Fuad Çıraqov: “Görünən odur ki, Ermənistan və separatçılar eskalasiya yolunu seçirlər”
Ermənistanın Laçınla sərhəddə başlatdığı “humanitar yük” şousu davam etdiyi zamanda Qarabağda gərginlik də müşahidə olunmaqdadır. Qarabağdakı separatçıların davranışları, Ermənistanın oyunları vəziyyəti kritik səviyyəyə gətirir. Eyni zamanda, Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı kampaniyası Bakıya qarşı təzyiq elementləri ilə müşayiət olunur. Bəzi beynəlxalq təşkilatlar “Qarabağdakı ermənilərin blokadası” və “Qarabağda humanitar böhran” nağıllarına uyur, Azərbaycana qarşı bəyanatlar səsləndirirlər.
Analitiklərin qənaətincə gərgin vəziyyət bölgədə eskalasiya risklərini artırmaqdadır. Lakin Ermənistanın yeni müharibəyə gücünün olmadığı faktı da diqqətlərdən yayınmır.
Hazırda baş verənləri AYNA-ya müsahibəsində şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov deyib ki, bir il bundan əvvəlki vəziyyətə baxanda, indi prosesin sonuna daha yaxın olduğumuzu görürük:
- Amma vəziyyət indi daha gərgindir. Məsələ sonuna yaxınlaşdıqca Dermənistan, Qarabağdakı separatçı rejim, ermənilərə havadarlıq edən qüvvələr, beynəlxalq oyunçular bütün resurslarını səfərbər ediblər. Azərbaycana qarşı ictimai təzyiqləri artırmaqdadırlar.
Mayın 28-də cənab Prezident İlham Əliyevin Qarabağdakı ermənilərlə bağlı iki seçim qoydu. Ondan sonra ermənilər anladılar ki, vaxt daralıb, iki yoldan birini seçmək lazımdır. Görünən odur ki, Ermənistan və separatçılar eskalasiya yolunu seçirlər. Lakin Azərbaycan Ordusundan qorxduqları üçün müxtəlif oyunlara əl atırlar, şoular düzənləyirlər.
Ümumiyyətlə, media kampaniyaları, “məzlum erməni” oyunları, şoular Ermənistanın yeritdiyi siyasətin tərkib hissəsidir. Müharibədən sonra Nikol Paşinyanın partiyası yenidən seçiləndən sonra hökumət olaraq üzərlərinə götürdükləri vəzifə və hədəflərə uyğun olaraq siyasət həyata keçirirlər. Paşinyanın seçki strategiyasında belə bir hədəf var idi: “Qarabağ ermənilərinin xilasına nail olmaq üçün ayrılmaq”. İndi apardığı siyasət budur.
- Məğlub ölkənin belə siyasət aparmaqda məqsədi nədir?
- Məqsəd odur ki, Ermənistan ərazi iddiasından, işğalçılıqdan əl çəkmək istəmir. Hərbi gücləri yoxdur, Azərbaycanla döyüşə bilməyəcəklərini, müharibənin onlar üçün son olacağını anlayırlar. Hüquqi əsasları da yoxdur, çünki bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, qəbul edir. Hətta Paşinyanın özü də məcbur olub Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir neçə dəfə bəyan edib. Burada yeganə variant mənəvi əsaslandırmadır ki, Ermənistan bu siyasətə keçib. Əsas gətirirlər ki, Azərbaycanın tərkibində yaşaya bilmirlər, bu səbəbdən də ayrılmalıdırlar. Bu, beynəlxalq aləmdə geniş tətbiq edilməsə də, “xüsusi hal” var. Məsələn, Kosova məsələsindəki keys bu qəbildəndir. İndi Ermənistan bu “xüsusi hal”ı təkrarlamağa çalışırlar. Bu, 2021-ci ildən İrəvanın atdığı addımların bir hissəsidir.
Eyni zamanda, Ermənistanın daxilindəki vəziyyət də İrəvanın belə siyasət yürütməsinə zəmin yaradır. Sentyabrda İrəvanda mer seçkiləri keçiriləcək ki, bu, Paşinyan hakimiyyəti üçün çox önəmli seçkilərdir. Sosialoji sorğuların nəticələrinə görə, Paşinyan iqtidarının mövqeləri çox zəifləyib. Xüsusilə, şəhərdə Paşinyan nüfuzunu itirib. Bu günlərdə bir sorğunun nəticəsinə görə, Ermənistan əhalisinin 67 faizi Paşinyana etibar etmir. Nikol isə belə həssas məqamlarda hər zaman radikal millətçi oyunu oynayır. Ola bilsin ki, İrəvan mer seçkilərinədək bu şou-kampaniyanı davam etdirsin. Seçki bitdikdən sonra İrəvanın siyasətində dəyişiklik ola bilər.
- Məlumdur ki, bu şou-kampaniya təkcə İrəvanın hazırladığı plan deyil, dəstək verən xarici qüvvələr də var. Onların məqsədi nədir?
- Əlbəttə, təkcə Paşinyan komandasının planı deyil. Azərbaycana qarşı hazırda psixoloji təzyiqlər var, informativ təzyiqlər gücləndirilib. Bir çox xarici siyasətçilər, təşkilatlar müxtəlif bəyanatlar verir. Onlar erməni lobbisinin təsirləri ilə hərəkət edirlər. Amma müşahidə edilən odur ki, Azərbaycana təzyiqlər effekt vermir. Məsələ burasındadır ki, Azərbaycana təzyiqlər ermənilərin gözlədiyi formada edilmir. Məsələn, ABŞ Dövlət Departamentinin bəyanatı oldu, amma orada Azərbaycandan sərt şəkildə nəsə tələb edilmədi. Təbii ki, erməni lobbisinin təsiri, gücü var. Eyni zamanda, erməni sevdalılar çoxdur. Amma onu da anlayırlar ki, bu prosesdən yararlanan kimdir.
- Baş verənlər kimin yararınadır?
- Təbii ki, Rusiyanın. ABŞ təklifi ilə Azərbaycan-Ermənistan danışıqları Azərbaycanın Qarabağ erməniləri ilə dialoq prosesindən ayrıldı. Düzdür, bunlar bir-birinə təsir edir. Prosesə mane olan əsas qüvvə Rusiyadır. Vaşinqton Ermənistan-Azərbayacn münasibətlərinin normallaşması ilıə Qarabağ ermənilərinin məsələsini ötən il bir-birindən ayıran zaman Rusiya tərəfindən “Vardanyan planı” ortaya atıldı. Sonrakı dövrdə də Rusiya proseslərə mane olmaqla məşğuldur. Məsələn, bu gün Rusiya XİN-in rəsmisi Denis Qonçarın bəyanatı oldu. Bildirdi ki, Qərb sülh prosesini tələsdirir, tələsik imzalanan sülh müqaviləsi dayanıqlı və davamlı olmayacaq. Biz görürük ki, Qarabağ ermənilərinin məsələsindən Rusiya kifayət qədər yararlanır. Yəqin ki, Qərbdəki ağlı başında olan insanlar gərginliyin kimin marağına xidmət etdiyini görməkdədir. Vaşinqtonun sülh səylərinə Moskva mane olur, bu, sirr deyil.
Bütün hallarda, rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan milli maraqlarına əsaslanan siyasətini bundan sonra da davam etdirəcək və hansısa təzyiqlər Bakını mövqeyindən geri çəkməyəcək.
Anar Bayramoğlu