Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"LƏNKƏRANIN İSVEÇRƏSİ" - HAVZAVA KƏNDİ


Qəza İcraiyyə Komitəsinin sədri, Nazir müavini, xalq artisti, 3 polkovnik, Avropa çempionu və digər dəyərli insan yetirmiş 2500 nəfərlik bu kənd haqqında nələr bilirik?

Havzava kəndi Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzi olan Lənkəran şəhərindən 15 km şimal-qərbdə, Talış dağlarının Burovar silsiləsinin ətəyində, Girdəniçayın (1859-cu ilə aid siyahıyaalınmada çayın adı Havzava kimi qeyd olunmuşdur) sahilində yerləşir. Şərqdən İstisu qəsəbəsi, şimaldan Osakücə kəndi, cənub və qərbdən meşə zolağı ilə həmsərhəddir.    

    Ərazisi 381,1 hektar, əhalisi 2500 nəfərdir. 

Kənddə 1849-cu ildə 14 evdə 48 kişi (qadınlar hesaba alınmamışdır), 

1859-cu ildə 15 evdə 87 nəfər (kişi 48, qadın 39), 

1911-ci ildə 23 evdə 170 nəfər (k 100, q 70), 

1933-cü ildə 489 nəfər (k 242, q 247), 

1986-cı ildə 1586 nəfər, 1989-cu ildə 1606 nəfər, 

1999-cu ildə 1945 nəfər, 

2009-cu ildə 2147 nəfər, 

2019-cu ildə 2426 nəfər yaşamışdır. 

    Havzava kəndi Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 59-cu, əhalinin sayına görə isə 26-cı yerdə durur. 

Havzava talış dilində Havziəvə adlanır. Havzava talışca rəng bildirən toponimdir. Talış dilində “havzə/havziə” – yaşıl, “və” isə qabaq, ön deməkdir. Havziəvə/Havzava Azərbaycan dilinə tərcümədə “ön hissəsi yaşıl olan yer” mənasını verir. Toponim coğrafi reallığı da özündə əks etdirir. Kənd həqiqətən üç tərəfdən (cənub, qərb, şimal-qərb) meşə ilə əhatə olunmuşdur.

    Qeyd edək ki, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə kəndin adı Havzava deyil, yanlış olaraq Havzova kimi yazılsa da, heç bir havzavalı özünü havzovalı, kəndini isə Havzova adlandırmır.

    Havzava kəndinin təqribən 250 il yaşı vardır. Burada ilk olaraq Şükürovlar, daha sonra isə Kərimovlar, Şabanovlar və seyid nəslindən olan Quliyevlər (Abdullayevlər Quliyevlərin bir qoludur), Ağayevlər, Əsgərovlar məskunlaşmışlar. Bu gün Havzava kəndində yuxarıda adlarını qeyd etdiyim tayfalardan başqa, eyni zamanda Lənkəran və Lerik rayonlarının ayrı-ayrı kəndlərindən müxtəlif vaxtlarda köçüb gəlmiş ailələr də yaşayır.

    Havzava kəndini keçmiş Rəzi kəndi  (XX əsrin əvvəllərinə qədər mövcud olub) ilə birgə götürdükdə isə kəndin tarixi daha əvvələ, təqribən 500 il əvvələ gedib çıxır. Havzava kəndinin yaxınlığında, keçmiş Rəzi kəndinin ərazisində “Kənd yeri” (invertar sayı 5958) adı altında XIV-XVIII əsrlərə aid yerli əhəmiyyətli arxeoloji abidənin qeydə alınması fikrimizi bir daha təsdiq edir.

     Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və sitrus meyvəçiliyidir. 1960-cı illərin ortalarına qədər çəltikçilik mühüm yer tutmuşdur. Sovet dönəmində Havzava da da kollektif təsərrüfat yaradılmış və təsərrüfat Xasiyev (Dağıstanəsilli inqilabçı Saveli Xasiyev) adına kolxoz adlanmışdır. Xasiyev adına kolxoz çayçılıq, çəltikçilik üzrə ixtisaslaşmış və eyni zamanda heyvandarlıq ferması da olmuşdur. Ferma Zevləkumə adlanan ərazidə və mərhum Mirəhməd Naib oğlu Əsgərovun həyətində yerləşmişdir.

    Xasiyev adına kolxoz çay istehsalında əldə etdiyi müvəffəqiyyətlərə görə 1954-cü ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı olmuş və ikinci dərəcəli diploma layiq görülmüşdür. Kolxoz 1954-cü ilin iş nəticələrinə görə yenidən 1955-ci ilin Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak etmək üçün təsdiq edilmişdir. Kolxoz 1954-cü ildə əldə etdiyi nailiyyətlərə görə kino aparatı ilə mükafatlandırılmışdır (Q.Talıblı, A.Canaşiya. Azərbaycan SSR-in çay təsərrüfatı qabaqcılları. B., 1956, səh. 20).

    1962-ci ildə Moskvada çap olunan “Narodı Kavkaza” (“Qafqaz xalqları”) kitabında talışlardan bəhs edilərkən (səh. 187-194) Xasiyev adına kolxozun çay plantasiyalarında çayyığan maşınla çayın yığılması (Ocağın ətrafı – Əğəmali so; Xanəli Kərimovun briqadir olduğu sahə) şəkli də verilmişdir (II cild, səh. 188).

    1959-cu ildə Xasiyev adına kolxoz Girdəni kəndindəki təsərrüfatla birləşdirilmiş və təsərrüfat “Pravda” (“Həqiqət”) adlandırılmışdır. 1964-cü ildə kolxozlar sovxozlarla əvəz edilmişdir. 1973-cü ildə Havzava kəndində yenidən müstəqil təsərrüfat yaradılmış və təsərrüfat Şirəli Axundov adına çayçılıq sovxozu adlandırılmışdır. 

    Şirəli Axundov adına sovxoz Lənkəran rayonunun iri çayçılıq təsərrüfatlarından biri olmuşdur. Sovxozun 1987-ci ildə illik çay planı 1300 ton təşkil etmişdir. SSRİ parçalandıqdan sonra kolxoz və sovxozların yerində istehsalat kooperativləri, o cümlədən “Havzava” istehsalat kooperativi yaradılmışdır.

    Ş.Axundov adına sovxozun quşçuluq ferması da olmuşdur. Ferma Ataxani domba adlanan su anbarının yaxınlığında, hazırda İsgəndər Novruz oğlu Şabanovun evi-həyəti olan ərazidə yerləşmişdir.

    1997-ci ildə ölkəmizdə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar və istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.

    Havzava kəndində sosial obyektlərdən tam orta məktəb, kitabxana, sənətkarlıq klubu, həkim ambulatoriyası, məscid, bərbərxanalar, ticarət-iaşə obyektləri vardır. Kənddə Sovet dönəmində yeməkxanə, 1990-1993-cü illərdə Gülməmməd (Nizam) İslam oğlu Həsənovun və 2013 (mart)-2016 (may)-cı illərdə isə Çingiz Bağır oğlu Abdullayevin çörək sexləri, 2005-2023-cü illərdə poçt şöbəsi fəaliyyət göstərmiş və 2000-ci ilə qədər stadion olmuşdur. 

  Havzava kənd məscidi XX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi (inv:  4825) sayılır. Qeyd edək ki, çiy kərpicdən olan köhnə məscid abidə kimi qeydə alınmışdır. Həmin məscid 1994-cü ildə sökülərək, yerində mişar daşından indiki məscid tikilmiş və ona köhnə məscidin invertar sayı verilmişdir. 

  Kənddə Böyük Vətən müharibəsində həlak olanların xatirə abidəsi, Şəhidlər abidə kompleksi və Sovet partiya-dövlət xadimi Şirəli Axundovun büstü vardır.

    Kənddə eyni zamanda 1983-1995-ci illərdə “Xatirə bulağı” adlı abidə-kompleks mövcud olmuşdur. “Xatirə bulağı” Lənkəran şəhəri istiqamətində yolun sağ tərəfində, Şabnoba məhəlləsinin başlanğıc hissəsində, Hacı Məmmədhüseyn Kərimovun evinin qarşısında yerləşmişdir. Abidə baxımsızlıq üzündən yararsız hala düşərək uçub dağılmışdır.

    Seyid Davud və Seyid Mirhüseyn ziyarətgahları (ocaqları) Havzava kəndində, Piəşıxnəzər ocağı isə Havzava kəndinin yaxınlığında (keçmiş Piədi kəndi ərazisində)  yerləşir.

    Havzava kəndində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Havzava 1999-cu ilə qədər Girdəni kənd inzibati ərazi dairəsinin (1992-ci ilə qədər kənd sovetliyi adlanmışdır) tərkibində olmuşdur. 07 may 1999-cu ildə Havzava kənd inzibati ərazi dairəsi, 2000-ci ilin yanvar ayında isə 9 üzvdən ibarət Havzava bələdiyyəsi yaradılmışdır.

    Havzava inzibati ərazi dairəsi və bələdiyyəsi tək Havzava kəndini əhatə edir.

    1992-ci ildə kəndə mavi qaz xətti çəkilmiş və əhali 1994-cü ilə qədər yanacaq kimi təbii qazdan istifadə etmişdir. 2013-cü ilin may ayında kəndə təbii qazın verilməsi bərpa edilmişdir.

    Havzava kəndinin tanınmışlarına misal olaraq 

Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri, Azərittifaqın İdarə Heyətinin sədri, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının sədr müavini, Azərticarətin direktoru, Azərbaycan Balıqçılıq Kolxozları İttifaqının sədri və digər mühüm vəzifələrdə çalışmış, Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunmuş Şirəli Baxşəli oğlu Axundov,

 Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini (1933-1956), Azərbaycan SSR Nazirlər Sovetinin kənd təsərrüfatı şöbəsinin müdiri (1956-1976) işləmiş, VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, əməkdar aqronom, kənd təsərrüfatı elmləri namizədi (fəlsəfə doktoru), Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunmuş Xəlil Baxşəli oğlu Axundov

Azərbaycanın xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov, RF Krasnodar kənd təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktor müavini, kənd təsərrüfatı elmləri namizədi, 30-a yaxın buğda növünün müəllifi Vaqif Rəhmət oğlu Kərimov, “Alfamed” Şirkətinin prezidenti, biologiya üzrə fəlsəfə doktoru Əfqan Sabir oğlu Xudaverdiyev, coğrafiya üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Sənan Qərib oğlu Əzizov, tarix üzrə fəlsəfə doktoru Bəhmən Bəhrəm oğlu Kərimov,  Lənkəran Dövlət Universitetinin müəllimləri Ramin Qalib oğlu Fərzullazadə, Abid Qalib oğlu Fərzullazadə, talış dili üzrə mütəxəssis, bir neçə kitabın müəllifi, müqəddəs “Qurani-Kərim”i  Azərbaycan dilindən talış dilinə tərcümə edən Hacı Allahverən Süleyman oğlu Nəzərov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, tədqiqatçı-tarixçi, 12 kitab müəllifi İldırım Şükür oğlu Şükürzadə, Azərbaycanın çay ustası Musarza Məmməd oğlu Şabanov, Lənkəran şəhər notariusunun müdiri işləmiş Cahangir Oğul oğlu Kərimov, Mingəçevir şəhər prokurorunun köməkçisi Balahüseyn Fərhad (Şirzad) oğlu Şabanov, Lənkəran Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Tarıverdi Rza oğlu Rzayev, Rusiya Talış Diasporunun sədri İsmayıl Musarza oğlu Şabanov, polis polkovnikləri Şəvəqqət Hacı Məmmədhüseyn oğlu Kərimov, Şadil Əbdül oğlu Mirzəyev, polkovnik Zülfüqar Sərdar oğlu Fərəcov, polkovnik-leytenantlar Həzərxan Səfər oğlu Bədəlov, Muxtar Sərdar oğlu Fərəcov, telejurnalist Malik Əliheydər oğlu Həsənov, iqtisadçı-ekspert İlkin Hacı Allahverən oğlu Nəzərov, boks üzrə Avropa çempionu, 2018-ci ildə Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya oyunlarının bürünc mükafatçısı, idman ustası Nurlan Nemət (İqbal) oğlu Səfərov və digərlərini göstərmək olar. 

Qeyd:  Hacı Etibar Əhədov və İldırım Şükürzadənin həmmüəllif olduqları “HAVZAVA” kitabı (B., 2009) Havzava kəndindən bəhs edir.

   

                                                                        Cenub.az, İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və AJB-in üzvü






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10