Bəs evin əşyalarını kim verəcək?
Hələ, 10 il öncə Masallı icra hakimiyyətinin illik hesabatında bildirilirdi ki, Masallı rayonunda evi bərbad vəziyyətdə olan (yaxud evi olmayan) 1000-dən artıq ailə var.
Yəqin ki, həmin müddətdən bəri bu ailələrin hamısı olmasa da, bir qismi evlə təmin olundu, yaxud ev şəraiti yaxşılaşdırıldı. Ya da ki, məsələ hələ də açıq qalıb.
Yadımda qalan odur ki, Güllütəpə kəndində evi olmayan, qonşu rayonun ərazisində məskunlaşan şəhidin ailəsi üçün bir neçə il öncə daxili imkanlar hesabına ev tikildi.
Daha sonra Yeyənkənd kəndinə icra hakimiyyətinin dəstəyi ilə 5 uşaqlı imkansız ailə üçün mənzil inşa edildi.
Bundan bir qədər sonra isə rayondakı “Ümidim sənsən” və paytaxtdakı “Güvən” ictimai birliklərinin təşəbbüsü və dəstəyi ilə Ərkivan qəsəbəsində 4 uşağı olan kimsəsiz ailə üçün ev inşa edildi, Təklə ərazisində, Böyük Xocavar, Xırmandalı və digər kəndlərdə şəhid və qazı ailələrinin tikilisi yarımçıq qalmış evləri təmir edildi.
Son vaxtlar isə Masallı Rayon İcra hakimiyyətinin və xeyirxah insanların dəstəyi ilə rayonun Böyük Xocavar, Rudakənar... kəndlərində imkansız və şəhid ailələri üçün ev inşa olundu.
Bu günlərdə, konkret desək, 7 sentyabrda isə əslən Masallının Yolağac kəndindən olan şəhid gizirin ailəsi üçün Masallı şəhərinin mərkəzində, “ASAN xidmət”in yaxınlığında 3 otaqlı, bir mərtəbəli mənzil inşa edildi. Xatırladaq ki, həmin şəhidin, əslən Yolağac kəndindən olan Əzizov Raqibin 2 azyaşlı uşağı qalıb , ümumilikdə isə ailənin 3 üzvü var. Evin açılışında rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak etib.
Amma maraqlıdır ki, bir-iki əşyanı çıxmaq şərti ilə ev əşyasız idi. Doğrudanmı, 1 mərtəbəli, 3 otaqlı bu mənzili müvafiq avadanlıq və mebellə təmin etmək belə çətindir?
Xatırladaq ki, 2019-cu ildə Təklə Ərazi İnzibati Dairəsinin tərkibində olan Sığıncaq kəndində bir yaralı qazinin evini təmir etmək lazım idi. Bir ictimai birliyin –“Ümidim sənsən” təşkilatının çağırışı ilə onlarla iş adamı, sıravi insanlar bu çağırışa qoşulub həmin evin həyətində quyu qazdırmaqdan, çəpər çəkdirməkdən, mebeldən, elektrik avadanlıqlarından, digər məişət əşyalarından tutmuş yardımlar etdi və ev ideal vəziyyətə düşdü.
Əgər doğrudan da Masallıda şəhər mərkəzində xeyriyyə icması olsa idi, ictimai təşkilatlar bu işə cəlb olunsa idi, belə məsələlər çox asanlıqla həllə olunardı. (həmin mənzildən şəkillər yazıya əlavə olunur)
50-dən artıq mebel salonu, 10-a yaxın elektron texnika mağazası olan bir rayonda bir şəhid ailəsinin 5-7 min manatlıq ev avadanlığının ehtiyacını çözmək nə çətin imiş?
Onu da xatırladaq ki, şəhid gizir Beyləqanda xidmətdə olarkən, həmin rayon intensiv atəşə tutulan zaman onun ailəsi bütün ev əşyalarını ataraq rayona gəlmişdi.
Heyf ki, şablon çərçivələrdən kənara çıxa bilməyən, bəzi məsələlərə yaradıcı yanaşa bilməyən şəxlər adi məsələlərin həllində çıxılmazlığa dirənirlər.
Cenub.az. Zahir Əmənov