Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Sanksiyalar altındakı Rusiyada belə, qiymət artımı Azərbaycandakı qədər deyil”


Hökumət gəlirlərin, əhali isə qiymətlərin artdığını deyir – Kim haqlıdır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar–iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat, xərcləri isə 14 milyard 63 milyon manat təşkil edib. Komitədən bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub. Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mənfəət (gəlir), 26,26 faizi əlavə dəyər, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir vergisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Rəsmi statistikaya görə, son beş ayda Azərbaycanda orta aylıq əmək haqqı 900 manat olub. Azərbaycanda qiymət artımı o qədər sürətlə gedir ki, ötən illə müqayisədə istehlak etdiyimiz məhsullar həcm olaraq artmayıb, amma qiymət olaraq rəsmi statistikaya əsasən 15 faizdən artıq yüksəlib. Yəni, eyni ərzaq zənbilinə keçən ilin eyni dövrünə görə 15 faizdən artıq pul xərcləyirik.

İnkişaf etmiş ölkələrdə əgər insan qazancının 15-20 faizindən çoxunu ərzağa xərcləyirsə, o, kasıb sayılır. Digər yandan ölkəyə xaricdən göndərilən vəsaitlərdə də azalma baş verir. Bunun da əsas səbəblərindən biri Rusiyada rublun ucuzlaşmasıdır.

Hökumət dairələri əhalinin sosial-iqtisadi durumunun yaxşılaşmasından bəhs etsə də, müstəqil ekspertlər bunun belə olmadığını iddia edirlər. Onların qənaətinə görə, xarici təcrübədə əhalinin real gəlirləri fərqli meyarlarla ölçülür. Mövcud şəraitdə Azərbaycan vətəndaşlarının sosial-iqtisadi vəziyyətini aşağı səviyyədə qiymətləndirən analitiklər hesab edir ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalı, formal hesabatlar vermək ənənəsindən qurtulmalıdır.

İqtisadçı ekspert Natiq Cəfərliyə görə, Azərbaycanda rəsmiyyətə düşməyən gəlirlər var və bu baxımdan Dövlət Statistika Komitəsi tərəfindən elan olunan hesabatlar reallığı əks etdirmir: “Bu gün ölkədə ipoteka krediti ilə mənzil götürən vətəndaşların sayı kifayət qədərdir. İpoteka üçün ödənilən aylıq ortalama məbləğ 800 AZN təşkil edir. Bir ailədə tək işləyən şəxslər də var ki, onlar da ipoteka yolu ilə mənzil əldə ediblər. Əgər bu şəxs 900 manat gəlir əldə edirsə, onun 800 manatını necə ipotekaya yönəldə bilər? Ərzaq, digər zəruri xərcləri necə həyata keçirir? Bütün bunlar göstərir ki, Azərbaycanda əhalinin orta aylıq gəliri düzgün hesablanmır”.

“Düzdür, don dövrlər biznes subyektlərinin və işəgötürənlərin vergiyə cəlbi istiqamətində müəyyən addımlar atılır, lakin hələ də “qara kassa” yanaşması mövcuddur. Əhalinin gəlirləri biznes subyektləri tərəfindən gizlədilir. Nəticədə həmin işçilər gələcəkdə normal pensiya almaq hüququndan məhrum olurlar. Dövlət Statistika Komitəsinin elan etdiyi hesablar yalnız rəsmiyyətə düşən işçilər üzərindən aparılır ki, bu da real mənzərəni əks etdirmir”, - deyə mütəxəssis bildirib.

Cəfərlinin sözlərinə görə, əhalinin xərcləri ilə bağlı da statistika reallığı ehtiva etmir: “Rəsmi elan olunan pərakəndə ticarət dövriyyəsi orta hesabla 40 milyard manat olur. Azərbaycan banklarında 10 milyard manatlıq depozit var. Maaş fondu isə buna adekvat deyil. Büdcədən ödənilən maaş və pensiyalar təxminən 12 milyard manatdır. Özəl sektorda isə rəsmi olaraq göstərilən maaş 4 milyard manatı keçmir. Bu barədə hər hansı hesabat hazırlayarkən və mülahizə yürüdərkən təkcə muzdlu işçilərin maaşlarını yox, həm də biznes subyektlərinin və ailə təsərrüfatlarının gəlirlərini və xarici ölkələrdən Azərbaycana göndərilən “qohum-əqrəba” yardımlarını, xarici turistlərin ölkədəki xərclərini, “gizli iqtisadiyyat”ın, habelə rüşvət və korrupsiya nəticəsində əldə olunan gəliri də nəzərə almaq lazımdır. Bunlar isə nəzərə alınmır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı AYNA-ya şərhində deyib ki, Azərbaycanda qiymət artımı pensiya və maaş artımını dəfələrlə üstələyir: “Azərbaycan hökuməti əhalinin real gəlirlərinin artdığını bəyan edir. Büdcədən maliyyələşən təşkilatlarda çalışanların maaş artımını xüsusi vurğulayırlar. Lakin büdcədən maliyyələşməyən kateqoriyaya aid olan milyonlarla vətəndaş var. Elə ailələr var ki, onların gəliri ya ümumiyyətlə yoxdur, ya da minimal yaşayış şərtlərini də ödəmir. Bu kateqoriyaya aid vətəndaşları hesaba alan yoxdur”.

“Bu zaman sual yaranır: Dövlət Statistika Komitəsi mövcud vəziyyəti ortaya çıxarmağa çalışır, yoxsa gözdən pərdə asmağa çalışır? Beynəlxalq təcrübədə əhali gəlirinin 20 faizindən artığını ərzağa xərcləyirsə, o, kasıb sayılır. Əvvəlcə onu müəyyən etmək lazımdır ki, Azərbaycanda əhali nə qədər ərzağa pul xərcləyir? Yalnız bundan sonra inkişafdan-filandan danışmaq olar”, - deyə AİB sədri vurğulayıb.

Hüseynov ərzaq qiymətlərinin durmadan artdığını qeyd edib: “Düzdür, burada dünyada davam edən iqtisadi şərait də rol oynayır. Amma gəlin kiçik bir müqayisə aparaq. Rusiya Ukrayna ilə müharibə aparır. ABŞ və müttəfiqləri Rusiyaya qarşı çoxvektorlu embarqolar tətbiq edir. Demək olar ki, Rusiya iqtisadiyyatını təcrid etməyə çalışırlar. Ağır şərtlər altında olan Rusiyada belə, qiymət artımı Azərbaycandakı qədər deyil. İnhisarçı və məmur oliqraxiyasına bağlı şirkətlər hər həftə qiymət artırırlar. Ötən il bir manata olan məhsul bu il üç manata çatıb. Bunun səbəbi nədir? İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə bu şirkətlərə qarşı cəza tədbirləri həyata keçirmir? Bu kimi hallar mövcud olduqca, əhalinin real gəlirləri kimi anlayışlar lüzumsuz və mənasızdır”./ayna.az


Azər Niftiyev 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10