Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şahlar meydanında qətl, gizli görüş, bitməyən savaş...


İsraillə Fələstin arasında 30 il əvvəl əldə olunmuş razılaşma niyə məqsədinə çatmadı?

30 il əvvəl, 1993-cü il sentyabrın 13-də Ağ evin qarşısındakı çəmənlikdə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfat bir-birlərinin əlini sıxaraq tarixə “Oslo” razılaşması kimi düşən memorandumu təsdiqlədilər.

Sənədin adını şərtləndirən amil danışıqların Osloda aparılması idi. 

Vaşinqtondakı mərasim daha çox simvolik mahiyyət daşıyırdı, amma tarixə məhz o düşdü.

Əsas sənəd üç həftə əvvəl Osloda İsrailin xarici işlər naziri Şimon Peres və o zaman nüfuzlu fələstinli siyasətçi, gələcəkdə Fələstin milli administrasiyasının başçısı olacaq Mahmud Abbas tərəfindən imzalandı.

Razılaşmanın məqsədi İsrail-Fələstin konfliktini nizamlamaq idi. 

30 il sonra əminliklə demək olar ki, hədəfə yetişilmədi. Üstəlik, bu təşəbbüs bir qədər sonra sağ-radikal israilli tərəfindən öldürülən İshaq Rabinin həyatı bahasına başa gəldi. 

Sülhün mümkünlüyünə inanmayan israilli skeptiklər Oslo razılaşmasını terrorçuları sakitləşdirmək üçün atılan, amma vəziyyəti daha da ağırlaşdıran addım hesab edirlər. 

Fələstin tərəfinin skeptikləri isə hesab edirlər ki, İsrail və müttəfiqləri sadəcə azadlıq hərəkatının sayıqlığını zəiflədərək, vaxt udmaq istəyirdilər.

“İsraillilərin özlərini aparmalarından elə çıxırdı ki, danışıqlar 20 il uzana bilər” – Fələstin heyətinin müşaviri Aniz Fauzi Qasım xatırlayır.

Bəziləri isə düşünürlər ki, əgər düşmənçiliyi dayandırmaq mümkün idisə, bu şans məhz onda – 1993-cü ildə vardı. Rabin və Ərəfatın bir il sonra aldıqları Nobel sülh mükafatı da beynəlxalq aləmin gözləntisini əks etdirirdi. 

Kim haqlıdır və niyə alınmadı?

Razılığa gedən məxfi yol

Yaxın Şərqdə onilliklərlə davam edən amansız qarşıdurmadan – bir neçə müharibə, ərazilərin işğalı, terror və birinci intifada – sonra 1991-ci ildə ABŞ və SSRİ Madrid sülh konfransını çağırdılar və israrla tərəflərə barışmağı təklif etdilər. 

Gələcək dialoqun özəyini “sülh müqabilində ərazi” formulu təşkil etməli idi. 

Həmin vaxt İsraildə başda “Likud” olmaqla sağ-mərkəzçi hökumət hakimiyyətdə idi və belə mübadilə qətiyyətlə rədd edildi.  

Amma artıq 1992-ci ilin iyulunda sağların seçki uğursuzluğundan sonra başda İshaq Rabin olmaqla solçu hökumət quruldu. Ölkədəki əsas vəzifələri “Avoda” (Fəhlə partiyası) və sosial-demokrat “Meretz” partiyalarının nümayəndələri tutdu. 

  Solçuları Madrid sülh formulu tam qane edirdi və elə həmin 1992-ci ildə İsrail və FAT üzvləri gizli şəkildə Osloda görüşdülər.

Danışıqların təşəbbüskarı və Oslo razılaşmasının əsas memarı İsrailin xarici işlər nazirinin müavini Yossi Beylin oldu. Onun Fələstindən tərəf-müqabili Mahmud Abbas idi. 

Yossi Beylin (solda), 1999-cu il

Danışıqlar o qədər gizli aparılırdı ki, İsrail tərəfdən yüksək vəzifəli iştirakçılar prosesin ayrı-ayrı detallarını bəzən hətta bir-birindən gizlədirdilər. 

Əsas problem Fələstin tərəfinin danışıqlarda onu FAT-ın təmsil etməsi şərti idi. 

FAT-ın 1968-ci ildə yazılan proqramında məqsəd kimi İsrailin məhv edilməsi, Fələstində istənilən sionist mövcudluğun ortadan qaldırılması göstərilirdi. 

 Hətta solçular da anlayırdılar ki, bu adamlarla danışıqlar masası arxasına oturmaq lap ağ etmək idi. İsrail rəhbərliyində fikirlər haçalandı: baş nazir Rabin əleyhinə, xarici işlər naziri Peres lehinə idi. Yossi Beylin təkcə danışıqların taleyi ilə deyil, öz karyerası ilə də risk edərək, onların arasında manevr etməli oldu. 

“İsrael Hayom” qəzeti üçün yazdığı məqalədə Beylin bir dəfə iş gününün sonunda öz şefi Peresin yanına getməsini xatırlayır. O, nazirə deyir ki, Osloda danışıqların birinci raundu – Beylinlə Şərqi Qüdsün ən nüfuzlu siyasi fiqurlarından biri Fayzal Hüseyni arasında görüş – üçün hər şey hazırdır.

“Mən onun qarşısında müzakirə etməli olduğumuz məsələlərin siyahısı ilə oturanda dünənlə müqayisədə Peresin üzünün ifadəsinin dəyişdiyini gördüm. Dedi ki, Hüseyni ilə görüş barədə Rabinə danışıb və baş nazir ləğv edilməsini istəyib”, – Beylin xatırlayır.

Bundan sonra İsrail isteblişmentində o zamana qədər görünməyən bir şey baş verir – mötədil solçularla qatı solçuların mübarizəsi və bir il keçməmiş Oslo razılaşması, nəhayət, imzalanır.

Onların məzmunu nədir

Oslo razılaşması əslində iki sənədi ehtiva edir: “Oslo-I” (1993-cü ildə İsrail tərəfdən Şimon Peres və İshaq Rabinin, Fələstin tərəfdən Mahmud Abbas və Yasir Ərəfatın imzaladığı Prinsiplər haqqında deklarasiya) və “Oslo-II” (1995-ci ildə imzalanan İordan çayının qərb sahili və Qəzza sektoru haqqında Müvəqqəti razılaşma). 

Çox zaman Oslo razılaşması haqqında danışarkən Oslo-I nəzərdə tutulur. Konfliktin nizamlanması üçün məhz bu sənədə xüsusilə böyük ümidlər bəslənilirdi. 

Deklarasiyanın xeyli maddələri arasında ikisini əsas hesab etmək olar:

  • Fələstin tərəfi İsrail dövlətinin mövcudluq hüququnu tanıyır, terrorizm və zorakılığın başqa formalarından imtina edir və bundan sonra  konflikti dinc yolla həll etməyi öhdəsinə götürür.
  • İsrail danışıqlarda Fələstin xalqının qanuni təmsilçisi kimi Fələstin Azadlıq Təşkilatını tanıyır, İordan çayının Qərb+ sahilinin və Qəzza sektorunun idarəçiliyi üçün Fələstin hökumətinin yaradılmasına razılıq verir.

“Sülh müqabilində ərazi” formulu real cizgilər almağa başladı.

“Qırmızı cizgilər var və onların keçilməsi yəhudi xalqı daxilində görünməmiş parçalanmaya səbəb olar”, – İordan çayının qərb sahilindəki Yəhudi məskənləri şurasının sədri Elyakim Haetsni o zaman bəyan etdi. 

İşğal olunmuş ərazilərdəki yəhudi məskənləri mövzusu İsrail daxili siyasətinin əsas məsələlərindən biridir. 

Sağçılar xəbərdarlıq edirdilər ki, Rabin yəhudi xalqının və sionizmin ən qəvi düşmənləri siyahısına düşməklə risk edir. 

İsrailin maraqlarını satmaq ittihamlarına İshaq Rabin cəmiyyətin solçu kəsiminin devizinə çevriləcək cümlə ilə cavab verdi. “Biz bu gün sizə ucadan və aydın deyirik: qan və göz yaşları yetər. Yetər!”, – Rabin Ağ ev qarşısında Ərəfatla əl sıxandan sonra dedi.  

Tərəflər öhdəliklərini yerinə yetirməyə başladılarmı?

Əvvəlcə hə. 

Fələstin milli administrasiyası yaradıldı və işinə başladı. 

Yeni yaranmış Fələstin muxtariyyətinin 6 böyük şəhərindən və 450 yaşayış məntəqəsindən İsrail qoşunları çıxarıldı.

İordan çayının qərb sahilinin üç sektora bölünməsi prosesi başladı. Onlardan biri tamamilə Fələstin hakimiyyətinin nəzarətinə keçir, ikincisində birgə nəzarət təmin olunur, üçüncüsü, ən kiçiyi isə İsraildə qalırdı (müəllif burada səhv edir, İsraildə qalan ərazi Qərb sahili ərazisinin 60 faizini təşkil edir – Press klub).

Amma ikitərəfli işçi qruplar xəritə çəkərkən, razılaşmanın hər iki tərəfdən əleyhdarları mövqelərini küçələrdə daşlarla və yandırıcı qatışıqlarla ifadə edirdilər. 

“Bizdən istənilən hər şeyi etdik. Qarşılıqlı tanınma, təhlükəsizliyin koordinasiyası. Biz öhdəliklərimizi yerinə yetirdik, amma işğalçı tərəf bunu etmədi”, – Fələstin rəhbərliyinin nümayəndəsi və FAT üzvü Yasir Abed Rabbo deyir. 

1995-ci il noyabrın 4-də isə Tel Əvivin mərkəzində Oslo razılaşmasını həmişəlik dəfn edən atəş açıldı. 

Sülh uğrunda savaşın qurbanı

1995-ci il noyabrın 4-də sülh prosesinə dəstək məqsədilə keçirilən çoxminlik mitinqdə çıxışından sonra İshaq Rabin Tel Əvivdəki İsrail şahları meydanında öldürüldü. 

Ultrasağçı dini ekstremist Yiqal Əmir mühafizəçilərin əhatəsində avtomobilinə tərəf gedən Rabinə arxadan üç atəş açdı. 

Əmir məhkəmədə İsraili təhlükəli Oslo razılaşmalarından xilas etdiyini və özünü İsrail qəhrəmanı saydığını dedi. 

O, ömürlük həbsə məhkum edildi, amma öz məqsədinə çatdı. 

Yaxın Şərq üzrə bir çox ekspertlərin fikrincə, sülh prosesi müstəsna şəkildə İshaq Rabinin şəxsinə bağlı idi və yalnız onun tərəfindən sona çatdırıla bilərdi. 

Onun sol baxışları döyüş generalı bioqrafiyası ilə yaxşı uyuşurdu.

19 yaşlı Rabini 1941-ci ildə orduya səfərbər etmişdilər. Müstəqillik uğrunda 1947-1949-cu illər müharibəsində bir neçə uğurlu əməliyyata başçılıq etmişdi. 1964-cü ildə general-leytenant rütbəsində Baş qərargah rəisi oldu. 1967-ci ildə İsrail ordusu Altıgünlük müharibədə məhz onun rəhbərliyi altında Misir, Suriya və İordaniya orduları üzərində inamlı qələbə çaldı.

“İsraillilərin böyük əksəriyyəti üçün belə bioqrafiya boş şey deyil. Əlbəttə, elə kateqoriya var ki, Rabini indi də satqın sayır, amma Yiqal Əmir hətta sağ-radikal kəsimdə qəhrəman sayılmır. Rabinin ölümü İsraili sarsıtdı” – tarixçi Qidon Stadler deyir. 

“Mən, qeydiyyat nömrəm 30743, ehtiyatda olan general-leytenant İshaq Rabin, İsrail müdafiə qüvvələrinin əsgəri, orduları alovun içinə və əsgərləri ölümə göndərən adam bu gün deyirəm: biz qurbanların və yaralıların olmadığı, qan və iztirabın olmadığı savaşa başlayırıq. Bu, iştirakdan zövq aldığın yeganə savaşdır – sülh uğrunda savaş”, – Rabin 1993-cü ildəki çıxışında deyirdi.

2000-ci ilin sentyabrında Fələstin-İsrail qarşıdurması yeni kulminasiyasına çatdı. Məskunların yerli sakinlərlə toqquşması, kamikadze terroru və İsrail müdafiə ordusunun böyük miqyaslı cavabları 4,5 il – 2005-ci ilin əvvəlinə qədər – davam edəcək ikinci Fələsin intifadasına apardı. 

Uğursuzluğun başqa səbəbləri 

İshaq Rabinin ölümündən bir il keçməmiş sağlar o zaman gənc Binyamin Netanyahunun rəhbərliyi altında yenidən hakimiyyətə qayıtdılar. 

Oslo razılaşmasının memarı Yossi Beylinin fikrincə, 1993-cü il sentyabrın 13-də Ağ evin qarşısındakı mərasimin təntənəli təşkili və onun mətbuatdakı rezonansı çoxlarında az qala tarixi müqavilə imzalanması barədə yanlış təəssürat oyatdı. 

O, davam edərək deyir ki, bu yanlış təəssürat, öz növbəsində çox yüksək gözləntilər doğurdu, onlar isə doğru çıxa bilməzdilər, çünki sənədin məzmunu başqa idi. 

“Həmin ilkin razılaşma tezliklə Netanyahunun əlinə keçdi və o, fələstinlilərdən sanki sülh sazişi imzalayıblarmış kimi davranmalarını və əməkdaşlıq etmələrini istədi. Onlar da siyasi nizamlanma üzrə bir neçə təklifi rədd etdikdə, İsrail – əsasən İudeya və Samariyada məskənlər salmaq hesabına – Oslo razılaşmasının ləğvinə öz töhfəsini verdi”, – Yossi Beylin deyir. 

Onun sözlərinə görə, sağlar memorandumun məzmununa seçimlə yanaşırdılar. Fələstinlilərin sülh yolu ilə gedəcəkləri və terrordan imtina edəcəkləri barədə maddələr onların xoşuna gəlir, Fələstin dövlətinin yaradılmasının təminatı haqda maddələri isə görmək istəmirlər.

Bir sıra yüksək mənsəbli fələstinlilər 1992-93 danışıqlarının sadəcə tələ olduğunu düşünürlər. 

“Oslo İsrail üçün ən yaxşı plan idi. O, yəhudilərə özləri üçün hər hansı fəsad olmadan işğalı davam etdirmək fürsəti verirdi”, – Fələstin administrasiyasının qanunverici məclisinin keçmiş deputatı Mustafa Barquti əminliklə söyləyir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/ce524jpd26eo 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10