Növbəti parlament seçkiləri qarışıq sistemlə keçirilə bilər?
Bir neçə gün əvvəl REAL sədri İlqar Məmmədov özünün sosial media hesabında Azərbaycanda bir sıra seçki dairələrinin ləğv olunacağını və yenilərinin yaradılacağını bildirib. Partiya sədri ləğv ediləcək 3 seçki dairəsinin adını açıqlamışdı.
Onun sözlərinə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi (bu dairədən Əli Məsimli deputat seçilib) 76 saylı Lənkəran-Astara seçki dairəsi (bu dairənin deputatı Ziyafət Əsgərovdur) və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi (Fəzail İbrahimli) ləğv ediləcək. Partiya sədri iddia edib ki, Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq. “Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi”, - o vurğulayıb.
Mərkəzi Seçki Komissiyasının son iclasında İ.Məmmədovun xəbəri təsdiqlənib. Belə ki, MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi iclasda seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair qərar verilib. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır: “Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb”.
Məzahir Pənahov isə nəzərə çatdırıb ki, seçicilərin orta təmsilçilik norması 41 mindən 50 minə qədər artdığı üçün seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə ehtiyac yaranıb. MSK sədri bildirib ki, əsasən Bakı, Sumqayıt və Abşeronda seçici sayı çox olduğundan yeni seçki dairələri yaradılır. MSK sədri qeyd edib ki, növbəti mərhələdə dairə seçki komissiyaları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişmir. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi olacaq. Bir müddətdir ki, belə rəylər vardı ki, referendumla deputat yerlərinin sayı 150-dək artırılacaq. Amma artıq demək mümkündür ki, parlament seçkilərindən əvvəl referendum olmadı.
Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı proporsional seçki sistemini labüd sayır: “Bilirsiniz, dairələrin adlarının dəyişdirilməsi, məntəqə saylarının artırılması kimi məsələlərin referendum olub-olmamasına aidiyyəti yoxdur. Bu MSK-nın işidir. MSK seçicilərin dairələr üzrə bölüşdürülməsini mütəmadi olaraq dəyişir, yeniləyir. Burada da qeyri-adi bir şey yoxdur. Referendumun olub-olmayacağı bir siyasi qərardır. İlqar Məmmədovun dediyi məsələlər sırf texniki məsələlərdir. Mümkündür ki, səhəri gün referendum elan edib, deputat sayını artırsınlar. Digər tərəfdən, deputatların sayının artırılması dairələrin sayının artırılması deyil ki... Zatən burada proporsional seçki sistemindən söhbət gedir. Məsələn, 50 nəfər proporsional seçkilər yolu ilə müəyyən edilsə, burada dairə sayının artırılmasına ehtiyac qalmır. Gözlənilən odur ki, konstitusiya dəyişikliyindən sonra proporsional seçki sistemi gətirilsin. Məsələn, 25 və ya 50 deputat yeri bu sistemlə artırılacaq. Saylar ya 151, ya da 175-ə qaldırılacaq. O zaman 125 seçki dairəsini dəyişməyə bir ehtiyac qalmayacaq. 125 dairədən majoritar qaydada deputat seçiləcək, ümumi respublika üzrə isə, proporsional qaydadan 25 və ya 50 deputat seçiləcək. Düşünürəm ki, MSK-nın gördüyü işlərdən çıxış edərək, referendumun olmayacağıını iddia etmək doğru deyil. Yəni referendum ola bilər. Növbəti parlament seçkiləri qarışıq sistemlə keçirilə bilər. Daha çox siyasi qərarla bu müəyyən edilir. İndidən bu məsələləri qiymətləndirmək tezdir. Bizim də gözləntimiz odur ki, parlamentin tərkibi genişləndirilməlidir. Çünki əhali sayı artıb. Ən azından qarışıq seçki sistemi bərpa olunmalıdır. Proporsional seçki sisteminə keçid labüddür”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı da referendumdan söz açdı: “Seçki dairələrinin ləğvi deyil, əhatə etdiyi ərazilərin dəyişdirilməsindən söhbət gedə bilər. Bu da əhalinin buradan da seçicilərin sayının artması, buna uyğun yeni kvotaların müəyyənləşdirilməsi ilə bağlıdır. Normal bir prosesdir, burada sensasiya axtarmağa ehtiyac yoxdur. Seçkilər, deputat yerlərinin artırılması, proporsional və majoritar sistemlərin nisbəti və sairlə bağlı xeyli vaxtdır söhbətlər gedir. Məncə, hələ ki vaxt var, referendum keçirilə, dəyişikliklər edilə bilər. İndi seçki dairələrinin sayının saxlanılması ilə bağlı narahatlıqlar haqlıdır. Əgər əhalinin sayı artırsa, Milli Məclisdə təmsilçilik məsələsinə də baxılmalıdır. 10 milyon əhali üçün 125 deputat kifayət deyil. Burada əhalinin daha effektli təmsilçiliyi ön plana çəkilməlidir. Düşünürəm ki, hələ vaxt var, partiya və digər qurumların rəyləri nəzərə alınmaqla referendum keçirilə bilər”.
Mikayıl Rəhimov
Mərkəzi Seçki Komissiyasının da rəyini aldıq. Qurumun katibi Mikayıl Rəhimov bildirdi ki, dairə seçki komissiyalarının yenidən formalaşması ilə bağlı proseslərdə qeyri-adi heç nə yoxdur. Bilirsiniz ki, DSK-ların bu formada yaradılması hələ 1995-ci ildə konstitusiyamız qəbul olunarkən qəbul olunub və Azərbaycan 125 seçki dairəsinə bölünüb. Seçicilərin dinamik artımı yeni situasiya yaradıb. 800-dən artıq seçki məntəqəsinin yaradılması ilə bağlı MSK qərar qəbul edib. Azərbaycandakı seçicilərin yaşlarına uyğun olaraq, məntəqələr yaradılıb. İndi o məntəqələrin yaradılmasına uyğun olaraq da, dairə seçki komissiyaların cizgilərində onun qrafikini dəyişməyə ehtiyac yaranıb. Bu ehtiyacları da biz Mərkəzi Seçki Komissiyasının sonuncu iclasında həll etdik. İndi seçicilərin orta sayı təxminən 50 min ətrafındadır. Bu baxımdan müxtəlif dairələrdə seçicilərin sayı az olduğuna görə müvafiq məntəqələr digər dairələrə verilib. Bununla 7 seçki dairəsi nəticə etibarilə ləğv olunur. Seçicilər daha çox Abşeron yarmadasına aid olduğuna görə, 7 seçki dairəsi yaradılır. Bununla bağlı MSK qərar verib. İndi onun icrası ilə məşğul olunur. Qarşıda duran vəzifələri həyata keçirmək üçün 125 seçki dairəsində müvafiq qaydada seçki sayına uyğun olaraq, proseslər tənzimlənəcək".
Cavanşir ABBASLI
“Yeni Müsavat”