Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mülkilərin arxasında gizlənən və təslim olmayan “mübarizlər” - Onları necə zərərsizləşdirək?


Hərbi jurnalist: “İkinci Qarabağ müharibəsi, ondan sonra keçirilən bir neçə əməliyyat göstərdi ki, həmin qruplarla ancaq hərbi güc dilində danışmaq lazımdır”

Azərbaycan Ordusunun Qarabağda sentyabrın 19-da başlatdığı və bir sutkadan sonra qondarma xunta rejiminin təslim olması ilə nəticələnən lokal antiterror tədbirləri bitdikdən sonra qanunsuz erməni silahlıları silah-sursatlarını təhvil verməyə başlayıblar. Silah-sursat və hərbi texnikanın təhvili prosesi bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin iştirakı ilə həyata keçirilir. Sentyabrın 21-dən başlayan proses hələ də davam etməkdədir. Bəzi ərazilərdə Ermənistan silahlı qüvvələrinin əsgərləri silahlarını mövqelərdə qoyub bölgəni tərk edirlər. Bu günədək xeyli silah-sursat, hərbi texnika Azərbaycan Ordusu tərəfindən müsadirə edilib.

Bununla yanaşı, qondarma rejimin qanunsuz silahlı dəstələri arasında silahı təhvil verməkdən imtina edənlər, “sonadək döyüşəcəyik” bəyanatı səsləndirənlər də var. Eyni zamanda, daha bir məlumata görə, təslimlə razılaşmayan qruplar Qarabağda yaşayan mülki erməni sakinlərini girov götürüblər. Onlar mülkilərin arxasında gizlənərək “mübarizəni” davam etdirəcəklərini bildirirlər.

Azərbaycan tərəfi silahı təhvil verib çıxanlara qarşı amnistiyadan istifadə ediləcəyini, təslimlə razılaşmayanların isə cəzalandırılacağını bəyan edib.

Silah-sursatın təhvili, təslim olmaqla razılaşmayanlarla məsələnin necə və hansı formada yoluna qoyulacağı, onların bölgə üçün nə qədər təhklükəli olub-olmaması, növbəti əməliyyatın başlayıb-başlamayacağı barədə bir çox suallar var. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, artıq darmadağın edilən xunta rejiminin daxilində əvvəldən də ciddi qruplaşmalar var idi:

- İkinci Qarabağ müharibəsindən sonra bir araşdırma aparmışdım. Faktlara əsasən məlumatlar əldə etdim ki, qondarma rejimin “müdafiə ordusu” adlandırdıqları “ordunun alaylarının” yeddisinin komandiri fransızdır. Onlar hətta 44 günlük müharibədən sonra xunta rejiminin keçmiş “rəhbəri” Araik Arutunyanı döymüşdülər. Demək istədiyim odur ki, Qarabağdakı qondarma rejim daxilində fərqli qruplar var və onlar sırf erməni separatçılarından ibarət deyil. Fərqli qruplar var ki, onlar fərqli ölkələrin, dairələrin maraqlarını təmsil edirlər. Fəqrli qüvvələrin fərqli maraqlarını təmsil etdikləri üçün təslimə də fərqli yanaşırlar.

- Fərqli yanaşma dedikdə nəyi nəzərdə tutursunuz?:

- Məsələn, Azərbaycanın Qarabağda 24 saat ərzində keçirdiyi lokal antiterror tədbirləri bitdikdən dərhal sonra bəzi istiqamətlərdə ermənilər sakit şəkildə silahlarını mövqelərdə qoyub çəkildilər. Heç onlar silahlarını təhvil də vermədilər, bir növ, atıb qaçdılar. Amma bəzi istiqamətlərdə antiterror əməliyyatları dayanandan sonra da atəşkəsi pozdular, müqavimət göstərməyə başladılar. “Biz təslimçiliyi qəbul etmirik, sonadək döyüşəcəyik” kimi bəyanat səsləndirənlər oldu. Azərbaycan Ordusu da məcbur olub əməliyyatlar keçirdi.

İndi Xankəndidə hansısa qrupların orada yaşayan sadə erməni sakinlərini girov götürməsi mümkündür. Onlar mülki erməniləri özlərini sığortalamaq üçün girov götürə bilərlər. Onsuz da uzun zaman idi ki, erməni silahlıları əhalinin arxasında gizlənmişdilər. Hətta lokal antiterror tədbirləri zamanı da bu faktlar ortaya çıxdı. Əməliyyatla bağlı videokadrlara diqqətlə baxsaq, görərik ki, ağır hərbi texnikanı, artilleriya qurğularını kəndlərin ortasına, mülki sakinlərin yaşadığı ərazilərə yerləşdirmişdilər. Kənddə yerləşdirmədikləri texnikanın yanına isə mülki maşınlar yerləşdirmişdilər. Bununla onlar özlərini Azərbaycan Ordusunun zərbələrindən sığortalayırdılar. Bilirdilər ki, Azərbaycan Ordusu mülki əhalini onlardan fərqli olaraq, atəşə tutmur. 

O qruplar mülki insanları yox, öz maraqlarını düşünürlər. İndi də maraqlarına uyğun şəkildə mülki erməniləri girov götürüblər. Hesab edirəm ki, Azərbaycan bu məsələni tezliklə yoluna qoymalıdır, əlindəki imkanlardan maksimum istifadə etməlidir.

- Hansı formada?

- O qruplara konkret vaxt verilməlidir və o vaxtın tamamını gözləməlidir. O zamanadək həmin qruplar silahlarını verməsələr, təslim olmasalar, o zaman hərəkətə keçilməlidir. Hədəflər dəqiq müəyyənləşdirilməli və həmin terrorçu qruplar zərərsizləşdirilməlidir. Başqa yol yoxdur. Əgər Azərbaycan gözləmə mövqeyi tutsa, onlar zaman qazanacaqlar. Sonra da hansısa xarici havadarları peyda olacaq, kimlərsə nələrsə deyəcək, Azərbaycana təzyiq siyasəti işə düşəcək. Ona görə də terrorçulara konkret vaxt verilməli, verilən vaxt bitən kimi əməliyyat başlamalıdır. Onsuz da Azərbaycan Ordusu yerindədir və əmr gözləyir. Başqa variant yoxdur.

Görünən odur ki, həmin terrorçu qruplar danışıqlardan, diplomatik dildən anlamırlar. İkinci Qarabağ müharibəsi, ondan sonra keçirilən bir neçə əməliyyat göstərdi ki, həmin qruplarla ancaq hərbi güc dilində danışmaq lazımdır.  Azərbaycan tərəfi onları masaya oturda bilməyəcək. Ümumiyyətlə, onlar nəinki masanı, heç Azərbaycanı qəbul etmirlər. Bu qrupa sadəcə vaxt vermək, başa düşməyəcəklərsə, zərbə endirmək lazımdır.

- Təcrübədən də görmüşük, indi də görürük ki, erməni silahlıları əraziləri tərk edərkən minalama işləri həyata keçirirlər. Ağdərəni tərk edərkən əraziləri minaladıqlarının görüntüləri var. Bundan zərər çəkməmək üçün nə etməliyik?

- Təbii ki, gələcəkdə həmin ərazilərin minalardan təmizlənməsi işləri həyata keçiriləcək. Amma biz bir qədər hissə qapılan millətik. Məsələn, 44 günlük müharibədən sonra bizim mülki vətəndaşlarımız ən çox minalara məzarlıqlarda düşdülər, orada yaralandılar. Ermənilər də bilirlər ki, biz qəbirin harasında dayanırıq, minaları da oraya basdırırlar. Son dərəcə diqqətli olmalıyıq, xəbərdarlıqlara əməl etməliyik, hissi davranmamalıyıq. Azərbaycanın əlində kifayət qədər mina təmizləyən texnikası var, imkanları mövcuddur. Azərbaycan son üç il ərzində demək olar ki, mina təmizləmə sahəsində təcrübə yığıb və ciddi nəticələr əldə edib. Qaydalara əməl edilərsə, çox zərər görməyəcəyik. Lakin təbii ki, problemlər də yaşayanacaq./ayna az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10