Mütəxəssislər həyəcan təbili çalır; mama-ginekoloq: “Uşaq yaşda ana olmağın psixoloji travması fizioloji fəsaddan daha ağır olur”
2022-ci ildə Azərbaycanda 15-17 yaşlı 2011 qız ana olub. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycandakı demoqrafiq durumla bağlı ötən ilə dair hesabatında qeyd edilib.
Hesabatdan belə məlum olur ki, 18 yaşı tamam olmayan qızların dünyaya gətirməsi halları əvvəlki (2021) illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu.
Qeyd edək ki, qanuna əsasən, 16 yaşa qədər olan oğlan və qızlar uşaq hesab olunur. Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması deməkdir. Statistikadan da görünür ki, Azərbaycanda erkən nikah, uşaq yaşda ana olmaq problemi səngimək əvəzinə, daha da artır.
Mütəxəssislər bildirir ki, bu yaşda qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa, qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır. İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır.
Bəs Azərbaycanda yetkinlik yaşına çatmayan anaların sayı ildən-ilə niyə artır? Əsas səbəblər hansılardır?
Mehriban Zeynalova
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb: “Bu, əsasən pandemiyanın fəsadıdır. Xatırladım ki, 2 il qapalı müddət oldu, toylara qadağa qoyuldu, məktəblər bağlandı. Nəticə ona gətirib çıxartdı ki, erkən nikahı aktual mövzuya çevrildi. Yəni baxmayaraq ki, bu məsələ ilə bağlı müəyyən işlər görülmüşdü, sistem qurulmuşdu, pandemiya bunun hamısını iflic vəziyyətə saldı.
İkinci bir vacib məsələ ondan ibarətdir ki, son vaxtlar erkən nikahla bağlı hansısa məsələlər ortaya çıxanda çox vaxt məlum olur ki, qızların özü ərə getmək istəyir. Fikrimcə, burada problemin kökü təhsildəki müəyyən boşluqlar, sosial şəbəkələr, təcavüz hadisələrinin artması, uşaqların evdən qaçması və sairə, bu cür məlumatların geniş yayılmasıdır ki, nəticədə valideynlər guya “yaxşı tədbirlər” görmək və onların “təhlükəsizliyini qorumaq” üçün qızlarını erkən yaşda ərə verməyə çalışırlar.
Bir qisim qızların təhsilə marağı azaldığından daha çox ərə getməyə maraq göstərir və hesab edirlər ki, bu onların talelərində ən gözəl andır və ciddi bir dəyişiklikdir. Məsələn, bu yaxınlarda bir mütəxəssislə söhbətləşəndə qeyd etdi ki, “dağ kəndlərində qızlar çalışırlar ki, tez bir zamanda ərə getsinlər, dağdan düşüb, həyət görsünlər”.
Bütün bunlar onu göstərir ki, qadınlar üçün mədəni imkanların, 18 yaşa qədər olan qızlar üçün sosial paketlərin, uşaq inkişaf mərkəzlərinin sayının artırılmasına ehtiyac var.
Həmçinin qız və qadınların təhlükəsizliyi çox prioritet məsələ olmalıdır. Hər hansı cinayət hadisəsi baş verəndə onların qaynar xəttə zəng edib, bu barədə məlumat verə bilməsi təmin olunmalıdır. Qeyd etdiklərim kompleks şəkildə baş verməsə, ətrafda baş verən neqativ təsirlər nəticəsində ailələr yenə də qızlarını erkən yaşda ərə verməyə çalışacaq. Biz deyirik ki, uşaq dövlətə məxsusdur, valideyn isə deyir ki, uşaq mənim əmlakımdır, istədiyim kimi davrana bilərəm".
Rəşad Sultan
Tanınmış mama-ginekoloq Rəşad Sultan da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, mama-ginekologiyada nisbi hamiləlik anlayışı var. Yəni biz bilirik ki, hamiləlik fizioloji təbii haldır, biz həkimlərin də vəzifəsi ondan ibarətdir ki, hamilə qadını müayinə edərkən müəyyən riskli vəziyyətləri, təbii haldan kənara çıxmaları aşkara çıxartmaq, risk qruplarını ayırmaq, vəziyyəti nəzarətə götürmək, lazım gələn tədbirləri görməkdir. Risk qruplarının biri də erkən hamiləliklə bağlıdır. Məsələn, necə ki, 35 yaşdan yuxarı hamiləliklər riskli hamilələr sayılır, eləcə də 20 yaşdan əvvəl hamiləliklər də riskli hamiləliklər hesab olunur. Bu halda bir nömrəli risk təhlükəsi vaxtından əvvəl doğuşdur. Statistika, elmi araşdırmalar onu göstərir ki, 20 yaşa qədər olan hamiləliklərdə vaxtından əvvəl doğuş riski 3 dəfə çoxdur. Vaxtından əvvəl doğuşun isə təhlükəsi ondan ibarətdir ki, yeni doğulan körpənin ölüm riski böyükdür. Bəzən isə ölüm faktı olmasa da, yeni doğulan körpə şikəst olur və bu da sağlamlıq baxımından həm cəmiyyət, həm də ailə üçün problem yaradır. Anaya gəldikdə isə, hələ fiziki cəhətdən yetişməmiş, özü uşaq olan biri necə bətnində 3-4 kq uşaq daşıya bilər? Bu, hələ tam formalaşmamış orqanizm üçün böyük travmadır. Uşaq yaşda ana olmağın psixoloji travması fizioloji fəsaddan daha ağır olur. 15-17 yaşda olan uşağın hamiləliyi, hamiləlik dövründə keçirdiyi hisslər nə olacaq və ondan sonra zahılığı, uşağa baxmaq dövrü necə olacaq? Onsuz da hormonal dəyişikliklər səbəbi ilə zahı qadının psixologiyası alt-üst olur. Zahılıq psixozu deyilən bir anlayış var və uşaq yaşda ana olan şəxs üçün bu risk daha böyükdür. Bu baxımdan, erkən, uşaq yaşda ana olmaq qəti yolverilməzdir”.
Xalidə GƏRAY
“Yeni Müsavat”