Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Niyə Lənkəran-Astara iqtisadi rayonundakı (Lənkəran, Astara, Lerik, Masallı) turizm oyektləri heç son sıralarda da görünmür?


Ekspert səbəblər və perspektiv haqda danışdı; “Qarabağın, Şuşanın özü tarixən ənənəvi olaraq...”

“Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı otellərdə gecələyiblər”.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, bütövlükdə ölkə üzrə otellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub.

“Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt otellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmir və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”, - deyə o vurğulayıb.

İqtisadçının qənaətincə, nəticədə bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur: “Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi Azərbaycanda 2023-cü ilin ilk 6 ayında otellərdə gecələyənlərin sayını açıqlayıb. Bildirilib ki, bu müddət ərzində 1 363,2 min gecələmə olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artım deməkdir. Gecələmələrin 61,1 faizi Bakı, 5 faizi Qusar, 4,8 faizi Quba, 4,4 faizi Qəbələ, 3,6 faizi Naftalan, 3 faizi Şabran, 2,8 faizi Lənkəran, 2,2 faizi Naxçıvan, 1,5 faizi Xaçmaz, 1,2 faizi İsmayıllı, 1,1 faizi Gəncə, 1 faizi Şamaxı, 0,8 faizi Şəki, 0,7 faizi Mingəçevir, 0,7 faizi Şuşa, 0,7 faizi Qax və 5,4 faizi digər şəhər və rayonlardakı mehmanxanaların payına düşüb.

Otellərdə gecələmə günlərinin 788,1-i xarici turistlərə aiddir. Bunun da ötən illə müqayisədə 56,5 faiz artım olduğu bildirilir.

Turistlərin 17,4 faizi Rusiya Federasiyası, 8,8 faizi Hindistan, 8,6 faizi Türkiyə, 6,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,5 faizi Səudiyyə Ərəbistanı, 4 faizi İsrail, 4 faizi Böyük Britaniya, 3,5 faizi Küveyt, 2,7 faizi ABŞ, 2,7 faizi Qazaxıstan, 2,1 faizi Gürcüstan, 2,1 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,7 faizi Almaniya, 1,6 faizi Çin, 1,3 faizi İtaliya, 1,0 faizi Belarus, 0,9 faizi Qətər, 0,9 faizi Ukrayna, 0,8 faizi Fransa, 0,7 faizi İran, 0,6 faizi Polşa, 0,5 faizi Niderland, 0,5 faizi Oman, 18,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qalıb.

Yerli vətəndaşların otellərdə keçirdiyi gecələmələrin sayı da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıb - 575,1 min olub. Bu, ümumi gecələmələrin 42,2 faizini təşkil edib. 2023-cü ilin yanvar-iyun aylarında otellərin ümumi gəliri 209,3 milyon manat olub. Bu da bir il öncəki vaxtla müqayisədə 42,4 faiz artımdır.

AZƏRTAC

 Ceyhun Aşurov

Mövzu ilə bağlı “Smart Hotel Menecment” şirkətinin direktoru, Skal Turizm Peşəkarları Assosiasiyasının prezidenti Ceyhun Aşurov “Yeni Müsavat”a danışdı. Ekspert xarici turistlərin daha çox Bakıda qalma səbəbini bu cür şərh etdi: “Qeyd edim ki, son bir neçə ildə Azərbaycan öz turizm bazarının 50 faizini bərpa edə bilib. Fakt ondan ibarətdir ki, hazırda quru sərhədlərimiz bağlıdır, ölkəyə giriş-çıxış yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilir, həmçinin nəzərə alsaq ki, əsas yükün bəlkə də 90 faizindən çoxunu Bakı Hava Limanı götürür, bu o deməkdir ki, ölkəyə giriş-çıxış əsasən paytaxtdan olur. Yəni gələn turist hava nəqliyyatı ilə Bakıya uçur, paytaxta gəldikdən sonra mütləq 1-2 gün Bakıda qalmalı olur, daha sonra isə regionlara səfər edir. Regionlara səfərlər də o qədər də uzunmüddətli olmur. Çünki, təsəvvür edin, əgər turist ölkəmizə yalnız birhəftəlik və yaxud 5 günlük gəlibsə, onun 12 gününü Bakıda qalır, 1-2 gününü regionlarda keçirir, daha sonra ölkəsinə qayıtmaq üçün yenidən Bakıya qayıdır və hava limanından ölkəsinə gedir. Beləliklə, nəticədə xarici turistlər regionlarla müqayisədə daha çox Bakıda vaxt keçirmələrinə səbəb olur. Lakin bu o demək deyil ki, regionlarda turizm sahəsi boşdur, insanlar orada istirahət etmirlər. Sərhədlərin qapalı olması səbəbindən vətəndaşların bir çoxu öz istirahətlərini məhz ölkə daxilində  keçirirlər. Çünki sərhədlər bağlıdır, hava nəqliyyatı ilə səfər etmək isə baha başa gəlir. Statistikadan da görünür ki, 2019-cu ildə 5,5 milyon Azərbaycan vətəndaşı xarici ölkələrə səfər etmişdisə, ötən il bu rəqəm təxminən 1,5 milyon idi. Deməli, xaricə gedən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkə daxilində qalmışdı. Bu il də xaricə gedənlərin sayında artım gözlənilsə də, vəziyyət  tam 2019-cu il səviyyəsində olmayacaq”.

Ekspert bölgə turizminin inkişafından da söz açdı: “Məlum olduğu kimi, qiyməti bazar tənzimləyir, yəni tələb-təklif formasında formalaşır. Biz qiymətlərin çox baha olduğunu, bəzən xidmətin çox aşağı olduğunu desək də, faktiki olaraq bölgələrə üz tutanda yerlərin tam dolduğunun şahidi oluruq. İldən-ilə bu tələbatın yüksək olması alternativ qalma yerlərinin artmasına səbəb olur. Məsələn, son dövrlərdə regionlarda yeni qalma yerləri, kənd evlərinin, villaların sayı durmadan artır ki, bu da istər daxili, istərsə də xarici turistlər üçün əlavə bir alternativ qalma imkanları yaradır. Yəni şərt deyil ki, gedərkən hansısa rayonda mütləq ”5 ulduzlu" oteldə qalaq,  villa, müasir standartlara cavab verə bilən hansısa evlərdə qala bilərik və bu bizə daha ucuz  başa gəlir. Məsələn, tutaq ki, ailəlikcə otelə  getdikdə 2 otaq tuturuqsa, həmin qiymətə qeyd olunan evlərdən tutub,  öz istirahətimizi təmin edə bilirik. Yəni ölkə daxilində səyahətlərin olması gəlirlərin bölüşdürlüməsinə də yaxşı təsir etmiş olur.

Lakin xidmətlərin və qiymətlərin optimallaşması üçün rəqabət mühitinin artması, bu sahədə dövlətin təşviqlərinin daim olması şərtdir. Çünki bir vətəndaş, turist üçün nə qədər seçim imkanları, alternativlər olarsa,  o qədər də rəqabət mühitində daha əlverişli qiymət əldə edər və bu rəqabət mühitində bazarda təklifdə olan evlər, otellər və digər təchizatlarda daha yaxşı xidmət olar, rəqabət yaranar".

Qeyd edək ki, Qarabağı, Şuşanı da cəlbedici turizm məkanına çevirmək hədəfimiz var və bu, həm də siyasi-təbliğati anlam daşıyır dövlətimiz üçün. Bəs Qarabağ, Şuşa xarici turistlər üçün daha cəlbedici ola biləcəkmi?

Ceyhun Aşurov sualımızı bu cür cavablandırdı: “Qarabağın, Şuşanın özü tarixən, ənənəvi olaraq insanların istirahət etdiyi, sanatoriya, turist məkan olub. Sadəcə, hazırda bu bölgənin təhlükəsiz zona elan olunması məsələsi gündəmdədir. Məlum olduğu kimi, artıq Şuşaya 1-2 günlük səfərlər mövcuddur, buraya nəzarət altında səfərlər təşkil olunur. Lakin bu, kütləvi deyil. Gələcəkdə artıq bu bölgə də turizm məkanına çevriləcək. Hətta cənab Prezidentimiz də orada təməlqoyma mərasimləri edib. Məsələn, Kəlbəcərdə, Şuşada yeni otellərin, sanatoriya mərkəzlərinin tikintisinə başlanılıb. Yəni gələcəkdə xarici vətəndaşlar üçün də yaxşı turizm  potensialını daşıyan məkana çevriləcək. Təsadüfi deyil ki, Qarabağda 3 beynəlxalq aeroportun təməli qoyulub və onun sonuncusu 2024-cü ildə açılacaq.  Bu da gələcəkdə beynəlxalq hava yollarının daşıyıcılarının, xarici turistlərin ora uçuşuna şərait yaradacaq”.

Xalidə GƏRAY
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10