Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan ürəkdən ölənlərə görə dünyada 2-ci yerdədir - nə edək?



Rəşad Mahmudov: “Problemi yaradan ilk səbəb yaşayış tərzidir, digər önəmli səbəblər düzgün qidalanmama və stressdir”

12 il Almaniyada yaşayıb, orada fəaliyyət göstərən doktor Nicat İbrahimov bugünlərdə vətənə qayıdıb. Bundan sonra fəaliyyətini Azərbaycanda - Şirvan şəhərində davam etdirəcək. Onun 20 min avroluq maaşdan imtina edib Vətənə dönməsinə səbəb isə daha maraqlıdır.  N.İbrahimov bildirib ki, bu qərarı anidən verib: “1-2 ay əvvəl rastlaşdığım statistika məni təsirləndirdi. Statistikaya əsasən dünyada ürək xəstəliklərindən ölüm sayına görə Azərbaycan ikinci yerdə idi. Biz azərbaycanlı həkim olaraq, qərib ölkələrdə xarici vətəndaşları 100 yaşında belə müalicə edib həyata qaytarırıq,  öz vətənimizdə isə gənc yaşlarda ölüm halları artır. Bu pik nöqtə oldu və ertəsi gün Azərbaycana gəlmək üçün ərizə yazıb işdən ayrıldım”.

Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatına görə, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin reytinq dərəcəsi 388.4-dir.

Bu da o deməkdir ki, Azərbaycan ürək, qan-damar sistemi xəstəliklərinə görə ən riskli ölkələrdən biridir. Ən riskli ölkələr sırasında Özbəkistan 3-cü, Ukrayna 4-cü yerdədir.

Doğrudanmı Azərbaycanda ürəklə bağlı problem bu dərəcədə fəlakətlidir? Əslində vaxtaşırı ətrafımızda da görürük ki, gənc, orta yaşlı adamlar ürəktutmadan dünyasını dəyişir. Elə jurnalistlər arasında da bir neçə həmkarımızı itirmişik son 1 ildə.

Bəs bizi bu arzuolunmaz statistikada dünyada ikinci edən səbəblər hansılardır?

Rəşad Mahmudov — Vikipediya

 Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, ürək və damar cərrahı Rəşad Mahmudov “Yeni Müsavat”a bildirdi ki, ürək damarlarındakı darlıqlara bağlı olaraq dünyada ən çox ölüm və əlillik səbəbi olan infarktın yaratmış olduğu problemlər, yaşa bağlı olan ölüm nisbəti dəyərlərinə görə Azərbaycan regiondakı bir çox ölkə ilə yanaşı, yüksək riskli ölkə kimi qəbul edilir. O qeyd etdi ki, bir çox beynəlxalq statistikada ölkəmizin adının ön sırada olması əlbəttə ki, narahatedicidir:

“Problemi yaradan ilk səbəb yaşayış tərzidir. Digər önəmli səbəblər düzgün qidalanmama və stressdir. Bu, cəmiyyətin özündən asılı olan məsələdir. KİV-in rolu, aidiyyəti orqanların effektiv təsiredici mexanizmlərinin istifadəsi çox vacibdir. O cümlədən şəkər və təzyiq də nəzarət altında saxlanmalıdır. Bu xəstəliklər xəstəxanada deyil, ambulator olaraq təqib olunur. Bu xəstəliklərin gedişatına görə icbari tibbi sığortanın imkanları daxilində xüsusilə təzyiq və xroniki xəstəliklərə qarşı vətəndaşların dərman preparatları ilə təmin olunması da gələcəkdə müsbət amil kimi Azərbaycanın beynəlxalq statistikada daha aşağı sıralarda yer almasına şərait yarada bilər.  Bugünkü statistika əvvəlki illərin hesablamaları nəticəsində ortaya çıxıb. Qeyd etmək istəyirəm ki, ürək-damar xəstəlikləri ilə mübarizədə Azərbaycanda ciddi islahatlar həyata keçirilir. Nəticə isə önümüzdəki illərdə daha aydın görünəcək. Bunun beynəlxalq statistikalara da öz təsirini göstərəcəyinə əminəm. Düşünürəm ki icbari tibbi sığortanın tətbiqi və ümumilikdə tibb sahəsində həyata keçirilən islahatlarla nəticə daha təsirli olacaq. Əlbəttə ki, bu xəstəliklər təkcə, ürək-damar xəstəlikləri üçün deyil, ümumiyyətlə, bədəndə eyni risklərlə yaranan onkoloji xəstəliklərin azalmasına səbəb olacaq. Xüsusilə orta yaş ömrü artdıqca alzeimer və bir çox nevroloji xəstəliklər, insultun azalmasına gətirib çıxaracaq. Problemin səbəbləri bəllidir, həlli üçün aidiyyəti orqanlar müvafiq tədbirlər görürlər”.  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10