Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad. BƏCİRƏVAN YAŞAYIŞ YERİ ABİDƏSİ


A.A.Bakıxanov adı qeyd olunan əsərində yazır: “Xosrov Pərviz atasından qorxub Azərbaycana gəldi.

   Cenub.az.tıqdim edir:

Bəcirəvan qədim yaşayış yeri Cəlilabad rayonunun ərazisində mövcud olmuşdur. Tarixi “Dərbəndnamə”nin müəllifi Bəcirəvanın Muğanda ən böyük şəhər olduğunu göstərir. A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qədim mənbələrə əsaslanaraq Muğanda olan bir çox şəhərlərin, o cümlədən, Həməşəra, Muğan, Bərzənd, Bəcirəvan, Biləsuvar və d. adlarını çəkir. 

    A.A.Bakıxanov adı qeyd olunan əsərində yazır: “Xosrov Pərviz atasından qorxub Azərbaycana gəldi. Muğan və Bəcirəvanda (rus dilində Badjarvan yazılmışdır – İ.Ş.) olduğu zaman Bərdə hökmdarı Mihinbanu gəlib onu Bərdəyə apardı və ona qonaqpərvərlik etdi” (rus dilində. B.,1991, səh.47). 

Qeyd edək ki, Xosrov Pərviz Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (hakimiyyət illəri 531-579) oğludur. O, 591-628-ci illərdə Sasani hökmdarı olmuşdur. Bu fakt Bəcirəvanın hələ Xosrovdan da xeyli qabaq abad bir yer olduğunu və Muğan ərazisində yerləşdiyini göstərir. Bəcirəvanın konkret olaraq yerləşdiyi coğrafi mövqeyi haqqında Səidəli Kazımbəyoğlu 1869-cu ildə qələmə aldığı “Cavahirnameyi-Lənkəran” (diğər adı “Səidiyyə”) kitabında yazmışdır: “Hal-hazırda viranələri qalan Bəcirəvan şəhəri haqqında mötəbər kitablardan olan, “Zinətül-məcalis” kitabında rəvayət olunmuşdur ki, Bəcirəvan Muğan vilayətinin qədim şəhərlərindən olmuşdur... Göytəpə çayının üstündə olan Bəcirəvan kəndi xarabazara çevrilən qədim Bəcirəvan şəhəri deyil, əksinə bu kənddə yaşayanlar qədim şəhər xarabazara çevriləndən sonra hər tərəfə səpələnən bəcirəvanlıların bir qrupunun toplaşaraq bu məkanı özlərinə vətən seçib, məskən saldıqları yeri Bəcirəvan adı ilə əbədiləşdirmişlər. Qədim Bəcirəvan isə Ucarudun qərb tərəfində Xoruslu dağının qərbində yerləşir” (B.,2005, səh.123).

    Tarixi mənbələrə görə, Bəcirəvan şəhəri möhtəşəm qala içərisində olub. Onun xarabalıqları indi də qalır. Buradan çoxlu ox ucları, qılınclar, naxışlı saxsı qablar, bəzək əşyaları tapılmışdır. 1991-ci ildə burada aparılmış qazıntı zamanı küp qəbirlər aşkar edilmişdir ki, bu da bizə İslamdan əvvəlki adət-ənənədən xəbər verir. Buradan Xəzər dənizinə kimi 15 təpə var. Bunların dənizlə bağlı giriş-çıxış və müşahidə məqsədilə tikildiyi güman edilir (M.Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B.,2014, səh.88).

    Həmdulla Qəzvininin “Nüzxət əl-klub” əsərinə istinad edən tədqiqatçı-jurnalist Sabir Nəsiroğlu yazır: “Bəcirəvan Muğanın ən böyük şəhərlərindən olmuşdur. XIII əsrdə monqolların hücumu nəticəsində viran edilmiş və sonralar abadlaşaraq kəndə çevrilmişdir” (Muğan salnaməsi. B.,2014, səh.550). 

     Azərbaycanın XV əsr siyası xəritəsində Bəcirəvan şəhərinin də adı qeyd olunmuşdur.Hal-hazırda Cəlilabad rayonunda Bəcirəvan kənd adıdır. Kənd rayonun cənub-şərqində, Göytəpə şəhərinin yaxınlığında, Masallı rayonu ilə həmsərhəd ərazidə yerləşir. Komanlı kənd inzibati ərazi dairəsinə daxil olan Bəcirəvan kəndinin əhalisi 3 min nəfərə yaxındır.

    Qeyd edək ki, respublikamızda Bəcirəvan adında üç kənd vardır ki, bu kəndlər də müvafiq olaraq Bərdə, Cəlilabad və İmişli rayonlarında yerləşir.


                                                                              cenub.az İldırım ŞÜKÜRZADƏ, 

    Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10