Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan hakimiyyətdə qalsa, sülh olacaq


Qərb masası yenidən qurulur, Rusiya nə edəcək...

Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edəcək. ABŞ, Avropa İttifaqı ilə rəsmi Bakı arasında Laçın yolu, Qarabağda “humanitar böhran”a görə yaranmış gərginlik prosesə mane olmadı. Tərəflər müzakirələri davam etdirməkdə qərarlıdırlar. Erməni mediasının yazdığına görə, sentyabrın 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşəcək. 

Görüşdə məqsəd dövlət başçılarının oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçiriləcək görüşünə hazırlıqdır. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi müzakirə olunacaq.

Prezident İlham Əliyev Qarabağda keçirilən antiterror əməliyyatları ilə bağlı xalqa müraciətində Ermənistanla sülh sazişinin imzalanmasına maneələrin aradan qalxdığını bildirib. Baş nazir Nikol Paşinyan da eyni mövqe nümayiş etdirib, ilin sonuna qədər sazişə imza atılmasını mümkün sayıb.  

Ermənistan parlamentinin spikeri Alen Simonyan da bu gün yerli mətbuata bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır. O, qeyd edib ki, İlham Əliyevlə Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür.

Spikerin sözlərinə görə, rəsmi İrəvan çox istəyir ki, bu məsələdə irəliyə doğru addım atılsın. “Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq”, – Alen Simonyan bildirib.

Ötən ildən başlayan sülh danışıqları, Brüsseldə və ABŞ-da keçirilmiş danışıqlarda geniş müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, tərəflər sazişin 70 faizini razılaşdırıblar. Əsas fikir ayrılığı Qarabağ erməniləri ilə bağlı məsələnin sazişə salınmasıdır. 

Ermənistan tələb edirdi ki, Azərbaycan sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlərlə tənzimlənməsinə təminat verən öhdəlik götürməlidir.

Azərbaycan isə bu məsələnin ancaq ölkə Konstitusiyasına uyğun olaraq, kənar vasitəçilərin, mexanizmlərin iştirakı olmadan tənzimlənməsini istəyirdi.

Sentyabrın 19-da Qarabağda keçirilmiş antiterror əməliyyatlar əsas fikir ayrılığını aradan qaldırıb. Qarabağın erməni icması Azərbaycanın tələb etdiyi şərtlər daxilində danışıqlara razılaşıb və Yevlaxda ilk görüş baş tutub. Əliyev və Paşinyan da bunu nəzərdə tutaraq, sülhə artıq ciddi maneənin qalmadığını bildiriblər.

Beləliklə, Qərb masasında sülh əldə oluna bilər. Maraqlıdır, bəs Rusiyanın mövqeyi necə olacaq? Moskva Qərb paytaxtlarında imzalanacaq sazişi regiondakı siyasi nüfuzuna zərbə kimi qiymətləndirməyəcək ki?

Əlbəttə, Rusiya rəhbərliyi Azərbaycan-Ermənistan sülhünün imzalanmasını istəmir. Kreml çalışır ki, regionda münaqişə, onunla bağlı imzalanmış üçtərəfli format qalsın. Sülhə mane olmaq mümkün deyilsə, onun Moskvada, Soçidə imzalanmasını istəyir, bunu Prezident Putin və xarici işlər naziri Sergey Lavrov dilə gətiriblər. Amma tərəflərin mövqeyi fərqlidir.

Rəsmi Bakı bəyan edib ki, sülh razılaşmasının harada imzalanması onun üçün prinsipial əhəmiyyət daşımır, əsas məsələ müqavilənin imzalanmasıdır. 

Ermənistan isə Qərb masasında Azərbaycanla əl sıxmaq istəyir, buna öz təhlükəsizliyinin qarantı kimi baxır. Hazırda Nikol Paşinyan hökuməti ilə Moskva arasında ciddi gərginlik mövcuddur. İrəvanda hesab edirlər ki, Kreml, nəyin bahasına olursa-olsun, iqtidarı devirib, öz müttəfiqlərini hakimiyyətə gətirməyə çalışır.  

Hər halda, Paşinyan hökuməti haqsız deyil, proseslərin inkişafı göstərir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi üçün böyük resurslar sərf edib. Belə çıxır ki, məqsədlərdən biri də Azərbaycanla sülh razılaşmasının qarşısını almaqdır…/pressklub 

Turqut 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10