İsrailli tarixçi: "bu həftə yüzlərlə dəfn mərasimi olacaq"
Son bir neçə gündə dünyanın diqqəti İsrailə yönəlib və bu da başadüşüləndir.
Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov HƏMAS-ın mülki İsrail sakinlərinə qarşı törətdiyi terror aktlarını kəskin şəkildə pisləyib.
“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqlarda qalmağa məcburuq. Mən dinc əhaliyə qarşı kortəbii şəkildə raket hücumlarını və terror hücumlarını pisləyirəm. Mən mülki əhalinin, o cümlədən qadın və uşaqların girov götürülməsindən, onların terrorçular tərəfindən zorakılığa məruz qalması və onlarla çox pis davranılmasından dəhşətə gəlmişəm. Bütün suveren dövlətlər kimi, İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, – səfir “X” sosial şəbəkəsində yazıb.
“Reuters” agentliyi öz mənbələrinə istinadən bu ağlasığmaz hücumun necə mümkün olduğunu yazır. Öncə qeyd olunur ki, HƏMAS hərəkatı öz dəhşətli planlarını iki il ərzində uğurla gizlədə bilib.
Ciddi şəkildə ört-basdır edilən əməliyyat İsrail hərbçilərini HƏMAS silahlılarının müharibə istəmədiyinə inandırmağa yönəldilib və bu da İsraili qəfil yaxalamağa kömək edib. Terrorçular çox zaman hamının gözü önündə təlim keçiblər və hücumlara hazırlaşıblar, amma İsrail hakimiyyəti əmin imiş ki, HƏMAS müharibədən yorulub və iqtisadi problemlərin həlli ilə məşğuldur. Terrorçulara yaxın mənbə agentliyə açıqlamasında deyib: “HƏMAS döyüşməyə hazır olmadığı təəssüratı yaradıb”.
Hücuma hazırlaşan yaraqlılar Qəzza zolağında hətta İsrail yaşayış məntəqəsinin surətini tikiblər, orada desant atmaq və hücum məşqləri keçiriblər. HƏMAS-a yaxın mənbə “Reuters”ə bildirib ki, hazırlıqlar videoya da çəkilib.
Eyni zamanda, HƏMAS İsraili inandırmağa çalışıb ki, o, müharibəyə başlamaqdansa, Qəzzada yaşayan adamlara xaricdə işləmək imkanı yaratmaqda daha çox maraqlıdır. Hərəkat öz məqsədinə nail olub.
2021-ci ildə vəziyyətin növbəti dəfə gərginləşməsindən sonra İsrail Qəzzada iqtisadi sabitliyin əsas səviyyəsini təmin etməyə çalışıb, o cümlədən anklav sakinlərinə əmək haqqının dəfələrlə yüksək olduğu İsraildə və ya İordan çayının qərb sahilində işləmək hüququ verib.
“Biz düşündük ki, onların işə İsrailə gələrək pul qazanması və onu Qəzzaya aparması müəyyən sakitlik səviyyəsi yaradacaq. Biz yanıldıq”, – İsrail ordusunun sözçüsü “Reuters” ilə söhbətində deyib.
HƏMAS son iki il ərzində İsrailə qarşı təcavüzdən çəkinib və “İslami Cihad”ın fəal hərəkətlərini dəstəkləməyib. Bu, “İslami Cihad”ın tənqidinə səbəb olub, lakin HƏMAS-ın müharibə istəmədiyi təəssüratı yaradıb.
Hərəkat həmçinin gözlənilən hücumla bağlı məlumat sızmasının qarşısını ala bilib. “Reuters”in məlumatına görə, HƏMAS liderlərinin çoxu bu planlardan xəbərsiz olub, hücumda iştirak etmək üçün cəlb edilən 1000 döyüşçünün isə təlim zamanı onun dəqiq hədəfi barədə heç bir bilgisi olmayıb.
Həqiqətən də, ilk baxışdan da görünür ki, bu hücum ciddi və hərtərəfli hazırlıq olmadan baş verə bilməzdi. Bəs görəsən, HƏMAS və Hizbullah İsrailə niyə indi hücum etmək qərarına gəliblər? Bəlkə onları buna kimlərsə vadar edib? Müharibənin başlamasının arxasında hansı qüvvələr dayana bilər? Bu hücumun məqsədi nədir? Şübhə yoxdur ki, İsrail bunun öhdəsindən gələcək, amma bu, nə qədər vaxt aparacaq, hələ nə qədər qurbanlar olacaq.
Tarixçi və jurnalist Şimon Briman (İsrail) baş verənlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşməyə razılaşıb.
O, ilk növbədə bunun necə mümkün olduğu barədə danışır: “Hazırda minlərlə və on minlərlə israilli bu sualı verir, müzakirə edir və hökumətindən cavab tələb edir. Mən sadəcə əminəm ki, bu müharibənin sonunda hərtərəfli təhlil üçün dövlət komissiyası yaradılacaq, günahkarlar tapılacaq və həm kəşfiyyatımızın, həm də xüsusi xidmət orqanlarımızın böyük uğursuzluğunun bütün səbəbləri üzə çıxacaq”.
Jurnalistin sözlərinə görə, müharibədən bir neçə gün sonra görünən odur ki, bu, sadəcə olaraq, hasarın kütləvi şəkildə yarılması olub. “Elə bir hasarın ki, bütün əvvəlki illərdə həmişə üç eşelon qoşun tərəfindən diqqətlə qorunub, elektron cihazlarla, hətta quşun və ya heyvanın da ən kiçik yaxınlaşmasını aşkar edən sensorlarla təchiz edilib. Bunkerlərdə kompüter arxasında oturan və hər biri bu hasarın bir hissəsini müşahidə edən qadın müşahidəçilərinin danışdığı çoxsaylı hadisələr var: onlar hasara sürünərək yaxınlaşan terrorçuları görən kimi həyəcan düyməsini basırlar və dərhal hasarda quraşdırılan pulemyotlar işə düşür və onları məhv edir. Yəni, təbii sual yaranır – necə ola bilərdi ki, yüzlərlə terrorçu belə hasara yaxınlaşa bilir, hətta traktor və maşınlarda onun arasından keçir? Bu, qeyri-adi bir hadisədir, bu, sadəcə olaraq təsadüfən baş verə bilməzdi”, – Briman deyir.
O bildirir ki, versiyalardan birinə görə, bu, lazımi anda bu hasarın kibertəhlükəsizlik sistemini sındıran, sensorları söndürən və HƏMAS terrorçularının içəri keçməsinə imkan yaradan iranlı hakerlərin təxribatıdır.
“The Wall Street Journal da yazır ki, bunun arxasında İran dayanır. Bildirilir ki, bir həftə əvvəl iranlıların himayəsi altında toplantı olub və bu toplantıda HƏMAS və Hizbullah nümayəndələri İsrailə belə bir hücumu müzakirə edib və planlaşdırıblar.
Niyə məhz indi? Düşünürəm ki, bunun səbəbi ABŞ-ın və şəxsən prezident Baydenin dəstəyi ilə İsrail və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlar və əldə edilən irəliləyişdir (qeyd – Səudiyyə Ərəbistanı artıq İsrailə danışıqlar prosesindən çıxdığını bildirib). Yəni, ölkələr arasında sülh sazişinin bağlanması ilə bağlı bəzi variantların mümkün olması müzakirə olunurdu. Və belə bir razılaşma bütün Yaxın Şərqdə, bütün regionda vəziyyəti kökündən dəyişə bilərdi. Yəni, ərəb-islam dünyasının belə mühüm ölkəsi İsraillə sülh imzalayanda, bu, digər ərəb dövlətləri üçün nümunə olur. Bütün bunlar İran rəhbərliyində həddindən artıq böyük qəzəb doğururdu və bu da hücuma səbəb oldu.
Həmçinin, geosiyasət baxımından xatırlaya bilərik ki, bir neçə həftə əvvəl prezident Bayden bütün Avrasiyaya təsir edəcək qlobal konsepsiya təqdim etdi – Hindistan və Avropa arasında malların ötürülməsi üçün nəhəng nəqliyyat dəhlizinin yaradılması. Və bu dəhlizin çox mühüm tranzit nöqtəsi var – İsrail. Bu vəziyyətdə itirənlərdən biri Çin olacaqdı. Mən ehtimal edirəm ki, burada İran-Çin-Rusiya əlaqəsi də rol oynaya bilərdi.
Rusiyadan danışarkən xatırlayaq ki, HƏMAS-ın siyasi rəhbərliyi orada çox əziz qonaqdır. Moskvaya gələn hərəkat liderləri Xarici İşlər Nazirliyinin rəhbəri Lavrovu qucaqlayır, orada bəzi müzakirələrin qanuni iştirakçısına çevrilirlər. Və belə bir əlaqəni görəndə və nəzərə alsaq ki, İsrailə hücum Putinin ad günündə baş verib, o zaman ümumilikdə belə maraqlı birləşmə yaranır ki, dünyanın şər qüvvələri bir-birini necə yaxşı tapır və birgə fəaliyyət üçün birləşirlər.
Rusiyadan söz düşmüşkən, bu hücum niyə Putin rejiminə sərf edə bilərdi? Birincisi, İsrailin Ukraynaya verdiyi dəstəyə görə Moskvada çoxdan hiddət yaranıb. Bu dəstək hərbi deyil – humanitar, siyasi, tibbidir. Bundan əlavə, İsrail hazırda Kiyev və onun ətrafında raket hücumları üçün erkən xəbərdarlıq sistemini quraşdırır. Bu sistem yaxın həftələrdə işə düşməlidir. Bütün bunlar isə Rusiya rəhbərliyinin nifrətinə səbəb olur.
Bundan əlavə, İsrail öz yataqlarından Cənubi Avropaya qaz tədarükü planları hazırlayır. Və məncə, Rusiya rəhbərliyi bunun bir növ Rusiya qazını əvəz edə bilməsi faktını da nəzərə alır.
Budur, son 2-3 gün ərzində biz gördük ki, Rusiya KİV-ləri, sosial şəbəkələri, onların şərhçiləri və psevdoekspertləri İsraildə baş verən faciə səbəbindən sözün əsl mənasında ilə xoşbəxtdirlər. Yəni, onlar açıq şəkildə sevinirlər və açıq mətnlə yazırlar – bu, Ukraynaya dəstəyinizə görədir.
Bu hücum bütün İsrail cəmiyyəti üçün böyük bir şok oldu. Mülki əhali arasında itkilərin bu səviyyəsi bizim kiçik ölkəmiz üçün ağlasığmaz bir şeydir. Belə bir meqa-terror hücumu İsrail tarixində heç vaxt baş verməyib və biz elə bir vəziyyətlə üzləşmişik ki, cəmiyyətimiz şok yaşayır, ondan daha güclü çıxacaq, bütün təhlükəsizlik konsepsiyalarına yenidən baxacaq və bəlkə də qonşuları və ordusuna münasibətini yenidən nəzərdən keçirəcək. Yəni, təhlükəsizlik sahəsində çox ciddi dəyişikliklər olacaq. Və tamamilə mümkündür ki, bu müharibə bitəndən sonra siyasi rəhbərlikdə dəyişikliklər olsun, çünki xalq bu böyük uğursuzluğu, indiki hakimiyyəti asanlıqla bağışlamayacaq. Belə bir faciəyə səbəb olan bütün səbəblərin çox ciddi təhlili aparılacaq.
Hələlik isə bir çox dostlarım və qonşularım səfərbər oldular, ailələrini, uşaqlarını tərk edərək, orduya qatıldılar və bu günlərdə Qəzza zolağında HƏMAS-ı məhv etmək üçün böyük quru əməliyyatı başlayacağını düşünürəm. Təəssüf ki, sektorun sakinləri bu terror təşkilatını tam dəstəkləyir və İsraillə sülh şəraitində yaşamaq və iqtisadi əməkdaşlığın bütün faydaları almaq əvəzinə (İsrail Qəzza ilə sərhəddə sənaye zonaları inşa edib, sektor Aralıq dənizinin gözəl sahilində yerləşir, qumlu çimərlikləri fransız Rivierasından daha keyfiyyətlidir), ətrafdakı hər şeyi cəhənnəmə çevirdilər və bütün resurslarını yəhudilərə nifrət etməyə və mülki insanları məhv etməyə yönəltdilər. Oğurlanmış insanlar, girovlar böyük faciədir – onların arasında uşaqlar və qadınlar da var. İsrail cəmiyyəti hələ bütün ağrıları hiss etməyib, bizi zülmət günlər gözləyir. Bu həftə yüzlərlə dəfn mərasimi olacaq. Biz İsrail tarixinin ən faciəli səhifələrindən biri ilə qarşı-qarşıyayıq, lakin mən əminəm ki, biz bundan sağ çıxacağıq və ondan daha güclü çıxacağıq”, – deyə Şimon Briman yekunlaşdırıb.
Rauf Orucov