Ermənistanın yeni uydurmasının arxasında hansı təhlükə durur?
Qarabağ uğrunda savaş böyük ölçüdə başa çatıb. Bundan sonra Qarabağ ərazisində artıq aktiv döyüş əməliyyatları olmayacaq. Amma…
Müharibənin başa çatmasının məntiqi sonluğu da var: antiterror əməliyyatı başa çatandan 5 gün (zamana diqqət edək) sonra bölgədən böyük köç başladı. Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycan bayrağı altında yaşamaq istəməyən erməni sakinlər ərazimizi tərk etdilər. Daha doğrusu, erməni əhalinin təxminən 99 faizi. Yəni, Qarabağın erməni əhalisinin Azərbaycan ərazisini tam olaraq tərk etdiyini söyləmək olar.
Bundan sonra ortaya daha böyük sual çıxdı: Azərbaycanı tərk edənlərin ümumi sayı nə qədərdir? Hələ müharibədən əvvəl erməni mənbələri bütün dünyaya Qarabağda 120 min erməninin yaşadığını car çəkirdilər. Son zamanlar isə bu rəqəmi bir qədər də artıraraq, 150 minə çatdırıblar. Məsələn, Ermənistanın “infoteka24” saytı və “Telegram” kanalı 2020-ci il 27 sentyabrdan etibarən 150 min erməninin (!) Azərbaycandan çıxdığını iddia edir. Ermənistanın yaydığı rəsmi məlumata görə isə son günlər Azərbaycanı 100 min, daha dəqiqi, 100 min 514 erməni tərk edib… Və bu rəqəm Azərbaycan ictimaiyyətinin və ekspert dairələrinin haqlı narazılığına səbəb olub.
Yuxarıda, ermənilərin köçünün antiterror əməliyyatı başa çatandan 5 gün sonra başladığını qeyd etmişdik. Ermənilərin ilk köçü də bazar günü – sentyabrın 24-ü axşam saatlarında başladı. Amma həmin axşam Qarabağı xüsusi təşkil edilmiş bir neçə avtobusda cəmi 100-150-yə yaxın şəxs tərk etmişdi. Sentyabrın 25-i səhər saatlarından isə ermənilərin öz avtomobillərində Laçın yolu vasitəsilə Ermənistana keçməsinə icazə verildi. Köç cümə günü – 29 sentyabr axşam saatlarında başa çatdı. Sentyabrın 30-da və oktyabrın 1-də isə Qarabağı cəmi 100-ə yaxın adam tərk edib.
Azərbaycanı tərk edən ermənilərlə bağlı bəsit riyazi hesablama aparılıb və bu hesablamaya diqqət yetirək. Beləliklə, Ermənistan tərəfi iddia edir ki, 100 min erməni Qarabağı 5 günə tərk edib. Laçın keçid-buraxılış məntəqəsinin gecə-gündüz işlədiyi iddiasını qəbul etsək, ermənilər Azərbaycan ərazisini 120 saata (5×24=120) tərk ediblər. 100 min nəfəri 120 saata böldükdə isə belə çıxır ki, hər dəqiqə Laçın keçid-buraxılış məntəqəsindən 14 nəfər (!) keçib. Yəni, ermənilərin avtomobilləri ümumiyyətlə, keçid-buraxılış məntəqlərində dayanmayıblar? Amma çoxsaylı videoçəkilişlərdə də Azərbaycan sərhədçilərinin avtomobilləri saxladıqları, hər maşının içinə baxış keçirdikləri, yük yerini açdıraraq yoxladıqları və sürücü ilə söhbət etdiklərini görmüşük.
Ən bəsit hesablamalar da Qarabağı ən çoxu 35-40 min nəfərin tərk etdiyini göstərir. Yəni, içində 5 nəfər olan bir avtomobilin keçidini 1 dəqiqədən götürsək, bu rəqəm 36 mini aşmır. Daha dəqiq olması üçün: 120 saatda 7200 dəqiqə var və hər dəqiqə 5 nəfər keçsə, bu, 36 min adam edir. Onda ermənilər bu 100 min rəqəmini niyə uydururlar və necə istifadə etmək niyyətindədirlər?
Və prosesin ən maraqlı və Azərbaycan üçün ağrılı ola biləcək tərəfi də buradadır.
Maraqlı tərəfi: Ermənistan hökuməti artıq dövlət büdcəsindən bu insanların hər biri üçün 100 min dram yardım ayırıb. Həqiqətdə 35-40 min adam olsa da, yardım 100 min üçün ayrılacaq. Korrupsiya, yeyinti miqdarını təsəvvür etmək çətin deyil.
Eyni zamanda, xarici ölkələrdəki erməni lobbisi, müxtəlif humanitar təşkilatlar, eləcə də ən müxtəlif ölkələr (ABŞ, Fransa, Kanada, Avropa Birliyi və s.) Qarabağı tərk edən ermənilər üçün Ermənistan hökumətinə yardım ayırmağa başlayıb və bu yardım uzun müddət davam edəcək. Beləliklə, vəsait 35-40 min erməni əvəzinə 100 min üçün ayrılacaq və bu da yüz milyonlarla vəsait deməkdir.
Ermənilərin 100 minlik nağılı Azərbaycan üçün də başağrısına çevrilə bilər. Məsələn, qətiyyən istisna deyil ki, bir gün onlar yenidən Qarabağa qayıtmaq məsələsini qaldırsınlar və bu zaman “yurd-yuvasından didərgin düşmüş 100 min erməni” məsələsini qoyacaqlar.
Paralel olaraq, Ermənistan hökumətinin beynəlxalq məhkəmələrə də bu rəqəmlə çıxacağını gözləmək lazımdır. Artıq rəsmi İrəvan Qarabağdan köçən ermənilərlə bağlı Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək, Azərbaycandan şikayət edib. Belə şikayətlərin, iddiaların, təzminat tələblərinin sayı-hesabı olmayacaq. Və hər dəfə də Azərbaycan “100 min qaçqın” iddiası ilə üz-üzə qalacaq.
Azərbaycanlılar isə hələ də Dövlət Sərhəd Xidmətinin Qarabağı nə qədər erməninin tərk etdiyi ilə bağlı açıqlamasını gözləyir. Bu, sadə maraqdan başqa, dövlətimizin gələcək uydurmaların qarşısını alması baxımından vacibdir.
Hələlik isə müdafiə olunuruq…
Press Klub