Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Holstat şəhərciyinə dönəsi Laçın... – Doğma yurdun cənnətməkanlığı



 

Əgər 30-31 il öncə ermənilər gözəl təbiətli Laçını, Kəlbəcəri, Şuşanı, Qubadlını, bərəkətli torpaqları olan Füzuli, Ağdam, Cəbrayıl və Zəngilanı yox, şoran torpaqlı, yovşandan başqa bir şey bitməyən, ilan mələyən bir ərazimizi tutsaydı, məhz o yer hamımız üçün əziz olacaqdı.

Necə ki, insanın hansı əzasına tikan batırsa, oranın ağrısı bütün orqanizmə yayılır, Vətənin də qoparılan parçasının ağrısı bütün ölkənin “orqanizm”inə yayılır.

Uzun illər şeirlərdə, mahnılarda, esselərdə, xatirələrdə, söz-söhbətlərdə itirilmiş ərazilərimizin adını, özünü, sözünü yaşatmağımız bu üzdən idi.

Tarixdə belə edən bir biz olmamışıq. Yəhudilər “müqəddəs torpaqlar” adlandırdıqları yerlərə 1-2 min ildən sonra qayıdıblar. Başqa millətlər də vaxtilə yaşadıqları, didərgin salındıqları (yaxud kasıbçılıqdan tərk etdikləri) torpaqları özləyiblər, ora qayıdacaqları günü gözləyiblər, bu həsrəti, nisgili son günlərinə qədər qəlblərində yaşadıblar. Qayıdanlar da olub, qayıtmayanlar da. Hardan gəldiklərini unudanlar da olub, unutmayanlar da. Zatən, üç nəsildən sonra “əzəli vətən”, “dədə-baba torpaqları” barədə söhbətlər azalır, xatirələr korşalır. Yeni doğulanlar üçün real vətən özlərinin doğulduğu yer-yurd olur, ata-babalarının doğma yurdu haqqında isə yalnız bulanıq təsəvvürləri olur.

Yaxşı ki, işğal illəri bundan da çox uzanmadı. Yaxşı ki, vətən, yurd nisgili ilə yaşayan qarabağlıların və zəngəzurluların yarıdan çoxu bu günləri gördü.

Bu, böyük təsəllidir, amma nisgil də böyükdür. 27-30 yaşındaykən torpaq nişanlayıb, fundament töküb, əhəng basdırıb, daş-qum yığıb, usta danışıb, ayaqaltı düzəldib, ev tikməyə hazırlaşan oğlanın bu gün 60 yaşı var. İndən belə o ev tikəndirmi? İşğal ərəfəsində qundaqda, bələkdə qaçırılan körpə bu gün saçları bəyazlaşan 31 yaşında kişidir, amma dədə-baba torpağının yol-yolağasını bilmir, şəhər uşağıdır, asfaltda böyüyüb, o, necə kənd adamı olacaq, mal-heyvan saxlayacaq, əkin-biçin işi ilə məşğul olacaq?

Çətindir. Düşmən bizə böyük maddi, mənəvi, psixoloji, demoqrafik zərbələr vurub.

lachin-yeni.jpg (60 KB)

Bu günlərdə Laçından fotolar yayılır. Baxırsan, gözünün önündə dünyanın ən gözəl mənzərələri durur. Xüsusi bir gözəl rəngi olan Həkəri çayı, sıldırım qayalar, ağ buludlu səmalar, dumanlı zirvələr, sərin yaylaqlar, sulu dərələr, yaşıl oazislər, bakir meşələr... Hələ bir də onlara qayğıkeş insan əli dəysəydi, cənnət guşəsinə çevrilərdi. İsveçrənin, Avstriyanın dağ kurortlarını dünya məşhuru edən təbiətin özü deyil, o təbiətdən ölkəmizdə də var, oraları cənnət edən şüurlu və zəhmətkeş insanlardır, on illərlə çəkilən zəhmət hesabına qurub-yaradıblar, dağın başına qatar yolu çəkiblər, yaşayış, istirahət, əyləncə üçün hər cür infrastrukturlar yaradıblar.

Biz bu işlərə hələ indi, sıfırdan başlayacağıq.

Bəs öz dünyası, öz qayğısı, öz adət-ənənəsi olan elatları yenidən toparlamaq, məskunlaşdırmaq, köhnə büsatı bərpa etmək mümkün olacaqmı? Bax, çətin olan burasıdır. Söz yox, stimullaşdırma hesabına hər şey olacaq, paytaxtın beton cəngəlliyindən bezən, Laçının, Kəlbəcərin suyunun, havasının dadını heç nəyə dəyişməyən minlərlə insan, necə deyərlər, dağlara çəkiləcək. Məşhur səyyah Tur Heyerdal belə durumlar üçün bir aforizm dilə gətirib: “Dünyanı dolaşaraq cənnət axtaran insanlar axırda onu tapırlar – vətənlərinə qayıdanda”.

Bundan ötrü böyük entuziazma malik olmaq, tikinti-quruculuq işlərinin vüsət almasını təşkil etmək lazımdır. Hər müharibədən sonra mütləq belə dönəmlər olur. Məsələn, II dünya müharibəsindən sonra, ötən əsrin 50-ci illərində ölkədə böyük quruculuq işləri aparılıb. İnsanlar kütləvi şəkildə, çox zaman da iməcilik yolu ilə kəndlərdə parklar salıb, hamamlar, xəstəxanalar, məktəblər, mədəniyyət evləri tikiblər, abadlıq işləri görüblər.

İndi bütün bu işləri işğaldan azad olunmuş ərazilərdə dövlət görür. Amma çətini hər yaşayış məntəqəsində insanların yarıdan çoxunun məskunlaşmasıdır. Ondan sonra tikinti-quruculuq işləri ikiyə, üçə qatlancaq və 5-6 ildən sonra bölgə ölkənin ən abad, ən gözoxşayan məkanına çevriləcək.

stat.jpg (197 KB)

Bütün bunlar olacaq və həm indiki nəsil, həm də gələcək nəsillər öz torpaqlarında firavan yaşayacaqlar. Bu yazı yazılan ərəfədə saytlarda Avstriyanın 700 nəfərlik Holstat qəsəbəsini ildə 1 milyon turistin ziyarət etməsi barədə xəbər vardı. Laçın da elə olmalıdır, Şuşa da. İnşallah, zamanla elə olacaq.

Təkcə ötən əsrin 60-70-ci illərində doğulanlar yazıq oldular, bəxtləri gətirmədi, ya müharibədə gənc ikən həlak və əlil oldular, ya da uzun illər çadır şəhərciklərində, vaqonlarda, yataqxana hücrələrində, sonradan salınmış qaçqın qəsəbələrində qocaldılar. İndi onların bir gözü gülür, o biri ağlayır. Gülən gözlər azad olunmuş torpaqların əlçatanlığına, hərbi zəfərə baxır, gülür, ağlayan gözlər xaraba qoyulmuş, biyabana çevrilmiş doğma yurdun kimsəsizliyinə, bir də geri dönməyəcək illərə, doğma yurddan, insanlardan kənarda itirilmiş ömrə ağlayır./Müsavat 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10