Hava temperaturunun aşağı düşməsi dəm qazından boğulma hallarının daha da artmasına səbəb olur. Müşahidələr göstərir ki, dəm qazından zəhərlənmə hallarına daha çox mənzillərin hamam otaqlarında baş verir.
Maraqlıdır, görəsən, dəm qazından boğulma hallarının baş verməməsi üçün hansı profilaktiki işlər aparılmalıdır?
Məsələ ilə bağlı Socar “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev açıqlamasında bildirib ki, qış aylarında qaza tələbat artdıqca dəm qazından boğulma hallarının sayı da çoxalır.
Onun sözlərinə görə, yay aylarında qapı, pəncərə daha çox açıq olur və evin havası mütəmadi olaraq dəyişir:
“Lakin qışda qapı-pəncərə bağlı olduğundan və oksigen çatışmazlığı səbəbindən mavi yanacaq dəm qazına çevrilir. Nəticədə həmin dəm qazı boğulma hallarına, hətta ölümə səbəb ola bilər. Bundan əlavə qaz qurğularının vanna otaqlarında yerləşdirilməsinin əleyhinəyik. Lakin bəzən müəyyən parametrləri gözləmək şərtilə bu kimi hallara yol verilir. Məsələn, təmiz havanın daxil olması üçün qapının aşağı hissəsində dəliklər olmalıdır, eyni zamanda otaq böyük olmalıdır. Çünki dar çərçivədə qaz qurğularının qurulması dəm qazının yaranma ehtimalını artırır. Bu baxımdan qaz qurğularının kənardan istifadəsi daha məsləhətlidir. Məhz bununla əlaqədar Socar “Azəriqaz” İB olaraq müxtəlif platformalarda abonentlər arasında təbliğat aparırıq”.
Eldəniz Vəliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, abonentlərə hər zaman kustar üsullarla düzəldilmiş qaz qurğularından istifadə etməməyi tövsiyə edirik:
“Çünki kustar üsullarla hazırlanmış qaz qurğularında təhlükəsizliklə bağlı heç bir parametr yoxdur. Bununla yanaşı, abonentlər ev geniş olsun deyə mətbəxi eyvana çıxarır. Burada da kustar üsulla və ya boru vasitəsilə çəkilmiş qaz xətləri gələcəkdə sızmalara və ya partlayışa səbəb olur. Partlayış olmasa belə sızma nəticəsində dəm qazından boğulma halları baş verə bilər”./lent.az