Şiyəkəran kəndi Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Pensər, Kakalos, Şahağac, Təngərüd və Maşxan kəndləri ilə həmsərhəddir.
Ərazisi 1300 hektara yaxındır. Əhalisi 5 min nəfərdən çoxdur.
1859-cu ildə kənddə 5 ev və 21 nəfər (kişi 12, qadın 9),
1933-cü ildə 1477 (k 758, q 719), 1986-cı ildə 4358 ,
1999-cu ildə 4587,
2009-cu ildə 5041 nəfər qeydə alınmışdır.
Şiyəkəran ərazi və əhalisinin sayına görə Astara rayonunun iri yaşayış məntəqələrindən biri sayılır. Əhaliyə görə rayonun 92 yaşayış məntəqəsi sırasında Astara şəhəri, Ərçivan, Kijəbə qəsəbələri və Pensər kəndindən sonra 5-ci yerdə durur.
Kəndin ilk adı Moləvon olmuşdur
Moləvon talış dilində şəffaf və həm də məşğuliyyət bildirən toponimdir. Talış dilində “mol” – mal, mal-qara, “ə” – birləşdirici sait, “von” isə məşğuliyyət (həmçinin “yer”, “məkan”) bildirən topokomponentdir. Moləvon Azərbaycan dilinə tərcümədə “mal-qara saxlayan”, “mal-qara bəsləyən” deməkdir.
Moləvon fars dilində Malvan kimi rəsmiləşdirilmişdir. Rus dilində tərtib olunmuş Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə aid siyahıyaalınmasında kəndin adı Malabin (Малабинь) kimi yazılmışdır. Sonradan Moləvon/Malvan Şiəkon adlandırılmışdır. Şiəkon talış dilində şəffaf toponim olmaqla yanaşı, eyni zamanda ölkəmizdə dini məhfum əsasında yaranmış yeganə oykonimdir. Talış dilində “şiə” (şiə ərəbizm, yəni ərəb dilindən alınma sözdür) İslam dininin cərəyanlarından birinin adı, “ə” – birləşdirici sait, “kəon/kon” isə evlər deməkdir. Şiəkon adı Şiyəkəran kimi rəsmiləşdirilmişdir. Şiəkon/Şiyəkəran talış dilindən Azərbaycan dilinə tərcümədə “şiə evləri” mənasını verir.
Şiyəkəran qədim tarixə malikdir. Burada rəsmən 4 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Abidələrin 1-i arxeoloji, 3-ü memarlıq abidəsidir. Bu abidələr aşağıdakılardır:
Çıraqtürbə (əslində Çəpni türbəsi – müəl.) yaşayış yeri.
Ləm (2).
Məscid.
Çıraqtürbə yaşayış yeri XI – XIV əsrlərə aid (inv: 842) ölkə əhəmiyyətli arxeoloji abidə, ləmlər 1890 (inv: 4093; 4094), məscid isə 1900-cu ilə (inv: 4133) aid yerli əhəmiyyətli memarlıq abidəsidir.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sitrus meyvəçiliyidir. Ötən əsrin 60-cı illərinin ortalarına qədər çəltikçilik mühüm yer tutmuşdur. Sovet dönəmində Şiyəkəranda kollektiv təsərrüfat yaradılmış və təsərrüfat 26 Bakı komissarı adına kolxoz, sonra isə sovxoz (1964) adlanmışdır. Təsərrüfat təqribən 1970-ci illərə qədər Şiyəkəranla yanaşı Şahağac kəndini də əhatə etmişdir. 26 Bakı komissarı sovxozu tərəvəz və çayçılıq üzrə ixtisaslaşmışdır. Sovxozun heyvandarlıq ferması da olmuşdur.
1997-ci ildə ölkəmizdə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar pay bəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Şiyəkəran Astara rayonunun qədim və iri yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həmçinin rayonun abad və müasir kəndlərindən biridir. Kənddə 2 tam orta məktəb, kitabxana, mədəniyyət evi, həkim ambulatoriyası, poçt, ATS, məscid, ictimai-iaşə, ticarət və digər obyektlər vardır.
Çəpni və ya Çıraq (Çıraği tıbə) türbəsi burada yerləşir. Türbə üzərində məqbərə inşa edilmişdir.
Ölkəmizdə 20 Yanvar şəhidlərinə ilk dəfə abidə Şiyəkəranda ucaldılmışdır. Kəndin mərkəzində yerləşən abidə mərhum coğrafiya müəllimi Ənnam Əmrayevin şəxsi vəsaiti hesabına faciənin 34-cü günü – 1990-cı il fevralın 23-də inşa edilmişdir. 20 Yanvar şəhidlərinin 40 mərasimi mərmərdən olan bu abidənin qarşısında keçirilmişdir. Bundan sonra 35 yaşlı Ənnam Əmrayevə qarşı təzyiqlər gündən-günə artmış və o çox keçməmiş müəmmalı şəkildə dünyasını dəyişmişdir.
Kənddə icra nümayəndəliyi və bələdiyyə fəalaiyyət göstərir. Şiyəkəran əvvəl Nərimankənd (hal-hazırda rayonda bu adda kənd yoxdur. Çox güman ki, sonradan kəndin tarixi adı bərpa edilmişdir) kənd şurasını, sonra isə Şahağac kənd sovetliyinin tərkibində olmuşdur.
Şiyəkəran bələdiyyəsi 2000-ci ilin yanvar ayında yaradılmışdır. Şiyəkəran kənd inzibati ərazi dairəsi və bələdiyyəsi tək Şiyəkəran kəndini əhatə edir.
Şiyəkəran ziyalıları ilə tanınan yaşayış məntəqələrindən sayılır. Kəndin tanınmışlarına misal olaraq Pensər kəndində adına ziyarətgah olan XIII əsrin böyük din alimi Seyid Cəmaləddin (Malvan kəndində doğulmiş, sonradan Bütəsər (indiki Pensər) kəndinə köçmüş və 1253-cü ildə vəfat edərək orada dəfn edilmişdir), istehsalat qabaqcılı (kolxoz sədri), iki dəfə Azərbaycan SSR Ali sovetinə deputat seçilmiş Sənan Əmrayev, filologiya elmləri doktoru, professor Salman Nuriyev, fililologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, tanınmış mədəniyyət xadimi Şadoğlan Bayramov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Ağdamın alınmasını Ali Baş Komandana məruzə edən polkovnik-leytenant Riad Paşayev, tanınmış pedaqoq, ictimai fəal Yunus Qulamov və digərlərini göstərmək olar.
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi