Yeniyetmələr, xüsusən, şagirdlər arasında kriminal aləmə meylliliyin artması göz qabağındadır. Sosial şəbəkə hesablarındakı paylaşımlar da buna əyani sübutdur. Qollarına silah, bıçaq döymələri etdirən, kriminal məzmunlu mahnılar oxuyan uşaqların “oğru dünyası”na marağına səbəb təkcə valideyn diqqətsizliyidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gövhər Məmmədovanın sözlərinə görə, hər bir uşaq doğulduğu andan gördüyü, eşitdiyi hər bir hadisədən müəyyən bir fraqmenti şüuraltında saxlayır.
“Sonrakı illərdə ailə və ətraf mühitin təsiri ilə formalaşdırdığı fikirlərini, öncədən aldığı qeydlərlə cəmləyib bəzən sağlam olmayan hərəkətlər sərgiləyə bilir. Yəni hər bir mənfi hərəkətdə ya hansısa bir travmanın, yaxud hansısa kənar təsirin - valideyn, müəllim, ümumən mühitin rolu var.
Əfsus ki, son zamanlar yeniyetmələrin kriminal ünsürlərə marağı olduqca artıb. “Oğru aləmi”, “vor zakon”, “AUE” və digər belə ifadələr məktəb yaşlı uşaqlar arasında dillər əzbərinə çevrilib. Hətta bədənlərinin bəzi nahiyələrinə şiddət, yaxud oğru mənalarını əks etdirən döymələr etdirirlər. Onlar üçün bu ifadələr sanki dərin məna kəsb edir, özlərini kriminal aləmin nümayəndələri kimi aparmağa çalışırlar".
G. Məmmədova qeyd edib ki, uşaqların kriminal aləmə meylli olmasında valideynlərin də təqsiri var. Bu kimi problemlərlə qarşılaşmamaq üçün onlar yeniyetmələrə zaman ayırmalı, onların nələri izlədiyinə, kimlərlə dostluq etdiyinə ciddi fikir verməlidir:
"Belə halların qarşısını almaq üçün kiçik yaşlardan etibarən uşaqların izlədiyi video və filmlərə, oynadığı oyunlara, dostluq etdiyi uşaqlara diqqət edilməlidir. Xüsusilə, şiddətə meyl yaradan ünsürlərdən uşağı uzaq tutmaq tövsiyə olunur. Əlavə olaraq, məktəb mühiti nəzərdən keçirilməli, müəllimlərlə daima əlaqə saxlanılmalı, hər hansı bir narahatlıq hiss edildikdə gec olmadan müdaxilə edilməlidir. Əksinə, bu kimi məsələlərə gülərək, uşağı zarafat mənalı dəstəkləyərək, yola vermək daha pis hadisələrə yol aça bilər.
Valideynlər mütləq şəkildə uşaqlara hansı yaşda olmalarından asılı olmayaraq, yetərli qədər zaman ayırmalı, onları hər zaman dinləməli, uyğun mövzularda düzgün fikirlərə yönəltməlidirlər. Çünki bu nüanslar əksik olduqda uşaqlar diqqəti, doğru məsləhəti kənarda, doğru olmayan insanlarda axtarıb yanlış istiqamətlərə yönlənirlər".
Əsmətxanım Rzazadə/yenisabah