Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstan müharibəsi məşq idi, indi mənim yerimdə Zelenskidir...


Mixeil Saakaşvili, Gürcüstanın keçmiş prezidenti

Şakaşvili Rusiyanın təcavüzü, Qərbin etinasızlığı və başına gətirilənlər barədə yazıb

(Gürcüstanın keçmiş prezidenti bu mətni “Ukrainskaya Pravda”nın baş redaktoruna göndərib)

2008-ci il avqustun 7-də Gürcüstan prezidenti kimi Pekin Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə getməyə hazırlaşırdım. Amma əsas məqsəd bəzi dünya liderləri ilə görüşərək, onlarla hərbi təxribatlar və sərhədlərimizin bütün şimal perimetri boyunca artan təzyiqlərlə bağlı vəziyyəti müzakirə etmək idi.

Rusiya Silahlı Qüvvələri NATO liderlərinin Gürcüstan və Ukraynanın istəklərinə birbaşa, birmənalı müsbət cavab verə bilmədiyi uğursuz Buxarest Zirvə görüşündən dərhal sonra Mozdokda – düz Gürcüstanla sərhəddə həcmi və miqyasına görə misli görünməmiş hərbi təlimlər keçirdi.

Təlimdə iştirak etmək üçün 300 tank səfərbər edilmişdi və onlar Gürcüstanın separatçı regionu olan Abxaziya ilə sərhəddə yerləşən Soçi dəmiryol stansiyasına cəmlənmişdi. Paralel olaraq, Gürcüstan ərazisində bir neçə hərbi təxribat törədilmişdi. Biz qlobal miqyasda həyəcan təbili çalmağa və dinləmək istəyən hər kəsə müraciət etməyə çalışdıq. Etiraf etmək lazımdır ki, ABŞ və Qərbi Avropa tərəfindən bir neçə dəfə vasitəçilik cəhdləri oldu. Lakin Rusiya tərəfi hər cür müqavimət göstərirdi və yaranmış vəziyyətlə bağlı istənilən müzakirəni bacardığı qədər gecikdirirdi.

Belə anlaşılırdı ki, Qərb ölkələri bütövlükdə mövqeyimizi həddən artıq gərginləşdirilmiş hesab edir və bizim yaxınlaşan təhlükəni şişirtməyimizdən şübhələnirdilər. Nəticədə Pekinə getmək və vəziyyəti şəxsən Buşun diqqətinə çatdırmaq qərarına gəldim. Mən həm də Vladimir Putinlə birbaşa əlaqə qurmağa ümid edirdim, çünki Rusiya tərəfi bizimlə birbaşa dialoqdan imtina edirdi.

Amma uçuşa az qalmış Cənubi Osetiya regionunda şiddətli atışmalar barədə məlumat almağa başladım. Yəni, Gürcüstan ərazisinin qismən separatçıların, qismən də Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində. Bundan başqa, kəşfiyyat kanallarımız vasitəsilə Rusiya tanklarının Roksk tuneli ilə ərazimizə doğru hərəkət etdiyi və artıq rəsmi Gürcüstan-Rusiya sərhəd-keçid məntəqələrini keçdiyi barədə məlumatlar daxil olurdu.

Mən Pekin səfərimi yarımçıq qoymağa, prezident kabinetinə qayıtmağa və təbii ki, o vaxt bölgədə və yaxınlıqda olan bütün silahlı birləşmələri səfərbər etmək əmri verməyə məcbur oldum.

Eyni zamanda, demək olar ki, Gürcüstanın bütün hökumət saytları mütəşəkkil və yaxşı əlaqələndirilmiş kiberhücuma məruz qaldı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bir hissəsi Türkiyəyə keçən ərazidə partladıldı və Gürcüstan ərazisindən neft tranziti, faktiki olaraq, iflic oldu. Separatçı ərazidən açılan atəş dözülməz xarakter alırdı və biz artilleriya atəşinə cavab verməli olduq. Bunun ardınca Rusiya rəhbərliyinin öz vətəndaşlarını “birbaşa müdaxilə yolu ilə” qoruyacağına dair bəyanatı gəldi.

Uzun illər keçməsinə, hətta əvvəllər məlum olmayan bir çox təfərrüatların dünya ictimaiyyətinə açıqlanmasına və indi Ukraynada gedən müharibəyə baxmayaraq, bəzi insanlar hələ də məni hərbi münaqişəyə başlamaqda ittiham etməkdə davam edirlər. Düzdür, indi onların ittihamları bir qədər dəyişib, bizi “təxribata uymaqda” və bununla da Putinə hərbi müdaxilə üçün bəhanə verməkdə ittiham edirlər.

Baş verən hadisələrə daha yaxından nəzər salaq və müharibənin gedişatını təhlil edək.

Başlanğıc üçün Putinin bizim hökuməti açıq şəkildə qəbul etməməsi və onun fəaliyyətindən narazılığını qeyd etmək lazımdır. Əsas səbəb bizim apardığımız islahatlar idi. Bunun nəticəsində ümidsiz şəkildə iflasa uğramış dövlət işi yaxşı nizamlanmış, korrupsiyaya uğramayan institutlara malik firavan ölkəyə çevrildi və bütün regionun, o cümlədən bir çox rusların paxıllığına səbəb oldu.

ABŞ prezidenti Tbilisiyə səfər edərək ölkəni “demokratiyanın mayakı” elan etdi. Lakin Putinin gözündə Gürcüstanın əsas günahı onun açıq şəkildə Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyi idi. Beləliklə, Putin üçün Gürcüstanın o vaxtkı rəhbərliyinin aradan götürülməsi son dərəcə zəruri idi.

Əgər biz həyəcan təbili çalmasaydıq, şiddətli müqavimət göstərməsəydik, rus qoşunları onsuz da ərazimizi işğal edəcək və təbii ki, lokal etnik münaqişə adı altında gürcü əhalisini təmizləyəcəkdilər. Bu, istər-istəməz kütləvi etirazlara və “xalqını qoruya bilmədiyi” üçün hökumətin devrilməsinə səbəb olacaqdı. Və dünyada çox az adam əslində nə baş verdiyindən xəbər tutacaqdı.

Rusiyanın 58-ci ordusunun yolunu kəsən Silahlı Qüvvələrimiz sayca 5 dəfə az idi və Rusiyanın havada tam üstünlüyü vardı. Bununla belə, biz düşmənin 10 təyyarəsini, o cümlədən biri strateji bombardmançı təyyarəsini vurduq. Beləliklə, səsimizi eşitdirmək üçün lazımi vaxtı qazandıq və dünya ictimaiyyətinə gözlənilən böhranla bağlı vaxtında xəbərdarlıq edildi. Avropanın altı dövlətinin lideri Tiflisə gəldi və mənim yüz minlərlə həmvətənim küçələrə çıxıb, döyüşməyə hazır olduqlarını bildirdilər.

Böhran alovlanan zaman Putin Sarkozi vasitəsilə “məni xayamdan asmaqla” hədələyirdi. Bir çox qərbli dostlarım məni və ailəmi ölkədən çıxarmağı təklif etdilər. Mən imtina etdim. Çünki ölkədən çıxmağımın çaxnaşma yaradacağını, hökumətin fəaliyyət imkanlarını aşağı salacağını, Rusiyanın ölkə üzərində tam nəzarətinə və son nəticədə Gürcüstan dövlətçiliyinin məhvinə səbəb olacağını yaxşı bilirdim.

Rusiya tankları paytaxta doğru irəliləsə də, mən, təbii ki, Prezident sarayında qaldım. Və nəhayət, bu zaman ABŞ münaqişəyə müdaxilə etmək qərarına gəldi. Prezident Buşa dəfələrlə müraciətlərimdən sonra o, Gürcüstana hərbi-humanitar yardım əməliyyatına başladığını elan etdi.

ABŞ-ın 6-cı donanmasının flaqmanı artıq Bosfor boğazından keçirdi. Ağ Evdən gələn məlumata görə, vitse-prezident Dik Çeyni fövqəladə iclasda Rusiya qoşunlarının təcili və birbaşa bombardman olunmasını təklif edib. Putin məlumatı qəbul etdi, başa düşdü və Gürcüstanın paytaxtından on dörd kilometr aralıda olan qoşunlarını geri çəkdi. Gürcüstan dövlətçiliyi və onun formalaşmaqda olan demokratiyası xilas oldu.

Hər şey nisbətən yaxşı və ya ən azı məqbul şəkildə başa çata bilərdi. Xüsusilə də, Fransanın atəşkəs razılaşması və Rusiya qoşunlarının tamamilə çıxarılması təklifi fonunda. Amma görünür, Putin hökumətlərin və dünya ictimai rəyinin “temperaturunu ölçmək” üçün taym-aut götürdü, iki həftə sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlətlər” kimi tanındığını elan etdi və iyrənc şəkildə dünyaya və bizə bu yeni reallığa öyrəşməyi tövsiyə etdi. Əlbəttə, heç kim onların məsləhətinə əməl etmədi. Vitse-prezident Bayden isə həmrəylik və dəstək əlaməti olaraq Gürcüstana gəldi və milyard dollarlıq yardım paketi elan etdi. Aİ isə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi.

Amma qəribədir ki, Avropa dövlətləri eyni zamanda Gürcüstana hərbi texnika satışına tam qadağa qoyduqlarını elan etdilər. Fransa isə ümumiyyətlə, iki ən qabaqcıl amfibiya döyüş gəmisini – “Mistral”ı Rusiyaya tədarük etmək qərarına gəldi. Cəmi bir neçə ay ərzində bütün sanksiyalar ləğv edildi və hər şey “həmişəki biznesə” qayıtdı.

2012-ci ilin demokratik seçkilərində mənim qərbyönlü hökumətim Rusiyapərəst oliqarx Bidzina İvanişvilinin təşkil etdiyi partiyalar koalisiyasına məğlub oldu. Onun hökumətinin ilk addımları məhkum edilmiş rus casuslarının azad edilməsi, bizim Rusiya tamaşaçısına alternativ xəbərlər çatdırdığımız rusdilli televiziya kanalının bağlanması, Amerika Universitetinin yaradılması ilə bağlı Gürcüstan-Amerika dövlət layihəsinin dayandırılması və nəhayət, Rusiya hakimiyyətinin ən böyük qıcığına səbəb olan hüquq-mühafizə orqanları əməkdaşlarının həbsi oldu.

Prezidentlik müddətimin sonunda ölkəni tərk etmək məcburiyyətində qaldım. Ukraynanın yeni qərbyönümlü hökumətinin siyasi fəaliyyətinə qarışdıqca, Gürcüstan hakimiyyəti mənə qarşı bir neçə cinayət işi açdı və bununla da mənim ölkəmlə əlaqələrimi, faktiki olaraq, kəsdi. Prezident Zelenskinin İslahatlar Şurasının rəhbəri kimi yeni rahat vəzifədə oturaraq, vaxtilə başçılıq etdiyim hökumətin islahatlarının tamamilə məhv edilməsinə və ölkədə Rusiya maraqlarının bərqərar olmasına biganə qala bilməzdim. Ona görə də, gözlənilən həbsə baxmayaraq, qayıtmaq qərarına gəldim.

2008-ci il hadisələrindən hansı nəticələr çıxarmaq olar? Buxarest Sammiti Üzvlük üçün Fəaliyyət Proqramı təqdim etsəydi, sonrakı böhran olmayacaqdı. Beş günlük müharibə zamanı ABŞ güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirməsəydi, Putin Gürcüstanın işğalını sona çatdıracaqdı. Yəni bütün ölkəni işğal edib, məni və hökumətimin əksər üzvlərini fiziki cəhətdən məhv edəcəkdi.

Əgər müharibədən sonra Putinə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi və ya heç olmasa ona “münasibətləri yeniləmək” siyasəti təklif edilməsəydi, Krımın işğalı baş verməzdi. Biz isə indi olduğumuz vəziyyətdə olmazdıq.

Beləliklə, məlum olur ki, Putin hər şeyi dözüm göstərərək əldə edir və mövcud fikir ayrılıqlarından manipulyasiya edərək, diqqəti ikinci dərəcəli məsələlərə yönəldərək və demokratik siyasi prosesləri korlayaraq, daha güclü Qərbə qalib gəlir.

Mən bütün həyatım boyu Qərbin demokratik ideallarına inanmışam. Nəyə görə? Bu idealların mənim hər iki ölkəmi – Ukrayna və Gürcüstanı necə iflasa uğratdığının şahidi olmaq üçün? Hələ özüm haqqında heç nə demirəm.

Gürcüstanın işğalının 15-ci ildönümündə etiraf etməliyəm ki, Putinin mənim üzərində fiziki qələbə qazandığı görüntüsü yaranıb. Onun söz verdiyi kimi – mən həbsdəyəm, mənə işgəncə verilməsi görüntüləri bütün dünya ekranlarında yayılıb və bu günə qədər Rusiya televiziyasının əsas hitləri sırasındadır. 

Prezident Zelenskinin dediyi kimi, Putin yavaş-yavaş məni həbsxana kamerasında gürcülərin əli ilə öldürür.

Qərb isə hələ də izləyir… Həmişəki kimi./pressklub 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10