Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Olmayan intim görüntülərlə şantaj - tora düşməmək üçün nə etməli...


Mütəxəssis: “Şantajçı-hakerlər süni intellekt vasitəsi ilə üz görünüşünü videoya yerləşdirə, danışıq səslərini ora sala bilirlər”

Texnologiyalar inkişaf etdikcə, insanlar onun faydalarını görməklə yanaşı, bəzən ziyanını da çəkirlər. Son illərdə təkcə Azərbaycanda deyil, bütün dünyada müxtəlif haker-şantajçı qruplar insanları, xüsusən tanınmışları, “qalstuklu adamları” virtual-intim şantajına məruz qoyurlar.

Bu cür şantajla ötənlərdə xeyli siyasətçi, ictimai xadim tora düşüb.

İT mütəxəssisləri deyir ki, həmin şantajçı-hakerin sosial şəbəkələr üzərindən etdiyi videozəngə 2 saniyəlik cavab verib, üz görüntünü götürməsi kifayət edir ki, sonrasını özü bəzəsin, intim forma versin. Azərbaycanda bu günlərdə daha bir vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunub.

Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.

Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib. Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.

Cəmiyyət belə hallarda amansız davranır, şantajın necə baş verməsi əsas olmur, həmin şəxsin heç bir bəraəti olmur, izahatları da qəbul olunmur. Təbii ki, bu, başqa bir mövzudur.

Bəs insanlar sosial şəbəkələrdə belə şantaj toruna düşməmək üçün nə etməlidir? Necə müəyyən etməlidir ki, ona zəng edən hakerdir? Bəzən insanlar bu zəngləri sadəcə tanışı bilərək açır və bəlaya düşür...

Mövzu ilə bağlı İT mütəxəssisi Samir Əliyev “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, şantajçı-hakerlər əsasən keçidlər vasitəsi ilə istədiklərinə nail olurlar: “Bu keçidləri əsasən insanların çox olduğu,  o cümlədən alqı-satqı, topluluqla bağlı qruplarda, məşhurların fan səhifələrində paylaşırlar.

Hətta son günlərdə sosial şəbəkədə dayanmadan mənim də qarşıma bu cür keçidlər çıxır. Bildirilir ki, şəkilləri  klikləyib açırsınız,  onun içərisində video da var. Mən dərhal onu “report” edirəm. Amma bəzi izləyicilər maraqdan keçidə klik edib baxır, nəticədə tora düşürlər.  Sosial şəbəkədən anlayışı olan insanlar bilməlidirlər ki, bu cür paylaşımlar  feykdir. Qeyd etdiyim kimi, saxta profil və yaxud intim videoları ilə məşğul olan insanlar daha çox elan səhifələrində bu cür keçidlər qoyur, orada paylaşım edirlər. Öz təhlükəsizliyini düşünməyən şəxslər də həmin keçidi klik edəndə dərhal kamera açılır və şəxsin üzü skrin olunur. Şantajçı-hakerlər süni intellekt vasitəsi ilə üz görünüşünü videoya yerləşdirə, danışıq səslərini ora sala bilirlər".

Mütəxəssis qeyd edib ki, şantajçı-haker nəinki 2 saniyədə üz görüntüsünü götürə, 2 saniyədə 10-100 minə qədər sorğu həyata keçirə bilir.

“Necə müəyyən etmək olar ki, zəng edən hakerdir?” sualına isə Sami Əliyev bu cür cavab verib: “Adətən bu cür zənglərin nömrələri 4 rəqəmli olur və yaxud başqa ölkələrin kodu ilə edilir. Tutaq ki, hansısa xarici ölkədən zəng edilir, başqa dildə özlərini təqdim edir, bildirirlər ki, guya onların kifayət qədər çox sərvəti var, amma indi ölüm ayağındadırlar,  sərvətlərini kiməsə yönəltmək istəyirlər, bunun üçün guya şəxsiyyət vəsiqəsi, hesab lazımdır.

O ki qaldı özünü bu cür hakerlərdən necə qorumağa, bir insan özünü xəstəlikdən necə qoruyursa, sosial şəbəkədən istifadə qaydalarına əməl edərək, bu cür dələduzluqdan da qorumalıdır".

Mütəxəssislər bildirirlər ki, kiberdələduzluq üsullarından biri olan fişinq hücumları nəticəsində saxta saytlar yaradılır, istifadəçilərin etibarından və ya maraq dairəsinə daxil olan mövzulardan istifadə edilərək fərdi məlumatların oğurlanmasına cəhd edilir.

Təcrübəyə əsasən, hesab ələ keçirildikdən sonra bir neçə ssenari üzrə hadisələr inkişaf edə bilər:

Hesablar ələ keçirildikdə, hesab sahibinin əlaqələrinə saxta linklər göndərilir. Beləliklə hadisələrin inkişafı #həndəsi silsilə üzrə davam edir

Hesabda olan fərdi məlumatlar (şəxsi yazışmalar, sənədlər, foto və video fayllar) qarşı tərəfin əlinə keçə bilər, hətta gələcəkdə şantaj predmeti də olar bilər

Sizin adınızda kontaktda olan əlaqələrdən maliyyə yardımı istənilə bilər.

Nə etməli?

Saxta sayta keçid edərkən diqqətli olun, brauzerin təhlükəsizlik xəbərdarlıqlarını iqnor etməyin.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl “İzvestiya”nın yaydığı məlumata görə “Darnket”dəki rus forumlarında 20 min dollar qarşılığında istənilən şəxsin “deepfakes” adlanan saxta videoları hazırlanır. Bu videoların ümumiyyətlə şantaj və ya böhtan üçün istifadə edildiyinə diqqət çəkilir. “Deepfake” mövcud videodakı insanların üzləri və səsləri dərin öyrənmə adlanan kompüter texnikalarının köməyi ilə dəyişdirilir. Bu üsullar ümumiyyətlə saxta və ya pornoqrafik məzmun yaratmaq üçün istifadə olunur.

“İzvestiya” yazıb ki, şirkət mühasibləri “deepfake” tərəfindən hazırlanan videolar vasitəsilə pusquya salınmağa çalışılır.

Mütəxəssislər xəbərdarlıq edir ki, insanın internetdə nə qədər çox fotoşəkili varsa, “deepfake” videosu bir o qədər uğurlu olur.

Xalidə GƏRAY,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10