Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yazıçının kitab satması onun fəlakətidir, Elza uğursuz zarafat idi - Fəxri Uğurlu ilə MÜSAHİBƏ


Yazıçı Fəxri Uğurludur. Fəxri müəllimlə ədəbiyyatımızın bu günü barədə danışdıq.

- Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı tez-tez iradlar eşidirik. AYB-nin ədəbiyyatımızın inkişafında rolu var, ya yox?

- Əvvəl gərək ədəbiyyatımız inkişaf eləsin ki, sonra bu inkişafda kimin, nəyin rol oynayıb-oynamadığını müəyyənləşdirək.

- Elza Seyidcahanın AYB-yə üzvlüyü xeyli müzakirə olundu. Münasibətiniz nədir? Bu birlikdə ancaq nəhəng sənətkarlar olmalıdır, yoxsa həvəskarlara da yer açılmalıdır?

- Bu, cəmiyyətlə çox uğursuz zarafat, ədəbiyyata sataşmaq idi. O qədər qeyri-ciddi mövzudur ki, mənim üçün müzakirə predmeti ola bilməz. Yaradıcı birlikdə peşəkar da ola bilər, həvəskar da, ayrı “kar”lara ehtiyac yoxdur, olmamalıdır.

- Çox zaman AYB üzvləriylə üzv olmayanlar arasında rəqabət yaşanır. Hansısa quruma girmədən yazar olmaq mümkün deyil?

- Sənətdə rəqabətə yer var, düşmənçiliyə yox. Heç bir qurum yazıçı, bəstəkar, rəssam yarada bilməz. Gerçək sənətkar olmağın üç vacib, təməl şərti var: istedad, savad, şəxsiyyət. Qalanları köməkçi amillərdir.

- Yazıçının öz kitablarını satmasına necə baxırsıznız?

- Yazıçının öz kitabını satması onun fəlakətidir. Bu, o deməkdir ki, həmin ölkədə, nəşriyyat, kitab yayımı sistemi ya heç yoxdur, ya da çox pis işləyir. Yazıçının oxucuyla ünsiyyəti nəşriyyatdan, naşirdən keçməlidir. Bizdə bu ünsiyyət xətti tük qədər nazikdir. 

- Son zamanlar kitab təqdimatları müqayisə kobud səslənsə də, bir növ sünnət toyu kimidir, pulyığdı mərasiminə çevrilib. Beləmi olmalıdır?

- Nə deyim… Gün o gün olsun kitabın böyük toyuna gələk.

- Bir zamanlar kult saydığımız nəhəng sənətkarlar vardı, onları, demək olar, bütün ölkə, bütün xalq tanıyırdı. İndi sanki belə bir qələm adamı, avtoritet qalmayıb. Niyə belə vəziyyət yaranıb?

- Cəmiyyətin həyatında ədəbiyyatın, sözün rolu azalıb. Bu isə yaxşı əlamət deyil. Gənclərin böyük əksəriyyəti, dünya bir yana qalsın, öz milli klassiklərimizi tanımır. Bu, mənəviyyat sferasında atasından, babasından bixəbər olmaq deməkdir. Bunun nəticəsidir ki, nə qədər cavanımızın səsi Suriyadan, İraqdan, İrandan gəlir. Onlar Mirzə Fətəli Axundzadəni tanısaydılar, dünyanın haradan gəlib hara getdiyini bilərdilər, heç vaxt fəlakət yoluna qədəm qoymazdılar. Nizamini tanısaydılar, əsl dinin, gerçək islamın nə olduğunu anlayardılar. Nəsimini, Füzulini, Cavidi tanısaydılar, Tanrını da tanıyardılar, daha Şeytanın səcdəsinə durmaq üçün neçə min kilometr yol ölçməzdilər.

- Biz niyə öz dilimizə laqeydik? Dil komissiyasının işindən məmnunsunuz?

- Biz çoxdandır özümüzü sevə bilmirik, bu səbəbdən dilimizi də sevmirik. Dilimizin bizə ehtiyacı yoxdur, bizim ona ehtiyacımız var. Dil bizsiz də öz ömrünü yaşayır, ən azı folklorda, ayrı-ayrı söz ustalarının əsərlərində. Biz bu gün türkcələrin ən gözəli Azərbaycan türkcəsinə – öz dilimizə layiq deyilik, onun gözündən düşmüşük. Yoxsa bu dildə dünyanın ən gözəl kitabı yazıla bilər… Dil komissiyasına gəlincə, mənim o komissiyanın işindən sadəcə xəbərim yoxdur.

- Azərbaycan ədəbiyyatı xəstə qocadır, ya beyniqanlı cavan? Nə qiymət verirsiniz?

- Mən Azərbaycan ədəbiyyatına qiymət vermək iddiasında deyiləm, çünki hələ müdriklik zirvəsinə qalxmamışam, bu gedişlə o zirvəni görmək mənə çətin qismət ola. Özüm də hələ şagirdəm, hansısa müəllimdən yaxşı qiymət alanda sevinirəm.

- Bir dəfə demişdiniz ki, iyirmi ildir dünya mənəvi böhran içindədir. Çıxış yolunu nədə görürsüz?

- Bu məsələdə çıxış yolu hər zaman bir olub: əxlaqa, mənəviyyata, dürüstlüyə, halallığa qayıtmaq. Bəşəriyyəti xilas eləməyin ayrı resepti olmayıb, olmayacaq da. Başqa yollara baş vurmaq faydasızdır. Doğru yol bu başından baxanda o başı, son mənzili, axırı görünən yoldur. Qalan bütün yolların axırı yoxdur.

- 55 yaşı haqladınız. İmkan olsa, dönüb 20 yaşlı Fəxriyə nə deyərdiniz?

- Deyərdim ki, bağışla, səni heç yarıtmadım, sənin o pak, müqəddəs arzularını həyata keçirə bilmədim./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10