Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şuşa yolundakı nişangah, ölümə atılan həkim, müharibədən bir il öncə yazılan mesaj... – YENİ LAYİHƏ


Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də.
Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var.

Hər tərəf düzənlikdir, ucsuz-bucaqsız xarabalıq, uzaqdan bir çən görünür. Çənin dirəklərini qucaqlayıb ağlayan bir ana… Tuğ kəndində, üzümlüyün kənarındakı bu çən nişan imiş. Onun altındakı təpəciyin arxasında səngər olub. Düşmən səngəri vurmaq üçün çəni nişan götürüb…

***

Süfrəni mən düzəldirəm, o dağıdır, dırmaşır üstümə, istəyir onu qucağıma götürüm, mənim fikrim nənəsi ilə anasının söhbətindədir, göz yaşları içində, yanğı ilə danışırlar. Balaca Adilin isə heç nə vecinə deyil, süfrəni dağıtmaq üçün mənim qucağıma çıxmaq istəyir. Axır ki, bütün diqqətimi ona yönəldib, alıram qucağıma, üzündən öpürəm, adını soruşuram, nənəsi Adildir deyir, Adil Əfəndiyev…

***

Xüsusi təyinatlıların şəhid həkimi Adil Əfəndiyevin ailəsindəyəm, bəhs etdiyim uşaq isə onun bacısı Nərminin 1 yaşlı oğludur. Adil Əfəndiyevin adını və soyadını daşıyır.

1995-ci il avqustun 12-də Qazaxda Qədir və Afət Əfəndiyevlərin ailəsində dünyaya gəlib Adil. Onun dünyaya gəldiyi rayon da Qarabağ kimi məcburi müharibəyə cəlb olunmuşdu. Adil dünyaya gələndə müharibə ocağı nisbətən səngimiş hesab olunsa da, sönməmişdi, heç soyumamışdı da, atışma da olurdu, şəhid də. II Fəxri Xiyabanda ölüm tarixi 1995-ci il yazılmış yüzlərlə şəhid məzarı var. Adilin ailəsində isə həmin 1995-ci ildə sevinc yaşanırdı, ilk övlad sevinci. Heç kimin də ağlına gəlməzdi ki, bu oğlanın alnına şəhidlik yazılıb.

Anası Afət xanım fizika müəllimidir. Adilin təhsil aldığı Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar Təbiət  fənləri məktəb-liseyində fizikadan dərs deyir. Adilə də dərs deyib. Onu universitetə də özü hazırlayıb. Adil həmin liseyi 2012-ci ildə əla qiymətlərlə başa vurub. “Orta məktəbdə bütün fənləri əla oxuyub. Tarix müəllimi deyirdi ki, Adil tarixi gözəl bilir və yaxşı analiz edir, gözəl siyasətçi ola bilər. Heç vaxt fənləri seçmirdi. Biologiya müəllimi deyirdi ki, Adil həkim olmalıdır”. Bunları anası danışır. Deyir, bədii ədəbiyyatı da çox sevərmiş: “ Evdə indi də kitabxanası qorunub saxlanır. Xarici ədəbiyyata marağı böyük idi. Futbola da böyük marağı vardı, həm baxırdı, azarkeşlik edirdi, həm də özü futbola gedirdi. “Fənərbaxça”nın azarkeşi idi. Real Madridə çox baxırdı, oralara getmək arzusunda idi. Norveçə getmək istəyirdi, gəzib görmək istəyirdi. Hərbçi olduğu üçün gedə bilmədi. Balaca vaxtından bütün dövlətlərin bayraqlarını və gerblərini əzbər bilirdi. Hərtərəfli uşaq idi, həyatı sevərdi, hər sahəni bilmək, öyrənmək istəyirdi”.

Orta məktəbi bitirdiyi il Azərbaycan Tibb Universitetinə qəbul olunub. Hərbi həkim olmağı da öz seçimidir.  Universiteti əla qiymətlərlə başa vurub.

2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlayıb.

***

Müharibənin ilk günlərindən Adil də ön cəbhənin “eşqində” olub. Hamı getdi, mən qaldım – deyə onu nə vaxt çağıracaqlarını gözləyirmiş. Anası danışır ki, Turqut Xəlilbəyli şəhid olanda Adil onun şəklini profilinə qoymuşdu, bir yerdə oxuyublar: “Dedim, Adil, heç dözə bilmirəm onun ölümünə. Dedi, ana, ağlama, o ən yüksək zirvədədir, ora hər kəs ucala bilmir. Dedim, bala, anası necə dözür bu dərdə? Ondan bir həftə sonra zəng elədi ki, dağa təlimə gedirik. Ağladım ki, ay bala, çadırdır, yoxsa kazarması var? Dedi, yox, kazarmadır, mən həkiməm, aşağıda olacam. 10 ay idi üzünü görmürdük, məzuniyyətə də gələ bilməmişdi.

Özümdən asılı olmadan gecələr oyanıb qalırdım yuxusuz, bilmirdim Adil də ordadır, amma əlimi Allaha açıb yalvarırdım ki, bütün döyüşçüləri qorusun”.

Atasına hara getdiyini deyib, amma anama, bacıma  demə – deyib, – bilməsinlər, dözməzlər. Atası deyib, bala, özünü qoru, acığı tutub ki, ay ata, niyə elə deyirsən, şəhid olanlardan əskiyəm? Özümü qorumağa gedirəm, yoxsa vətəni?

Adil Naxçıvandan xidmət etdiyi  Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müharibəyə yollanır. 18 oktyabrda onları döyüş bölgəsinə, Füzuli rayonuna gətiriblər. Oktyabrın 22-də Xocavənd-Cəbrayıl-Füzuli istiqamətində Tuğ kəndində qızğın döyüşlər zamanı yaralanmış komandiri Anar Əliyevin həyatını xilas edərkən onunla birlikdə şəhid olub. Anarın yaralı fəryadını eşidib, eşidib ki, atəşin altında yaralı halda “Əfəndiyev” deyə məhz  onu çağırır. Feldşerin ona “mən gedərəm, siz qalın” deməyinə “sənin ailən var, komandirimi özüm çıxardacam” deyə cavab verib. Yaxınlaşıb atəş altında Anar Əliyevin yarasını sarıyıb, gözündən ağır yaralanıbmış, onu çiyninə alıb atəş altından çıxartmağa çalışarkən həmin yerə düşmən ikinci dəfə zərbə endirib. Həmin o su çəninin altına əl qumbarası atıblar. Bilirlər ki, bizimkilər yaralısını, şəhidini atəş altında qoyub getmir, gözləyib bir də atırlar ki, yaralıya yardım edəni də məhv etsinlər. Adil də yardım etdiyi komandiri Anar Əliyevlə birlikdə şəhid olub. Həmin döyüşdə Adildən sonra yaralanıb, həkim olmadığından yardımsız qalan, qanaxmadan ölənlər çox olub.

***

“Oktyabrın 24-ü idi, Qazaxda idik. Yoldaşım getmişdi çörək almağa. Bir də gördüm, kimsə ayrı adam çörək əlində darvazadan girdi, dedim, Qədir hanı? Dedi, işi vardı. Sən demə, çörək alıb gələndə yolda eşidib ki, bizim küçəyə şəhid gətirirlər. Ünvanı deyəndə eşidib ki, bizim evin ünvanıdır. Bilib ki, Adildir, çöküb yerə. Gedib qarşılamağa. Təzədən bir də qayıdıb evə, girib həyətə, o baş – bu başa tez-tez gedir, neynədiyini bilmir. Ay Qədir, nolub? Gəldi məni qucaqladı ki, möhkəm ol, Adil Gəncədə yaralıdır, gedirəm yanına.

Millət töküldü həyətə, elə bilirəm yaralıdır. Gəncə nədir, Gəncədə də deyil, Qədir bütün Qarabağı gəzib, tapıb gətirib. Xocavəndin Tuğ kəndindən. Şuşaya gedən yolda şəhid olub. Tuğu almasalar, Şuşaya yol olmazmış. Mən də düşünürdüm ki, bir əli, bir ayağı olmasın, amma sağ gəlsin. Gözləyirdik gəlsin, bacısının toyunu edək”.

Afət xanım danışır, gözləri bulud kimi dolub-boşalır. Ağlamır, yağış yağır yanaqları boyu: “Bacısı nişanlı idi, toyunu edəcəkdik, Adil dedi, məni gözləməyin. Dedim, olmaz, bircə bacın var, bircə qardaşısan, sənsiz olmaz”.

Bacısı da oturub anasını dinləyir, ağlayır, hərdən söhbətə qoşulur, qardaşı barədə danışır, elə həsrət dolu sevgi ilə danışır ki…

“Rezidenturaya hazırlaşırdı. Deyirdi, evlənmək hələ tezdir, öncə təhsilimi davam etdirməliyəm. Sonuncu dəfə ötən ilin dekabr ayında məzuniyyətə gəlmişdi, onda görüşə bildik. 2020-ci ilin avqustunda məzuniyyət götürsə də, pandemiya ilə bağlı Naxçıvandan gələ bilmədi. Görüş üçün gün sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı…”

***

44 günlük Vətən müharibəsi say-seçmə oğulları əlimizdən aldı. Kiminin qardaşı, kiminin əri, nişanlısı oğlu, atası, ciyərparalarımız torpaq uğrunda canlarından keçdilər. Onlar vətənin bütövlüyü üçün canlarından oldular, biz yarımcan qaldıq.

Təsəllimiz yalnız odur ki, Qarabağı işğaldan azad etdik. Bu müharibə sabaha qalmasın, sabah belə ağır itkilərimiz olmasın. Gənclərimiz azad, firavan, müharibəsiz yaşasınlar vətən torpaqlarında. O zaman onun uğrunda canından keçənlərin də ruhu şad olar.

***

“N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 25-də Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilib.

25 yaşında şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyev ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları, “3-cü dərəcəli Vətənə Xidmətə Görə” ordeni  ilə təltif edilib.

Təhsil aldığı Azərbaycan Tibb Universitetində adı Mühazirə zalına verilib, Universitetin həyətində şəhid tələbələrin fəxri sırasında yeri var.

Qazaxda adına bina inşa olunub, küçəyə adı verilib. Həm Qazaxda, həm də Bakıda yaşadığı binaların üstünə barelyefi vurulub. Bakıda yaşadığı binanın həyətində onun şərəfinə abidə kompleksi inşa edilib.

Bir də bacısının oğlu dayısının ad və soyadını özündə yaşadır. Bayaqdan süfrəni dağıtmağa dartınan uşaq indi sakitcə oturub anasının, nənəsinin gözlərinə baxır, nə isə duyub. Onu da qucağıma alıb, Adilin şəkillərinə, kitablarına baxıram. Əlimə Viktor Hüqonun “Edama məhkumun son günü” əsəri keçdi. Titul vərəqində “Adil Əfəndiyev” yazılıb, imzası atılıb. Bacısı deyir ki, ən son oxuduğu kitabdır: “Naxçıvana xidmətə gedəndə ancaq kitablarını yığıb aparmışdı, çox oxuyurdu”.

Bacısı Nərmin danışır ki, şəhidliyindən xeyli sonra telefonunun kodunu açıb, yazışmalarını gözdən keçirdim, gördüm ki, 2019-cu ildə tanışı bir qızla yazışmalarında yazıb ki, mən şəhid olacam. Oxuduğu kitablarda bir küncə qeydlər yazarmış. Birinin vərəqində yazır: “Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də”.

Torpaqlar işğaldan azad ediləndən sonra Afət xanım xahiş edir, onu Xocavənd rayonunun Tuğ kəndinə, Adil şəhid olan yerə aparırlar, həmin su çəninin yanına.

***

Hər tərəf düzənlikdir, ucsuz-bucaqsız xarabalıq, uzaqdan bir çən görünür. Çənin dirəklərini qucaqlayıb ağlayan bir ana. Tuğ kəndində, üzümlüyün kənarındakı bu çən nişan imiş. Onun altındakı təpəciyin arxasında səngər olub. Düşmən səngəri vurmaq üçün çəni nişan götürüb.

Ramilə Qurbanlı/pressklub 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10