Dəhşətli tıxaclar şəhər təsərrüfatını da, yaşamı da iflic edir, çarə tapılmır
“Sumqayıtda yaşayıb, Bakıda oxuduğum üçün hər gün universitetə gedəndə əziyyət çəkirəm. Bakı-Sumqayıt yolunda o qədər tıxacda qalıram ki, dərsdən 2-3 saat əvvəl evdən çıxsam da, gecikdiyim vaxtlar olur. Yolun uzaqlığı bir yana, tıxaclar adamı çox yorur. Taksi ilə Sumqayıtdan “20 Yanvar”a gəlib, metroya minirəm. Metrodakı sıxlığı nə siz soruşun, nə də mən deyim. İnsanlar yaşlı, uşaq demədən bir-birini əzərək qatara minir. Hərəkət etməyə macal tapmıram, sağ olsunlar, özləri itələyib mindirir, o cür də düşürdürlər. Günümün yarıdan çoxu, bax belə, yollarda, tıxacla mübarizədə keçir…
Məncə, hər bir tələbə şəhərdən kənarda, tıxacdan uzaq, sakit yerdə oxumaq istəyər. Lakin belə olduqda, yolpulu arta bilər. Buna görə də uyğun məkandan birbaşa universitetə tələbələr üçün ayrıca nəqliyyat vasitəsi təşkil edilsə, yaxşı olar. Bu, tələbənin dərsə daha enerjili getməsinə və büdcəsinə qənaət etməyə kömək olar.
Bir şey də var ki, mərkəzdə olduğumuz üçün dərsdən sonra rahatlıqla gedib gəzə bilirik. Amma şəhər kənarında olsaq, bu alınmayacaq. Lakin hər gün əziyyət çəkməmək üçün hərdən getdiyimiz gəzintiləri qurban verə bilərik. Gəzməyi həll etmək olar, əsas tıxacın həll olunmasıdır”.
Şəhərdəki sıxlığa görə dərsə gedərkən əziyyət çəkən Bakı Slavyan Universitetinin tələbəsi Leyla Əfəndiyeva universitetlərin şəhər daxilində, lakin mərkəzdən kənara köçürülməsinin tərəfdarıdır.
“Məncə, universitetlər şəhər kənarına köçürülsə belə, yenə də tələbələr metrodan istifadəyə davam edəcək. Şəhər kənarında olması bir tərəfdən yaxşıdır, lakin yol xərci ikiqat artacaq. Şəhər kənarına avtobusların gediş haqqı 40 qəpikdən bahadır və yəqin, bir yox, bir neçə avtobusdan istifadə edəcəyik. Nəticədə tək yolpulu təxminən 5 manat olacaq. Hələ bunun yeməyi-içməyi var. İşləyən tələbələr isə məcbur işdən çıxmalı olacaq. Ona görə də fikrimcə, olduğu kimi qalsa, yaxşıdır”.
Bunu isə Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Məşədiyeva deyir. O, universitetlərin yerləşməsindən razılığını və şəhər kənarına köçürülməsinin əleyhinə olduğunu söylədi.
Son illərdə paytaxtda, xüsusən də mərkəz hissələrdə tıxaclar artıb. Həm yerüstü, həm də yeraltı nəqliyyatda dəhşətli sıxlıq olur. Əhalinin artması, yol infrastrukturunun əhali sıxlığına cavab verməməsi və ictimai nəqliyyatın azlığı böyük tıxacların yaranmasına səbəb olur. Bunlarla yanaşı, şəhərin mərkəzi hissələrində yerləşən təhsil ocaqları da sıxlığın daha çox artmasına səbəb olur. Tıxacın ən çox müşahidə edildiyi yerlərdə – metronun “20 Yanvar”, “Elmlər Akademiyası”, “28 May”, “Gənclik” stansiyaları yaxınlığında, hərəsində ən azı 2-3 ali təhsil müəssisəsi yerləşir. Bu da həm yollarda nəqliyyat vasitələrinin, həm də ictimai nəqliyyatda insanların sıxlığı ilə nəticələnir. Məlumdur ki, yol infrastrukturunun yenidən qurulması, şəhərin səliqəyə salınması çətin olduğu qədər, ali təhsil müəssisələrinin köçürülməsi də çətin məsələdir. Bütün bunlara həm müəyyən vəsait, həm də vaxt lazımdır. Lakin biz yol infrastrukturunun yenidən inşasını istəsək belə, onu reallaşdırmaq, demək olar, mümkünsüzdür. Ancaq universitetlərin köçürülməsi ideyası daha real görünür.
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov deyir ki, bəzi universitetlərin paytaxtdan kənara köçürülməsi təkcə tıxac probleminin həlli yox, təhsilin keyfiyyəti üçün də zəruridir.
“Təkcə Səməd Vurğun küçəsində orta məktəb, uşaq bağçası, ümumtəhsil məktəbi, xüsusi təhsil sinfi olan məktəblə yanaşı, iki universitet – ADU və BSU yerləşir ki, bu da həmin küçədə tıxac yaranmasını qaçılmaz edir. Buna görə də, bir sıra universitetlərin şəhər ətrafı ərazilərə köçürülməsinə zərurət yaranır. Dünyanın bir çox ölkələrində, o cümlədən də qardaş Türkiyədə universitetlərin böyük əksəriyyəti kampuslarla şəhərdən kənar ərazilərdə yerləşir. Yəni, universitetlər kampussuz mümkün deyil. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana, tıxac, digər sosial problemlərlə qarşılaşmır. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məişət məsələlərinə yönəlir. Keyfiyyətli təhsildən danışmaq istəyiriksə, tələbələr üçün əlverişli şərait yaratmalıyıq. O zaman bu məsələlər gec-tez öz həllini tapacaq. Bu, stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər. Dünya ölkələrində dövlət özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayırır. Təsəvvür edin, Neft və Səneye Universitetinin, Pedoqoji Universitetin qapıları birbaşa izdihamlı küçəyə açılır. Kiçik bir ərazidə tədrisin hansı elmi-nəzəri, praktiki tərəfini qurmaqdan söhbət gedə bilər? Bu, qeyri-mümkündür. Çünki kiçik bir sahədə normal təcrübə aparmaq mümkün deyil”.
Müsahibimiz köçürülməsi mümkün olan universitetlərdən də söz açıb.
“Bir sıra konkret universitetlər var ki, onların köçürülməsi mümkündür. Məsələn, Şuşa Azərbaycan musiqisinin beşiyi hesab olunur. Nəyə görə, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını Şuşaya köçürməyək? Sumqayıt sənaye şəhərimizdir. Bu istiqamətdə təhsil verən ali məktəbləri buraya köçürmək olar. Qarabağdakı quruculuq işləri tam yekunlaşdıqdan sonra oraya da müəyyən ali təhsil müəssisələri köçürülə, onların filialları açıla bilər. Universitetlərin köçürülməsi ilə yerli kadrların sayı artacaq. Məsələn, regionda həmin sahənin inkişafı gedəcək, həm də yeni iş yerləri açılacaq. Bu gün dünya reytinqlərində Azərbaycan universitetlərinin aşağı səviyyədə olmasından gileylənirik. Amma unuduruq ki, dünya təcrübəsində ali məktəblərin yüksək reytinqə malik olmasının əsas səbəblərindən biri də o universitetlərdə yüksək təhsil alma şəraitinin yaradılmasıdır. Universitetlərin köçürülməsi mütləq həyata keçirilməlidir. Təkcə tıxac məsələsinə görə deyil, həm də keyfiyyətli təhsil üçün əlverişli şərait yaradılmasına görə bu məsələ reallaşdırılmalıdır”.
Həmsöhbətimiz deyir ki, universitetlərin köçürülməsi tıxacları azaltmaq və təhsil keyfiyyətini artırmaqla yanaşı, regionlardan şəhərə gələn tələbələr üçün də müsbət rol oyanacaq.
“Ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək, artıq xərc kimi ev pulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək səviyyəli təhsil ala biləcəklər”.
Hələ bir neçə il bundan qabaq Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunması, gələcək plana görə Bakıda yerləşən bəzi universitetlərin bu şəhərə köçürüləcəyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. İctimailəşən siyahıda Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərlərin adları da yer almışdı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat da yaymışdı. İllər keçir, lakin bu məsələdən hələ də soraq yoxdur.
Mövzu ilə bağlı Pressklub.az saytına danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, tıxacların qarşısını almaq üçün gözlənilən iradə yoxdur.
“Öncədən buraxılan səhvlər onu geri çevirməkdə çətinlik yaradır. Məncə, tıxac probleminin səbəbi yolların düzgün qurulmamasıdır. Şəhərsalmanı elə qurublar ki, yol yoxdur. Buna görə də tıxac qaçılmaz olur. Yol infrastrukturunu dəyişmək də çox çətindir. Universitetlərin köçürülməsi ilə tıxac problemi həll olmaz, nisbətən azala bilər. Bu gedişlə, tıxac fəlakətli bir vəziyyət alacaq”.
Şəhərdə tıxacın yaranmasının başlıca səbəbi yol infrastrukturunun düzgün qurulmamasıdır. Lakin bu problemlə yanaşı, şəhərdəki tıxacı daha da artıran amillərdən biri də universitetlərdir. Heç olmasa, onları mərkəzdən kənara köçürsək, necə deyərlər, şəhər bir az nəfəs alar.
Jurnalist-ekspert Elxan Salahov isə hesab edir ki, şəhərdəki sıxlığın səbəbi sosial-iqtisadi vəziyyətlə bağlıdır. O, Pressklub.az-a açıqlamasında bildirdi ki, bu səbəbdən Bakı şəhəri hədsiz dərəcədə yüklənib:
“Tıxacın səbəbi universitetlər deyil, çünki tələbələrin heç 0.1 faizinin maşını yoxdur. Onlar daha çox ictimai nəqliyyatdan istifadə edir. Sıxlığın səbəbi sosial-iqtisadi vəziyyətdir. Bakı həddindən artıq yüklənib. İnsanlar iş, təhsil arxasınca Bakıya axışır. Başqa bir səbəb də yol infrastrukturunun düzgün qurulmamasıdır. Problemin həlli üçün təklifim odur ki, hökumət və aidiyyəti qurumlar “kənddən şəhərə axının qarşısı necə alınmalı?” mövzusunda konsepsiya hazırlasınlar. Bununla bağlı lazımi tədbirlər görülsə, əminəm ki, sıxlığın qarşısı alınacaq”.
Düzdür, hazırda regionlardakı, eləcə də yaxın xarıcdə – Rusiya və Ukraynadakı həmyerlilərimiz paytaxta kütləvi köç edir. Nəticədə şəhərdəki sıxlıq günü-gündən artır. Yaranan tıxaclar insanlara həm maddi, həm də mənəvi zərər vurur. Problemin kökdən həllini düşünsək, bunun necə dərin və çətin məsələ olduğunu görərik. Ona görə də bu sıxlığı nisbətən də olsa azaltmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Universitetlərin köçürülməsi də bu imkanlardan biridir. Təbii ki, paytaxtda universitet olmalıdır. Lakin universitetlərin 80-90 faizi yox, 10-15 faizi olsa, daha məqsədəuyğun olar.
Mövzu ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pressklub.az-a açıqlamasında bildirdi ki, bir çox universitetlərin Bakıda yerləşməsi tıxac problemini daha da artırır.
“Şəhərdəki sıxlıq probleminin kökündə universitet məsələsi durur. Təbii ki, bu problemin başqa səbəbləri də var. Məsələn, insanların nəqliyyat vasitələrini qaydaları pozaraq, hara gəldi, park etmələri yollardakı sıxlığı daha da artırır. Universitetlərin hamısının paytaxtdan köçürülməsinin əleyhinəyəm. Ali təhsil müəssisələri şəhərin mədəni həyatını təmsil edir. Hər iri şəhərdə bir universitetin olmasına ehtiyac var. Düzdür, bəzi şəhərlərdə olsa da bəzilərində yoxdur. Problemin həlli üçün biz çalışmalıyıq ki, universitetlərin çoxunu bölgələrə keçirək. Həmçinin bölgələrə tələbə qəbullarını artırmalıyıq”.
Bakının həddindən artıq yüklənməsi nəticəsində yaranan sıxlıq insanları çox narahat edir. Hətta bəzən tıxaclarda yol qəzaları baş verir. Həm yeraltı, həm də yerüstündə insanlar sıxlıqdan əziyyət çəkir. Tezliklə aidiyyəti qurumlar bu problemi həll etməlidir.
Mövzu ilə bağlı Pressklub.az saytına açıqlama verən sosial ekspert Nail Cəlil deyir ki, Bakıda yaşanan sıxlığın səbəbkarı tələbələr deyil.
“Paradoksal səslənsə də, məncə, Bakıda yaranan və yaşanan sıxlığın, tıxacların səbəbi məktəblər, universitetlər, tələbələr deyil. Əslində, heç insanların bir-iki aylıq məzuniyyətdən qayıtması da səbəb sayıla bilməz. Başlıca səbəb təbii urbanizasiyadır. Bunun müqabilində aqlomerasiyaya çevrilən Bakının nəqliyyat infrastrukturunun düzgün qurulmasında, optimallaşdırılmasında yaşanan müəyyən problemlərdir. Bənzər çətinliklər sənayeləşən böyük şəhərlərin əksəriyyətində müxtəlif formalarda yaşanır. Bu səbəbdən universitetlərin köçürülməsi məsələni heç də həll etməyəcək. Eyni məntiqlə, sonradan məktəbləri və kollecləri də şəhər kənarına köçürmək təşəbbüsləri meydana çıxacaq ki, bu da qeyri-mümkündür. Həmçinin Bakı əhalisinin bir hissəsinin könüllü köçürülməsi iddiasını da qaldıra bilərik. Amma sağlam düşüncə bunun əksini deyir”.
Müsahibimiz problemin həlli üçün yolların yenidən qurulmalı olduğunu dedi: “Ən doğru yol nəqliyyat infrastrukturunun yenidən qurulması, davamlı təkmilləşdirilməsidir. Digər tərəfdən, yeni sənaye komplekslərinin yaradılması, xüsusi müəssisələr formalaşdırılması onların Xırdalana, Qobustana tərəf çəkilməsi Bakının mərkəzi hissəsinə doğru yönələn sıxlığı əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda tələbələr hələ tədrisə başlamayıblar, məzuniyyətdən qayıdanlar da çox deyil. Amma sıxlıq yenə yaşanır, infrastruktur gərginliyi özünü biruzə verir. Sözsüz, universitetlərlə bağlı müəyyən yardımçı işlər – məsələn, yaxın məsafədə tələbə yataqxanalarının inşa edilməsi hərəkət dinamikasını azalda, nəqliyyatın daha az yüklənməsinə gətirib çıxara bilər. İstənilən halda, universitetləri köçürməkdən daha məqbul, az məsrəflə böyük fayda verən üsullar, yollar var. Onlardan biri də regionlarda potensialı olan digər böyük şəhərlərin – ilk növbədə, Sumqayıtın, Gəncənin, Şirvanın, Lənkəranın, Naxçıvanın, Bərdənin və s. bu kimi bölgəsəl mərkəzlərin sənaye istiqamətində inkişaf etdirilməsi, bölgələrdə iş yerlərinin artırılmasıdır”.
Göründüyü kimi, bəzi müsahiblərimiz universitetlərin köçürülməsinin lehinə, bəziləri isə əleyhinədir. Düzdür, yol infrastrukturu yanlış qurulsa da, əsas səbəb kimi Bakıda əhalinin əraziyə uyğun olmaması, paytaxta kütləvi köçün olması qeyd olunur. Köç edən insanların çoxu regionlardan oxumaq və ya işləmək üçün gələnlərdir. İş yerlərinin və universitetlərin əksəriyyətinin paytaxtda cəmləşdiyini nəzərə alsaq, bu sıxlığın daha bir səbəbini də görərik. Universitetlərin kampus halında köçürülməsi şəhərdəki sıxlığı azaltmaqla yanaşı, təhsil keyfiyyətini artıracaq. Düzdür, hazırda bir neçə ali təhsil müəssisəsi kampus halında şəhər kənarında yerləşib. Bunlara Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Diplomatik Akademiyası və s. daxildir. Lakin göründüyü kimi, bunlar yetərli deyil.
Belə görünür, hökumət bu problemin həlli üçün ən radikal addımlar atmağa məcbur olacaq. Ya paytaxtın yükünü kənara çıxarmalıyıq, ya da paytaxtı Bakıdan çıxarmalı olacağıq…/pressklub
Günay Elşən