Hərbi jurnalist: “İndiki situasiyanı Aprel döyüşlərinin əvvəlinə də bənzədə bilərik, İkinci Qarabağ müharibəsindən əvvəlki dövrə də...”
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəddəki hərbi təxribatları səngimək bilmir. Demək olar ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdəki mövqeləri hər gün atəşə tutulur. Bununla yanaşı, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni silahlı dəstələri də təxribatlara əl atırlar. Rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqları isə demək olar ki, gündəmdən çıxıb. Belə olan halda, analitiklər hesab edirlər ki, yeni hərbi toqquşmalar gözləniləndir.
Hazırkı gərgin vəziyyətlə bağlı fikirlərini AYNA ilə bölüşən hərbi jurnalist Səxavət Məmməd deyib ki, Cənubi Qafqazda bu gün təkcə Rusiyanın yox, həm Fransanın, həm İranın, həm də ABŞ-ın maraqları var:
- Ukrayna müharibəsi fonunda Rusiyanın zəiflədiyini müşahidə edirik. İndi Cənubi Qafqaz bir neçə qlobal gücün iştahını qabardıb. Regiona girmək istəyən güclər var, alkin nə Rusiya, nə də iran regiondan çıxmaq fikrindədir. Əslində Ermənistan ABŞ-la hərbi təlim keçirmək qərarından sonra demək olar ki, özünə yaxın olan, özünə dost olan ölkələri düşmən etdi. Məsələn, biz bilirik ki, Rusiyanın qırmızı xətti ABŞ-dır. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi NATO-nun sərhədlərinə yaxınlaşması ilə başlayıb. Rusiya ilə Ermənistan arasındakı hazırkı gərginlik də məhz buna görə başlayıb. KTMT üzvü olan Ermənistan ABŞ-ı ərazisinə dəvət edir, onunla birgə hərbi təlim keçirir. Bunun nə demək olduğunu təsəvvür etmək elə də çətin deyil. Bunu Moskva sinirə bilməz.
- Ermənistanı dəstəkləyən, “qırmızı xətti” adlandıran İran da İrəvanın bu siyasətindən məyusdur...
-Əlbəttə, məyusdur. Məyus olmaqla yanaşı, Tehranda Ermənistana qarşı qəzəb var. Artır İran rəsmiləri Ermənistan əleyhinə açıqlamalar verməyə başlayıblar. Ermənistan Rusiyaya qarşı hansısa gediş etmək istədi, əvəzində İranın da dəstəyindən oldu.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir. İndiki situasiyanı Aprel döyüşlərinin əvvəlinə də bənzədə bilərik, İkinci Qarabağ müharibəsindən əvvəlki dövrə də bənzədə bilərik, hətta Ukraynadakı müharibədən əvvəlki vəziyyətə də oxşada bilərik. Yəni ki, hərbi baxımdan hər iki tərəf istər şərti sərhəddə, istərsə də Qarabağda cəmləşmə ediblər. Hər an hər şey baş verə bilər. Çox maraqlıdır ki, beynəlxalq təşkilatlardan, qlobal güclərdən sülhlə bağlı çağırış yoxdur. Hər kəs susub. Sanki hər kəs əməliyyatların başlamasını gözləyir.
- Yəni ki, yeni qanlı toqquşma realdır...
- Təbii ki, realdır. Məsələ burasındadır ki, Azərbaycan 44 günlük müharibədən sonra sülhlə beynəlxalq hüquqa dayanan beş prinsip irəli sürüb prosesin bitməsini gözlədi, amma müsbət cavab almadı. Əksinə, hər dəfə yeni təxribatlar, yeni tələblərlə üz-üzə qaldı. Azərbaycan masada qazanmaq istədiklərini yalnız döyüş meydanında qazana bildi. Rəsmi Bakı artıq anlayır ki, sülh sazişi imzalanmayacaq, məğlub tərəfin tələbləri və şərtləri bitməyəcək. Ermənistan silahlanmağa davam edir, revanşist fikirlər daha da artır, “Orta Dəhliz”in keçəcəyi Zəngəzur dəhlizinin taleyi isə sual altındadır. Bu azmış kimi, Qarabağdakı separatçı rejim də "seçki" keçirir. Qarabağdakı separatçı rejimin “seçki” keçirməsi Azərbaycan dövlətçiliyinə təhqir sayıla bilər. Rəsmi Bakının bunu bağışlayacağı heç inandırıcı görünmür.
Bu gün Ermənistan varlığını, təhlükəsizliyini qorumaq üçün hər addımı atır. Bütün sadalananlar və arxa fonda qalanlar regionu yeni müharibənin bir addımlığına gətirib çıxarıb. Heç kəsə sirr deyil ki, hər iki ölkənin orduları üz-üzədir və gərginlik pik həddədir. Bunun sonu hərbi toqquşmaları qaçılmaz edir.
- Belə fikirlər var ki, Azərbaycanın fikrini Qarabağdan yayındırmaq üçün şərti sərhəddə təxribatların sayı artır...
- Tamamilə doğru yanaşmadır, iddiadır. Çünki heç bir beynəlxalq güc ümumiyyətlə, indiki mərhələdə Qarabağda münaqişənin bitməsini, Azərbaycanın əırazi bütövlüyünün tam bərpa olunmasını istəmir. Düşünürəm ki, Azərbaycan indi şərti sərhədə deyil, Qarabağ məsələsi üzərinə diqqətini artırmalıdır və problemi birdəfəlik həll etməlidir. Zaman uzanarsa, problemin həlli də uzanacaq. Məsələn, Ermənistanda yaxın zamanlarda hakimiyyət dəyişikliyi gözlənilir. Paşinyan hakimiyyətdən gedərsə, yeni gələn qüvvələrlə danışıqlar başlatmaq, nələrdəsə razılaşmaq, nələrdəsə ortaq məxrəcə gəlməmək kimi hallar baş verəcək. Bu isə prosesin uzanması deməkdir ki, bu, Azərbaycanın heç cür marağında deyil.
Anar Bayramoğlu