Çinin iqtisadi tənəzzülü dünya və özü üçün nə vəd edir ?
Son 20 il ərzində Çin elə sürətlə inkişaf edir və zənginləşirdi ki, hamıya aydın idi – bu gün-sabah ABŞ-a, dünyanın ən zəngin və nüfuzlu dövlətinə çatacaq və hətta onu ötəcək. Amma son üç ildə Çin kəskin tormozlayıb və məsələ aktuallığını itirib. Niyə belə alındı?
Bu yay Qərbdəki ekspertlər və siyasətçilər öləziyən Çinlə necə yaşamaq və Çin iqtisadiyyatının böhranının qalan dünyaya təsiri haqda danışmağa başladılar.
Qocalan Çin Amerika üçün iqtisadi təhlükədən siyasi və hərbi təhlükəyə çevrilir. Asiyalı qonşuları üçün qərb biznesini və sərmayəsini cəlb etmək fürsəti yaranır. Rusiya üçün isə Çin möcüzəsinin çöküşü özünün əsas məhsulundan – enerji daşıyıcılarından gələn qazancın azalması deməkdir.
Asiyanın uçan əjdahası nədən sürünən soxulcana çevrildi? Çin həqiqətən tənəzzülə məhkumdurmu, yoxsa kompartiya istəsə, səbir və zəhmət hər şeyin öhdəsindən gələr?
Axı nə baş verib
Qısa desək, Çin iqtisadiyyatının əsas mühərriki – daşınmaz əmlak bazarı – taqqıldamağa başladı. Amma bu, daha dərin xəstəliyin simptomudur, səbəbi isə demoqrafiyada və başlıcası, Kommunist partiyasının və onun lideri Si Tsinpinin rəhbər və yönləndirici roluna etimad böhranındadır.
Yoxsul Çin də Rusiya kimi 1990-cı illərdə bazar iqtisadiyyatına keçəndən və Qərbə açılandan sonra varlandı. İqtisadiyyat ildə 10-15% inkişaf edirdi, amma inkişaf, sənayeləşmə və urbanizasiya özünü tükətdi və Si zamanı iqtisadiyyat iki dəfə ləng – ildə 5-7% artdı.
Ötən il isə cəmi 3% artıb, 2023-cü ilin ikinci rübündə inkişaf 3 faizi zor-bəla aşıb. Ümumən il üçün göstərici 5% olsa, şükürlü olacaq, baxmayaraq ki, Çinin total lokdaunda keçirdiyi 2022-ci ilin müqayisə bazası çox aşağıdır.
Analitiklər bir səslə deyirlər ki, Çindəki böhran iqtisadi yox, siyasidir.
Ona görə baş verdi ki, kommunist lider Si Tsinpin hakimiyyətini möhkəmləndirdi və yenidənqurmaya başladı. O, ixracın sürətli artımına və borc pullara investisiyaya əsaslanan əvvəlki artım modeli əvəzinə Qərbdəki kimi istehlaka söykənən iqtisadiyyat qurmaq istəyir.
Kefinin istəməyinə görə yox. Artımın əvvəlki mənbələri sadəcə tükənmədi, indi onlar həm də iqtisadiyyatı dibə çəkirlər.
“Bu, struktur yavaşlamasıdır. 2008-2016-cı ildə artımı təmin edən mühərriklər indi səs edir. Çin iqtisadiyyatının 25 faizi daşınmaz əmlak sektorunun payına düşürdü. Bu sektordakı tənəzzül ümumən artım yavaşlamasının əsas səbəbidir”, – Amerika strateji və beynəlxalq tədqiqatlar mərkəzindən (CSİS) Loqan Rayt deyir.
Niyə çinlilər daha ev almırlar
Birincisi, onların gəlirləri daha əvvəlki kimi artmır. İkincisi, evlər ucuzlaşır. Üçüncüsü də, gələcəyə inanmırlar. Amma bu barədə bir qədər sonra, indi mənzildən danışaq.
Çinli üçün mənzil gələcəyə pul qoyuluşudur. Partiya banklarda depozit faizini həmişə sıxıb, sosial dəstək isə inkişaf etməyib. Buna görə də çinlilər ənənəvi olaraq “qara gün” üçün pul ayırırlar, onu da çox vaxt daşınmaz əmlaka qoyurlar.
Əmanət obyekti olmaqdan əlavə, mənzillər öz funksiyalarını da yerinə yetirirdilər – insanlar bir yerdə yaşamalıdırlar.
İndi bu faktorlar yoxdur. Developerlərin problemləri və düşən qiymətlər üzündən daşınmaz əmlak əmanət obyekti kimi cəlbediciliyini itirib. Urbanizasiya praktiki yox olub, əhali artımı da dayanıb.
“Qorxuram ki, evlərə fundamental tələbat demoqrafiya üzündən sarsılıb, – Amerikanın Beynəlxalq münasibətlər şurasından (Council on Foreign Relations) Zoi Lyu deyir. – Urbanizasiyanın piki geridə qaldı, bağlanan nikahların sayı isə 2013-cü ildən azalır”.
Tikmək də alınmır. Qabaqlar developerlər kredit götürürdülər, torpaq alırdılar, fundament qazırdılar, hələ tikilməyən mənzilləri əhaliyə satırdılar. Əldə etdikləri pulla isə yox, binanı tikmirdilər, yeni torpaq alırdılar, yeni kredit üçün girov qoyurdular, fundament qazırdılar… belə davam edirdi.
Müəyyən məqamda köpük şişdi və kompartiya müdaxilə etdi, tənzimləməni sərtləşdirdi, indi daşınmaz əmlaka bütün investisiya – insanların bünövrə mərhələsində aldıqlarının tikilib başa çatdırılmasıdır.
İndi heç kim bünövrə qazmır. Daşınmaz əmlak sektorunda fəallıq 2021-ci ilin ortalarından bəri iki dəfədən çox azalıb.
“Bu da sizə Çində investisiyaların azalmasının əsas amili, – Loqan Rayt deyir. – Çin iqtisadiyyatının artımı üçün daşınmaz əmlak sektorunu əvəz edəcək başqa mənbə tapılmadı. Onun son iki ildə kəskin azalması bununla izah olunur. 2008-09 dünya maliyyə böhranından sonra Çinin inkişafını təmin edən səbəblər ən azı yaxın 10 il üçün tükəndilər”.
Əgər investisiyaların ixtisarı qaçılmazdırsa, Çin hakimiyyəti onu iqtisadi artımın digər iki komponenti – istehlak və ixrac – hesabına kompensasiya etməlidir.
Amma bununla bağlı çətinlik var. Səbəbi aşağıda.
Çinlilər niyə ruhdan düşüblər
İnsanları pul xərcləməyə sövq etmək – Çin kompartiyasının əsas vəzifəsi budur. Amma uğurlar ciddi deyil.
İşsizlik artır, daşınmaz əmlak ucuzlaşır, istehlak qiymətləri enir. Belə şəraitdə çinlilər xərcləməyə deyil, borcları ödəməyə və pul yığmağa üstünlük verirlər.
Ən əsası isə – onlar gələcəyə və kompartiyanın bütöv bir nəslin alışdığı fasiləsiz rifah artımını təmin etmək qabiliyyətinə daha az inanırlar. Partiya və Sinin nə etmək lazım olduğunu dəqiq bildiklərinə inamı əvvəlcə sərt lokdaun, sonra da etirazlar nəticəsində ondan birdən imtina sarsıtdı. Paralel olaraq Si “ümumi çiçəklənmə” naminə milyarder və aktrisalara kəc baxdı, sonra fikrini dəyişdi. Bütün bu zaman ərzində də Qərblə konflikt gücləndi, bu da əhalidə Tayvan uğrunda müharibə gözləntisi yaratdı.
“Çində ünsiyyətdə olduğum bir çoxları ölkənin gələcəyi və öz perspektivləri haqqında olduqca inamsız danışırlar”, – son bir ildə üç dəfə Çində səfərdə olan Skott Kennedi (CSİS) öz təəssüratlarını bölüşür.
“İnsanlar getdikcə daha az xərcləyir, çox yığırlar. Özü də mənə elə gəldi ki, məsələ daşınmaz əmlak bazarında köpüyün partlamasında deyil. Səbəb ölkənin qeyri-düzgün istiqamətdə getməsi hissindən doğan ümumi etimadsızlıqdadır”.
Nəticədə çinlilər arasında yeni Cek Ma olmaq və hakimiyyətin qəzəbinə tuş gəlmək istəyənlər getdikcə azalır.
“Yırtıcı instinkt boğulub, gəncləri apatiya bürüyüb”, – Zoi Lyu problemin kökünü belə təsvir edir.
Çinlilərin gələcəyə inamını necə qaytarmalı
“Siqnal lap yuxarıdan, Si Tsinpindən gəlməlidir. İslahatlara sadiqlik siqnalı. Hakimiyyətin mərkəzləşdirilməsi hamını səsdən məhrum edib”, – Loqan Rayt deyir.
“Əlbəttə, Çin hakimiyyəti borcları və demoqrafiyanı qaydaya salmalıdır, amma əsas problem başqadır, – onun həmkarı Skott Kennedi bu siqnalın məzmununu təsvir edir. – Yeni birləşdirici hədəf tapılmalı və əhali ardınca aparılmalıdır. Qərblə münasibətlərdə gərginlik azaldılmalıdır. Ölkəni bacarıqla idarə edə bildiklərini də sübut etməlidirlər”.
Hətta bu halda da yeni iqtisadi yüksəlişə təminat yoxdur, amma əhalinin gələcəyə inamı qismən də olsa bərpa edilər və istehlak canlanar, Kennedi deyir.
Zoi Lyu hesab edir ki. bunun üçün Si kursunu dəyişməlidir. “Şəffaflığa qayıdış və islahatlar vədi məni inandırardı. Tyananmen meydanındakı hadisələrdən sonra Den Syaopinin etdiyi kimi bir şey”, – Lyu 1989-cu ildə Pekinin mərkəzi meydanında demokratik islahatlar uğrunda çıxışların qanlı yatırılmasından sonra Çinin iqtisadi möcüzəsinin doğuluşunu xatırlayır.
Hər şey çox da pis deyil. Həm Çin, həm dünya üçün
Demək olar, bütün ekspertlər xəbərdarlıq edirlər ki, hətta artım əvvəlki olmasa belə, Çini hesabdan silmək tezdir.
“Şübhə yoxdur ki, pik arxada qaldı, onlar heç vaxt 8-9% artıma qayıtmayacaqlar, buna mane olan struktur problemlər var, – ABŞ-ın Peterson dünya iqtisadiyyatı institutundan (Peterson Institute for International Economics) Nik Lardi deyir. – Amma əminəm ki, geriləmə də başa çatıb. Görünür, Çin dönüş dövrünü yaşayır. Bundan sonra artım azalmayacaq, sürətlənəcək və yaxın illərdə indiki 3 faizdən xeyli yüksək olacaq”.
Maaşlar artır, gerçək qazanclar illik ifadədə 5-7% çoxalır. Əmanətlər isə əksinə, azalır.
“Əlbəttə, istehlakçı etimadı ilə bağlı problemlər var, amma gəlirlər bu sürətlə artmaqda davam etsə, istehlak da istənilən halda yüksələcək”, – Nik Lardi əmindir.
İqtisadiyyatın digər iki mühərrikinin – investisiya və ixrac – sürətlənməsinə bel bağlamaq hələ mümkün deyil.
Çin 2000-ci illərin sonlarından ixracda dünya lideri olaraq qalır, amma ixracın ÜDM-də çəkisi azalır. Əgər 15 il əvvəl iqtisadi fəallığın 1/3-ni təşkil edirdisə, indi yalnız 1/5-dir, Zoi Lyu xatırladır.
İnvestisiyalarla bağlı da çətinliklər var. Dövlət qoyuluşları regionların nəhəng borcları və mərkəzi hakimiyyətin 2008-09 maliyyə böhranından sonrakı böyük miqyaslı stimullaşdırmanı təkrar etmək istəməməsi ilə məhdudlaşır. Bütün qoyuluşların 54 faizini təşkil edən özəl investisiyları isə təkcə haytek-biznesə və özəl təhsilə qarşı keçmiş repressiyalar deyil, Çinin xarici biznesmenlər və maliyyəçilər üçün investisiya cazibədarlığını itirməsi də durdurur.
Loqan Rayt hesab edir ki, bu, Qərb, ilk növbədə ABŞ üçün yaxşı xəbərdir: “ABŞ-da Çinin onları ÜDM üzrə keçə biləcəyinə görə daha narahat deyillər. İndi Ştatlar Çinlə münasibətlərdə diqqəti milli təhlükəsizlik aspektinə cəmləyə bilərlər”.
Qərb Çindəki yavaşlamanın bütün dünyaya təsir edəcəyindən və yeni böhran yaradacağından əndişə keçirməyə bilər, Nik Lardi deyir. “Hə, Çin dünya iqtisadi artımının təxminən 30-35 faizini təmin edir. Amma o, ümumən dünya iqtisadiyyatından daha çox ayrı-ayrı ölkələr və bazarlar üçün mühümdür”.
Çinin süst artımı, məsələn, Almaniyaya, Çinin əsas Avropa partnyoruna ziyan vurur. Ukraynaya təcavüzdən sonra Qərb bazarını itirən Rusiya iqtisadiyyatının ixracından asılı olduğu enerji daşıyıcılarının bazarında da qiyməti aşağı salır.
Bundan əlavə, Çinin də öz cokerləri var. O, iqtisadi artımın xarab mühərriklərini təmin etmədən yenilərini işə salmağa ümid edir.
Çin yeni enerjini fəal inkişaf etdirir, elektromobil istehsalında çoxdan dünya liderliyini əldə edib və yeni yaranan süni intellekt tətbiqi sahəsində Qərblə rəqabəti qazanmaq niyyətindədir.
“Yaddan çıxarmayaq ki, Çin ciddi iqtisadi problemlərlə ilk dəfə üzləşmir. Hər dəfə də onların öhdəsindən gəlməyi bacarıb, – CSİS-dən Kler Rid deyir. – İqtisadi artımın rekord templəri arxada qalsa da, Çinin bu dəfə də böhrandan çıxış tapmaq bacarığını nəzərə almamaq olmaz”.pressklub
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://www.bbc.com/russian/articles/cw4x0e8n2pwo