayını mütləq əldə edir, böyük həvəslə oxuyuram. Mövzu baxımından region qəzeti olsa da, materiallar peşəkar səviyyədə hazırlanır. Qəzetiniz paytaxtda əksər masallılı ziyalılar tərəfindən həvəslə oxunur və təqdir olunur.
Yumorla o qədər də arası olmayan Ağaddin müəllimin söylədiklərindən: “Düzdür, öz istefa ərizənlə, öz təkidinlə səni işdən azad etmişəm. Amma səni mən “redaktor” etdim. (Zahir Əmənov:- Məhz mənim redaktorluğumla Ağəddin Niftiyevin başçılıq etdiyi müddətdə Masallıda ilk müstəqil ictimai-siyasi qəzet -“Masallı” qəzeti fəaliyyətə başladı və 9 sayı işıq üzü gördü. Sonradan bu qəzetə M. Şükürov və N. Muğanlı redaktorluq etdi) Mənə müxalif ola-ola, kəskin mövzularda yaza-yaza peşəkar jurnalistə, redaktora çevrildin. Jurnalist vəzifəsin isə səndən heç kim ala bilməz. Arzu edərdim ki, səni daha çox sıxsınlar, sənə daha çox əzab versinlər, onda daha yaxşı yazarsan. Bizə məmur Zahirdən, jurnalist Zahir daha çox lazımdır”.
Ağaddin müəllimin xoş kəlamlarından fürsət tapıb,ona daha bir neşə sual verdim.
- Bir daha Masallıya İH başçısı gəlsəniz, əvvəlki fəaliyyətindən fərqli, hansı yenilikləri müşahidə edərik?
- Hər zamanın öz hökmü var. Nə mən əvvəlki Ağaddinəm, nə Masallı əvvəlki Masallı.
Ümumiyyətlə, gündəlikdə, heç olmasa arzularınızda yenə də İcra başçısı olmaq niyyəti dururmu?
- Belə bir planım və niyyətim yoxdur. Hesab edirəm ki, rayon rəhbərliyi mənim üçün keçilmiş bir məırhələdir. Daha çox elm araşdırmalar və tədrislə məşğul olmağa üstünlük verirəm. Bu ancaq məni məcbur etdikdə mümkün ola bilər.
- İndi paralellər aparmaq dəbdədir. Bu günki icra başçısı ilə sizin aranızda da paralellər var:- qonşu kənddınsiniz, o Lürəndən, siz Göyəçöldən. Təvəllüdünüz də yaxındır. O, 1955, siz 1957. Hər ikiniz fizika-riyaziyyat ixtisası üzrə alimsiniz. Hər ikiniz elmlər namizədisiniz, hər ikiniz postu ərkivanlı T.Yəhyayevdən təhvil almısınız. Hər ikiniz vəzifəyə iyulun son günlərində gəlmisiniz. Siz cəmi bir il işlədiniz. Şirəli Əhədovun sizin “rekordu” - həmin bir ili təkrarlamaq şansı varmı?
- Belə suallara zaman, şərait cavab verir.
Söhbəti apardı: Zahir Əmənov
P.S.Beləliklə 3 saatlıq söhbətimiz başa çatdı. 8 il əvvəlki opanentlər bu günün səmimi, mehriban tanışları kimi ayrıldı. Bir daha mənə aydın oldu ki, bu dünyada ən yaxşı, ən maraqlı, bəlkə də ən ibrətamiz işlərdən biri işdən çıxmış icra başçısı ilə həmsöhbət olmaqdır.