Ağaddin Babayevin "Övladlarını tərk etmiş dahilər" adlı yeni yazısını təqdim edirik.
Hər şey tamamilə valideynin hökmündən asılıdır; heç olmasa əvvəllər belə idi.
Uşaqla yaşamaq çətindir: qayğısını çəkməlisən, yedizdirməlisən, gəzməlisən, oxutmalısan...
Yatmağa qoymur, qışqırır, ağlayır, hay-küy salır, nadinclik edir.
Filosof Jan-Jak Russo da bu haqda fikirləşdi...
Və beş övladını soyuqqanlıqla körpələr evinə verdi. Russo yazırdı ki, o, uşaqlarının kəndli olmağını istəyir: "Qoy təmiz hava alsınlar, təbii qidalansınlar..."
Çox güman, Russonun uşaqların sonrakı taleyindən də xəbəri olmayıb. Onlar elə uşaq evindəcə ölüblər, çünki 18-ci əsrdə şərait dəhşətli idi.
Russo uşaqların düzgün tərbiyəsi haqqında traktat yazmışdı, üstəlik, bu əsər ona müəllim və pedaqoq kimi böyük şöhrət qazandırmışdı.
Lord Bayron isə dörd yaşlı qeyri-qanuni qızı Allegranı monastıra vermişdi. Əvvəlcə qızı anasının əlindən almış, sonra onu monastra vermişdi: "O, qatır kimi inadkar və eşşək kimi acgözdür!" - Bayron balaca qızcığazı poetik şəkildə belə təsvir etmişdi.
Qız quruyub solmağa başlamışdı. "Solğun, sakit və zərif" - uşaq belə xarakterizə olunurdu. Rahibələrin təkidi ilə Allegra atasına məktub yazdı; daha doğrusu, mərhəmətli rahibələr onun adından Bayrona məktub yazdılar. Bayron isə cavabında bildirdi ki, Allegra sadəcə onun gətirəcəyi hədiyyələrə ümid edir. Getməyə ehtiyac yoxdur! Və beş yaşlı qız yadların arasında beləcə öldü.
Marina Svetayeva da aclıq illərində uşaqlarını körpələr evinə vermiş və onların anası olduğunu deməməyi əmr etmişdi: "Onlar elə bilsinlər ki, guya yetimdirlər..."
M.Svetayevanın kiçik qızı İrina aclıqdan və xəstəlikdən elə uşaq evindəcə ölmüşdü.
Şair körpələr evindəki şərtləri, şəraiti öz gözləri ilə görməyə qərar verdi - xaç anası kimi uşaqlara baş çəkdi. O, ziyarətdən sonra böyük qızını özü ilə apardı, ən kiçik qızı isə körpələr evində öldü.
Svetayeva qızının dəfn mərasiminə getmədi, amma iztirabları haqqında kədərli şeir yazdı.
Təbii ki, Moskvada iş-gücsüz, ayrı mənzildə, özü də iki uşaqla yaşamaq çox çətin idi. Şeir yazmaq isə daha da çətin idi, uşaqlara diqqət, onların qidalanması...
Svetayeva iki yaşlı İrinanın “qarınqululuğundan” da bəhs etməyi unutmamışdı...
Bizim ulu nənələrimiz işləsələr də, şeir yazmırdılar və bu səbəbdən də övladlarını uşaq evlərinə vermirdilər. Onlar üçün yaşamaq Svetayevadan, Bayrondan, Russodan daha rahat idi...
Sevgi və ruh haqqında yazmaq olar. İnsanlar şeirlərə, fəlsəfi traktatlara heyran qalacaqlar, amma bilməzlər ki, müəllifin övladı haradasa aclıqdan can verir, tək-tənha ağlayır, yaxud arxası divara - səssizcə uzanıb... - heç bir təsəllisi yoxdur.
Amma bu böyük insanlar yazıqdırlar. Hisslərini çox yaxşı başa düşürlər. Və səmimi şəkildə maraqlanırlar ki, niyə bu cür əzab onların payına düşüb?
Baxmayaraq ki, heç bir xüsusi əzab da yoxdur: aclıq yox, döyülmə faktı yox, başqalarından tam asılılıq yox...
Filosof Russo özü haqqında kədərli şəkildə yazırdı: “Xəstə yatağımda soyuqdan, yoxsulluqdan, tək-tənha ölə bilərəm, amma heç kim bundan narahat olmayacaq”...
Xoşbəxtlikdən çoxsaylı himayədarları və uşaq evinə verdiyi övladlarının anası Russonu aclıqdan, soyuqdan xilas etdilər. Onu əzab çəkməyə qoymadılar...
Uşaq tamamilə valideyndən asılıdır. Ona xəyanət etmək asandır! Nə etiraz edə, nə qisas ala, nə də qınaya bilər, ancaq o, sonacan ümidlə gözləyir...
Şair Şelli dənizin üstündə, Bayron qalasında balaca Allegranın parlaq obrazını görmüşdü.
O gülümsəyirdi, deməli, hər şeyi bağışlamışdı.
Uşaqlar bağışlayırlar...kulis.az