Sabiq nazir müavini: “Hadisənin baş vermə tarixi diqqətçəkicidir: Priqojin 23 iyunda qiyama qalxmışdı və 23 avqustda öldürüldü. Bu fakt rəqəmlərə inanan Putinə işarə edir, lakin...”
Ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğradı. "Rosaviasiya" məlumat yaydı ki, qəza nəticəsində göyərtədə olan 10 sərnişinin hamısı ölüb. Onlardan 3-ü ekipaj üzvü olub.
Bildirildi ki, təyyarə Moskvanın Şeremetovo hana limanından havaya qalxıb və istiqamət Sankt-Peterburq olub. Qəza Kujenkino kəndi yaxınlığında baş verib.
Sonrakı məlumatlardan aydın oldu ki, qəzaya uğrayan təyyarə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olub. Rəsmi şəkildə açıqlandı ki, təyyarədə olan 7 sərnişindən biri Priqojinin özü olub. Bu gün isə cəsədlərdən birinin Priqojinə aid olduğu rəsmi təsdiqləndi.
Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Əsas versiya isə ondan ibarətdir ki, Priqojinin təyyarəsi qəsdən partladılıb və bunun arxasında dayanan Rusiya Prezidenti Vladimir Putindir. Bu ehtimal ona görə səsləndirilir ki, düz iki ay bundan əvvəl – iyunun 23-də “Vaqner” rəhbəri Rusiyada hərbi qiyama cəhd göstərmişdi. Rusiyanın iki şəhərini nəzarətə götürən Priqojin sonradan danışıqlar nəticəsində qiyamı yarımçıq dayandırdı. Ekspertlər hesab edirlər ki, Putin Priqojindən qiyamın qisasını onu təyyarəsində partladıb öldürməklə almış oldu.
Baş verən hadisə ilə bağlı AYNA-nın suallarını ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş nazir müavini, ictimai-siyasi xadim Sülhəddin Əkbər cavablandırıb. Deyib ki, bu tip məsələlərdə yetərli dəlillərə, informasiyalara ehtiyac var:
- Hadisənin necə, kim tərəfindən törədildiyini, Priqojinin necə aradan götürüldüyünü dəqiq demək çətindir. Sadəcə ehtimallar irəli sürmək mümkündür. On illər keçə bilər, amma suallar yenə də qalacaq. Təsəvvür edin ki, 17 kəşfiyyat xidməti olan ABŞ-ın Prezidenti Co Bayden bu məsələ barədə dəqiq nəsə söyləmədi. Sadəcə Priqojinin ölümü təəccüblü gəlmədi, ona görə ki, ehtimallar əvvəldən var idi. İndi bu hadisənin nəticələrini müzakirə etmək daha məqsədəuyğundur. Məsələ burasındadır ki, bu hadisə ilə bağlı saysız-hesabsız versiyalar var və hər bir versiya tutarlı arqumentə söykənir. Bu versiyaların hamısına baş vursaq, məsələ daha da tündləşəcək. Bir şeyi əminliklə deyə bilərəm ki, Priqojinin öldürülməsi əməliyyatını icra edənlər ruslar olub.
- Demək istəyirsiniz ki, Priqojinə qarşı xüsusi əməliyyat hazırlanıb?
- Təbii ki, əməliyyat idi - məqsəd də Priqojini aradan götürmək idi.
- Sizcə, əməliyyatın detalları açılacaqmı?
- Baş verən hadisənin xarakteri elədir ki, açılmaması mümkün deyil. Amma suallar yenə də qalacaq. Priqojinin təkcə Rusiyanın deyil, dünyanın əksər kəşfiyyat orqanlarının diqqət mərkəzində olması onu deməyə əsas verir ki, bu əməliyyatı gizli saxlamaq mümkün olmayacaq. Tam detallı olmasa da, Priqojinə qarşı əməliyyatın üstü açılacaq. Bu hadisənin arxasında kim durursa-dursun, icraçılar ruslardır. Çünki bu, xüsusi təyyarə idi, Moskvanın sayılıb-seçilən hava limanından havaya qalxıb. Orada hər şey nəzarətdədir. Priqojinin təyyarəsi xüsusi nəzarətdə olub. İndi məlumatlar var ki, Priqojinin həmin şəxsi təyyarəsi qısamüddətli təmirdə də olub. İstənilən halda, baş verənlərə görə Rusiya hakimiyyəti cavabdehdir. Çünki bu təyyarənin də, uçuşun da təhlükəsizliyinə Rusiyanın rəsmi qurumları cavabdehdir.
- Sizcə, təyyarə necə sıradan çıxarılıb?
- Üç versiya var ki, mütəxəssislər bu versiyalarda həmfikirdirlər: Birinci versiya odur ki, təyyarə partladılıb, içərisinə əvvəlcədən partlayıcı yerləşdirilib. İkinci versiya təyyarənin kənardan vurulmasıdır. Üçüncü versiyaya görə isə, süni texnogen qəza yaradılıb. Bunları istintaq araşdıracaq, amma “Rosaviasiya” təyyarənin içəridən partladığı haqqında informasiya verib. Bu da çox maraqlı detaldır.
Əslində, təyyarədə kimlərin olması barədə məlumatı Rusiya rəsmi qurumları sürətlə açıqladı. Eyni zamanda, hadisə baş verən yerdəki videokadrlardan görünür ki, xilasedicilər yanğının söndürülməsinə tələsmirdilər. Yəni burada şübhəli məqamlar çoxdur. Bütün bunlar deməyə əsas verir ki, bu hadisənin üstü açılacaq. Cavabdeh tərəf də, dediyim kimi, Rusiya hakimiyyətidir.
- Bu hadisənin arxasında birmənalı olaraq Putinin dayandığı fikri üstündür. Bildirilir ki, bununla Rusiya Prezidenti Priqojindən baş tutmayan qiyamın intiqamını almış oldu...
- Təbii ki, bu da versiyalardan biridir. Hesab oluna bilər ki, Putin bununla məhv olmuş xarizmasını bərpa etməyə cəhd göstərdi. Hadisənin baş vermə tarixi də maraqlıdır: Priqojin məhz iyunun 23-ü tarixində hərbi qiyama cəhd etmişdi. Özü də 23 avqust tarixində - qiyam cəhdindən düz iki ay sonra məhv edildi. Bunlar rəqəmlərə inanan Putini şübhəli edir. Amma bunu dəqiq demək düzgün olmaz.
- Bu hadisənin dünya və Rusiya üçün nəticələri nələr olacaq?
- Dünya üçün nəticəsi müsbətdir. Çünki bir hərbi cani əsas adamı ilə birlikdə öldü. Bu, dünya üçün də, region üçün də müsbət hal kimi qiymətləndirilməlidir. Rusiya üçün isə nəticələrini bir qədər sonra görəcəyik. İndidən Rusiya üçün hansı nəticələr doğuracağını söyləmək qəlizdir. Hər halda o, Rusiyanın kirli hərbi işlərini görən bir şəxs idi, bir terrorçu hərbi şirkətin rəhbəri idi. Bu baxımdan, yəqin ki, Rusiya üçün Priqojin itki sayıla bilər. Amma bilirsiniz, Rusiyada hərbi şirkət təkcə Priqojinin deyildi, başqa şəxslərə bağlı də belə cani dəstələr mövcuddur.
- Maraqlıdır ki, qiyam cəhdindən sonra bütün dünyada ekspertlər Priqojinin öldürüləcəyini proqnozlaşdırırdılar. Belə olan halda, Priqojinin ehtiyyatsız davranması, Rusiyada sərbəst hərəkət etməsi müəmmalı deyilmi?
- Qiyam cəhdindən sonra Belarusda ona şərait yaradıldı, dəstəsini orada yerləşdirdi. Afrikadakı fəaliyyətini davam etdirməsinə şərait yaradıldı. Təbii, bu şərait Rusiya tərəfindən yaradıldı. Eyni zamanda, Putinlə görüş keçirdi, razılaşmalar əldə olundu. Bundan əvvəl də Priqojin bir neçə dəfə Rusiyada olmuşdu. Görünən odur ki, bu amillər “Vaqner” rəhbərində arxayınlıq yaradıb. Qarşı tərəf də təbii ki, Priqojinin bu arxayınlığından istifadə edib əməliyyatı qurub./ayna.az
Anar Bayramoğlu