Azərbaycana qarşı növbəti səhv addım onun sonunu gətirib çıxara bilər.
Paşinyanın başının üzərindən qara buludlar çəkilmir. Rusiya ilə açıq qarşıdurmaya gedən Ermənistanın baş naziri hakimiyyətinin ən ağır dövrünü yaşayır və bu qarşıdurmadan qalib çıxmaya bilər.
Ermənistanın hazırkı hakimiyyətinin Rusiyanın ürəyincə olmaması heç kimə sirr deyil. Bu, özünü rəsmi Moskvanın vaxtaşırı Paşinyan hökumətini ən sərt şəkildə tənqid etməsində də göstərir. Eyni zamanda, rəsmi İrəvanın atdığı bəzi addımlar da (məsələn, KTMT-dən uzaqlaşmaq cəhdləri, Roma statutunun təsdiq edilməsi üçün parlamentə müraciət) Ermənistan baş nazirinin Rusiyadan “qırılmaq” niyyətini nümayiş etdirir.
Bu mənada, Paşinyanın bir neçə gün öncə İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya əleyhinə bəyanatları ciddi maraq doğurur. Baş nazir Rusiyanı (Qarabağdakı hərbi kontingenti) üzərinə düşən missiyanı yerinə yetirməməkdə, üçtərəfli bəyanatın bəndlərini pozmaqda ittiham edərək, bunun “narahatlıq doğurduğunu” deyib.
Daha sonra o, Ermənistanın da üzv olduğu KTMT-nin fəaliyyətinə toxunaraq, təşkilatın davranışının onlarda məyusluq yaratdığını və yaratmaqda davam etdiyini bildirib, 2022-cildə KTMT-nin bəzi sazişlərini ratifikasiya etməmələrinin bununla bağlı olduğunu deyib.
Ardınca Paşinyan açıq şəkildə bildirib ki, təhlükəsizlik baxımından ölkənin taleyini Rusiyaya bağlamaq strateji səhv olub.
Nəhayət, Ermənistan baş naziri bəyan edib ki, bir gün gözlərini açaraq Rusiyanın regionda olmadığını görə bilərlər: “Biz görürük ki, Rusiya atdığı və ya atmadığı addımlar səbəbindən özü regionu tərk edir. Bəzi proseslər var ki, onlar bir fikrə gətirir: bizim bir gün yuxudan oyanaraq Rusiyanın burada olmadığını görməyimiz ssenarisi təkrarlana bilər”.
Etiraf edilməlidir ki, bu açıqlamalar Ermənistan-Rusiya dostluğuna xidmət etmir. Paşinyan kiçik bir müsahibəsində indiyə qədər üzərini hansısa formada malalamağa çalışdığı anti-Rusiya mövqeyini açıq şəkildə ortaya qoyur.
Rusiya buna cavab olaraq nə edir? Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Qarabağda yaranmış durumla bağlı açıq şəkildə Paşinyanı ittiham edərək, bölgədəki vəziyyətin Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsi olduğunu bildirir. Bundan sonra Moskva Paşinyan hökumətinə ünvanlandığı tənqid dolu bəyanatlarını açıq təhdidə və əməli işə çevirir. Öncə Qarabağda Paşinyana daha yaxın şəxs sayılan Araik Arutyunyan (əslində Arutyunyan da Moskvanın adamı olsa da, son vaxtlar bölgəyə göndərdiyi Ruben Vardanyanın fonunda Ermənistan baş nazirinə daha yaxın sayılır) təhdid olunur, istefaya gedir və faktiki olaraq rəsmi İrəvanın Qarabağ ermənilərinə təsiri bir qədər də azaldılır. Ardınca Qarabağ hadisələri fonunda müxalifətin Ermənistanda mitinqlərinə start verilir və bu zaman Kremlin sadiq adamları olan keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryan (onların əlində həlledici faktor sayılan milyardların toplandığını nəzərdən qaçırmaq olmaz) da meydana qayıdır. Daha sonra Azərbaycanla sərhəddə silahlı toqquşma olur, Azərbaycan tərəfinin 3 əsgəri yüngül yaralanır, Ermənistan isə əvvəlcə 3 hərbçisini itirir, ertəsi gün isə daha 2 hərbçinin naməlum şəraitdə öldüyü açıqlanır. Və bütün bunlar Ermənistan siyasi hakimiyyəti üçün həlledici sayılan və sınaq rolunu oynayan 17 sentyabr İrəvan meri seçkiləri öncəsi baş verir.
Nəhayət, Rusiya rəsmi və qeyri-rəsmi ruporlarını işə salaraq, yenidən Paşinyanın istefası məsələsini ortaya atır. Məsələn, Rusiyanın Ermənistandakı agenturasının orqanı hesab edilən “Hraparak” qəzeti açıq mətnlə yazır: “Sülhdən danışan Paşinyan əslində müharibəni alovlandırır. O, 2020-ci ildə Qarabağı Ermənistanın bir hissəsi adlandıraraq, müharibəyə səbəb olmuşdu. O, 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra bu gün düşmən ölkənin liderinə verdiyi şifahi vədi yerinə yetirməkdən imtina edir. Paşinyan daim sülh üçün yalvararaq, özünü alçaldır. İnsanlar isə hələ 100 il əvvəl də əmin idilər ki, sülh naminə alçalmaq müharibəyə aparır. Nikolu baş nazir postundan uzaqlaşdırmaq lazımdır. Çünki o, sülh naminə müharibənin generatoruna çevrilib. Müharibə təhlükəsinin kölgəsindən xilas olmaq istəyiriksə, baş naziri istefaya məcbur etməliyik. Başqa çıxış yolu yoxdur”.
Beləliklə, hər şey Ermənistan baş nazirinin taleyinin “tükdən asılı” olduğunu göstərir. Çünki Paşinyan son addımları ilə faktiki olaraq Azərbaycanla sülh danışıqlarının da üstündən xətt çəkib.
Və Azərbaycan növbəti ciddi hərbi toqquşmada Ermənistan baş nazirinin asılı qaldığı “tükü” kəsə bilər.
Press Klub