Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dağılmış ittifaqdan əl çəkməyən it tifaqı



Şəklinə baxırsan, sur-suyumundan bir az debilə, ağıldankəm adama oxşayır, amma statusuna, ranqına diqqət edirsən, görürsən, balaca adam deyil, o boyda parlamentin deputatıdır.

Danışığına, dediyinə fikir versən, güman edərsən ki, məsuliyyət daşımayan, avantürist açıqlaması ilə iqtidara problem yaratmaq, xalqdan səs qoparmaq istəyən müxalifətçidir, amma mənsub olduğu partiyanın adını öyrənirsən, görürsən, o, Rusiyanın hakim partiyası “Vahid Rusiya”nın üzvüdür.

photo_2023-09-18_15-57-49.jpg (51 KB)

Bəli, Rusiya parlamentinin üzvü Yevgeni Fyodorov belə bir adamdır. O, bu günlərdə Dövlət Dumasında müzakirəyə çıxarılması üçün SSRİ-nin keçmiş sərhədləri daxilində bərpasını təklif edən qanun layihəsi hazırlayıb.

Fyodorovun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq, çıxarılmayacaq, bu, sonrakı işdir, bir az da utopik məsələdir. Böyük ehtimalla, Kreml indiki vəziyyətdə, dünyanın yarısı ilə düşmən olduğu bir vaxtda özünü ən yaxın qonşuları ilə də düşmən etməyəcək. İndi ona yeni-yeni qaçaqlar, basmaçlar lazım deyil. SSRİ-nin dağılmasından 32 il keçib və insanlar müstəqil dövlətdə yaşamağın mənfi-müsbətlərini çoxdan ağır-yüngül edib, bir qərara gəliblər.

Fyodorov isə 1990-91-ci ildə ilişib qalıb. O, hesab edir ki, “keçmiş SSRİ-yə daxil olan müttəfiq respublikalar hansısa qanunu pozaraq ittifaqdan çıxıblar, düz etməyiblər, ona görə də indi bu müstəqil dövlətlərin ərazisində müxtəlif münaqişələr baş verir, çıxış yolu isə Rusiyanın bu ölkələrin hər biri ilə vuruşmalı olsa belə, onları yenidən Moskvanın nəzarətinə qaytarmaqdır.

Baxaq, görək, Fyodorov özü kimdir? O, 1963-cü il təvəllüdlüdür, 60 yaşı var, peterburqludur, ixtisasca hərbi mühəndisdir, Əfqanıstandakı hərbi əməliyyatların iştirakçısı olub. SSRİ dağlanda Fyodorovun 28 yaşı varmış. Nəhayət, yaşı 60-ı keçəndən sonra anlayıb ki, SSRİ-nin bərpa olunması məntiqli olar.

Bəs bu SSRİ-ni kim bərpa edəcək? Bundan ötrü ayrılmış respublikaların 15-i, heç olmasa 8-i toplaşıb yekdilliklə eyni qərarı verməli deyilmi? Fyodorov kimilər ağızlarında ittifaq dövləti deyirlər, onun üzvlərinin hamısı qanuna görə müttəfiqdirlər. Rusiya o müttəfiq dövlətlərdən biri, ən böyüyü idi, amma onun hamının adından danışmaq hüququ yox idi.

cover.jpg (259 KB)

Həmin ayrılan müttəfiq respublikaların heç biri Rusiyadan ayrılmayıb,"xalqlar həbsxanası" olan SSRİ-dən çıxıblar və Rusiyanın onlara qarşı hər hansı bir tələb irəli sürmək, onları SSRİ-dən qanunsuz ayrılmaqda ittiham etmək hüququ yoxdur.

Ondan da ötəsi, SSRİ-nin buraxılması haqqında qərar verən 3 respublikadan biri və birincisi Rusiya, digərləri isə Ukrayna və Belarusdur. SSRİ-nin təsisçisi, qurucusu olan bu üç dövlətin rəhbərləri - Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç 1991-ci ilin 8 dekabrında Belovejsk meşəsindəki iqamətgahda görüşərək SSRİ-nin mövcudluğuna son qoyublar.

RIAN_archive_52076_Leonid_Kravchuk,_Stanislav_Shushkevich_and_Boris_Yeltsin.jpg (105 KB)

İndi SSRİ-ni bərpa etmək lazımdırsa, bu üç dövlətin liderləri – Vladimir Putin, Aleksandr Lukaşenko və Volodimir Zelenski bir araya gələrək yenidən, yalnız Rusiya, Ukrayna və Belarusdan ibarət bir ittifaq dövləti qura və keçmiş müttəfiq respublikalara könüllü üzv olmaq üçün müraciət edə bilərlər. Hansı ölkə yeni ittifaqa qoşulmaq məsələsində könülsüzdürsə və bu təşəbbüsə qarşıdırsa, həmin birləşmiş dövlətlərin onlara müdaxilə etmək hüququ yoxdur.

Ancaq Fyodorov kimilər tarixən hüquq-filan tanıyıblarmı ki, yenə də tanıyalar. Rus çarları Rusiyaya yaxın ölkələri öz patavalı əsgərləri ilə işğal edib imperiyanı böyüdüblər, indi neoimperiya həvəskarları da o cür düşünürlər.

Bu düşüncədə olan təkcə Fyodorov deyil. SSRİ dağılandan bu günə qədər milyonlarla rus qırmızı imperiyanın dağılmasına görə vaysınmaqdadır. Onların səmimi fikri budur ki, dağılan ittifaq uydurma adlı SSRİ, pərən-pərən düşən isə “sovet xalqı” deyil, ayrılanlar öz milli mənzillərinə çəkilən ayrı-ayrı xalqlar, dağılan isə tarixin ən böyük rus imperyasıdır.

İndi ona da diqqət edək ki, keçmiş sovet respublikalarından hansı SSRİ-nin bərpasının lehinədir.

sssri.JPG (60 KB)

Xəritədə SSRİ-yə qarşı olan ölkələr göy rənglənib, tərəfdarlar isə açıq və qatı yaşıl

Hələ 1991-ci il martın 17-də SSRİ-nin saxlanmasına dair keçirilən ümumittifaq referendumu altı respublikanın - Litva, Estoniya, Latviya, Gürcüstan, Ermənistan və Moldovanın ali hakimiyyəti tərəfindən boykot olunub. (Ermənistanın boykotu həmişəki kimi Kremli şantaj səciyyəsi daşıyırdı, çünki SSRİ dağılandan sonra Rusiyanın paşasına yapışıb qalan iki ölkədən biri oldu).

Latviya, Litva, Estoniya – bunlar hələ 32 il əvvəl SSRİ-nin qatı əleyhdarı idilərsə, indi heç bu təşəbbüsü müzakirə etməzlər.

Ukrayna Rusiya ilə elə müstəqilliyə görə döyüşür.

Belarus Moskvanın yeganə müttəfiqidir.

Moldova, Gürcüstan, Azərbaycan – müstəqilliyin nə demək olduğunu yaxşı bilən, öz əsl müttəfiqlərinə qovuşmuş bu üç ölkə prinsipial olaraq SSRİ-nin bərpasına qarşıdırlar.

Ermənistan 5 il öncə Rusiyanın Həştərxan vilayəti kimi şey olsa da, hazırda Rusiya ilə bağlarını tam qoparmaqdadır.

Qazaxıstan, Özbəkistan – Bu dövlətlər müstəqillik yolunda əmin addımlarla irəliləməkdədir, SSRİ-nin bərpası ideyasına müsbət yanaşmırlar.

Türkmənistanln müstəqil satraplıq bərqərar etmiş hakimiyyəti ölkəni çoxdan öz dünyası olan neytral bir adaya çevirib.

Qırğızıstan Orta Asiyanın ən üsyankar xalqına malik ölkə olaraq hazıfrda Rusiyaya loyal görünsə də, qırğızların başı çönəndə ata minib etiraza qalxması an məsələsidir.

Tacikistan bəd ayaqda, seçim qarşısında qalsa “Taliban” Əfqanıstanının və ya Çinin vassalına çevrilməkdənsə, yeni rus imperiyasının tərkibində olmağı üstün tuta bilər.

1322401_900.jpg (395 KB)

Bəs SSRİ-ni hansı siyasi qüvvələr təsis etmişdi? Bolşeviklər. Demək, SSRİ-ni yenidən məhz onlar bərpa edə bilərlər. Başqa qüvvələrin qurduğu dövlət çar mütləqiyyətinin imperiyası olacaq.

Kommunistlər isə ən birinci Rusiyada yenidən hakimiyyətə gəlməlidirlər. Elə bir şey olsa, onlar bu gün başda Kremldəkilər olmaqla bütün oliqarx milyarderləri, deputatları (Fyodorov da daxil), tamahkar generalları, acgöz qubernatorları, bir sözlə, Rusiyanı talan edən bütün antipodları güllələyəcəklər.

Belə bir durumda SSRİ-ni bərpa etmək olarmı? Mümkün deyil. Ona görə də nasist təfəkkürlü, imperiya ambisiyalı it tifaqı 32 il öncə dağılmış ittifaqı bərpa etmək ideyasından əl çəkməli, xalqlara asudə yaşamaq imkanı verməlidirlər./Müsavat 

Xalid Kazımlı 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10