Millət vəkilləri vətəndaşların haqlarının özlərinə qaytarılmasına səsləyirlər: “Bu, “Heydər Əliyev İli”ndə xalqa böyük bayram hədiyyəsi olar”
1996-cı ildən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız olaraq dövriyyəyə buraxılan 32 milyon özəlləşdirmə çeki vətəndaşlara paylanıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.
Lakin 2011-ci ildə hansısa məmurların qurduqları çirkin oyun nəticəsində çeklərin tədavül müddəti dayandırılıb. Hansı ki, qanunvericilikdə onlar üçün vaxt məhdudiyyəti, müddət limiti nəzərdə tutulmayıb.
Qeyd edək ki, hazırda özəlləşdirmə çeklərinin 20 faizi hələ də əllərdədir.
Qanunvericilikdə inflyasiyadan qorunmaqla, bir payın dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qiymətləndirilib. Özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması, yalnız 35 faizinin dövlət tərəfindən pul müqabilində satışa çıxarılması da qanunvericilikdə öz əksini tapıb. Ekspertlər qeyd edirlər ki, ötən dövr ərzində 10 dəfədən artıq inflyasiya baş verib və indiki dəyərləndirmədə bir pay üçün özəlləşdirmə çekinin dəyəri ən azı 20 min ABŞ dollarına bərabərdir.
Torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə payları üzərindəki haqlarının təmin olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə iddiasında bildirilir ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı kifayət qədər çoxdur və onların hər birinin fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirməli və ədalətli qərar qəbul etməlidir.
Mövzu ilə bağlı AYNA-ya danışan Azərbaycan Milli Məclisinin üzvləri də vətəndaşların müraciətini dəstəklədiklərini bəyan ediblər.
YAP-çı deputat, professor Anar İsgəndərov Konstitusiya Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid edir: “Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olub. Ulu öndər Heydər Əliyevin əhalinin özəlləşdirmə prosesində iştirakının təmin olunması ilə bağlı qərarı mütərəqqi adım olmaqla yanaşı, dövlətin vətəndaşına verdiyi yüksək dəyərin ifadəsi idi. Bu gün özəlləşdirmə payları əlində qalan xeyli sayda vətəndaşımız var. Ümumilli lider Heydər Əliyevin xeyir-duası ilə onlara təqdim olunan özəlləşdirmə paylarının yenidən dövriyyəyə qaytarılması və yaxud kompensasiya ödənilməsi “Heydər Əliyev İli”ndə vətəndaşlarımıza bayram sevinci yaşadar. Son qərarı Konstitusiya Məhkəməsi verəcək və əminəm ki, ədalətli qərar olacaq”.
YAP-dan millət vəkili Azər Badamovun da Konstitusiya Məhkəməsindən gözləntiləri böyükdür: “Özəlləşdirmə paylarının tədavülə qaytarılması əlində çeki qalan vətəndaşlar üçün unikal imkandır. Nəzərə alanda ki, özəlləşdirmə prosesindən hər kəs yararlana bilmədi, vauçerlərin yenidən dövriyyəyə qaytarılması əhalinin sosial rifah halını yüksəldər. Azərbaycan hökumətinin bunu həyata keçirməyə imkanı yetdiyi qənaətindəyəm. İnanıram ki, Konstitusiya Məhkəməsi müharibə veteranları, təqaüdçülər, özəlləşdirmə payları əlində qalan vətəndaşlar və biz deputatların çağırışlarını nəzərə alaraq, tarixi ədaləti bərpa edəcək”.
Parlament üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə əmindir ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqları təcili bərpa olunmalıdır: “Bununla bağlı deputatlara da sorğular daxil olub. Biz də daxil olan müraciətləri Konstitusiya Məhkəməsinə yönəltmişik. Bu vauçerlər əhaliyə təqdim olunan zaman hüquqi baza mövcud idi. Orada bir çox mütərəqqi məqamlar yer alırdı. Ən əsası isə özəlləşdirmə paylarının işlək olacağına təminat verilirdi. Bu gün yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyir. İnanıram ki, Konstitusiya Məhkəməsi haqlı və vətəndaşların xeyrinə qərar çıxaracaq”.
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın sözlərinə görə, vətəndaş dövlətin ona ayırdığı paydan bəhrələnməlidir: “Özəlləşdirmə çekləri paylanan zaman bunun nə zamansa dəyərdən düşəcəyi qeyd olunmurdu. Çünki vauçerlər qiymətli kağızdır. Qiymətli kağzılar isə “Qiymətli kağzılar haqqında” qanunla tənzimlənir. Müddətli qiymətli kağız anlayışı hüquqa və məntiqə ziddir. Bir halda ki, bunu ediblər və xeyli sayda vətəndaş konstitusion hüququndan məhrum olunub, gec də olsa, tarixi ədalət bərpa etmək lazımdır. Vətəndaşlar məhkəmə iddiası qaldırıblar və tarixi fürsət yetişib ki, Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın pozulmuş hüquqlarını bərpa etsin”.
Deputat, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli bəyan edib ki, yüzminlərlə vətəndaşın hüququ pozulubsa, onların dövlətdən narazı qalmasına yol vermək olmaz: “Əhaliyə əvəzsiz olaraq paylanan bu özəlləşdirmə çeklərinin mahiyyəti ondan ibarət idi ki, vətəndaşlar özəlləşdirmə prosesində iştirak etsinlər. Proses necə aparıldı, qanunvericiliyə riayət olundumu, bütün bunları qoyuram bir kənara. Bu gün yüzminlərlə vətəndaş dövlətin onlara ayırdığı imtiyazdan istifadə etməyib. Nə etməliyik? Gözləməliyik ki, onların hamısı dünyasını dəyişsin?! Qarşıda böyük özəlləşdirmə proqramları həyata keçiriləcək. Müahribə veteranı və təqaüdçülər də bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər. Düşünürəm ki, təcili olaraq bu problem həllini tapmalı və Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın mənafeyini təmin edən qərar çıxarmalıdır”.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Əlavə qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!
Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Aydın Gəray