Kreml Bakıdan yeni nə tələb edir ?
Son günlər Qarabağda və onun ətrafında baş verən hadisələr Rusiyanın xeyli fəallaşdığını göstərir və bunun nəticəsi olaraq, Moskvanın proseslərə müdaxilə imkanlarının artdığını müşahidə edirik. Eyni zamanda, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda elə bir görüntü yaranır ki, Kreml Azərbaycana tərəf müsbət reverans edir. Amma bu, belədirmi?
Rusiyanın göndərdiyi “humanitar yardım” iki gün öncə Ağdam yolu ilə Xankəndiyə çatdırıldı. Əgər buna, “humanitar yardım” demək mümkünsə. Çünki separatçılar Qarabağda “120 min erməninin” aclıq çəkdiyini iddia edirlər. Bir TIR yükün “120 min ermənini” necə doyduracağı aydın deyil. Xüsusən də o zaman ki, “humanitar yardımın” çox böyük hissəsi qeyri-ərzaq məhsullar olub.
Hər necə olsa da, Rusiyanın yük maşını Laçın yolu ilə deyil, Azərbaycanın də tələb etdiyi Ağdam yolu ilə Xankəndiyə çatdırıldı. Hələ də Rusiyanın “böyük qüvvə”, “bizə yaxın dövlət” xülyası ilə yaşayanlar məhz bu məqamı əldə rəhbər tutaraq, “Moskva bizim tərəfimizdədir” tezisini irəli sürməyə başladılar. Amma əslində nə baş verir?
Rəsmi Bakı hələ öncədən bəyan etmişdi ki, Rusiyanın cəmi bir yük maşınının keçməsi Ağdam yolunun açılması yox, Azərbaycan tərəfinin xoşməramlı jestidir. Ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hələ də Ağdamda ilişib qalmış içi unla dolu yük maşınlarının keçməsinə imkan yaratmalıdırlar, həmçinin digər məhsullar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin maşınlarının, eləcə də Rusiya “sülhməramlılarının” avtomobillərinin bu yolla hərəkət etməsi təmin olunmalıdır. Və ancaq bu zaman Azərbaycan tərəfi Laçın yolunun da Ağdam yolu ilə paralel fəaliyyətinə icazə verəcək. Amma Rusiya tərəfi cəmi bir yük maşınının keçməsindən sonra Laçın yolunun açılması məsələsində təkid etməyə başlayıb. Görünür, həmin yolun açılması Moskva üçün xüsusi əhəmiyyət daşıyır və nə qədər təəccüblü olsa da, Rusiyanın bu məsələdə mövqeyi Qərbin mövqeyi ilə üst-üstə düşür.
Dünən, Rusiya prezidenti Vladimir Putin də Qarabağ mövzusuna toxunub. Putinin dedikləri məlum həqiqəti yenidən sübut edir: Moskva bu məsələdə Azərbaycanın yanında dayanmayıb, Moskva heç bir zaman Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsinin tərəfində olmayıb. Putin açıq şəkildə bildirir ki, müharibə zamanı Ermənistanı bəzi məsələlərə razı salmağa çalışıb və bunun nəticəsində işğal edilmiş Kəlbəcər, Laçın rayonları, eləcə də keçmiş Dağlıq Qarabağın bütün ərazisi ermənilərin nəzarətində qalmalıymış! Və nəhayət, Rusiyanın dövlət başçısı son zamanlar Rusiya xarici işlər naziri Sergey Lavrovun, eləcə də nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ermənilərə tənə ilə dediyi sözü təkrarlayır: “Ermənistan özü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistan özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Bundan sonra bizdən nə istəyirsiniz?” Yəni, Putin açıq şəkildə bildirir ki, Ermənistan qəbul etməsəydi, biz hələ də bu torpaqlar üzərində Azərbaycanın suverenliyini şübhə altına alardıq. Bəlkə də ermənilərə hələ gec olmadığını və bəyanatlarını geri çəkdikləri halda bu məsələnin davam edəcəyinə işarə edir.
Və nəhayət… Rusiya, bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Qarabağ ermənilərinin keçirdikləri qondarma “prezident seçkilərinə” münasibət bildirməyib. Moskva hələ də Azərbaycan ərazisində keçirilən hüquqazidd, danışıqlar prosesinə mane olan aktı pisləməyib, bu faktdan siyasi alət kimi istifadə etməyə çalışır. Və bu o zaman baş verir ki, danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ və Avropa Birliyi pis-yaxşı (onların bəyanatını da tam müsbət qəbul etmək olmur) bu seçkiləri pisləyib və tanımadıqlarını bildiriblər.
Nəhayət, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bu gün Bakıya irad bildirib. Zaxarova bəyan edib ki, rəsmi Bakı Rusiyanın ərazi bütövlüyü məsələsinə Moskvanın Azərbaycanın ərazi bütövlüyünə yanaşdığı “hörmətlə” yanaşmalıdır. O, bildirib ki, Azərbaycan XİN-in “Rusiyanın yeni ərazilərində” (işğal edilmiş və qanunsuz olaraq Rusiyaya birləşdirilən Ukrayna əraziləri nəzərdə tutulur) keçirilən seçkilərin qəbuledilməz olduğu barədə bəyanatının özü qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun gəlmir.
Vəssalam. Kremlin Azərbaycan ərazilərini ermənilərə vermək istəməsi barədə Putinin dili ilə söylədikləri unudulur. Moskvanın hələ də Qarabağdakı “seçkilərə” göz yumması nəzərə alınmır.
Rusiyanı tədricən, ardıcıl şəkildə regiondan sıxışdırıb çıxarmaq lazımdır. Ermənilər artıq bəzi məsələləri anlayaraq, prosesə start veriblər. Çıxış yolu bundadır.
Press Klub