Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu gün bəlkə də ən asan iş icra başçılarını tənqid etmək, ən çətini isə onları tərifləməkdir


Yaxud, Masallıda paklığın, halallığın əhatə dairəsi nə qədərdir?

 

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının rayondakı fəaliyyətinin 1 ili tamam oldu.  (25 iyul 2022-ci il)


Gözlənilən dəyişikliklər reallaşsa, Araz müəllim Masallının  sonuncu icra başçısı olacaqmı?

İcra hakimiyyəti başçılarının  bu günkü “mənzərəsi” və niyə icra başçıları indiki qədər zəif olmamışdı?

Bəlli olduğu kimi rayonlarda müvafiq idarələrin 14 iqtisadi rayon üzrə sürətli  birləşməsi prosesi gedir. Bu yaxında paylaşdığım  “Masallıda regionlaşan və regionlaşmayan  idarələr” yazısından da göründüyü kimi hazırda bu rayonda 40-dən artıq idarə regionlaşıb. İş o yerə çatıb ki, İcra başçıları vətəndaşlarla yerlərdə görüşləri zamanı özləri etiraf edir ki, təhsil mənlik deyil, mədəniyyət mənlik deyil, işıq-qaz, meşə mənlik deyil və sair. 

Bəzi sahələr isə regionlaşmasa da, hazırda icraların səlahiyyətləri daxilində deyil. (Məsələn, hüquq mühafizə orqanları, “komissarlıq “ və sair).

Sadəcə bəzi icra başçıları öz şəxsi nüfuzları və əhalinin üzün illər şüurunda qalmış, “icra başçısı dedi, vəssalam”  xofunun hesabına işləyir. 

Öncə icra aparatında gözlənilən dəyişkliklər barədə

 Əksər idarələrin bir bölgə mərkəzində birləşməsindən, referendum söhbətlərindən  bəlli olur ki, iqtisadi rayonlar üzrə Nümayəndəliklərin yaradılması qaçılmazdır. 

Bəs, icra hakimiyyəti başçılarının taleyi necə olacaq? Sızan məlumatlara inansaq, ölkə üzrə 14 Numayəndəliyin tabeliyində olan rayonların başçıları həmin Nümayəndənin müavini olacaq. Həmin müavinlərin, yəni keçmiş icra başçılarının sərəncamında isə, bir neçə sektor müdiri (şöbə yox a, sektor müdiri) fəaliyyət göstərəcək. Mühasibatlıq, hüquq şöbəsi və digər sahələrin də ləğvi dəyişikliklər sırasındadır. Hər sektorda 1-2, ən yaxşı halda 3 işçinin olacağını nəzərə alsaq, hər rayonun keçmiş icra hakimiyyətində təxminən 10-12 işçinin qalacağı gözlənilir. Həmçinin kiçik ərazi nümayəndəliklərinin onlara qonşu nümayəndəliklərlə birləşəcəyi də gözlənilənlər sırasındadır. Həmin dəyişikliklərə uyğun da bəzi bələdiyyələrin birləşəcəyi gözlənilir.

Bütün bu dəyişikliklər yəqin ki, daha çevik və yığcam idarəetməyə hədəflənib.

İndi isə gələk, Masallı Rayonunun hazırkı icra başçısı Araz Əhmədovun bu rayonda fəaliyyətinin 1 ildə gördüyü, eləcə də  görmək istədiyi və görə bilmədiyi işlərə. 

(Ancaq tənqid eşitmək istəyənlərə xatırladaq ki, yazının sonuna yaxın o da olacaq. Hələlik isə müsbətlərdən başlayaq).

Sirr deyil ki, Masallının əvvəlki icra başçısından – Şahin Məmmədovdan hazırkı icra başçısı Araz müəllimə çox pis miraslar qalmışdı. Masallı bir qaynar qazana dönmüşdü; yuxarılara ərizə və şikayətlərin arası kəsilmir, ölkənin aparıcı internet kanalları Masallıda mənfiliklər barədə az qala silsilə yazıları verirdi.   

- Olduqca təsadüfi, səriştəsiz şəxslər aparıcı vəzifələrə gətirilmişdi;

-Masallıda böyük bir trol ordusu yaranmış - sanki xoşbəxtliyə, rahat həyata yol satqınlıqdan, bir-birinin satmaqdan, güdməkdən, üzünə durmaqdan keçirdi. Olduqca mənasız adamlar vəzifə başına gətirilir, icra hakimiyyətindən tutmuş “kommunxozadək” saxtakarlıqlar baş alıb gedirdi;

- Kadr siyasəti bərbad günə qoyulmuşdu. Sanki işgüzar olmaq, bacarıqlı olmaq günah, “cinayət” sayılırdı.

- İcra başçısı Şahin Məmmədovun şəxsi davranışları, qeyri-etik ifadələri, qarğışları gülüş hədəfinə çevrilmişdi. Onun tərifçiləri bunları nə qədər malalasa da (onların bəziləri yenə baş roldadır) cidanı çuvalda gizlətmək olmurdu. Hələ “kitayski” jurnalistləri demirik.

(Detallara varsaq, məsələ çox uzanar. Amma unutmayaq ki, heç nə unudulmur).

Araz Əhmədov qısa müddətdə, özü də haysız-küysüz İcra hakimiyyətini “mina”lardan təmizlədi – 1-ci müavin Məmmədhüseyn Hüseynov, müavin Aybəniz Qafarova, şəhərin “mer”i  Əbülfəz Nuriyev, şöbə müdirlərindən, 20-yə yaxın ərazi nümayəndəsi və müavinlərinədək, ( hətta ”kommunxozadək”) vəzifələrindən kənarlaşdırıldı.  

Bu arzu olunmaz  şəxslərin kreslolarını tərk etməsindən müəyyən vaxt  keçsə də, həmin adamların yoxluğu rayonda zərrə qədər də hiss olunmur. Necə deyərlər,  “hayla” gəlib, “hüylə” getdilər. Heç onları xeyir-şər məclislərində belə görmək olmur, onlara adi, epizodik vəzifə belə etibar olunmur.  Şair demişkən: “Dünən fərman verən, bu gün can verir”.

- Yeni rəhbərliyin gəlişi ilə Masallıda Qazilərə və şəhid ailələrinə mənəvi və maddi dəstək, ardıcıl yardımlar, evlərinə gedən yolun asfaltlanması, imkansızlar üçün şəxsi evlərin tikilməsi... və sair daha yüksək səviyyədə davam etdirildi.

Bəzilərinə çox xırda görünən, lakin onlarla adam üçün narahatçılıq doğuran  bir sıra kəm-kəsirlər qısa müddətdə aradan qaldırıldı. Araz müəllim təkcə ərazi dairələrinin mərkəzində deyil,  ən ucqar kəndlərdə - Xanalion, Köhnə Zuvand, Dico, Köçəkli  və sair yerlərdə görünməyə başladı. Bir yerdə 300 pilləli pilləkən qurdu, başqa yerdə quyu qazdırdı, digər yerdə işıqlandırma sistemi ilə bağlı problemləri həll etdi`. Xırmandalıda “at keçməz” yollarla kəndin mal-qaraya və əkin-biçin sahəsinə su təminatını həll etmək üçün 12 kilometrlik kanal çəkdirdi. Ümumilikdə 10 kilometrdən artıq ərazidə ciddi problem yaradan kanallar zibillərdən  təmizləndi, genişləndirildi, şəhəri zir-zibildən təmizləməli olan “kommunxozu”un özünü içindəki “zibillərdən” xilas etdi, hətta sahibsiz itlər üçün  sığınacaq düzəltdirdi.

Bu siyahıya  şəhərin mərkəzində və kəndarası yollarda onlarla küçə və yolların təmirini də əlavə etmək olar. 

Bəzi sahələrdə bəxt də onun üzünə güldü. İllərlə layihələşdirilən Viləşçay Su Anbarının  2-ci növbəsinin tikintisi artıq reallaşmaq üzrədir.

Şeir deyən icra başçısı 

Araz müəllimin bir diqqətçəkən xasiyyəti də odur ki, özünün qısa və yığcam çıxışlarında şeir də deyir. Həm də dəyərli şeirlər. M. Arazdan, S. Vurğundan və sair. Bu “gediş” isə insanlarda daha xoş əhval yaradır; hətta illərlə şeir-filan oxumayan bəzi məmurlarda da Araz müəllimin may ayında şəhər mərkəzində yüzlərlə idmançı ilə birgə marafon yarışına qoşulması da maraqlı səhnə idi.

Araz müəllimin son bir ildə gördüyü və öyündüyü iş əsas isə hallalıq, paklıqdır

Yəni, Araz müəllim həqiqi mənada Allah adamıdır, oruc tutur, namaz qılır. (Əvvəlki başcılardan fərqli olaraq, onun dilindən qeyri-etik ifadə, qarğış eşidilməyib, əvvəlki başçıdan fərqli hər gün bir 250 manatlıq araq aşırmaq barədə zərrə qədər də söhbətlər dolaşmayıb). Hər yerdə insanlarla olduqca səmimi, nəzakətli rəftarı da razılıq doğurur.

Yəqin ki, Araz müəllimin bunlardan əlavə də yaxşı işləri az deyil. Amma “ammalar” da kifayət qədərdir.

Araz müəllimin paklıq siyasəti İcra aparatından, onun bəzi yerli strukturlarından kənara çıxa bilmir.

İcrada olan paklıq, halallıq  rayonun Polis, Məhkəmə, Prokurorluq, hətta doğum şöbəsində hiss olunmur.(Hələ Tibbi sığorta “şapkasının” özəlliklərini demirəm). Elə bil rayonun bir tərəfi güldür-çiçəkdir, digər tərəfi... Onu da qeyd edək ki, rüşvətsiz işləməyin də özünə məxsus ciddi problemləri və özəllikləri var.

Adamın yadına Hacı dayının bir lətifəsi düşür:

Bir dəfə qatarla Şəkiyə getmək istəyən Hacı dayı üçün zarafatcıl uşaqlar Şəkiyə yox, Moskva qatarına bilet alırlar. Qatara girən Hacı dayı kupenin 2-ci qatında uzanan gəncə deyir ki, balası, səndəmi Şəkiyə gedirsən? Həmin gənc deyir ki, yox, mən Moskvaya  gedirəm.

Hacı dayı təəccüblə deyir: - ha indi texnikaya bax e, aşağısı Şəkiyə gedir, yuxarısı Moskvaya. 

Aydın Canın sözü olmasın, bildiniz də nəyi deyirəm”

Bu gün Masallıda hələ də bəzi balaca nöqsanlar öz həllini tapmır. Masallıda dayanacaq məsələsi biabırçı bir haldadır. Az qala rayonun hər tərəfi bir dayanacaqdır. Hamısı da köhnə, yararsız RAF-lar. Marşrut gözləyənlər üçün elementar bir şərait də yoxdur. 

Ən azı 3 dəfə yazmışıq, demədiyimiz məmur qalmayıb, amma köhnə, hətta divarlarının yarısı sökülmüş keçmiş 1 saylı uşaq bağçasının şərqindən keçən yol imkan olsa da genişlənmir. Burada maşınlar az qala kəllə-kəlləyə gəlir, bir neçə dəfə qəza da baş verib. Bura 1 maşın çınqıl tökülmür ki, tökülmür.

Əksər kəndlərdə olsa da, Masallı şəhərinin özündə 1 xeyriyyə icması yoxdur ki, birinin əli hər yerdən üzüləndə ora üz tutsun. Təkcə ötən il Masallı şəhərində (Biri İsgəndərlidə, biri də Köhnə Avtovağzalın yanında) 2 nəfər acından öldü.

Şablon tədbirlər baş alıb gedir – eyni adamlar, eyni söhbətlər, eyni çıxışlar.  Bezdik axı. Əksər ictimai birlikləri özlərini “xərcləmiş” adamların inhisarındadır.

 Doğrudan da yeniləşmək istəyirlərsə, yaxşı olar ki, rayonda İdeya müsabiqəsi keçirilsin, ən yaxşı ideyaya və onun mexanizmini təqdim edənə mükafat ayrılsın. Müstəqil, fərqli düşüncəli insanlarla görüşlər təşkil olunsun.

Vaxtı ilə Masalıda Məhsul Bayramları, Tələbə günləri, Qayıqsürmə, Atçapma- cıdır yarışları, ümumittifaq Folklor festivalları, Şən və Hazırcavab klubların çıxışı olan tədbirlər keçirilərdi.  Yaqub Zurufçu, Alim Qasımov, Aygün Kazımova, Rəmiş... Masallıda konsertlər verərdi. İndi şərait daha yaxşıdır, bəs niyə insanların ruhunu coşduran belə tədbirlər yoxa çıxıb. Heç olmasa, yenisini yarada bilməsəniz də, köhnə təcrübələri təkrar edin.

Keçirilən bəzi tədbirlər də elə sönük, elə effektsiz olur ki, keçirməsələr daha yaxşıdır. Məsələn, ötən ilin sonunda rayon ziyalıları ilə İlqar Plazada keçirilən görüş kimi.

Sanki ətrafımızda bir sükunət havası var.

İcranın “humanitar” şöbəsi var olanda da, yox olanda da primitiv çərçivədən kənara çıxa bilmədi.

Masallıda rayon qəzeti ayda bir dəfə 400 tirajla çıxır, bu rayonda bir molla blogerin Youtubedə isə 1 milyon 100 min izləyicisi olur. (Bu yerdə deyirlər  e... Necə ağlamasın daş bu gün). 

Aşkarlıq məsələsi isə daha bərbaddır. 

Bələdiyyə haqqında qanunun tələblərinə daban-dabana zidd olaraq, rayondakı 36 bələdiyyədən heç biri gəlirləri, çıxarları barədə detallı məlumat vermir. Onların illik hesabatlarından heç kimin xəbəri yoxdur. Halbuki, ölkə başçısının bu qurum haqqında imzaladağı qanuna görə bələdiyyələr ildə bir dəfə audit yoxlama təşkil edib, nəticələrini ən görünən yerlərə asmalıdırlar. Heç bilirsinizmi, Masallıda bir ildə neçə nəfərə ev yeri, dükan yeri verilib, buna görə nə qədər pul köçürülüb? Bunun rəsmi-qeyri rəsmi məbləğləri nə qədər olub? Sosial şəbəkədə normal səhifəsi olan bələdiyyə qurumu varmı?

Adətən icra başçıları il ərzində tikilən obyektlərlə öyünürlər.  Onlarla küçənin, kəndarası yolların təmiri istisna olmaqla, demək olar ki, Masallıda nəzərə çarpacaq bir sənaye, təhsil, mədəniyyət obyekti tikilmədi. (Əsas kimi  vəsaitlərə Qarabağda quruculuq işlərinin görülməsini göstərirlər). 

Bəs, tikilənlər nə oldu? 

Məsələn, bu ilin may ayında Masallıda böyük təntənə ilə açılışı olan Tennis Mərkəzi (100 yerlik), şəhər 4 saylı (140 yerlik), Ərkivan qəsəbə uşaq bağçaları (100 yerlik )3 aydır ki, hələ də qapılarını xalqın üzünə niyə açmır? Hələ 6 ildir ki, yüksək səviyyədə təmir olunan, bu günə qədər istifadəsiz qalan 100 yerlik Səmidxan Uşaq Bağçasını demirik.

Bəzən kadr məsələsində hədsiz lənglik göstərilir. 

İcrada işçi bir saat işə yubananda aləm dəyir bir-birinə, amma 1-ci müavin, müavin,  şöbə müdiri, şəhər nümayəndəliyi vəzifələri  aylarla boş qalır, bu heç kimi narahat etmir.

Kadr dəyişikliklərinin bəzisi uğursuz olur. Yaxud bəzən elə nümayəndələr hansı səbəbdənsə qorunur ki, bəzi vəzifədən uzaqlaşdırılana həsəd aparırsan.

Unutmayaq ki, Masallıda zamanın sınağından çıxan rəhbər kadrlar da az olmayıb. Son 93 ildə Masallıya rəhbərlik etmiş şəxslər sırasında Zəbi Quliyev, Məmməd Məmmədov, Əlovsət Baxışov kimi 1-ci katiblər, Qambay Muradov kimi yüksək intellektə və mənəviyyata malik, ədalətli polis rəisləri hələ də yaddaşlardadır. (Bəzilərə hərdən keçmişə nəzər salsa, pis olmaz).

Yuxarıda qeyd etdiyim kimi, icra başçılarının səlahiyyətləri nəzərəçarpacaq dərəcədə azaldılıb. Nə qədər “daxili imkanlar”, “sən öl, mən ölüm” hesabına iş gördürmək olar, nə qədər sahibkara ağız açıb, ondan minnətçi olmaq olar? Hansı yola. Səkiyə 2 maşın qum tökürlər, icra öz adına çıxır, bələdiyyə öz adına, xeyriyyəçi öz adına. Öyünəsi iş tapmayıb, bəzən bir artezian quyusunun qazılmasını, yol kənarına  1-2 maşın qum tökülməsini, yola 1 kv. m-lik yol nişanının vurulmasını bayram edirlər.   Bu yaxında bir dindar, bir neçə nəfərlə kənd qəbiristanlığını təmizləyirmiş, bələdiyyə sədri gəlib ona qəzəblənib ki, niyə bizə deməmisən, gəlib şəklin çəkib, öz işimiz kimi təqdim edərdik. 

Bəli, rayon icra hakimiyyəti regionlaşmaq ərəfəsindədir? Bəs Lənkəran-Astara iqtisadi rayonunda bölgənin, yəni 6 rayonun başçısı kim olacaq?

Lənkəran və Astarada icra başçılarının  - Taleh Qaraşov 27 il, Astarada Qəzənfər Ağayev 18 ildən yuxarı icra başçılıq müddətini, yəni qocaldıqlarını nəzərə alsaq, onların şansı çox azdır. Lerikin icra başçısı isə ən yaxşı halda gənc və prespektivli olduğu üçün Nümayəndənin1-ci müavin ola bilər. Cəlilabad və Yardımlıda isə icra başçıları çox şansızdırlar. Gözlər, hələ də saflıq və paklıq siyasətini tam olmasa da qoruya bilən, icra başçılarına məxsus ənənəvi çirkablara bulaşmayan,  qudurğanlıq, kobudluq, rüşvətxorluq etməyən, əxlaqı dəyərlərə böyük hörmətlə yanaşan Masallının icra başçısı  Araz Əhmədova dikilib - paytaxdan kiminsə gözlənilməz təyinatı olmasa.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10